34
İnformasiyanın qəbul edilməsində cihazların rolundan danışarkən müəllim 4-cü
sinifdə texnikada informasiya prosesləri haqqında bilikləri xatırlada bilər.
Diferensial təlim. Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıq
sinifdə, yaxud evdə yerinə yetirilə bilər. Bunun üçün şəkildə göstərilən heyvanların
ov zamanı, yaxud adi vaxtda hər hansı obyekt haqqında informasiyanı başlıca olaraq
hansı duyğu üzvü vasitəsilə aldıqlarını müəyyənləşdirmək lazımdır. Bu barədə
yuxarı sinif “Zoologiya” dərsliyindən, müxtəlif ensiklopediyalardan, kompyuterdə
sərbəst işləməyi bacaran şagirdlər isə İnternetdən məlumatlar əldə edə bilər.
Mənimsənilən bacarıqları möhkəmləndirmək məqsədi ilə aşağıdakı oyun keçirilə
bilər.
Rollu oyun. Üç şagird hər hansı bir iş haqqında razılaşmalıdır. Məsələn: saat
neçədə və harada görüşəcəklər. 1-ci şagird görmür (gözləri bağlıdır), 2-ci şagird
eşitmir, 3-cü şagird isə danışa bilmir.
Müəllim digər üçlüklərə fərqli tapşırıqlar verə bilər. Məsələn: “Ev tapşırıqlarını tez
qurtarıb həyətə oynamağa düşək”, “Sinif yoldaşınızın ad günündə hansı hədiyyə
almaq?”.
Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Sual və
tapşırıqlar” hissəsində verilmiş tapşırıq yerinə yetirilir. 2-ci suala cavab verərkən
informasiyanın növlərini yada salmaq tələb olunur. Qəzet oxuyarkən vizual infor-
masiya, mürəbbə yeyərkən dad informasiyası, mühərrikdən isə səs informasiyası
alınır. Bu informasiyaları uyğun olaraq göz, dil və qulağımızla qəbul edirik. 3-cü
tapşırıqda isə sadalanan cihazların təyinatı barədə ümumi müzakirə aparmaq olar.
Bu zaman aydın olar ki, göy cisimlərini teleskop vasitəsilə müşahidə edərkən, mik-
roorqanizmləri mikroskop vasitəsilə öyrənərkən və obyektlərin çəkisini tərəzi ilə
çəkərkən biz vizual informasiya alırıq. 4-cü tapşırıqda “Duyğu üzvlərimizin ətraf
aləm haqqında bizə verdiyi informasiyalar həmişə düzgün olur” fikri yalandır.
Bunu sübut etmək üçün su ilə dolu stəkanda çöpün sınıq görünməsini, aktyorların
məşhur insanların səsi ilə danışmasını misal göstərmək olar.
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə
qiymətləndirə bilər:
1. İnsanda və digər canlılarda duyğu üzvlərinin rolunu izah etmə.
2. İnformasiyanın qəbul olunmasını nümunələrlə izah etmə.
3. İnformasiyanın qəbul edilməsi üsullarını fərqləndirmə.
4. İnformasiyanın qəbulunda texnikanın rolunu izah etmə.
5. İnformasiyanın hansı üsulla qəbul olunduğunu müəyyən etmə.
35
Dərs
2
/ Mövzu:
İNFORMASİYANIN KODLAŞDIRILMASI
İnformasiyanın kodlaşdırılması şagirdlərə aşağı siniflərdən rebus, Sezar kodu,
“Bayraq əlifbası” vasitəsi ilə tanışdır. Kodlaşdırma mövzusunun tədrisində əsas
məqsəd verilənlərin kompyuterin yaddaşında necə təsvir olunduğunu izah
etməkdir. İkilik kodlaşdırma vasitəsilə informasiyanın təsvir olunması yuxarı
siniflərdə daha ətraflı şərh ediləcəkdir. 5-ci sinifdə kodlaşdırma ətrafımızdakı sadə
nümunələrlə izah oluna bilər. “Kod” anlayışının dərsin əvvəlində deyil,
ümumiləşdirmə hissəsində izah olunması daha məqsədəuyğundur. Dərsin əvvəlində
aşağı siniflərdən informasiyanın təqdim edilməsinin müxtəlif formalarını yada
salmaq olar. Mövzu izah olunarkən kod və şifr anlayışlarını fərqləndirmək
lazımdır. Şifrləmə informasiyadan istifadəni məhdudlaşdırmaq məqsədi ilə aparılan
əməliyyatdır. Dərsə marağı artırmaq üçün şagirdlərə eyni bir informasiyanı
müxtəlif formalarda kodlaşdırmaq tapşırıla bilər.
1.1.2 alt standartını küçələrdə, nəqliyyatda, ictimai yerlərdə, kitablarda şagirdlərin
rast gəldikləri kodlaşdırılmış informasiya nümunələri əsasında reallaşdırmaq olar.
