MÖVZU. KONFLİKTOLOGİYA: YARANMASININ NƏZƏRİ VƏ SOSİAL-TARİXİ ZƏMİNLƏRİ,
QENDER ASPEKTİ
Ziddiyyət hər hansı bir hərakatın həyatililiyinin əsasıdır
Q.Hegel
İnsanlar fikirləşdikləri kimi talelərini qurmaq üçün öz bacarıqlarının tətbiqində azaddırlar
C.Stüart Mil
•
Konfliktologiyanın elm və tədris fənni kimi təşəkkülü və inkişafı
•
Konfliktologiyanın nəzəri-metodoloji əsasları
•
Konfliktologiyanın qender aspekti
Konfliktologiyanın elm və tədris fənni kimi təşəkkülü və inkişafı
Konfliktologiya bir çox elmlərin qovuşuğunda yaranmış elmi biliyin ən yeni sahələrindən biridir.
Yalnız XX əsrin ortalarında o, nisbətən müstəqil elm və tədris fənni kimi formalaşmışdır.
Keçən əsrin 50-60-cı illərində müstəqil elmi sahə və praktiki fəaliyyət forması kimi meydana gələn
konfliktologiya, uzun müddət müxtəlif konfliktoloji ideyalar və baxışlar kimi çıxış edirdi (əvvəl-fəlsəfədə,
sonradan isə – sosiologiya, psixologiya və s. elmlərdə). Konfliktologiya sahəsində tədqiqatların artması,
münaqişənin sosiologiyası, xüsusilə münaqişənin psixologiyası sahələrində aparılan araşdırmalarla
bağlıdır. Konfliktologiyanı bir elm kimi XX əsrin 70-ci illərindən tanımağa başladılar. 80-ci illərdə ABŞ və
dünyanın digər ölkələrində konfliktoloji mərkəzlər yaradıldı. BMT-nin təşəbbüsü ilə Avstraliyada
münaqişələrin həlli üzrə Beynəlxalq Mərkəz yaradılmışdır.
Tarixə nəzər yetirsək, məlum olur ki, münaqişələri indiki kimi dərindən öyrənmək cəhdləri e.ə. I
minilliyə təsadüf edir; məhz bu dövrdə əldə edilmiş təcrübə ümumiləşdirilmiş şəkildə təhlil edilirdi.
Birinci növbədə ayrı-ayrı sosial qruplar, dövlət hakimiyyəti və cəmiyyət arasında yaranan münaqilşələr
öyrənilirdi. Daha sonra buraya sosial-sinfi, siyasi, milli-etnik qruplararası və qrupdaxili münaqişələrin
öyrənilməsi də əlavə olundu. Vaxt ötdükcə, cəmiyyətdə bütün əhəmiyətli münaqişə vəziyyətlərinin
təhlilinə tələbat yaranır, onların ahəngdarlıq və razılıq münasibətləri ilə qarşılıqlı əlaqələrinin
öyrənilməsi zərurəti meydana gəlir. Müasir cəmiyyətin mahiyyətindən irəli gələn bu zərurət onunla
bağlıdır ki, onun normal inkişafı və fəaliyyəti yalnız şüurlu idarəolunması və məqsədyönlü
tənzimlənməsi şəraitində mümkündür.
Münaqişə haqqında elmi baxışlar tarixinin təhlili zərurəti, konfliktologiyanın keçdiyi mürəkkəb və
uzunmüddətli təşəkkül və inkişaf yoludur. Bu yolun tarixini bir neçə mərhələyə bölmək olar: XIX əsrin
birinci yarısı, XIX əsrin ikinci yarısı, XX əsrin əvvəlləri və müasir dövr.
Əcdadlarımız münaqişələrin izahını insan və cəmiyyətin mahiyyəti anlamı ilə əlaqələndirirdilər.
Beləliklə, konfliktologiyanın bir ucu gedir çıxır qədim dövrə, sosial fəlsəfənin yaranması mərhələsinə.
