2.2. Aşıq sənəti
Şəki folklorunun tipoloji xüsusiyyətlərindən danışarkən aşıq sənətinin üstündən sükutla keçmək olmaz. Şəki aşıq sənətinin geniş inkişaf etdiyi bölgələrimizdəndir. Şəki mühitində yetişən Molla Cuma Azərbaycan aşıq sənətinin görkəmli sənətkarlarından biridir. Bu baxımdan, onu Aşıq Alı, Aşıq Ələsgər kimi söz korifeyləri ilə bir cərgəyə qoymaq olar. Onun yaradıcılığı geniş və çoxcəhətlidir. Molla Cuma, demək olar ki, aşıq şeirinin bütün janrlarında qələmini sınamış və misilsiz sənət nümunələri yaratmışdır (81; 82; 83; 84).
Onun yaradıcılığı mövzu baxımından da olduqca rəngarəngdir. Aşığın məhəbbət lirikası öz səmimiliyi, axıcılığı, təsirliliyi ilə seçilir. Onun incə, lirik hissləri aydın, səmimi dillə verə bilmək bacarığı özünü aşağıdakı misralarda qabarıq əks etdirir:
Aşiq oldum qaş-gözünə,
Ayna alıb bax yüzünə,
Fikir eylə öz-özünə
Gör səndən doymaq olurmu?! (81, 25).
Molla Cumanın lirik yaşantılarının əsas qəhrəmanı olan «İsmi-Pünhan» obrazı qırmızı bir xətt kimi onun bütün yaradıcılığı boyu keçib gedir. Ustad aşıq şeirlərinin bir qismində İsmi-Pünhanla yaşadığı günləri təsvir edir, onunla keçirdiyi zamanı «saatın xoş vaxtı», «günün xoş çağı» adlandırır:
Şükür sənin birliyinə, ya xuda,
İsmi-Pünhan məni görmağa gəldi.
Səatın xoş vaxtı, günün xoş çağı
Gözümün önündə durmağa gəldi (81, 65).
Bir qrup şeirlərində isə aşıq yarının saymazlığından danışaraq onu «namərd» adlandırır və hətta qarğayır:
Qabaqda bəlanı görməsin gözün,
Olan kimi ölsün oğlunla qızın,
Günün qara keçsin, ömürün uzun,
Axsın gözlərinin yaşı, ay namərd (81, 67).
Amma sonra qismətin haqdan olduğunu düşünən aşıq yarından üzr istəyir:
Cumanın qəddini yaradan əgdi,
Aşıq üçün sövda çox yaman şeydi,
Bir qarğış qarğadım, keyfinə dəydi,
Bağışla, sevgilim, sən halal eylə (82, 35).
Molla Cuma klassik Şərq və Azərbaycan ədəbiyyatını mükəmməl bilmiş, zəngin şifahi xalq yaradıcılığını diqqətlə öyrənmişdi. Onun «Dolana-dolana» adlı gəraylısı bunun bariz nümunəsidir. Aşıq burada klassik Şərq poeziyasının görkəmli nümayəndələrindən, məşhur dastan qəhrəmanlarından söhbət açır:
Tutmuşdu haqqın bürkünü,
Oxudu farsı, türkünü.
Mənsur darda can tərkini
Qalı dolana-dolana.
Əzəl gördü röyasını,
Tullamışdı dünyasını.
Fərhad, Şirin qayasını
Dəli dolana-dolana (81, 27).
Aşıq gəraylının digər bəndlərində Tahir və Zöhrənin, Yusif və Züleyxanın, Vərqa və Gülşanın, Leyli və Məcnunun, Arzu və Qənbərin, Əsli və Kərəmin, Xurşid və Mahinin, Şahsənəm və Qəribin də adlarını çəkir.
Molla Cuma yaradıcılığında dini motivli şeirlər də çoxdur. Onun «Bax», «Dünya» və s. şeirləri bu baxımdan diqqəti cəlb edir:
Başına xak oldu, çeşminə qubar,
Hər işə qadirdir qəni girdigar.
Ayrıldı Yəqubdan Yusif peyğəmbər,
Ağladı, gözünün yaşına bir bax (83, 148).
Aşığın yaradıcılığının bir hissəsinə isə fəlsəfi ruh hakimdir:
Ta ki, mənə mədh eyləmə dünyanı,
Habı dünya bir bekara dünyadı.
Hələ Adəm peyğəmbərdən qavağa
Bir üzü ağ, biri qara dünyadı (83, 147).
Şəkinin regional tələffüz xüsusiyyətləri Molla Cuma yaradıcılığında özünə möhkəm yer tutur. Qoşmada işlənən habı bu işarə əvəzliyinin Şəki dialektindəki tələffüz formasıdır. Elə həmin bənddə işlənmiş bekara sözü aşığın leksikonunda xalq danışıq dilinin qabarıq təzahürüdür.
Molla Cuma həm də klassik ənənəyə sadiq qalmış, sələflərinin ən gözəl ənənələrindən yaradıcı şəkildə bəhrələnmişdir. Onun «Adam var» adlı qoşmasını Abbas Tufarqanlının «Bəyənməz» qoşmasının təsirilə yazdığı şəksizdir. O da sələfi kimi adamları müxtəlif qruplara ayırır. Əgər Abbas Tufarqanlı:
Adam var ki, adamların naxışıdı,
Adam var ki, anlamazdı, naşıdı.
Adam var ki, heyvan ondan yaxşıdı,
Dindirərsən heç insanı bəyənməz (1, 10), − deyirsə,
Molla Cuma:
Adam var, danışar eldən ötəri,
Adam var, danışar dildən ötəri.
Adam var, fitnəylə feldən ötəri,
Dostu oda salar, dəryaya atar (83, 35) – deyir.
Aşığın elə şeirləri var ki, oxucunu öz dövrünün Azərbaycan gözəlləri ilə üz-üzə qoyur:
Qəddin çinar, belin şüşə,
Dişlərin oxşar gümüşə,
Buxağın gül, bənövşə,
Yanaqların narmı sənin? (83, 18)
Qaşların qələmdir, gözlərin büllur,
Dodağın meyindən badələr dolur.
Yanağın qönçədir, əl dəysə, solur,
Yüzünə, alnına qəmər demişəm (81, 61).
Molla Cumanın yaradıcılığı Azərbaycan etnoqrafiyasından da xəbər verir. Aşığın bir sıra şeirləri o dövrdə Azərbaycan qadınlarının istifadə etdiyi bəzək əşyaları, geyimləri barədə müəyyən təsəvvürlər əldə etməyə imkan yaradır:
Gözəllər geyərlər zər ilə ziba,
Görənlər də söylər daim mərhəba,
Barmağında yüzük, qolda kəhrəba,
Boyadıb əllərin al xına gəzər (81, 77)
yaxud:
Barmağında gümüş yüzükü,
Sənsən gözəllər naziki.
Həqiq qaşlı bilərziki
Ağ əlinə taxan dilbər (81, 39).
Çarqatı qırmızı, köynəyi ağdır,
Dodağı mah xətti, həm kərə yağdır… (81, 75).
Aşıq xalq dilinin incəliklərindən məharətlə istifadə etmişdir. Onun şeirləri XIX əsr-XX əsrin əvvəlləri Azərbaycan dilinin dialektoloji özəlliklərinin öyrənilməsi üçün əsl mənbə rolunu oynaya bilər:
Cumayam, işini duymuşam bayaq,
Açım ürəyimi, danışıb-doyaq.
Qurahsımışıq biz, alma ver dadaq,
Çürük nədir, qotur nədir, kal nədir? (81, 64).
Və ya:
Molla Cuma, əlac yoxdur axandan,
Ayrılıbsan süzgün-süzgün baxandan.
Əlbət, bir gün yapışaram yaxandan,
Haqq-divan var, ərəsətə saxlaram (81, 152).
«Qurahsımaq» Şəki dialektində «qəribsəmək, darıxmaq» felinin qarşılığı kimi işlədilir. «Ərəsət» isə «qiyamət» mənasındadır. Misalların sayını istənilən qədər artırmaq olardı.
Atalar sözü və aforizmlərdən istifadə edərək gözəl əsərlər yaratmaq bir çox ustad aşıqların, o cümlədən Molla Cumanın da yaradıcılığının əsas xüsusiyyətlərindən biridir. Sənətkar atalar sözlərini məharətlə işlədərək onları öz fikrinin, düşüncəsinin ifadə vasitəsinə çevirə bilmişdir:
Atalardan misaldır, dağılan çanaq dolmaz,
Yusifə qalmayan gözəllik sənə də qalmaz.
Yetən yerdə öyünürsən, mənim kimi mərd olmaz,
Boğaz tutub aman çəkdim, bir busə qıydınmı heç? (83, 90).
Və ya:
Mən Cumayam, kəsdirərəm yanını,
Cəllad kimi qurudaram qanını.
Əzrail tək tez alaram canını,
Qərib itin quyruğu döşündə gərək (82, 39).
Bu atalar sözü xalq arasında belə işlədilir: «Qərib itin quyruğu döşündə olar». Bu bir daha onu göstərir ki, Molla Cuma yaradıcılığı Azərbaycan dilinin xəlqi ruhunu özündə əks etdirməklə onun yüksək poetik səviyyəsi kimi çıxış edir.
Molla Cuma aşıq şeirinin bütün forma və şəkillərindən istifadə etməklə yanaşı, özü də təzə formalar yaratmışdır. Görkəmli folklorşünas P.Əfəndiyevə görə, klassik aşıq şeirinin elə nümunələri vardır ki, onlara yalnız Molla Cuma yaradıcılığında rast gəlirik. Sallama gəraylı belə şeir növlərindəndir:
Aşiq məşuqdan ayrılsa,
Canı yanar,
Təzənə vurar,
Simin qırar,
Saz vay eylər.
Yarı yadla gəzən görsə,
Bir ah çəkər,
Qəddin bükər,
Yaşın tökər,
Göz vay eylər (44, 297).
Tədqiqatçı M.Xudubəyli isə aşıq yaradıcılığında divani-təcnis şeir formasını Molla Cumanın adı ilə bağlayır: «Aşıq yaradıcılığında ilk divani-təcnis də Molla Cümənin adı ilə bağlıdır. Onun divanilərinin arasında iki divaniyə təsadüf edilir ki, bu şeirlər həm divanidir, həm əvvəl-axırdır, həm də təcnisdir. Deməli, bu şeir forma etibarilə divani, qafiyələnməsinə görə təcnis, əlamətinə görə əvvəl-axırdır...
Ya ilahi, sən olasan a yarım, haray-haray,
Yar yanında çünki yoxdur ayarım, haray-haray,
Yalovlanıb eşqim üstə çox eylədin haqqı-say,
Yel apardı namusumnan ay yarım, haray-haray» (57, 99).
«Müxəmməs-zəncirləmə yazıb-yaratmaq aşıq sənətində bir janr kimi çətindir. Bu şeir şəklində şeir yazmaq çox sənətkara müyəssər olmamışdır» fikrini söyləyən D.Qiyasbəyli sonra aşığın müxəmməs-zəncirləməsindən bir bənd nümunə verir:
Of, sənin həsrətlərin bu canımda qaldı, Nigar
Of, sənin bu cüt gözün ağlım başdan aldı, Nigar
Of, sənin söhbətlərin qəndi-nobat, baldı, Nigar
Of, sənin sinən üstə bir cüt nardı, kaldı, Nigar
Of, sənin şahmar dilin mən yazığı çaldı, Nigar (73, 28).