Müəllim mövzuya başlamaq üçün şagirdlərin diqqətini ətrafımızda olan infor-
masiyaların müxtəlif təqdimolunma formalarına yönəldə bilər. Bu zaman evdə,
küçədə, məktəbdə rast gəlinən müxtəlif təqdimolunma formalarına dair nümunələr
göstərilə bilər; məsələn: yol hərəkəti nişanları, işıqforun siqnalları, müxtəlif yazılar,
məktəb zəngi və s. Dərslikdə verilmiş şəklə diqqəti cəlb edərkən müəllim Xəzər
dənizi haqqında informasiyanın yazı, şəkil, notlar (işarələr) kimi müxtəlif formala-
rını sadalaya bilər. Müəllim əlavə suallar da verə bilər: “Azərbaycan dilini
bilməyən adam bu misraları başa düşərmi? Bəs rəsmi?”
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıq informasiyanın müxtəlif for-
malarda təqdim edilməsinə aiddir. Bu tapşırıqda məqsəd verilmiş informasiyaları
ədəd, cədvəl, şəkil, jest, simvol, mətn və s. formalarda təqdim etməklə bu formaları
fərqləndirməyi bacarmaqdır. Şagirdlərin yaradıcılığı nəticəsində eyni bir informa-
siya müxtəlif cür təqdim oluna bilər. Məsələn, sinifdəki oğlan və qızların sayını
ədəd, simvol, yazı, cədvəl şəklində təqdim etmək olar. Yağışın yağmasını isə hava
proqnozlarında verilən simvollarla, mətnlə göstərmək olar. Beləliklə, şagirdlər kod-
laşdırma haqqında bilikləri özləri kəşf edirlər.
36
Diferensial təlim. Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan
şagirdlər üçün müəllim bir qədər fərqli tapşırıqlar verə bilər. Məsələn:
İnformasiyanı göstərilmiş üsullarla təqdim edin:
– Ovqatım yaxşıdır! (işarələrlə, jestlə)
– Qışqırmaq qadağandır! (işarələrlə, jestlə)
– Üç üstəgəl dörd, bərabərdir yeddiyə. (işarələrlə, şəkillə)
İşlərin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. Şagirdlərin
müzakirəyə daha fəal cəlb olunmaları üçün müəllim informasiyanın təqdim
edilməsi formalarının hansı situasiyalarda daha anlaşıqlı və əlverişli olduğunu
soruşa bilər. Məsələn, avtomobili idarə edən sürücü üçün “Düz getmək
qadağandır!” informasiyası hansı formada daha anlaşıqlıdır: mətnlə, yoxsa nişanla?
Müəllim izah edə bilər ki, başqa ölkələrdən gələn sürücülər yerli dildə yazılmış
mətni başa düşmədiklərindən, yaxud sürətlə getdikdə mətni oxumağa vaxt
olmadığından nişanlar daha əlverişlidir.
Dərsin şərhini təqdimat vasitəsilə təşkil etmək yaxşı olardı. Müəllim şagirdlərə
ətrafımızda istifadə olunan kodların müxtəlifliyindən söhbət açmaqla yanaşı,
kodlaşdırmanın mahiyyətini izah edə bilər. Kodlaşdırmanın tərifini izah edərkən
bildirmək olar ki, informasiyanın kodlaşdırılması dedikdə onu saxlamaq, ötürmək,
yaxud emal etmək üçün daha əlverişli formada təqdim etmək nəzərdə tutulur. İn-
formasiyanı kodlaşdırmaq üçün, əsasən, qrafik (şəkillər və ya nişanlar vasitəsilə),
ədədi (ədədlər vasitəsilə) və simvol (verilmiş mətni təşkil edən əlifba simvolları
vasitəsilə) formalarından istifadə olunur.
“Nümunə” hissəsində verilmiş məlumatı şagirdlərin diqqətinə çatdırmazdan əvvəl,
müəllim bu nişanların mənasını altındakı mətni oxumadan soruşa bilər. İkinci və üçün-
cü nişanlara baxmaqla onların mənasını söyləmək olar. Lakin birinci nişanın mənasını
bilmək üçün altındakı yazını oxumaq lazımdır. Müəllim izah edə bilər ki, onun
altındakı yazını oxuduqdan sonra mənasını başa düşdük, yəni dekodlaşdırdıq.
“Bu, maraqlıdır” işarəsi ilə məşhur Morze əlifbası vasitəsilə hərf və rəqəmləri
necə kodlaşdırmaq haqqında material oxuna bilər. Müəllim məşhur SOS –
beynəlxalq qəza siqnalı barədə informasiya verə bilər. SOS (Save Our Souls) –
“Bizi xilas edin!” siqnalı Morze əlifbası ilə • • • – – – • • • kimi kodlaşdırılır.
Nümunə üçün Brayl əlifbası haqqında da məlumat vermək olar. Bu əlifba ətrafı
görməyən insanlar üçün yaradılıb. Brayl əlifbası (bu əlifba çıxıntılar və
çöküntülərdən ibarətdir) əsasında hazırlanmış kitablar, kompyuterlər mövcuddur.
Dostları ilə paylaş: |