Xüsusi olaraq, burada Qədim Çin mütəfəkkirlərini qeyd etmək lazımdır. Bunların sırasında
əhəmiyyətli yeri Konfutsi (e.ə.551-479-cu illər) tutur. Qədim Çinin məşhur mütəfəkkiri öz kəlamlarında
sübut etməyə çalışırdı ki, kin və dikbaşlıq, bunlarla yanaşı münaqişələr, ilk növbədə insanlarda qeyri-
bərabərliyi və bənzərsizliyi yaradır. Münaqişənin mənbəyini o, cəmiyyətin «əsilzadə insanlar» və adi
«xırda» insanlardan ibarət olmasında görürdü. Nəcib, yəni əsilzadə insanlar üçün cəmiyyətin əsası
müəyyən qayda-qanunlardan ibarətdirsə, xırda insanlar bu əsası faydada axtarırlar. Konfutsi, özünə
aşağıdakı dörd qüsurun yad olmasını göstərirdi: «uydurma qoşmaq meylinin, ifrat dərəcədə qətiliyin,
tərsliyin, eqoizmin (yəni xudbinliyin)».
Konfutsi ilə yanaşı Qədim Yunan filosof-dialektiki Heraklit (e.ə. 520-460-cı illər) münaqişənin
təbiətini rasional şəkildə təhlil etməyə çalışıb. O, hesab edirdi ki, dünyada hər bir şey düşmənçilik və
hərc-mərclik yolu ilə meydana gəlir. Münaqişələr ictimai həyatın vacib xassəsi, labüd əsasıdır:
qarşıdurma (o cümlədən müharibə) «hər bir şeyin atası və padşahıdır». Birinə o, dövlətli, digərinə kasıb
olmağını qismətinə yazıb; birini – qul, digərini – azad edib. (1)
Heraklitin münaqişələr və hər bir cisimin əsasını təşkil edən mübarizə haqqında ideyalarına qədim
dövrün digər filosof-materialistləri də tərəf çıxırdı (Epikur, Platon, Demokrit, Aristotel). Onların
araşdırmaları müasir konfliktologiyanın mənəvi əsasını təşkil edir. Müharibəyə haqq qazandıran
Heraklitdən fərqli olaraq Platon (e.ə. təxminən 427-347-ci illər) onu (müharibəni) ən böyük bəla, yamanlıq
kimi qiymətləndirirdi. Aristotel (e.ə. 384-322-ci illər) də, Platon kimi, hesab edirdi ki, insan öz təbiətinə
görə ictimai məxluqdur; hər bir insan ayrı-ayrılıqda daha böyük ictimai birliyiniq – cəmiyyətin tərkib
hissəsidir; insanın daxilində olan ictimai başlanğıc ona, digər insanlarla əməkdaşlıq etməyə, qarşılıqlı
anlaşma yaratmağa imkan verir. Aristotelin mövqeyinə görə, qadınlar və kişilər müxtəlif təbiətə
malikdirlər və bərabər ola bilməzlər. (2)
Aristotelin, həm də dövlət quruculuğu ilə bağlı olan maraqlı konfliktoloji ideyları var. O, hesab
edirdi ki, dövlət – insanları barışdıran bir alətdir. Dövlətdən kənarda insan təvazökar və təhlükəlidir.
Demokritin (e.ə. təxminən 460-370-ci illər) də sosial-etik və hüquqi ideyları böyük maraq doğurur.
O, qeyd edirdi ki, «paxıllıq düşmənçiliyə səbəb olur, nəticədə biri digərinə zərər vurur, qanunlar da
məcburən belə özbaşınalığa son qoyur, hər kəsin istədiyi kimi yaşamağa imkan vermir».