Yaşlı söyləyicilərin verdikləri məlumatlara görə, Molla Cuma tez-tez ətraf rayonlara, xüsusilə də Qax, Zaqatala, Balakənə, eləcə də Dağıstana gedər, toylar keçirirmiş. O, yalnız saz çalıb oxumaqla kifayətlənməz, tənburun müşayiəti ilə də oxuyarmış. Nəzərə alsaq ki, adətən, tənburla oxunan mahnıların mətnlərini bayatılar təşkil edir, deməli, Molla Cuma həm də ifa zamanı bayatılar yaradırmış. Fikrimizi P.Əfəndiyevin müxtəlif nəşrlərdə verdiyi bayatılar («Molla Cuma. Əsərləri» (Bakı, 1983) 61 bayatı (s.173-182), «Molla Cuma. Əsərləri» (Bakı, 2006), 64 bayatı (s. 521-524)) da təsdiq edir. Müəllifin qeydinə görə, bu bayatıların hamısı Molla Cümənin əlyazmalarından götürülmüşdür (84, 173). Digər bir müəllif – M.Yarəhmədov da toplayıb tərtib etdiyi («Molla Cuma. Əsərləri. I cild») kitaba Molla Cumaya aid olduğu iddia edilən 37 bayatı salmışdır ki, onun da 36-sı «Aşiqəm» sözü ilə başlayır (81, 52-57). Qeyd edək ki, hər iki müəllifin nəşr etdirdiyi bayatıların bir qismi təkrar bayatılardır.
Dövrünün ən məşhur aşıq-şairlərindən biri olan Molla Cumanın yaradıcılığı elə indi də nəinki Şəki və ətraf rayonların camaatı arasında, eləcə də bütün Azərbaycanda sevilir. İndi də müxtəlif regionlarda folklor ezamiyyətlərində olan folklor toplayıcıları digər mətnlərlə yanaşı, Molla Cumanın da yaradıcılığından nümunələr toplayırlar. Məsələn, AMEA Folklor İnstitutunun əməkdaşı A.Səfərova da 2011-ci ilin yayında Neftçala rayonunun ərazisində folklor topladığı zaman Molla Cumanın bir qıfılbəndini də yazıya almışdır. Onun dediyinə görə, söyləyici Molla Cumanı Aşıq Cuma adlandırırmış.
Biz də Şəki ərazisində folklor ezamiyyətlərində olduğumuz zaman onun yaradıcılığından xeyli sayda nümunə toplaya bildik. Bu bölgədə Molla Cuma ilə bağlı rəvayətlər də geniş yayılıb. Şəkililər hətta Aşıq Ələsgərin Molla Cuma ilə deyişməyə gəlməsini, onun Xaldan ərazisində dayanıb Molla Cumaya bir bağlama göndərməsini, Molla Cumanın bu bağlamanı açmasını və bundan sonra Aşıq Ələsgərin fikrindən daşınaraq qarşılaşmadan geri qayıtmasını rəvayət kimi danışırlar. Bu faktın təbii ki, heç bir elmi əsası yoxdur. Sadəcə olaraq aşığın yaradıcılığı zaman keçdikcə bölgədə folklorlaşma prosesinə məruz qalmışdır.
Molla Cumanın yaradıcılığından danışarkən burada bir məsələnin üstündən sükutla keçmək olmaz. 1905, 1918-1919-cu illər erməni işğalçılarının Azərbaycanın müxtəlif ərazilərində qanlı soyqırımlar törətdiklərinin Molla Cuma da şahidi olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, Şəkinin Babaratma piri adlanan ərazisindən 5-6 kilometr yuxarı hissədə yerləşən Səbətli kəndinin sakinləri olan ermənilər də boş oturmur, onlardan aşağıda yerləşən kəndləri atəş altında saxlayır, gəliş-gedişə mane olurdular. Bütün bunlardan cana doyan Göynük mahalının əhalisi 1918-ci ildə Səbətli kəndini zərərsizləşdirməyə məcbur oldu. Zəngəzurda qırğına məruz qalan əhalini qorumaq üçün Şəkidən oraya göndərilən özünümüdafiə dəstələrinin başında Molla Cumanın və onun əmisi uşaqlarının da durması haqqında yaşlı insanlar məlumat verirlər. Bütün bu hadisələri öz gözləri ilə görən Molla Cumanın bu dəhşətləri əks etdirən əsərlərinin olmaması şübhə doğurur. Eyni sözləri bu dövrdə yaşayan bütün sənətkarlar haqqında söyləyə bilərik. Ermənilərin döğma torpağından didərgin saldıqları Aşıq Ələsgərin erməni zülmləri ilə bağlı şeirlər yazmaması nə dərəcədə ağlabatandır? Fikrimizcə, onların bu mövzu ilə bağlı əsərləri olmuş, amma görünür ki, Sovet beynəlmiləlçiliyinin, «erməni-azərbaycanlı» dostluğunun tüğyan etdiyi dövrdə bu cür əsərlərin toplanması və nəşri mümkün olmamışdır. Həmin məsələyə tədqiqatçı alim E.Məmmədova da münasibət bildirmişdir (124A).
Ustad aşığın yaradıcılığı böyük bir ədəbi məktəbdir. Elə bir məktəb ki, müasirlərinə və özündən sonra gələn aşıqların yaradıcılığına təsir etməyə bilməzdi. Bu təsir özünü Şəki və Şəki ətrafı ərazilərdə fəaliyyət göstərən aşıqlarda daha çox göstərmişdir. Bu bəhrələnməni daha yaxşı araşdırmaq üçün Şəki aşıq mühitinin öyrənilməsi vacibdir. Bunun üçün geniş toplama və tədqiqatlara ehtiyac vardır. Çünki sənətşünas alim F.Çələbinin də yazdığı kimi, Azərbaycanın digər aşıq mühitləri az-çox öyrənilsə də, Şəki aşıq mühiti öyrənilməyib. XX əsrin II yarısında aşıqşünaslığın fəallaşdığı bir dövrdə tədqiqatçıların gözü Şəki tərəfə baxmadı, sonra isə suallar qarşısında aciz qalan alimlərin pərdəarxası söhbətləri başlandı. Yəni Şəki muğama və qəzələ aşiq, aşıq sənətinə isə biganə olan tacirlər və zadəganlar diyarı kimi qələmə verildi. Bu isə görülməmiş işə bəraət qazandırmağın ən asan üsuludur (39, 24).
Ərazidə bu gün az sayda da olsa, aşıq yaşamaqda və yaratmaqdadır. Ancaq müasir dövrdə Azərbaycan aşıq ənənəsi zəiflədiyi üçün onlar bizim əvvəllər gördüyümüz aşıqlar deyillər və bu sənətin daşıyıcıları da aşıq sənəti ənənələrindən uzaq düşmüşlər. Türk folklorşünası Hayrettin İvginin fikirlərini eynilə bugünkü Azərbaycan, eləcə də Şəki aşıqlarına da şamil edə bilərik: «Bugünkü Türkiyə aşıqları aşıqlıq ənənəsindən get-gedə uzaqlaşmaqdadır. Yeni yetişən aşıqlar aşıq ənənəsini bilmədikləri üçün keçmişdən günümüzə gəlib çatan bu mədəni dəyərləri gələcək nəsillərə ötürmək əksik və yetərsiz qalmaqdadır» (120, 144).
Şəki aşıqlarının əsərləri müxtəlif dövrlərdə toplanılıb çap edilmişdir. O cümlədən AFA-nın Şəki folkloruna həsr olunmuş cildlərində Şəki aşıqlarının – Molla Cuma, Aşıq İsmayıl, Aşıq Musa və Aşıq Camalın şeirlərindən nümunələr, aşıq rəvayətləri və Molla Cumanın yaratdığı «Cəlali Məhəmməd və Tavat xanım» adlı dastan-nağıl salınmışdır. Biz də ərazidə folklor ezamiyyətlərində olduğumuz zaman az sayda aşıq şeiri və rəvayəti qeydə almışıq.
Ancaq qeyd etmək lazımdır ki, Molla Cuma istisna olmaqla, bu bölgədə yaşayan heç bir aşığın yaradıcılıq yolu ətraflı toplanılıb tədqiq olunmamışdır. Sənətşünas-alim F.Çələbi bu barədə ürəkağrısı ilə yazır: «Molla Cümə kimi qüdrətli bir sənətkar yoxdan var ola bilməzdi, şübhəsiz ki, onu yetirən zəmin olmalı idi. O da məlumdur ki, aşıq xalqa bağlıdır, çörəyini xalqdan qazanır. Deməli, Molla Cümənin fəaliyyəti və məşhurlaşması üçün öz kəndində və ümumiyyətlə, Şəki ərazisində aşıq sənətinə rəğbət bəsləyən ənənəvi dinləyici kütləsi olmalı idi. Və nəhayət, meydana gələn, yetişən, zirvələşən və məşhurlaşan Molla Cümə səssiz-soraqsız, izsiz-ləpirsiz dünyadan köçə bilməzdi. Mütləq onun ardıcılları olmalı idi. Bəs hanı bu sələflər və xələflər?» (39, 25). Əlimizdə olan materialların azlığı Şəki aşıq sənəti barədə daha ətraflı söz deməyə imkan yaratmır.
2.3. Şəki ağıları
Azərbaycanın digər regionlarında olduğu kimi, Şəkidə keçirilən yas mərasimlərində də ağı demək ənənəsi var. Ərazidə ağı demək ifadəsi əvəzinə daha çox dil demək ifadəsi işlədilir. Bu ifadəyə bölgədən qeydə alınmış ağı mətnlərində də rast gəlmək mümkündür:
Əzizinəm dilə gəl,
Bülbül olub gülə gəl.
Mən qardaşsız bacıyam,
Dil diyirəm, dilə gəl (8, 312).
Dili, adətən, ölünün yaxın qohumları deyirlər. Bəzən də ölü sahibinə dil deməkdə kömək etməsi üçün yasa xüsusi ağıçılar da dəvət olunur ki, onlara Şəkinin bəzi yerlərində molla, bəzi yerlərində isə sazanda deyirlər. Prof. Q. Paşayevin verdiyi məlumata görə, Kərkük dolaylarında yas məclislərinə sazlayan adlandırılan peşəkar qadınlar dəvət olunurlar. Müəllif həmçinin qeyd edir ki, İraq-türkman folklorunda indinin özündə belə «ağlamaq» sözünün yalnız qədim «yığlamaq» forması özünü göstərir (92, 79). Müəllifin sözlərinə əlavə olaraq deyək ki, hal-hazırda Şəkinin də bəzi hissələrində (məsələn, Göynük kəndlərində) «ağlamaq» felinin əvəzinə «yığlamaq» işlədilir.
Şəkidə ağılar həm nəsr, həm də nəzm şəklində deyilir. Amma nədənsə, istər Şəki rayonundan, istərsə də digər bölgələrimizdən toplanıb çap olunmuş folklor antologiyalarında nəsr formalı ağılara rast gəlmirik. AFA-nın İraq-türkman cildi kitabının ön sözündə türkmanlar arasında nəsr formalı ağılara rast gəlindiyi qeyd edilsə də, onlar antologiyaya daxil edilməyib (91, 7). Həmin antologiyanın «Yas mərasimi» adlı bölməsində isə İraq türkmanlarının yas adətlərindən, eləcə də ağılarından bəhs edilir və sonra qeyd edilir ki, sazlamaqdan əvvəl rəhmətə gedənin yaşına, peşəsinə, həyatda tutduğu mövqeyinə, mənsəbinə, əxlaq və gözəlliyinə, boy-buxununa, şücaətinə, səxavətinə, şan-şöhrətinə, xeyirxahlığına uyğun sözlər sadalanır, sonra sazlamaya keçilir. Ancaq tərtibçi burada İraq türkmanlarının sazlamalarından yalnız bir cümlə verir:
Oğlu ölən: «Vay balam, vay, mən öləydim…»
Atası ölən: «Vay balam, vay, mən öləydim…»
Anası ölən: «Vay balam, vay, mən öləydim…»
Qardaşı ölən: «Vay balam, vay, mən öləydim…»
və s. deyərlər.
Bundan sonra isə Azərbaycanda da rəhmətə gedənin məziyyətlərini sadalayıb ağı demək adətinin olmasından danışılır və misal verilir: «Açılmayan tüfəngin, sıyrılmayan xəncərin öz canına qurban. Ay kimi doğdun, gün kimi batdın, minəndə at bağrı yardın, düşəndə yer bağrı yardın, saydığına salam verdin, saymadığına yan verdin, düşməninə dirsək göstərdin, qəniminə qan uddurdun. Altının bədöy atına, çiyninin süzən tüfənginə, tərkinin dolu xurcununa, ağzının kəsərli sözünə anan qurban ay…» (6, 67-68).