Orta əsr mütəfəkkirlərinin baxışlarında belə bir xüsusiyyət olub: onlar əsasən dini xarakter
daşıyırdı. Avreli Avqustinin (354-430-cu illər), Akvinalı Fomanın (1225-1274-cü illər) konfliktoloji
fikirlərini fəlsəfi idrak və ilahiyyət səltənəti, ilahi və insan tarixinin vəhdətini (bu tarix eyni zamanda bir-
birinə xas olan, həm də bölünməz sahələrdən keçir), insan varlığı və Allah və s. haqqında olan
mühakimələrində tapmaq olar.
Münaqişənin təbiətinə İntibah dövrünün mütəfəkkirlərinin baxışlarının səciyyəvi xüsusiyyəti
ondan ibarət idi ki, bu baxışlar qədim yunan fəlsəfəsinin insan ağlının möhtəşəmliyi, onun ətraf aləmin
öyrənilməsində rolu haqqında olan fikirlərinin inkişafı zəminində formalaşıb. Kuzanlı Nikolay (1401-
1464-cü illər), Nikolay Kopernik (1473-1574-cü illər), Cordano Bruno (1548-1600-ci illər), Nikola
Makiavelli (1469-1527-ci illər) baxmayaraq ki, bəziləri kilsə tərəfindən təqiblərə məruz qalırdı, insan
qüdrətinə, onun zəka və kamilliyinə, sosial münaqişələri aradan qaldırmaq qabiliyyətinə inanırdılar.
XVI-XVII əsrlər sosial-iqtisadi dəyişikliklər, şəxsiyyətin özünütəsdiqi və yaradıcı təmayyülü üçün
şəraitin yaradılması dövrü olub. Bu xüsusiyyətlər Qərbi Avropa humanizmində, təbii hüquq və ictimai
müqavilə haqqında təlimlərində, erkən liberalizm haqqındakı ideyalarında öz əksini tapmışır. Məs.,
Tomas Mor (1478-1535-ci illər), Rotterdamlı Erazm (1469-1536-cı illər), Frensis Bekon (1561-1626-cı illər),
Tommazo Kampanella (1569-1639-cu illər) və digər humanistlər orta əsr nifaqları, sosial hərc-mərclikləri
və qanlı daxili müharibələri kəskin şəkildə tənqid edirdilər. Onlar, insanları cəmiyyətin inkişafında
həlledici amil kimi qəbul edərək, onları sülh və əmin-amanlığa dəvət edirdilər. T.Mor, öz «Qızıl kitab»
(1516-ci il) traktatında Utopiya adlı ideal dövləti təsvir edir. Burada həm qadınlar, həm də kişilər ictimai-
faydalı əməkdə iştirak edir, elm və incəsənətlə məşğul olur. (3)
Qeyd edilən proseslər, ətraf aləmin hadisələrinin, o cümlədən münaqişələrin öyrənilməsində
sistemli yanaşması üçün zəmin yaradırdı. Tomas Hobbs (1588-1679-cu illər), Con Lokk (1632-1704-cü
illər), Jan-Jak Russo (1712-1778-ci illər), Adam Smit (1723-1790-cı illər), Yeni və Maarifçilik dövrlərinin
digər mütəfəkkirləri öz əsərlərində münaqişələr haqqında ideyaları irəli sürürdülər. Onlar hesab
edirdilər ki, insan özü-özlüyündə yüksək dəyərə malik bir məxluqdur; onun üçün digər insanlar və
cəmiyyət – yalnız sığınacaqdır. Bu mənada T.Hobbsun irəli sürdüyü konsepsiya müəyyən maraq kəsb
edir: «Hər kəsin hər bir kəslə müharibə etmək» cəmiyyətin təbii durumudur; burada insanlar ya həmkar,
ya da düşmən sifətində olur. Hər bir imtiyazı ödəmək qeyri-mümkün olduğu üçün insanlar arasında
münaqişəli vəziyyət yaradır.