Bu ağı nümunəsi eyni ilə M.A.Abbaszadənin «Arvad ağısı» kitabında «yedi» adı altında verilmişdir (3, 16). Kitabın ön sözündə sonralar işıq üzü görmüş əksər folklor kitablarına salınmış (götürüldüyü mənbə göstərilmədən) bu şivən nümunəsinin ilk dəfə bu kitabda nəşr edildiyi qeyd olunmuşdur (3, 7).
Şəki ərazisindən qeydə aldığımız nəsr formalı olan ağılar feli sifət tərkibi şəklində qurulur, sonu isə «laylay» sözü ilə qurtarır: «Zəhmət çekif yurt-yuva salıf, bala böödüf, olardan güvənə bilmiyən qızıma laylay! Ay ölümü hasand olan, zulumu çox olan, əzyət çekif, eli qavarrı gidən balama laylay! Qucağı qundax görmüyən, beşiyh qırağında oturmuyən, dünyadan yarımçıx gidən qızım, ay laylay! Oğul çiynində getmiyən, bala böötmüyən, zəhmət çekif, öy-eşiyh quruf içində oturmuyən, heş neydən güvənmiyən (sevinməyən) balama laylay, ay laylay! A bezeyhli beşiyhlər öyünə girmiyən, a bezeyhli beşiyhlərə qundax qoymuyən qızıma laylay, laylay!» (79).
Ağı söyləmək ənənəsi bütün Azərbaycanda, demək olar ki, eyni olsa da, hər regionun da özünəməxsus cəhətləri vardır. Tutaq ki, Şəkidə nəsr formalı ağılar daha çox feli sifət tərkibi şəklində qurulursa, Bakı ərazisində daha çox I növ ismi birləşmələrdən istifadə olunur. Şəkidə ağının sonu «laylay» sözü ilə qurtarırsa, Bakıda ağının sonu daha çox «anan qurban», «vay» kimi sözlərlə tamamlanır: «Enni kürəyivə, uzun boyuva, xumar baxışıva, maral yerişivə, ağıllı danışığıva, şirin dilivə anan qurban! Gülər üzüvə, mehriban canıva anan qurban! Məni kimə tapşırıb getdin, ay oğul? Oğul çiynində getmiyən balam, vay!» (79).
Şəkidə keçirilən yas mərasimlərində daha çox ölünün özünü oxşayırlar. Şiə zonalarında isə ölünü oxşamaqla bərabər, həm də Kərbala müsibətindən, imamların faciəsindən də danışılır.
Bütün regionlarımızdan qeydə alınan ağılara xas bir xüsusiyyət vardır ki, bu da faciədir. Bu cəhət ağıların poetikasını müəyyən edir. Ağılarda tez-tez nida və sual intonasiyaları səslənir. Ağılarda tez-tez rast gəlinən «ay bala», «ay oğul», «laylay», «balama laylay», «vay» və s. bu kimi sözlər dinləyicilərdə emosional təsiri daha da gücləndirir. Azərbaycanın bütün regionlarından qeydə alınan ağılar üçün, həmçinin, bol-bol epitet, sözətrafı cəmlənmələr, mərhumun sir-sifətini, boy-buxununu, xarakterinin müsbət cəhətlərini təsvir etmək xüsusiyyətləri də xasdır. Türk folklorşünası A.Özdemirin sözləri ilə desək, hər ağı bir romandır. Orada mərhumun əməlləri, qabiliyyətləri xatırlanır. Mərhum beləcə ağılarda yaşamış olur (125, 10).
Qeyd edək ki, Şəki ərazisində yalnız nəsr formalı ağılar deyil, həm də nəzm formalı ağılar – bayatı-ağılar da geniş yayılmışdır:
Qardaş mənim gülümdü,
Gülümdü, bülbülümdü.
Ölür, bacılar ölsün,
Qardaş ölümü zülümdü (8, 312).
Kavavın yanı yandı,
Çöörüldü, yanı yandı.
Can öyündə ciyərim,
Ağzımda dilim yandı (8, 312).
Ərazidə folklor toplayarkən maraqlı struktura malik ağı mətnləri ilə rastlaşdıq. Belə ki, ağıların bir qismində nəsrlə nəzm növbələşir. Adətən, belə ağının əvvəlcə nəsr hissəsi deyilir. Sanki nəsrlə deyilən hissə nəzm hissəsinə keçid üçün şərait yaradır. Ağının nəzm hissəsi isə bayatı formasında olur: «Ay Limunət, yasınıı verərsanı, yeddınıı verərsanı, düşərsanı həyətə, hamını dağıdıf sağa baxarsanı, sola baxarsanı, öz-özunıa qəhərrənərsanı, diyərsanı, ay Cəbrayil:
Bu bağ bizimiymiş,
İçindəki üzümiymiş.
Hammı dağıldı getdi,
Yıxılan öy bizimiymiş» (79).
Bəzən yas mərasiminə gələnlər bir neçə il əvvəl vəfat etmiş yaxınlarını da təzə ölüyə qatıb ağlayırlar: «Qanı çöllərə dağılan qardaş, al qanı xırman olan qardaş. Xırman qanı göl olan qardaş, laylay qardaş, a laylay. Vay-vay dimiyını, laylay diyını buna, gör bunu kimnərə tay eliyirəm? Unnan da doyməsə, Əhmədə tay eliyirəm. Unnan da doyməsə, Nərgizi qatıf buna ağlıyirəm» (79).
Köhnə ölünü təzə ölüyə qatıb ağlamaq adəti tək Şəkidə deyil, ətraf rayonlarda da mövcud olmuşdur. Bu fikri Balakən rayonundan qeydə alınmış bir nümunə də təsdiq edir:
Bura niyə gəlmişəm,
Diyə-gülə gəlmişəm.
Sənin meyduu mən
Meyidimə qatıb, ay bala,
Ağlamağa gəlmişəm (17, 62).
Bəzən ağıda onu söyləyənin ağır və əzablı ömür yolu təsvir olunur. Sanki ağı söyləyənin əlinə öz dərdlərini demək üçün imkan düşür. Türk folklorşünası A.Özdəmir bu haqda belə yazır: «Ağıçı deyəcəklərini ağı ilə söyləyir. Burada ağı bir bəhanədir. Ağıçı keçmişi, gələcəyi ortaya tökür» (126, 11): «Öy-eşiyh tihdim, bi məkana çıxa bilmədim. Heç kesi mənim kimi olmasın. Bi oğlum ölüfdü, bi dənə də qızım. «Ana, epbeyh» diyə-diyə. «Ata, çöreyh» diyə-diyə, acinnən öldülər, üreyim çox zəyif oldu. İllərnən xəsdə oldum. Bir zalım qaynanıyə, qaynatıyə gəlin oldum. Nə gəlinnığım bilinmədi, nə qocəlığım, nə cavannığım. Öylər tikif, eşiyhlər tikif, balaları böödüf, şükür eliyən vaxı eli qızıl bileyhli yiyəm öldü. Gənə də helə fəqir, zulumnan, bavat ömür-gün sürüyəm. Öylər tikif, bağlar saldıx, güvənə bilmədıx. Heç də bizim dizimizə su gəlmədi. Azar-bezarnan oynədıx. Bi məkana çıxa bilmədıx. Gənə də Allahdan razıyəm. Allah büyünnən sora balalarıma pis işdər qismət eləməsin. Allah ölüm verəndə anıyə versin, balıyə verməsin. Allah heç ananı baladan ötəri göynətməsin» (79).
Onu da qeyd edək ki, sadə camaatın dediyi ağılarla sazanda və mollaların söylədiyi ağılar xeyli fərqlənir. Sadə insanın dediyi ağı mətni öz təfəkkürünun məhsulu olub, ifa prosesində yaranır. Burada, adətən, mərhumun zahiri görkəmindən, davranışından, faciəli ölümündən və s. bəhs olunur. Rus folklorşünası A.Q.Samoşkinin sözləri ilə desək, söyləyicinin fərdiliyi ağı kimi ənənəvi janrda öz əksini tapır (144, 14). Sazanda və mollalar isə Yunus İmrənin, Süleyman Çələbinin, İbrahim Həqiqinin qəsidələrindən istifadə edirlər. Yas aparan mollalarla söhbətimiz zamanı məlum oldu ki, onlar bir qəsidəni bir neçə yas mərasiminə uyğunlaşdırıb söyləyirlər. Söyləyicinin verdiyi məlumata görə, aşağıdakı mətn parçası Yunus İmrəyə məxsusdur və «Ana haqqında qəsidə» adlanır:
…Anam laylay, anam laylay,
Çox odlara yanan laylay.
Fələyh saldı səni dərdə,
Bizi qoydun yaman dərdə.
Gedib yatdın quru yerdə,
Anam laylay, anam laylay (79).
Söyləyicinin dediyinə görə, bu qəsidədəki «anam laylay» ifadəsi mərhumun kimliyindən asılı olaraq «bacım laylay», «atam laylay», «qardaş laylay» və s. kimi də əvəzlənə bilər. Yas aparan molla yalnız ölüyə xitabən söylədiyi qəsidələrlə kifayətlənmir, dini və fəlsəfi məzmunlu qəsidələr də deyir:
İlahi, cənnət evinə gedənlərdən
Eylə bizi, eylə bizi.
Qəbr evində cəmalını görənlərdən
Eylə bizi, eylə bizi (79).
Və ya:
Qələm aldım əlimə, aləmə cahan, dastan yazıram.
Bu dünyanın, varın axırını bədnam yazıram... (79).
Qeyd edək ki, ərazidə ağı demək üçün xüsusi ağıçıların dəvət olunması son dövrlərin məhsuludur. Əvvəllər Şəki yaslarında ağını ölünün yaxın qohumları, qonşuları, kənd camaatı deyərdilər. Son illərdə ənənəvi Şəki yasları sıradan çıxmaqdadır. Ənənəvi yas mərasimlərini «kolxoz bazarı» (Sovet dövründə kənd camaatının öz məhsullarını satmaq üçün getdikləri bazar) adlandıran mollalar yasa yeni quruluş verməklə bu prosesi bir az da sürətləndirirlər.
2.4. Nağıllar
Şəki ərazisindən 73 nağıl süjeti qeydə almışıq (79). Ərazidən qeydə aldığımız nağıllarda da arxaik dünyagörüşü ilə bağlı süjetlər öz varlığını qoruyub saxlamaqdadır. Şəkidən qeydə aldığımız «Yazıya pozu yoxdur» adlı nağılda padşah eşidir ki, kasıb bir sığırçının (naxırçının) qızını onun oğluna qismət yazdılar. O, pul verib körpəni valideynlərindən alır və aparıb bir ağacın qoquşunda (koğuşunda) qoyur ki, qurd-quş yesin. Yaxınlıqda da bir çoban sürü otarırmış. Hər gün sürüdən bir keçi ayrılıb gedir, həmin uşağı əmizdirib qayıdır.
Türk mifologiyasına görə, ağac müqəddəsdir. Əski inamlarda ağac anadır, övlad verəndir. Buna istənilən qədər misal göstərmək olar. Oğuz Kağan ikinci arvadını ağac oyuğunda tapır (33, 126). Basat öz soykökünü belə təqdim edir: «Anam adın sorar olsan, Qaba Ağac, Atam adın sorar olsan, Qoğan Aslan» (67, 200). Türk xaqanlarından biri olan Buğu Təkinin də anası ağacdır (115, 31).
Əski türk dünyagörüşünə görə, ağac həm də himayəçidir. «Mersinner güzeli» adlı Kıbrıs masalında tufanın kimsəsiz vadiyə atdığı qız bir mərsin ağacının oyuğunda sığınacaq tapır (124, 21).
Buna görə də bizim qeydə aldığımız «Yazıya pozu yoxdur» adlı nağılda uşağın ağac koğuşuna qoyulması təsadüfi deyil.
Keçi də türk mifologiyasına görə, bir sıra atributlara malikdir. Bu atributlardan biri də himayəçilikdir. «Koroğlu» dastanının türkmən və qazax variantlarında – «Goroğlu»da da keçinin bu atributu ilə rastlaşırıq. Qazax variantına görə, Goroğlu qəbirdə doğulur və yaxınlıqda yaşayan bir qarının ağ keçisinin südü ilə bəslənir. «Koroğlu»nun türkmən variantında çoban sürüdən hər gün qaçan keçini izləyəndə görür ki, keçi qəbiristanlığa qaçıb bir qəbrin başında mələdi və qəbirdən çıxan uşaq keçini əmməyə başladı (97, 101-103).
Ərazidən qeydə alınmış nağıllardan 33-nün Aarne-Tompson kataloqunda qarşılığı yoxdur. Qalanları beynəlxalq kataloqda aşağıdakı nömrələrdə verilmiş süjetlərdir.
Heyvanlar haqqında nağıllar. 55 (Şərikli göl), 62 (Heyvanlar arasında sülh), 103 (Pişik və vəhşi heyvanlar), 117* (Uğursuz təqlid).
Sehrli nağıllar. 300 (Suyun qabağını kəsmiş əjdaha), 301A (Məlikməmməd), 402 (Gəlinlərin sınanması), 400 (Ər itmiş arvadını axtarır), 449 (Gül Sənavərə neylədi), 451 (Yeddi qardaş, bir bacı), 465C (Gülüqahqah), 513 (Altı qeyri-adi yoldaş), 533 (Səbr daşı, qın bıçağı), 545B (Armudan bəy), 560 (Sehrli üzük), 563 (Qeyri-adi hədiyyə), 613 (Xeyir və şər), 655 (Ağıllı qardaşlar), 707 (Uşağın dəyişdirilməsi).
Dini nağıllar: 752 (Musa peyğəmbərin Allahlığı), 756C (İki böyük günahkar), 759B* (Peyğəmbər Allahı haqsızlıqda günahlandırır), 808A (Yaxşı ilə yamanın ölümü), 810B (Yuxuya qalmış ilan), 828*** (Bir qıza üç elçi), 830 (Qismətsiz tikə), 839 (Bir günah ardınca başqasını gətirir), 841 (Verən Allahdır).
Novellavari nağıllar: 882 (Sədaqətli arvad), 893 (Dostun sınanması), 910 (Elmin başı da səbrdi, sonu da), 910C (Bir iş görəndə axırını fikirləş), 911* (Gədədən pul istəmə, atını başqasına vermə, arvadı atası evinə getməyə qoyma), 921F (Qaz göndərsəm yola bilərsənmi?), 930A (Təyin olunmuş arvad), 948B (Ailə üzvlərinin itirilməsi), 934 (Təyin olunmuş ölüm), 934B (Oğlanı nikah gecəsi ilan çalır), 945 (Ağıl və bəxt), 950 (Usta və şəyird), 981 (Qocaların öldürülməsi), 983 (Quş sümüyündən ev).
Axmaq şeytan haqqında nağıllar. 1012 (Uşağın səsini kəs), 1013 (Dəli qardaş anasını çimizdirir), 1029 (Ağanın arvadı qu quşunu yamsılayır), 1120 (Ağa keçəli çaya atmaq istəyir), 1149 (Uşaqlar div əti istəyir), 1164 (İlan deyingən arvaddan qorxur).
Lətifələr. 1380 (Gom-gom piri), 1430 (Puç olmuş xəyallar), 1585 (Aldanmış vəkil), 1457 (Pəltək bacılar), 1525C (Mat qalmışam), 1535 (Bahalı dəri), 1537 (Ölü bədən), 1539 (Poçtalyon dovşan) 1641 (Yalançı falçı), 1643 (Dəli kəsəyənə ət satır), 1653 (Dəli və ağıllı qardaş), 1660* (Cəsarətli bostançı), 1725 (Keçəl və darğa), 1536B (Xortlamış ölü), 1626 (Çörək kimə çatır).*
Süjet göstəricilərindən də göründüyü kimi, ərazidən toplanmış nağıllarda kontaminasiya hadisəsi azdır. Nağıllarda kontaminasiya hadisəsinin azlığı, ehtimal ki, hal-hazırda regionda nağıl söyləmə ənənəsinin öləziməsi ilə əlaqədardır.
2.5. Şəki lətifələri
Şəki ruhunun komik gücü özünü lətifə janrında göstərir. Azərbaycanın heç bir bölgəsində lətifə bu qədər aktiv deyil. Prof. T.Hacıyev haqlı olaraq qeyd edir: «Lətifə şəkili düşüncəsinin gündəlik istehsalıdır. Bu istehsal prosesi arasıkəsilməzdir. Bu istehsalda bütün şəkililər iştirak edirlər – uşaq da, böyük də, qadın da, kişi də, savadlı da, savadsız da. Ata-babadan lətifəni eşitməyə adət etmişik. Şəkidə lətifəni gözünlə görürsən. Adi hal-əhval tutma zamanı, xeyir-şər söhbətlərində (bəli, məhz yas mərasimlərinin gedişində də) lətifə yaranır. Heç nədən lətifə düzəldirlər. Yumorda, zarafatda şəkiliyə qalib gəlmək olmaz – bu sənətin ustası şəkililərdir» (54, 20). T.Hacıyev Şəki folklor mühitində lətifənin yerini kifayət qədər aydın ifadə etmişdir.
Ərazidən toplanmış lətifələrin bir qismi Molla Nəsrəddin lətifələridir. Bu lətifələr Şəkidə Molla və yaxud Molla Nəsrəddin adı ilə danışılır: «Çuvala lampa suşəsi doldurub bazara satmağa gətirmiş Molla köhnə bir dostu ilə rastlaşır. Dostu gəlib mollaya çatan kimi çuvala bir təpik vurub satmağa nə gətirdiyini soruşur. Möhkəm pərt olan molla deyir ki, «dəə heş nə» (79).
Bir qisim Molla Nəsrəddin lətifələri də var ki, bunlar artıq Şəki lətifələrinin müxtəlif qəhrəmanlarına – Hacı dayıya, Mirzə Abdulcabbara və başqalarına transformasiya olunmuşlar. «Molla və ayı» adlı lətifə süjeti Şəkidə «Ayının armud payı» adı altında Hacı dayının başına gələn əhvalat kimi danışılır.
Molla Nəsrəddin lətifələri ilə Şəki lətifələrini müqayisə edərkən Molla Nəsrəddin süjetli lətifələrin bölgədə Molla Cumaya transformasiya olunması halları ilə də üzləşdik: «Boyaqxana dükanı açıb boyaqçılıq etməyə başlayan Mollanı ələ salmaq istəyən şəxs ona parça gətirib deyir ki, bu parçanı elə rəngə boya ki, o rəngdən dünyada olmasın. Molla cavab verir ki, yaxşı, boyayaram, amma sən elə gün gəl ki, nə şənbə olsun, nə tək olsun, nə çərşənbə olsun, nə cümə axşamı olsun, nə də cümə günü olsun» (85, 293).
Şəkidə bu lətifəni belə bir variantda qeydə aldıq: «Aşıq Ələsgər Molla Cumanı bağlamaq üçün ona qufullama (Şəkidə aşıq şer şəkillərindən biri olan qıfılbənd qufullama adlandırılır) yazıb göndərir ki, mənə bir inək al, nə ağ, nə qırmızı, nə sarı, nə qara, nə ala olmasın. Cuma dayı ona belə bir cavab yazıb göndərir: İnəyi almışam, gəl apar. Bazar gəlmə, bazar ertəsi gəlmə, xas (çərşənbə axşamı) gəlmə, çərşəmmə gəlmə, cuma gəlmə, adına gəlmə, şənbə gəlmə. Qalan nə vaxt istəyirsən, gəl apar» (79).
Az sayda Şəki lətifəsi də vardır ki, onlar da Bəhlul Danəndənin adı ilə bağlıdır.
Şəkidə baməzə adamlar çoxdur. Maşax İsfəndiyar, Mirzə Abdulcabbar və s. Yeri gəlmişkən onu da qeyd edək ki, Şəkinin daha bir lətifə qəhrəmanı da (əslində şəkililərin əksəriyyəti lətifə qəhrəmanı ola bilər) bizim tərəfimizdən aşkar edilmişdir. Şəkinin Cumakənd adlı ərazisində Bayram müəllimin adına söylənən lətifələr çox məşhurdur (79). Amma Şəkinin əsas gülüş qəhrəmanı Hacı dayıdır. Hacı dayı iti ağlı, hazırcavablığı ilə məşhurdur: «Gəncə xanına qonaq gedən Şəki xanı Hacı dayını da özü ilə aparır ki, qonaqlıqda məzəli lətifələrlə adamları əyləndirsin. Hacı dayı itini də özü ilə aparır. Gəncə xanı qonaqları adamları ilə qarşılayır. Onların arasında bir nəfər erməni də varmış. Gəncə xanının çoxsaylı itləri Hacı dayının itini görən kimi ona hücum edirlər. Erməni Hacı dayıya yaxınlaşaraq onun itinə işarə edib, istehza ilə deyir: «Mollanı itlər boğur, Hacı, kömək eləsənə». Hacı dayı: «O qədər keşişin içində mollanın nə işi var ki, hələ onu boğurlar da», – deyə cavab verir» (10, 207).
Hacı dayı ilə bağlı lətifələrin yayılma arealından danışarkən onu qeyd etmək lazımdır ki, bu lətifələr Şəki şəhərinin özündə daha geniş yayılmışdır. Hacı dayının lətifələri daha çox gənclər və orta yaşlı nəslin nümayəndələri arasında populyardır.
Onu da qeyd edək ki, şəkilinin, Hacı dayının adı ilə bağlı söylənilən lətifələr digər bölgələrimizdə də geniş yayılmışdır (9; 302-303, 313).
Bir qisim lətifələr isə adsız – qeyri-müəyyən şəxsli lətifələrdir. Bu lətifələr biri, birisi, bir kişi və s. ifadələrlə başlanır. Həmin lətifələrin bir qismi orijinal süjetə malik olsa da, bir qisminin yenə də Molla Nəsrəddinin adı ilə bağlı lətifə süjetləri olduğunu görürük.
Ərazidə yayılmış lətifələrin böyük bir qrupunu da etnoqrafik lətifələr təşkil edir. Etnoqrafik lətifələrin özlərini də iki yerə ayırmaq olar: a) Şəki əhalisinin məşğuliyyətini və mədəniyyətini özündə əks etdirən lətifələr; b) Etnoqrafik qarşılaşdırmaları özündə əks etdirən lətifələr. Bu lətifələrdə hansı tərəfin qalib çıxması isə onu söyləyənin özünün haralı olmasından asılıdır.
Şəki lətifələrinin bir qisminin mövzusunu dini qarşılaşdırmalar (sünnü-şiə) təşkil edir. Bu lətifələr haqqında da I fəsildə danışıldığı üçün burada yalnız adını qeyd etməklə kifayətlənirik.
Ərazidən toplanmış lətifələrin bir qismi də polietnik lətifələrdir. Bu sırada ləzgilərlə bağlı yaranmış lətifələr üstünlük təşkil edir. Sovet dövründə, xüsusilə də XX əsrin 50-ci illərindən başlayaraq ləzgilərin Şəkiyə və ətraf rayonlara axını başlandı. Bu axınların təşkil olunmasının əsas səbəbi görünür ki, bölgədə etnik tərkibin dəyişdirilməsi istəyi ilə bağlı olmuşdur. Onların bir qismi Şəki şəhərində və kəndlərdə yerləşdirilmişdir, bir qismi isə yaşayış olmayan boş sahələrdə məskunlaşdırılmışdır. Boş sahələrdə məskunlaşdırılan ləzgiləri yerli əhali qutanlar adlandırır. Polietnik lətifələrin Şəkidə yayılması ləzgilərin əraziyə bu axınları ilə bağlı deyil. Çünki şəkili ləzgini əvvəldən də yaxşı tanıyırdı. Amma son axınlar bu lətifələrin Şəkidə aktivləşməsinə səbəb olmuşdur. Bu lətifələrin özlərini də iki qrupa ayırmaq olar:
Birinci qrup lətifələrdə daha çox iki ləzgi qarşılaşdırılır. «İki ləzgi rastlaşır. Biri o birinə deyir ki, mən ildə bir dəfə – dağdan düşəndə çimirəm. İkinci ləzgi ildə iki dəfə – dağa qalxanda və dağdan düşəndə çimdiyini deyir. Əvvəlki ləzgi ona öz təəccübünü belə bildirir: Sən laf su quşudu ki...» (79).