XVIII əsrin sonunda münaqişələr haqqında biliklər kifayət qədər çox idi. XIX əsrin birinci yarısında
konfliktologiya bir elm kimi artıq təşəkkül tapmışdır. Göründüyü kimi, münaqişənin empirik təsviri
böyük bir dövrü, yəni tarixi mərhələni əhatə edir. Həqiqi elmi yanaşma yalnız XIX əsrin ortalarına
təsadüf edir. Məhz bu zaman münaqişələr xüsusi tədqiqat obyektinə çevrilir. Konfıliktologiyanın
inkişafının bu mərhələsində xüsusi olaraq klassik alman fəlsəfəsi nümayəndələrinin xidmətləri qeyd
edilməlidir. İmmanuil Kant (1724-1804-cü illər), Georq Hegel (1770-1831-ci illər), Lüdviq Feyerbax (1804-
1872-ci illər) və başqaları öz əsərlərində yaşadığı dövrün ən kəskin sosial, o cümlədən sülh və müharibə
problemləri üzərində dayanırdılar.
Mübarizə, münaqişə sayəsində toqquşmalar insan varlığının mümkün yox, qaçılmaz hadisələr
olduğunu təsəvvür edirdi. Ç.Darvinin bioloji təkamül nəzəriyyəsinin ardınca sosial adı ilə işlədilən
darvinizm meydana gəldi; bu cərəyanın nümayəndələri cəmiyyətin inkişafını təbii seçimin bioloji
qanunları ilə izah edirdilər. Yaşamaq uğrunda mübarizədə ən davamlılar qalib gəlir.
XIX əsrin II yarısı – XX əsri əhatə edən dövr konfliktologiyanın nisbətən müstəqil elmi nəzəriyyə
şəklinə düşməsi dövrü hesab olunur. Bunun üçün bir neçə səbəb var: artıq münaqişə problemi üzrə
kifayət qədər informasiya toplanılmış; bu zaman güclü sosial sarsıntılar baş vermişdir: müharibələr,
iqtisadi böhranlar, sosial inqilablar və s.; bu dövrdə bir sıra elmlər və konsepsiyalar yaranır ki, nəticədə
sosial idrakın üfüqləri əsaslı şəkildə dəyişildi.
Konfliktologiya elminin əsası, sosiologiyanın banisi sayılan Oqüst Kont (1798-1857-ci illər), Herbert
Spenser (1890-1903-cü illər), Karl Marks (1818-1883-cü illər) və s. iştirakı ilə yaradılmışdır. Onların
əsərləri həm konfliktologiyanın ümum-nəzəri bazası, həm də sosial münaqişələrin təhlili,
qiymətləndirilməsi və həlli üçün işlədilən vasitələrin yaradılmasında metodoloji əsas rolunu oynayır.
Məs., H.Spenser dönə-dönə cəmiyyətin vahid orqanizm, bütöv sistem olduğu ideyasını müdafiə edirdi;
bu orqanizmin hər bir hissəsi özünəməxsus funksiyasını yerinə yetirir. Yaşamaq uğrunda prinsiplərdən
irəli gələrək, Spenser qeyd edirdi ki, qarşıdurma, münaqişələr universal xarakter daşıyır – və ictimai
inkişafın ən ümumi qanununu təşkil edir; bu qanun həm ayrıca götürülən cəmiyyət daxilində, həm də
onun və təbii mühitin arasında müvazinatı təmin edir. Bununla Spenser ictimai hadisələrin təhlilində çox
vacib metodoloji müddəanı formula edib və sosiologiyada funksionalizm adlanan cərəyanını əsasını
yaradıb.
Məlumdur ki, K.Marks cəmiyyətin inkişafını materializm mövqeyindən təhlil edib. Baxmayaraq ki,
o xüsusi elmi istiqaməti təşkil edən münaqişələr nəzəriyyəsinin banisi olmayıb, onun sosial determinizm
konsepsiyasında cəmiyyət bütöv inteqral sistem kimi təsvir edilir. Bu sistemdə başlıca rolu iqtisadiyyat
oynayır. Sosial sistemin dəyişilməsi onun bir keyfiyyət vəziyyətindən digərinə keçid kimi başa düşülür;
bu zaman irəliyə doğru istiqamətdə inkişaf edən cəmiyyətdə yığılıb qalmış ziddiyyətlər həll olunur.