İkinci qrup lətifələrdə isə Azərbaycan türkü ilə ləzgi qarşılaşdırılır və üstünlük Azərbaycan türkünə verilir: «Ləzgi evinə qonaq gələn azərbaycanlıya çay gətirir. Qənd çox xırda doğrandığı üçün o, hər dəfə 3-4 qəndi birdən götürür. Hövsələsi daralan ləzgi tez reaksiya verir: «Sizdə ölünü neçə-neçə qəbrə qoyurlar?» Azərbaycanlı söz altında qalmır: «Böyük olanda bir-bir, uşax-muşax olanda üç-üç, dört-dört» (79). Bu lətifənin Göyçədən qeydə alınmış variantında isə lətifə qəhrəmanlarının milliyyəti verilmir (7, 572). AFA-nın Şəki cildlərinin birində «Hacı dayı biçində» adlı lətifə verilmişdir. Həmin lətifədə Hacı dayı çolpanı tək yemək üçün yoldaşlarına kələk gəlir. Onları yuxuya verib çolpanı tək yeyir (8, 222). Bu lətifənin bir variantı da bizim tərəfimizdən qeydə alınmışdır. Orada Hacı dayını musurman, yoldaşlarını isə erməni və cuhud əvəz edir. Əvvəlki lətifədə qalib Hacı dayıdırsa, bizim qeydə aldığımız lətifədə qalib musurmandır (79). Buradan belə bir nəticəyə gəlmək olar ki, polietnik lətifə adi lətifəyə və yaxud da əksinə çevrilə bilər.
Polietnik lətifələrin bir qismində Azərbaycan türkünün yerini şəkili tutur: «Rus, gürcü, ləzgi və şəkili təyyarədə gedirlər. Rus «Bundan bizdə çoxdu», – deyib əlindəki samaqonu pəncərədən yerə atır. Gürcü də bir şüşə çaxırı yerə atıb eyni sözləri təkrar edir. Əlinə heç nə keçməyən şəkili də ləzgini götürüb yerə atır və deyir: «Bunnan da bizdə çoxdu» (79).
Ərazidə yayılmış polietnik lətifələrin daha bir qismini də layış lətifələri təşkil edir. Bu lətifələrin qəhrəmanları Şəkinin Baş Layısqı və Aşağı Layısqı kəndlərinin sakinləridir. Ancaq layış lətifələri yaxşı toplanmadığı üçün onlar haqqında geniş bəhs edə bilmirik.
Polietnik lətifələrin transformasiya imkanları genişdir: lətifə Şəkidə ləzginin, layışın, Laçın zonasında kürdün, Lənkəran bölgəsində isə talışın və s. adına danışıla bilər: «Bir azərbaycanlı yolnan gedərkən çayda pişiyini çimizdirən ləzgi ilə rastlaşır və ona pişiyi incitməməyi məsləhət görür. Ləzgi azərbaycanlının məsləhətinə əhəmiyyət vermir. Azərbaycanlı geri qayıdanda ləzgini ölmüş pişiyin yanında oturub ağlayan görür və deyir: «Saa didim axı, pişiyh ölər, yuma, burax». Ləzgi ona belə cavab verir: «Yuyanda yox, sıxanda öldü» (79). Bu lətifənin Zəngəzur bölgəsindən qeydə alınmış variantında ləzgini kürd əvəz edir (37, 229).
Ərazidə yayılmış lətifələrin bir qismi isə müxtəlif mərasimlər haqqında söylənən lətifələrdir (Novruz, pir ziyarəti, tasqurma və s.). Ərazidə vaxtilə mövcud olmuş mərasimlərin əksəriyyəti ya sıradan çıxıb, yaxud da onlar əvvəlki dəbdəbə ilə keçirilmir. Bu qrupa aid olan lətifələr həmin mərasim və məclislər haqqında bu gün bizim üçün qiymətli faktları qoruyub saxlayır. Onlardan yeri gəldikcə bəhs edəcəyik.
Şəkidən toplanmış bəzi lətifələr kompozisiya baxımından kumilyativ nağıl şəklində qurulmuşdur. Bu maraqlı folklor hadisəsini ilk dəfə sənətşünas alim F. Çələbi görmüşdür. O yazır «...lətifənin kumilyativ nağıl formasını mənimsəməsi çox maraqlı və nadir folklor hadisəsidir» (39, 12). F.Çələbi lətifənin kumilyativ nağıl formasında verilməsinə aid yalnız bir misal gətirir. Daha bir nümunə də bizim tərəfimizdən toplanmışdır (79).
Ərazidə həmçinin müxtəlif elmi-texniki yenilikləri və müxtəlif tarixi hadisələri özündə əks etdirən lətifələrlə də tez-tez rastlaşmaq mümkündür.
2.6. Paremioloji vahidlər
Şəki folklorunun mühüm bir hissəsini də paremioloji vahidlər təşkil edir. Rayonun ərazisindən xeyli sayda tapmaca, təmsilcik, atalar sözü, qarğış, alqış, yasaq, inam, ovsun, bazar ifadələri və s. kiçik janrlar qeydə alınmışdır.
Tapmacalar Şəki ərazisində ən geniş yayılmış paremioloji vahidlərdən biridir. Ərazidən qeydə alınmış tapmacaların bir qismi ümumazərbaycan tapmacaları kimi nəzm formasında söylənir:
Əjdahanın qırx dişi,
Meşədədir hər işi,
Sığallamax vərdişi – daraq (10, 68).
Tapmacaların bir qismi nəsr şəklindədir: «Mən baxıram, o qaçır» – qulaq (8, 430); «Ağac başında bəy xonçası» – xurnik (10, 73).
Qeyd edək ki, nəsr formasında söylənilən tapmacaların da bir qismi qafiyələnir: «Mən çulliyirəm, o tulliyir» – sac və çörək; «Babam atdan düşdü, donu bəntdən düşdü» – yaşıl qərzəkli qoz (10; 84 ,90).
Şəki ərazisindən qeydə alınmış tapmacaların müəyyən bir qismi isə bayatı formasındadır:
Başı qarnına girir,
Belində daş gəzdirir.
Tapın görək o nədir,
İlan başın əzdirir – tısbağa (8, 33).
Bu regionda bir əşyaya aid iki, üç, bəzən də daha çox tapmaca mətni ilə rastlaşmaq mümkündür:
Kolun üstündə qarğa,
İçi dolu qorğa (8, 427);
Üstüm qızıl,
Buğdam ağ (8, 431).
Yuxarıda verilmiş hər iki tapmacanın cavabı «itburnu»dur.
«Bi öküzüm var, quyruğunnan tutmasam, girmiyi ağıla»; «Dolu gidiy, boş qəyidiy» (79).
Qazan qarası, dəmir parçası,
Onu tapmayan şeytan balası (10, 83).
Hər üç tapmacanın cavabı «qaşıq»dır.
AFA-nın Şəki cildlərində (IV və VI cildlər) 17 tapmacanın cavabı «günəş», 6 tapmacanın cavabı «su», 5 tapmacanın cavabı «nehrə», 7 tapmacanın cavabı «qoz», 7 tapmacanın cavabı «od»dur və s. Bəzən bir tapmacada 2, 3, hətta 4 əşyanın əlaməti verilir:
Haqq yapıb yapısını,
Dəmir açar qapısını – qarpız və bıçaq (10, 80);
Can can üstə,
Can da dəmir üstə – adam, at və nal (10, 77);
Yumru top,
Üstü çöp.
Çöpün üstü meşə,
İçini çaqqallar eşə – qarın, baş, saç və bit (10, 89).
Bəzən bir tapmacanın iki cavabının olması halı ilə də üzləşirik: «Yol içində yoğun abay» (79). Bəzi söyləyicilər bu tapmacanın açmasının «təndir», bəziləri isə «ilan» olduğunu söylədilər.
Uzun qız uzanar,
Özünə paltar (yaxud köynək) qazanar (79).
Bu tapmacanı da iki cür cavablandırırlar: «oxlov» və «qarğıdalı».
Ərazidən qeydə aldığımız tapmacaların bəzilərində bir söz dəyişilirsə, cavab da dəyişilir: «Mən gidiyəm, özü də gidiy» (79). Bu tapmacanın cavabı «kölgə»dir. «Mən gidiyəm, özü qalıy» (79). Bu tapmacanın cavabı isə «ayaq izi»dir.
Şəki ərazisində elə tapmacalar da deyilir ki, dinləyici sanki riyazi məsələ ilə üzləşir: «Göydən gidiy qazdar. Yerdə də oluy bi dənə axsax qaz. Yerdəki axsax qaz diyi ki, eheyyy.... göydən gidən 100 qaz, məni də götür, ol düz qaz. Göydeyi qazdar diyi ki, biz 100 döyülux, bi bizi qədər, bi bizim yarımız qədər, bi də yarımızın yarısı qədər, bi də sən axsax qaz olanda 100 qaz bitiy. Di görüm, göydən gidən neçə qaz oluy?» (79).
Tapmacanın cavabı 36 qazdır. Hesablama apardıqda cavabın düz olduğunu görürük: 36+36+18+9+1=100
Bu tapmacanın başqa bir variantı isə Azərbaycan folkloru antologiyasının (IV cild, Şəki folkloru) «Açmacalar» bölməsində verilmişdir:
Göydə gedən yüz qaz!
Nə deyirsən, yalquz qaz?
Bizə bizcən də gərək,
Dörddə birimizcən də gərək,
Sən də bizim içimizdə,
Onda olluq yüz qaz? (8, 436).
Onu da qeyd edək ki, bu tapmacanın cavabı «63 qaz» verilmişdir. Ancaq hesablama apardıqda bu cavabın səhv olduğu meydana çıxır. Görünür, texniki xəta üzündən 36 rəqəmi tərsinə – 63 kimi verilmişdir.
Cəsarətlə demək olar ki, atalar sözləri Şəkidə ən geniş yayılmış folklor janrlarından biridir. Şəkililər ünsiyyət zamanı atalar sözü və məsəllərsiz keçinə bilmir: «Allah camışə qənət verseydi, uçməmiş dam qalmazdı»; «Az yi, həməşə yi»; «Olmax oyun gösdərər»; «Ağzınıı işə salıncə, başınıı işə sal» (79). Elmi-texniki tərəqqi əksər folklor janrlarının yayılma arealını məhdudlaşdırsa da, atalar sözlərinə o qədər də ciddi ziyan vura bilməmişdir. Gündəlik danışıqda, adi söhbətlərdə atalar sözlərinə tez-tez müraciət olunur. Bu da atalar sözlərinin yaşamasına şərait yaradır. Nümunələrə baxaq: «Düyümüz, ətimiz olseydi, qonşudan yağ da alıf aş bişirərdox» (79). Şəkidə işlənən bu ironiya məzmunlu atalar sözünün Bakı variantı daha əhatəlidir: «Unumuz, yağımız olsaydı, halva çalardıx. Doşab yoxdu, vay tava dərdi!» (79).
Bir qədər giley-güzar məzmunlu başqa bir atalar sözünün isə əlimizdə 4 variantı var. Bunlardan ikisini Şəkidən, ikisini isə digər regionlarımızın sakinlərindən qeydə almışıq: «Dədəsinnən nə yarıdım, balasınnan nə yarıyim; Dədəsinnən yarımışdım, qalmışdı balası» (Şəki); «Atasınnan gül dərdim, balasınnan da gilab (gülab) çəkərəm» (Salyan); «Atasınnan gül dərmişəm, balasınnan da reyhan dərərəm» (Göyçə) (79).
Ərazidə yayılmış atalar sözlərinin bəzilərinin yaranma səbəbləri müəyyən bir etnoqrafik hadisə ilə bağlıdır. Məsələn: «Atalığı (süd pulu) çox olan qız urvatdı (hörmətli) olar» (79).
Şəkidə toya yaxın oğlan evi qız evinə «atalıx» gətirir. Bu zaman qız evi çalışır ki, bu pul çox olsun. Oğlan evi isə müəyyən bəhanələrlə məbləği aşağı salmağa çalışır. Bu atalar sözündə həmin etnoqrafik hadisəyə işarə olunur.
Ərazidə yayılmış paremioloji vahidlərin bir qismini də təmsilcik (pabasinka) janrı təşkil edir. Təmsilciklər həm monoloq, həm də dialoq şəklində deyilir: «Ağ hörümçəyh diyi: «Məni görüf öldürəən qardaşı ölsün». Qara hörümçəyh diyi: «Məni görüf öldürmüyəən qardaşı ölsün» (79);
– A dəvə, hardan gəlisan?
– Arçənnən.
– Oxşuyü haçə-paçannan (79);
Ərazidən toplanmış təmsilciklərdə də Şəki yumoru özünü göstərir:
– Nuru öydədi?
– Arvadı da öydədi.
– Bu oldu nur-əla nur (10, 66).
Şəki folklorunun mühüm bir hissəsi də qarğışlardır. Bölgədə yayılmış inama görə, nə vaxt gəldi, qarğış qarğamaq olmaz, çünki «saatın açıq» vaxtı olur və həmin vaxt deyilmiş qargış, doğrudan da, yerinə yetə bilər. Digər bir inama görə, atanın övladına etdiyi qarğış hökmən həyata keçməlidir. Ana qarğışının isə qabağını süd tutur. Deyirlər, qarğışın iki ucu var. Haqsız söylənmiş qarğış onu söyləyənə zərər verə bilər. Şəkidə qarğışla bağlı belə ifadələr də işlənir: «Yanıf qarğıyirəm»; «Sinəmi gerif (gərib) qarğiyirəm» (79). Yəni nahaq söz, haqsız hərəkət bu şəxsi o qədər yandırıb ki, o, ürəkdən gələn səslə qarğış tökür. Ərazidə yayılmış inama görə, belə vəziyyətdə deyilən qarğış böyük faciələrə səbəb olur.
Tez-tez qarğış deyən, bəd-dua yağdıran adamlara «Ağzınıan çıxıf qoynunıa tökülsün» (79); «Qarğışın cil oluf canaa yapışsın»; «Qarğışın qaya başına, tumanını paya başına» və s. kimi cavab verirlər (10, 108).
Ərazidən qeydə aldığımız qarğışların bir qismində kökü çox qədimlərə gedib çıxan arxaik inamlarla rastlaşırıq: «Sən ölsanı, göy keçi qurban kesərəm» (79). Göy rəngin türk mifologiyasında özünəməxsus yeri var. Göy rəng sakraldır, tanrının, göyün rəmzidir. Göy keçi, göy at, göy (boz) qurd türk mifologiyasında tez-tez rast gəlinən mifoloji obrazlardır.
Atalar sözlərində olduğu kimi, qarğışların da bir qismi özündə birbaşa müəyyən etnoqrafik hadisəni əks etdirir: «Şaxını qara bezənsin». Azərbaycanın bir çox regionlarında keçirilən toy mərasimlərində şax bəzəyirlər. Amma bu adət Şəkidə yoxdur. Müraciət etdiyimiz bütün söyləyicilər, bu barədə bir şey bilmədiklərini söylədilər. Bu qarğış göstərir ki, keçmişdə Şəki toylarında da şaxbəzəmə adəti olmuşdur (100, 101).
Rayonun ərazisində toy günü gəlin düşən otağın qapısı bağlı olur. Gəlin ayağı altında qoyulmuş boşqabı sındırdıqdan sonra qapının cəftəsini açıb içəri girməlidir. «Səni görüm, öylərə gidif qapılar aşmiyəsanı» (100, 103) qarğışı bu hadisə ilə bağlıdır.
Şəki toylarının sonunda bəyi və yançılarını (sağdış, soldış) ayaq üstə saxlayıb boynuna irət (kələğayı) və müxtəlif parçalar salırlar. Buna «beydurması» deyirlər. Bu zaman bəy və yançılar üzü qibləyə dayanmalıdırlar. Aşağıdakı qarğışlar həmin etnoqrafik hadisədən xəbər verir: «Səni görüm, qivliyə bey durmuyəsanı»; «Boynunıa irət salınmasın» və s (79). Sonuncu qarğışın «Üzunıa irət salınmasın» variantı da var (79). Ərazidə son zamanlaradək gəlin evdən çıxarkən üzünə irət salınardı.
Şəki ərazisində bayatı şəklində olan qarğışlarla da tez-tez rastlaşmaq olur:
Məni yandıran yansın,
Yanan çırağı sönsün.
Mən qarğış bilmənəm,
Külü-külfəti yansın (79).
Ərazidə «mıx çaxmaq» adlı bir qarğış icra etmək aktı da var. Nəyisə oğurlanmış, nahaq böhtana düşmüş və ya digər bu kimi səbəblərdən əziyyət çəkən şəxs Pir babaya gedir və ona əziyyət verən adamı nəzərdə tutaraq oradakı ağaca bir mıx vurur. Onda günahkarın başına o qədər bəlalar gəlir ki, o özü gəlib mıxı sancan şəxsdən üzr istəyir və gedib mıxı çıxartmasını xahiş edir. Mıxı hər şeyə görə çaxmırlar. Bu, nadir hallarda baş verən hadisədir. Çünki deyirlər, mıxın iki ucu var. Nahaq çaxılmış mıx sahibinə zərər toxundura bilər (79). Bu akt «Şəki-Zaqatala folkloru» kitabında «qadax çaxmaq» adlanır (17, 17).
Rayonun ərazisindən xeyli sayda alqış da qeydə alınmışdır. Qarğışdan fərqli olaraq, alqışı tez-tez etmək lazımdır. Çünki alqış haqqında da «Saatın açıx vaxdı var» ifadəsi işlədilir. Bununla belə, alqışın səhər tezdən söylənməsi daha effektli sayılır. Ərazidə folklor toplayarkən belə bir alqış qeydə aldıq: «Səhərertə duruyəm. Qapını açəndə diyirəm ki, Ya rəbbi, ya rəsul Allah, çöreyimiz bol olsun, canımız sağ olsun, bu qapıdan xeyirri adamnar girsin, xeyir işdər olsun, düşmannarın gözü kor olsun» (79).
Şəkidə bəzi paremioloji vahidlər situasiyadan asılı olaraq, həm alqış, həm də qarğış kimi işlədilə bilər: «Elədığını qavağaa gəlsin»; «Allah ürəyaa (ürəyoza) görə versin» (8, 103-104).
Ərazidə qarğış deyən adamlara cavab olaraq «Alqışınla yaranmamişəm ki, qarğışınnan öləm» (79), «Alqışnan yaranmiyən qarğışla da ölməz» (10, 52) kimi ifadələr işlədilir. Bu, görünür, sözün – alqış və qarğışın gücünə inamın itdiyi dövrlərin məhsuludur.
Şəki ərazisində geniş yayılmış paremioloji vahidlərdən biri də yasaqlardır.
«Yük yerində yatmazdar», «Qırxlı uşağın paltarlarının süyünü 40 gün natəmiz yerə töhməzdər»; «Qırxlı uşağın paltarlarını şər qarışəndə çöldə saxlamazdar» (79).
İnama görə, yasaq pozularsa, bədbəxtlik üz verə bilər: «Axşəm öy süpürməzdər, yoxsa öydən ölü çıxar»; «İki əllə qapının iki tayinnən tutmax olmaz, öydən ölü çıxar» və s. (79).
Bəzən yasağın özü deyilir, sonra onun izahı verilir: «Xamırın üsdə yasdıx qoyməzdər, xamır yuxuluyər»; «Yatağı açıx qoyməzdər, içinə şeytan girər»; «Yorğan-döşəyi yerə bərk atmazdar, tozu ağır şeydi» və s. (79).
Ərazidə yayılmış paremioloji vahidlərin bir qismini də inamlar təşkil edir. İnamlar çox vaxt bir cümlə ilə ifadə olunur: «Saxsağan oxuyəndə qonax gələr»; «Boğazın qovüşsə, acıx çekərsan»; İt dalını sanıa çöörüf yatsa, qiyvətini qırıylər» və s. (79).
Bəzi inamlar isə iki cümlədən ibarət olur və ikinci cümlə birincini izah edir: «Qulağını cincilləsə, sözunıu danışiylər. Sağ qulax yaxşı sözdü, sol qulax pis»; «Üzunı qızarsa, sözunıu danışıylər. Sağ yanax yaxşı sözdü, sol yanax pis» (79).
Ovsunlar da paremioloji vahidlərin tərkib hissəsidir. Ərazidən digər janrlara nisbətən ovsunlar az toplanmışdır. Azərbaycan folkloru antologiyası, Şəki folkloru (IV cild) kitabında – «İnanclar» bölməsində bir ovsun verilmişdir. Bu, «Qurd ağzı bağlama» duasıdır: «Mal-qara itəndə, axşam naxırdan qayıtmayıb çöldə-bayırda qalanda qurdun ağzını bağlayırlar. Yoxsa heyvan yırtıcılara rast düşər, salamat qurtarmaz. Bir bıçaq götürüb deyirlər:
Hasarım hasar olsun,
Bezarım bezar olsun.
Qırx illik üçün,
Qurdun-quşun yönü o yana,
Dabanın bəri hasarladıram,
Hasar mənim olmasın,
Amma Fatma nənənin olsun.
Bunu deyib bıçağın ağzını bağlayır, çörəyin içində gizlədirlər. Sonra üç dəfə üfürürlər. İtmiş maldan bir xəbər tutana kimi onu gizli bir yerdə saxlayırlar» (8, 88). Daha bir ovsun isə Azərbaycan folkloru antologiyası (VI cild) Şəki folkloru kitabında verilmişdir. Bu ovsun isə «İnam və etiqadla bağlı nəğmələr» başlığında «Saç ağa» adı altında gedir. Həmin nəğməni qızlar saç hörərkən oxuyurlar:
Saç ağa, davan çağırır,
Zalxanı qaban çağırır.
Ayda qarış-qarış,
İldə qulaş-qulaş.
Saç ağa, uzan ağa,
Səni davan çağırır (10, 39).
Ticarətlə bağlı yaranmış bazar tərifləmələri də Şəki folklorunun maraqlı janrlarındandır. Ərazidən qeydə alınmış bazar tərifləmələrinin bir qismi bayatı formasındadır:
Ə, ədə, həmşəri,
Getmə ora, gəl bəri.
Ət suyu yi, küftə yi,
Pulun yoxdu, müftə yi (104, 165).
Bayatı formasında olmayan bazar tərifləmələrinin də məzmununa nəzər saldıqda ritmik mətnlə, şeiriyyətlə qarşılaşırıq: «Mala gəl, ay mala gəl, süzülmüş bala gəl!»; «Mən dimirəm, mənnən alın, pul verin, maldan alın»; «Axtararsan, tapmazsan, yiyərsən, doymazsan» (104, 165-166).
Şəki bazarında satıcılar mallarını şirin Şəki şivəsində tərifləyir, müştərilərin diqqətini mala cəlb edirlər: «Qara camışın kərəsi, bala qat yi!» (104, 164).
Satıcılar bəzən müştərinin də tərifini göyə qaldırırlar: «Gəl, ay müştəri, Qızıldandı dişdəri» (104, 163).
Paremioloji vahidlərin bu janrını daha yaxşı araşdırmaq üçün toplamaya xüsusi fikir vermək lazımdır. Çünki qeydə alınan hər bir folklor nümunəsi həmin janr haqqında təzə fikir söyləməyə imkan yaradır.