Münaqişənin aparıcı formasını K.Marks, bəşər tarixinin ayrılmaz hissəsi olan siniflər mübarizəsi
olduğunu hesab edirdi.
Konfliktologiyanın əsasını yaradan klassiklərin ideyaları ictimai elmlər nümayəndələrinin sonrakı
nəsilləri tərəfindən işlənib hazırlanmışdı. Bunların sırasında Vilhelm Vundtu (1832-1920-ci illər), Georq
Zimmeli (1858-1918-ci illər), Emil Dürkheymi (1858-1917-ci illər), Maks Veberi (1864-1920-ci illər),
Ziqmund Freydi (1856-1939-cu illər) və s. göstərmək olar. Müxtəlif elmi cərəyanların münaqişələri yekdil
olaraq cəmiyyətin həyatında münaqilərin vacib rolunu qəbul edir, lakin onların qiymətləndirilməsinə
müxtəlif mövqelərdən yanaşırdılar.
Məs., E.Dürkheym ictimai vəziyyəti və sosial həmrəyliyi bir-birinə bərabər hesab edirdi. O,
göstərirdi ki, münaqişə-sosial həyatın universal hadisəsidir; bununla bərabər əməkdaşlıq, qarşılıqlı
mübadilə və həmrəylik də universal xarakter daşıyır. İnsanların bir-birinə yaxın olmaqları üçün daha çox
mənafelər yox, onların əxlaqi özündəşüuru, öz hüquq və vəzifələrinin dərk edilməsi əhəmiyyətlidir.
Sosial münaqişə nəzəriyyəsinin klassiki G.Zimmel hesab edirdi ki, cəmiyyətdə münaqişələr
qaçılmaz və labüddür. Onun fikrincə, münaqişə universal hadisədir. Ümumiyyətlə, vahid və ahəngdar
qrup və yaxud cəmiyyət ağlasığmazdır, yarasaydı belə, bu kimi «müqəddəslər cəmiyyəti» həyata qabil
olmur. G.Zimmelə görə, münaqişə adicə maraqların toqquşmasını yox, nəyinsə daha əhəmiyyətlisini –
yəni insanların instinktlərinin əsasında yarandığını ifadə edir. Öz «İnsan-yağıdır» əsərində o yazır:
«Şəxsiyyət, basqasına məruz qalmadığı halda da belə, yalnız digərlərin özünü-ifadə edilməsinə reaksiya
verərək, müxtəlif mövqe tutaraq, özünü təsdiqləyə bilir; özünü təsdiqləməyin ən birinci yolu – ilkin
instinkt, yəni başqasının inkarıdır». (4)
G.Zimmel, xüsusi olaraq münaqişə nəzəriyyəsini yaratmağa cəhd göstərirdi; bu işi görərkən, o,
həm münaqişənin ictimai rolu və əhəmiyyətini, həm də onun mühüm amil, stimul rolunu oynayan vasitə
olduğunu nəzərə alırdı. Zimmel «formal sosiologiya» adını daşıyan nəzəriyyənin əsasını qoydu; bu
nəzəriyyənin predmetinə insanların qarşılıqlı fəaliyyət formaları daxil edilmişdi; konkret-tarixi dövrün
istənilən dəyişikliklər şəraitində bu formalar olduğu kimi qalır. «Münaqişənin sosiologiyası» elmi termini
məhz G.Zimmelə məxsusdur. Zimmelin fikrinə görə, «sosial» ilk əvvəl fərdlərarası münasibətlər
deməkdir. Münaqişə, hərc-mərcliyin formalarında biri olsa da, qarşıqarşıya duranları birləşdirən
inteqrativ (birləşdirici) qüvvədir; o, cəmiyyətin sabitləşməsinə səbəb olur, konkret təşkilatları
möhkəmləndirir.
Sosiologiyadan fərqli olaraq, psixoloqlar, münaqişəli davranışın təbiətini psixoloji amillərlə
əlaqələndirirdilər. Nəticədə Z.Freyd, bunları əsas tutaraq, insanın xarakterinin formalaşmasında, fərdin
inkişafında ilk plana müəyyən təəşşüqləri (meylləri) çəkərək, şəxsiyyətin daxili aləmini üç mərhələ və
yaxud pilləyə bölməyə təklif etdi («O», «Mən», «Fövqəl-Mən»).
Z.Freyddən fərqli olaraq, Alfred Adler (1870-1937-ci illər) insan davranışının formalaşmasında
sosial amillərə üstünlük verirdi. O, şəxsiyyətin parçalanması ideyasını heç cürə qəbul edə bilmirdi və
hesab edirdi ki, insan – sosial məxluq olduğu üçün, şəxsiyyəti cəmiyyətdən ayrı öyrənmək olmaz.
M.Veber isə sosial fəaliyyət subyektinin bütövlükdə cəmiyyətin yox, müəyyən sosial statusla bağlı
vəziyyətə malik olan şəxsiyyətin olduğunu qeyd edirdi. Onun fikrincə, cəmiyyət, sosial, yəni digər
insanlara yönəldilmiş hərəkətlərin nəticəsi olan qarşılıqlı fəaliyyətdir; bu sirk səhnəsində, müəyyən
imtiyazlara malik olan statuslu qruplar həm müsbət, həm mənfi şəkildə fəaliyyət göstərir. Onlar istəyirlər
ki, maddi və ideal maraqların münaqişəli vəziyyətində də öz təsirini saxlasın və hətta
möhkəmləndirsinlər, öz iqtisadi mövqelərini, bir də həyat oriyentirləri və mənliyini müdafiə etsinlər.
Münaqişə nəzəriyyəsinin işləyib hazırlanmasında bir sıra müasir tədqiqatçıların da rolunu qeyd
etmək lazımdır: burada Tolkott Parsons (1902-1979-cu illər), Ralf Darendorf (1929-cu il), Lyuis Kozer
(1913-cü il), və s. adlarını çəkmək olar.
Münaqişələrin tədqiqinin nəzəri aspektlərinin işlənib hazırlanmasında təşkilatların struktur-
funksional modeli vacib yer tutur. Məs., T.Parsons, cəmiyyəti insanların münasibətlər sistemi olduğunu
qeyd edirdi; bu münasibətlərdə birləşdirici rolu normalar və dəyərlər oynayır. Onun fikrincə, sosiallaşma
prosesi zamanı insanın daxili fizioloji tələbatları və sosial münasibətlərə olan tələbatları arasında yaranan
müəyyən gərginlik, uyğunsuzluq münaqişəyə keçə bilər. Münaqişə, sosial anomaliya, aradan qaldırılmalı
bir növ xəstəlikdir.