Folklorşünas F.Bayat qeyd edir ki, bazar və böyük ticarət yerlərində satıcı və ya əsnaf kəsimin deyimlərinə dayanan sözlü mədəniyyət janrını da araşdırmaq lazımdır. Bu, kökü əxi təşkilatına dayanan, ancaq postsovet məkanında xüsusi mülkiyyətin, özəl ticarət strukturlarının ortadan qaldırılması ilə sənətkar və tacir birliklərinin yox olmasından sonra itirilən folklor janrlarındandır. Sovet rejiminin iflas etməsiylə xüsusi mülkiyyətin çəkisinin artması nəticəsində Azərbaycanda və ümumilikdə postsovet məkanında sənət və ticarət fəaliyyətlərinin dirçəlməsiylə gündəmə gələn bu yeni folklor janrı hər keçən gün daha da şəkillənməkdədir (34, 61).
Şəki ərazisində geniş yayılmış paremioloji vahidlərdən biri də yanıltmaclardır. Yanıltmac daha çox kiçikyaşlılar arasında populyar olan janrlardan biridir. Yanıltmaclar eyni samit və sait səslərinin bir-birini izləməsi ilə qurulur. «Alliterasiya hadisəsi yanıltmac janrının canında, qanındadır, bu janrın həyatverici qüvvəsidir» (40, 27). Aşağıdakı nümunələrdə «q» səsləri alliterasiya, «a» səsi assonans yaratmışdır. Bu janrda fonetik səviyyədə obrazlılığın göstəricisi yüksəkdir: «Qara qaranı qarayla qaralıyıtdı. Qaralanan qara qaradan qaralanıtdı» (8; 423, 425).
Yanıltmacların bir qismində isə səs, yəni alliterasiya gözlənilmir, sadəcə elə sözlər seçilir ki, onları tələffüz etmək müəyyən qədər çətinlik yaradır. Bu yanıltmacları söyləyə-söyləyə uşaq tədricən səsləri düzgün tələffüz etməyə alışır: «Habı mis nə pis imiş. Habı mis kaşan misi imiş» (8, 422).
2.7. Uşaq folkloru
Şəki folklorunun mühüm bir hissəsini də uşaq folkloru təşkil edir. Ərazidə uşaq folklorunun düzgü, məzəli mahnılar, öcəşmə kimi növləri geniş yayılsa da, oyunlar daha çox maraq doğurur. Onların bir qismi ancaq əyləncə xarakteri daşıyır, bir qismi əski türk hərbi həyatı haqqında məlumatları özündə qoruyub saxlayır, bir qismi isə vaxtilə müəyyən mərasimlərin tərkib hissəsi olmuş, ancaq sonralar həmin mərasimlərdən ayrılaraq tədricən uşaq oyununa çevrilmişlər. Uşağın əsl vətəndaş kimi yetişməsində oyunların da xeyli rolu var. Uşaq oyunlarını iştirakçılar baxımından üç yerə ayırmaq olar: a) oğlanlar arasında oynanılan oyunlar, b) qızlar arasında oynanılan oyunlar, c) oğlanlarla qızların birgə oynadığı oyunlar.
Oyunların müəyyən bir qismi uşaqların, xüsusilə də oğlan uşaqlarının fiziki cəhətdən güclü, əsl döyüşçü kimi böyüməsinə şərait yaradır. Bu da əski türk əxlaqından doğan haldır. Döyüşkən türklər övladlarının da əsl cəngavər kimi böyüməsində maraqlı idilər. Bu, onlara ucsuz-bucaqsız vətənlərini qorumaq və onun sərhədlərini bir az da genişləndirmək imkanı verirdi. «Kötmək-kötmək», «Dirədöymə», «Yalağasalma», «Topalaqaçma (qaçdı)» (10, 476-478) və s. oyunlar, görünür ki, ibtidai hərbi hazırlıq məqsədi daşımışdır. Bu məsələyə toxunan E.Taylor yazır: «Uşaqlarmızın oyunları ibtidai hərbi fəndlər haqqında xatirələri qoruyur» (147, 68). Xalq oyun və əyləncələrini araşdıran Səlimov-Şağani də bu məsələyə toxunmuşdur: «Mütəhərrik, idman səciyyəli oyunlar fiziki cəhətdən inkişaf üçün ən yararlı vasitədir. Əsrlər boyu uşaq və gənclərimizin qolu, biləyi bu cür xalq oyunlarında bərkimişdir» (99, 4).
Ərazidə oynanılan uşaq oyunlarının bir qisminin iştirakçıları ancaq qız uşaqları olur. Belə oyunlara misal olaraq «Evcik-evcik», «Gəlincik-gəlincik» kimi oyunları göstərmək olar. Bu cür oyunlar qız uşaqlarına səliqəlilik, qayğıkeşlik, evdarlıq kimi hisslər aşılayır, onları gələcəyin anaları kimi hazırlamağa xidmət edir. Görkəmli rus pedaqoqu A.S.Makarenko oyunların tərbiyəvi rolunu nəzərə alaraq yazırdı: «Yaşlı adamın həyatında iş, fəaliyyət, qulluq nə kimi əhəmiyyətə malikdirsə, uşağın da həyatında oyun o qədər vacib və əhəmiyyətlidir. Uşaq oyunda necədirsə, sonra işdə də bir çox cəhətdən elə olacaqdır» (76, 376)
Uşaq oyunlarının bir qismi isə sırf əyləncə məqsədi daşıyır. Əyləncə məqsədi ilə oynanılan oyunların özlərini də iki yerə ayırmaq olar:
1) Böyüklərin köməyi ilə oynanılan oyunlar. Bu cür oyunlar kiçikyaşlı uşaqlar arasında oynanılır. Belə oyunlara «İynə-iynə» oyununu misal göstərmək olar. Bu oyunda böyüklərdən biri ətrafına 3-4 uşagı yığaraq onları əyləndirir. Əvvəlcə onları dairə şəklində oturdaraq ayaqlarını qabağa uzadır. Sonra əlini qabağa uzadılmış ayaqlara vura-vura saymağa başlayır:
İynə-iynə,
Ucu düymə.
Sap sapıcan,
Bel belican.
Dayım oğlu,
Burnu p....
Vur nağara,
Çıx qırağa.
Axırıncı söz kimin üstə düşərsə, o, ayağını çəkir. Axıra qalan uşağı ağzıüstə yatdırıb soruşurlar: «Dəyirman başında eşşək ölüb, onu qarğa yesin, yoxsa cincilim?» Uzanmış uşaq «qarğa» desə, uşaqlar «qar-qar» deyə onu çimdikləyirlər. «Cincilim» desə, «cin-cin « deyə uzanan uşağı çimdikləyirlər. Oyun bu qaydada davam edir və uşaqlarda şən əhval-ruhiyyə yaradır (79).
2) Müstəqil oyunlar. Bu oyunlar nisbətən böyükyaşlı uşaqlar arasında oynanılır. Belə oyunlarda böyüklər iştirak etmir. Şəkidə müşahidə olunan müstəqil uşaq oyunlarından biri «Gizlənqaç»dır. Şəki folkloru antologiyası kitabında bu oyunun adı «Yeşinbabaş (Gizlənpaç)» kimi verilmişdir (10, 476). Şəki rayonunun Göynük kəndlərində bu oyunu «Yeşinbaci» adlandırırlar. «Yeşinmək» sözü «gizlənmək» mənasını verir. Ərazidə «gizlətmək» feli əvəzinə «yeşirmək» feli də işlədilir.
Bu oyunu qızlarla oğlanlar birgə icra edirlər. İştirakçıların sayı 5-6 nəfərdən az olmur. Uşaqlar əvvəlcə «qıpan»ı seçirlər. Bunun üçün onlar dairə halında düzülür və müxtəlif şeirlər deyirlər. Şeiri deyən adamı «sayan» adlandırırlar. O, şeirin hər sözünü və yaxud sözün hər hecasını dedikcə şəhadət barmağını növbə ilə bir uşağın sinəsinə vurur. Onun şeiri «saymaq» adlanır. Məsələn: «Həpbə-hüpbə, nənən yesin mürəbbə». Bəzən də iştirakçıların sayı 10-12 nəfəri keçir. Onda «sayan» belə sayır:
Nemis çıxdı dumannan
Piçax çıxartdı civinnən.
Vuracağam, öldürəcəyəm
Kiminlə dosd olmaq istəyirsən?
Bu zaman axırıncı söz üstünə düşən oyunçu dairədən bir, iki bəzən də üç (bu hal iştirakçıların sayı lap çox olduqda baş verir) oyunçunu özü ilə çıxartmaq hüququ qazanır. Axıra qalan uşaq «qıpan», yaxud da «kor» adlandırılır. O, üzünü ağaca, yaxud da divara söykəyib gözünü yumur. Digər iştirakçılar isə qaçıb gizlənirlər. Qıpan isə bir azdan sonra onları axtarmağa başlayır və eyni zamanda da ağacı (dirəyi, divarı və s.) nəzarətdə saxlayır ki, gizlənən oyunçular gəlib ora əllərini vurmasınlar. Əgər gizlənənlərdən biri, yaxud bir neçəsi (bu, oyunçuların sayına görə əvvəlcədən müəyyənləşdirilir) qıpandan qabaq əlini həmin ağaca vura bilməsə, qıpanın əvvəlcə yerini tapdığı oyunçu qıpan olur. Oyunun axırına yaxın vəziyyət lap gərginləşir. Bu zaman yerləri tapılan oyunçular üzə çıxarılmayan axırıncı oyunçunun adını çəkib deyirlər: «Ay filankəs, alma disax gələrsanı, armut disax gəlməzsanı» və s. (79).
Uşaq oyunlarının arasında elələri də mövcuddur ki, bunlar vaxtı ilə müəyyən mərasimin tərkib hissəsi olmuşdur. Ancaq sonralar bu oyunlar mərasimlərdən ayrılaraq müstəqil uşaq oyunlarına çevrilmişdir. «Ayindən oyuna» tezisi bu mənada öz gücünü göstərir. Bu baxımdan, Şəkidə yayılmış uşaq oyunlarından ən çox diqqəti çəkən «Bənövşə, bənövşə» oyunudur. Oyunda həm qızlar, həm də oğlanlar iştirak edirlər. İştirakçılar püşkatma yolu ilə iki qrupa ayrılırlar və əl-ələ tutaraq bir-birlərindən 15-20 m məsafədə dayanırlar. Dəstənin biri belə oxuyur:
– Bənövşə, bənövşə!
II dəstə cavab verir:
– Bəndə düşə.
I dəstə:
– Bizdən sizə kim düşə?
II dəstə:
– Adı gözəl, özü gözəl…….. (qarşı dəstədəki hər hansı bir uşağın adı çəkilə bilər).
Adı çəkilən uşaq sürətlə qaçaraq qarşı tərəfdəki dəstəni yarmağa çalışır. Əgər o, rəqib dəstəni yara bilsə, bir nəfəri özü ilə aparmaq hüququ qazanır. Yox, əgər yara bilməsə, özü həmin dəstədə qalır. Oyun bu qayda ilə davam etdirilir və axırda üzvləri tükənmiş dəstə məğlub sayılır (79).
Başqırd folklorşünasları N.V.Bikbulatov və F.F.Fatıxova başqırdlar arasında yayılmış «Ak tirək» («Белый тополь») adlı oyundan bəhs edərkən göstərirlər ki, bu oyun gəlini gətirərkən ifa olunur. Müəlliflər M.Buranqulova istinadən yazırlar ki, bu oyun geniş və məşhur oyundur. Oyunun əvvəlində qızlar paltarlarını dəyişirlər. Oyun qaranlıq düşərkən başlanır və buna görə də onları tanımaq çətin olur. İştirakçılar iki qrupa ayrılır və əl-ələ tutaraq 50-70 m aralı məsafədə üz-üzə dayanırlar. Əvvəlcə bir tərəf oxuyur:
– Ağ qovaq, göy qovaq (tirək)!
II tərəf:
– Bizdən sizə kim gərək?
– Aranızdan qız gərək!
– Sizin əlinizdə nə var?
– Gümüş pul var!
– Onlar nəyə düzülüb?
– İpək sapa düzülüb!
– Nəyiniz var?
– Bəs qədər sürümüz var!
Bundan sonra dəstədən bir nəfər ayrılaraq o biri dəstəyə qaçır. Əgər qaçan o biri qız rəqib dəstəni yara bilsə, məğlub dəstədən bir nəfəri götürüb öz dəstəsinə qayıdır. Yox, yara bilməsə, özü orada qalır (132, 22).
Aydındır ki, «Bənövşə, bənövşə» oyunu «Ak tirəy»in Azərbaycan variantıdır və çox güman ki, «Bənövşə, bənövşə» oyunu da vaxtilə toy mərasiminin tərkib hissəsi olmuş, sonralar isə ondan ayrılaraq xalq arasında uşaq oyunu kimi öz varlığını qoruyub saxlaya bilmişdir.
N.İ.Plotnikova Kalujski vilayətinin Skorınevo kəndində müşahidə etdiyi uşaq oyunlarından danışarkən göstərir ki, belə oyunlardan biri xorovod oyununda öz ifadəsini tapır. Uşaqlar iki dəstəyə bölünürlər və bir-birinin əlindən bərk-bərk tutaraq üz-üzə dayanırlar. I tərəf başlayır:
– Əli Baba!
II tərəf:
– Nökər neçəyədir?
– 5 manata, yaxud 9 manata.
– Valyanı göndərin!
Valya qarşı tərəfin təşkil etdiyi zəncirə doğru qaçır. Əgər o zənciri qırarsa, «rəqib» dəstədən bir oyunçu ilə geri qayıdır. Zənciri qıra bilməsə, özü həmin dəstədə qalır (142, 171).
Hər üç oyundakı məzmun və forma oxşarlığı göz qabağındadır. Bütün türkdilli xalqlar arasında populyar olan bu oyun Sibir türklərindən ruslara da keçərək onlar arasında da məşhurlaşmışdır. Amma hər halda bu oyunun vaxtilə toy mərasiminin tərkib hissəsi olması və sonradan ondan ayrılaraq müstəqil uşaq oyununa çevrilməsi şəksizdir. «Toy mərasimlərində məişətin digər sahələrindən fərqli olaraq xalqın mədəni-etnik özünəməxsusluğu daha çox hiss olunur. Öz mənbəyini minillərdən götürən toy dəyişilməz qalmamışdır. Bu dəyişmə sosial təşkilat və həyatın bütün sahələrini əhatə etmişdir. Başqa xalqlarla mədəni və etnik münasibətlər prosesində tayfa toyları da yeni elementlər, yeni epizod və rəmzlər qazanmış, daha parlaq və daha aydın qalmışdır. Xalqın və mədəniyyətin tarixi kimi toyun tarixinin də öz yüksəlişi, enişi və tənəzzülü var» (132, 8 ).
Görünür, yuxarıda adı çəkilən uşaq oyunu da toyun tənəzzülü dövründə həmin mərasimin atributu olmaq funksiyasını itirmişdir.
Uşaq folklorunun ən maraqlı nümunələrindən biri də düzgülərdir. Düzgülər də folklorumuzun digər janrları kimi vaxtında və lazımi səviyyədə toplanmadığı üçün çox böyük hissəsi unudulmuşdur. Bu janrın adı Şəkinin bəzi kəndlərində «qoşmə» adlanır. Söyləyicilərin dediyinə görə, qoşa-qoşa, yan-yana, calaşdıra-calaşdıra oxunduğu üçün bunlara «qoşmə» deyirlər:
Getdim Həsən beyin öyünü yarmağa
Həsən beyin neyi var?
Şakqır-şukqur şeyi var.
Göyə çıxan atı var,
Göy muncuxlu iti var
Qələm yazan oğlu var,
Muncux taxan qızı var… (79).
Ərazidən qeydə aldığımız uşaq folklorunun bir hissəsini də uşaqlar arasnda oxunan məzəli mahnılar təşkil edir:
Girdim öyə, çöreyh yox,
Yübürdüm tehniyə, tehnədə eppeyh yox.
Qarnım ac, qarnım ac
Əlim xamır (söyləyici misranın sonuncu sözünü unudub)
Qarnım ac, qarnım ac (79).
Söyləyici bu sözləri avazla oxuduqdan sonra qeyd etdi ki, uşaq vaxtı çox oxuyardıq, indi yadımdan çıxıb.
Uşaqlar arasında məşhur olan folklor janrlarından biri də öcəşmələrdir. Onlar öcəşmələrdən bir-birlərini əsəbiləşdirmək üçün istifadə edirlər. Öcəşmə, adətən, uşağın adına uyğun deyilir:
Gedirdi Humay,
Əlində dumay (kəsək parçası).
Yıxıldı Humay,
Dağıldı dumay
Ağlama, Humay,
Verərəm dumay (79).
Adın nədi Rəşit
Mən deyim, sən eşit (79).
Öcəşmələrin bir qismi isə çaşdırma xarakterlidir:
– Denən, ləyən.
– Ləyən.
– Nişannını bəyən (79).
«Azərbaycan xalq oyun və əyləncələrinin toplanması, araşdırılması, milli mədəniyyətimizin, dünyabaxışımızın daha dərindən öyrənilməsində böyük fayda verə bilərdi (35, 85-86). Uşaq folklorundan danışarkən yaşlılar (nənə, baba, ata, ana, xala, bibi və s.) və uşaqlar arasında olan folklor münasibətlərinin hansı səviyyədə olmasına da diqqət yetirmək lazımdır. Yaşlılarla uşaqlar folklorla yalnız beşik başında layla çalarkən, uşağı oxşayarkən, nağıl, tapmaca deyərkən əlaqədə olmurlar. Həm də hər dəfə ana öz qızına tikiş tikməyi, toxumağı, çörək yapmağı və s. öyrədərkən, ata öz oğluna ağac əkməyi, odun yarmağı və s. öyrədərkən folklor əlaqəsində olurlar. Yəni yaşlı nəslin nümayəndəsi çox zaman vəziyyətdən asılı olaraq uşağa gördüyü işin faydasını başa salmaq üçün, yaxud da ümumiyyətlə, yeri gəldiyi üçün müxtəlif folklor nümunələri söyləməli olur. Bu da həm xalq ənənəsinin, sənət növlərinin, eləcə də folklorun yaşama prosesini təmin edən amillərdən biridir.
Şəkidən qeydə aldığımız folklor materiallarının özünəməxsus xüsusiyyətləri olmaqla bərabər, bir çox cəhətləri Azərbaycanın digər bölgələrindən toplanmış materiallarla üst-üstə düşür. Dünyanın yaranması və sonu ilə bağlı miflər, İlkin əcdad mifləri, Ay və Günəş haqqında, bəzi heyvan və quşların necə yaranması ilə bağlı əfsanələr, gəlin-qaynana münasibətləri haqqında rəvayətlər və s. folklor mətnləri Şəki bölgəsində də geniş yayılmışdır.
Bütün bölgələrimizdə olduğu kimi, Şəki ərazisində də dolaşan folklor mətnlərinin bir qismi qeyri-etik nümunələrdir. Milli mentalitetimiz yol vermədiyi üçün onları «ədəbsizdir», deyə qeydə almaqdan çəkinmişik. Bu gün də xalq arasında xeyli sayda «ədəbsiz» folklor mətnləri dolaşmaqdadır. Kim bilir, hələ nə qədəri də unudulmuşdur. Folklorşünas «ədəbli» və ya «ədəbsiz» olmasından asılı olmayaraq rast gəldiyi hər bir mətni qeydə almalıdır. Çünki bəzən elə olur ki, «ədəbsiz» folklor mətnlərində elə folklor süjetləri və ya folklor obrazları (məsələn, Şirvan bölgəsində Kəlniyyət obrazı daha çox qeyri-etik mətnlərin içərisində öz varlığını qoruyub saxlaya bilmişdir (16, 15) qalıb ki, onlar «ədəbli» mətnlərin tərkibində ya az qalıb, ya da ümumiyyətlə, unudulub. Həm də nəzərə almaq lazımdır ki, bu, sadə xalq dilidir. Sadə xalq da həmişə öz adilliyi ilə seçilir, onun elitar ifadələr axtarmasına heç ehtiyac da yoxdur; sünilikdən qaçmaq, təbiilik də bir «ədəb»dir. Yeri gəlmişkən, onu da qeyd edək ki, bu ənənə dünyanın əksər xalqlarında mövcuddur.
Bir cəhəti də qeyd etmək lazımdır ki, Şəkidən topladığımız materiallar nəinki digər bölgələrimizdən toplanmış materiallarla, həm də başqa türk xalqlarında mövcud olan folklor nümunələri ilə eyniyyət təşkil edir. Şəki ərazisindən qeydə aldığımız «Ay gözəl, gözəl» adlı nəğmə qaqouzlarda «Çıxsana, Mari Lyanka» adlanır.
– Ay gözəl, gözəl,
Göstər boyunıu
– Boyumu görüb neyləyirsən?
Bağlarda çinar görməmisənmi?... (79)
– Çıxsana Mari Lyanka, çıxsana
Boyunu görək.
– Bağda ağac görməmisənmi?
Ağac necədirsə, boyum da elədir… (68, 18)
Hər iki nəğmənin məzmun və forma eyniliyi göz qabağındadır. Bu nəğmələrin digər variantı qaqouzlarda «Bənövşə» adlanır:
– Aman, mari Bənövşə,
Nə gözəl də boyun var!
– Mənim boyum çox gözəl
Bağdakı ağaca çox bənzər… (68, 25).
Bu mahnıya İraq türkmanları arasında da rast gəlinir. «Həsrət gecəsi»ndə (toyun əvvəlki günü qız evində keçirilən şənlikdə) deyişmə kimi oxunan bu mahnı «Hacı Fərəcin qızı» adlanır (6, 49). Mahnının Qax rayonundan qeydə alınmış variantı «Hacı Nəbi qızı» adlanır (17, 39).
Türkün təkcə nəğməsi yox, düşüncə tərzi də eynidir. Eyni atalar sözləri (eləcə də digər folklor mətnləri), demək olar ki, bütün türk xalqları arasında müxtəlif variantlarda dolaşmaqdadır: «Qəpəyh qəpəyə söykənər» (Şəki) (79); «Para parayı çeker» (Türkiyə); «Para parayı getirir» (Kıbrıs) (119, 78). Bu atalar sözünün Şəkidə işlədilən digər variantı isə belədir: «Daş anbara uçar» (79).
Müxtəlif türk xalqlarında eyni atalar sözünün 4 variantına rast gəldik: «Dildə kemik yoxdur» (Kıbrıs); «Dil yaş yerdə yatır» (Türkiyə) (119, 79); «Dildə sümüyh yoxdu, nətəri isdəsanı çöör» (Şəki) (79); «Dil sümüksüzdür» (68, 86).
«Atası ölən yarım yetimdi, anası ölən bütöv yetim» (79) – şəkililərin leksikonunda tez-tez işlədilən bu atalar sözü Qaraqalpaq türkləri arasında aşağıdakı şəkildə işlədilir: «Atalı etim – xor etim, Eneli etim – zor etim» (123, 12).
Şəkidə işlədilən «Çöreyını atdı olsun, özunı piyada» (79) qarğışı Kıbrıs və Türkiyədə də, demək olar ki, eyni cür işlədilir: «Ekmek yaya olsun sen de atlı olasın da peşinden yetişmeyesin» (Kıbrıs); «Ekmek tavşan olsun sen de tazı olasın da peşinden yetişmeyesin» (Türkiyə) (119, 80).
Şəkililərin tənbəl adamlara ünvanladıqları məşhur «Tülkü tülkünü büyürər, tülkü də quyruğunu» ifadəsi digər türk xalqlarında aşağıdakı kimi işlədilir: «İt ite emreder, it de kuyruğuna» (Kıbrıs); «İte, it de kuyruğuna» (Türkiyə) (119, 80).
Gördüyümüz kimi, türk xalqları müxtəlif tarixi, ictimai və siyasi səbəblər üzündən ərazicə bir-birlərindən aralı düşsələr də, onların arxaik dünyagörüşü dəyişilməz qalmışdır. Onların bu gün fərqli məkanlarda yaşamaları coğrafi yerdəyişmə kimi qiymətləndirilə bilər, amma dəyişməyən bir şey vardır ki, o da türkün yaddaş kodudur.
III FƏSİL
Dostları ilə paylaş: |