L.Kozerin pozitiv-funksional təliminin mahiyyəti ondan ibarətdir ki, münaqişələr cəmiyyət üçün
yabançı, anomal bir nə isə yox, sosial sistemin daxili durumunun elementi, məhsuludur; onlar,
cəmiyyətin daxilində mövcud olan qayda-qanunların, ayrı-ayrı şəxsiyyətlər və sosial qruplar arasındakı
münasibətlərin ifadəsidir. İstənilən münaqişədə müəyyən müsbət imkanlar gizlənir. Bu, onunla bağlıdır
ki, münaqişə, fərdin sosiallaşmasına, sosial qrupların yaranmasına, nisbətən sabit qrupdaxili və
qruplararası münasibətlər strukturunun yaranması və müdafiə edilməsinə, qüvvələr balansının
yaradılması və qorunub saxlanılmasına, bu və ya digər sosial problemlər və çatışmamazlıqlar barəsində
xəbər verilməsinə imkan verir. (5)
Alman sosioloqu R.Darendorf sturktur-funksional təhlilə açıq-aşkar tənqidi münasibət bəsləyərək,
ictimai quruluşun «tənzimlənmiş və inteqrasiya edilmiş» modelinə şübhə ilə baxır. O, cəmiyyətin
münaqişəli modeli konsepsiyasını irəli sürüb. R.Darendorf hesab edir ki, hər bir cəmiyyət hər an belə
dəyişilir; cəmiyyət hər bir nöqtəsində münaqişə və ziddiyyətlərlə doludur; cəmiyyətin hər bir elementi
onun dezinteqrasiya və dəyişiklikliyə təsir göstərir; hər bir cəmiyyət ona əsaslanır ki, onun bəzi üzvləri
digərlərini məcburetmə yolu ilə özünə tabe etdirir. R.Darendorfun fikrincə, sosial münaqişələr ictimai
həyatdan sıxışdırılıb çıxarıla bilməz, hər bir iyerarxiya (qarşılıqlı açılılıq) şəklində təşkli edilmiş sistemin
qaçılmaz nəticəsidir.
Sistemlərin ümumi nəzəriyyəsi üzrə görkəmli amerikalı mütəxəssis K.Bouldinq münaqişənin
ümumi nəzəriyyəsi adlanan məlum konsepsiyanı (təlimi) irəli sürmüşdür. O, funksional yanaşmaya zidd
olan mövqelərdən çıxış edir, yəni: münaqişələrdə qarşılıqlı düşmənçilik və mübarizə etmək meyli
məğlubedilməzdir, insan təbiətinin özündə belə zorakılığın artırılması meyli durur. Lakin onların
(meyllərin) qarşısını almaq və aradan götürmək mümkündür. K.Bouldinqə görə, «sosial terapiyanın»
əsasını (münaqişələrin aradan qaldırılması və qarşısının alınması üzrə) üç məsələ təşkil edir:
qarşıdurmanı yaradan səbəblərin araşdırılması, onların aradan qaldırmaq üçün razılaşdırılmış üsulların
ağıllı seçimi; insanların əxlaqi təkmilləşdirilməsi və s.
Beləliklə, müasir dövrdə münaqişə haqqında olan bütün təlimlərdə belə bir fikri izləmək olar:
insanların bütün hərəkətləri, o cümlədən münaqişələrlə bağlı olanlar, sosial xarakter daşıyır, çünki onlar
bu və ya digər formada sosial mühitlə bağlıdır. Münaqişə, onun səbəbləri, ifadəolunma formaları və
tənzimləmə vasitələri yalnız cəmiyyətin və xüusilə insan təbiətinin dərindən öyrənilməsi, sosial
münasibətlər və insanların qarşılıqlı fəaliyyətinin qanunauyğunluqlarının təhlili əsasında mümkündür.
Konfliktologiyanın nəzəri-metodoloji əsasları
İndiyə qədər istər Qərb ölkələrində, istərsə dünyanın digər regionları, o cümlədən Azərbaycanda
vahid, hamı tərəfindən qəbul edilmiş münaqişə nəzəriyyəsi formalaşmayıb. Konfliktologiyanın rolu və
mahiyyətinin qiymətləndirilməsində nəzəri-metodoloji yanaşmalarında əsaslı fərqlər var.
Konfliktologiyanın predmeti haqqında ən ümumi təsəvvürü «konfliktologiya» sözünün etimoloji
mənası verir, yəni «münaqişələr haqqında elm» olması. Konfliktoloq – alimlər daha geniş təriflər də
verirlər. Konfliktologiya – münaqişələrin yaranması və inkişafı mexanizmləri və qanunauyğunluqları
haqqında biliklər sistemidir; buraya həm də münaqişələrin idarəolunması prinsipləri və texnologiyaları
da daxildir. Konfliktologiyanın obyektinə münaqişənin bütün formaları, predmetinə isə – hər hansı bir
münaqişənin yaranması, inkişafı və bitməsini xarakterizə edən ən ümumi biliklər daxildir.
Konfliktologiyanın başlıca məqsədi – münaqişələrin tənzimlənməsi və həllinin nəzəri təminatıdır.
Konfliktologiya elmi fənn olaraq, aşağıdakı əsas vəzifələri həll edir: münaqişələrin mahiyyəti,
səbəbləri, mərhələləri və iştirakçılarının müəyyən edilməsi; münaqişəli vəziyyətlərin idarə olunması
yollarının müəyyən edilməsi, üsullarının axtarılıb tapılması; münaqişələrin əsas formalarının tapılması,
özünəməxsusluğunun müəyyən edilməsi.
Müasir konfliktologiya – kifayət qədər inkişaf etmiş çoxsahəli bir fənndir. Onun əsasını fəlsəfə,
sosiologiya və psixologiya kimi elmlər formalaşdırıb. Lakin yeni elmi fənn olan konfliktologiyanın
meydana gəlməsində bir sıra digər elmlər də müəyyən rol oynayıb: tarix, politologiya, iqtisadiyyat,
sənətşünaslıq, hüquqşünaslıq, idarəetmə nəzəriyyəsi və s.
Konfliktologiyanın başlıca xüsusiyyəti – onun kompleks xarakterli omlasıdır. Münaqişələr ictimai
həyatın bütün sahələrində və inkişafının bütün səviyyələrində mövcud olduğu üçün onları müxtəlif
sosial və humanitar fənnlər nümayəndələri tədqiq edir. Politoloqlar, sosioloqlar, psixoloqlar,
hüquqşünaslar, iqtisadçılar və s. sosial münaqişələrin müxtəlif tərəflərini, onlrın inkişafı və aradan
qaldırılması xüsusiyyətlərini öyrənirlər. Bütün həmhüdud elmlərin ümumi məqsədi – münaqişələrlə
bağlı olan sosial prosesləri, onların dinamikası və idarəoluma mexanizmlərini üzə çıxarmaq və izah
etməkdir.
Bu elmlərlə konfliktologiyanın əlaqəsi iki aşağıdakı aspektdə açıqlanır. Birincisi ondan ibarətdir ki,
konfliktologiya, digər elmlər tərəfindən işlənib hazırlanmış dərketmə prinsiplərinə arxalanır; bu
prinsiplər konfliktologiya sahəsində aparılan tədqiqatların predmetini müəyyən etməyə imkan verir.
Onlar aşağıdakılardır: ən ümumi əlaqə, determinizm, inkişaf, sistemli yanaşma, sosial-fəaliyyət
baxımından yanaşma, şəxsiyyət baxımından yanaşma, tamamlayıcı prinsip və s. Problemin ikinci aspekti
konfliktologiya tərəfindən digər elmlərin tədqiqat metodlarının yaradıcı istifadəsidir.
Bununla belə konfliktologiya, özü ilə əlaqəli olan elmlərə əks təsir də göstərir. Məs.,
şəxsiyyətlərarası münasibətlər sahəsində yaranan münaqişə vəziyyətlərin öyrənilməsi bir çox psixoloji,
sosioloji, hüquqi və əxlaqi problemlərin həllini stimullaşdırır, o cümlədən ünsiyyət, qarşılıqlı
münasibətlər, mənəviyyat, mənəvi-psixoloji iqlim kimiləri və bir çox başqalarını.
Müasir ədəbiyyatda qeyd edilir ki, konfliktologiya aşağıdakı daha çox aktual istiqamətlər üzrə
inkişaf edir:
-
müxtəlif növ münaqişələrin əsas tətbiqi tərəflərinin öyrənilməsi;
-
münaqişələrin məsələləri ilə məşğul olan müxtəlif elm sahələrində top-lanılan informasiyanın
öyrənilməsi və inteqrasiya (birləşdirmə) edilməsi;
-
nəzarət sisteminin işlənib hazırlanması, münaqişələrin inkişafının və həlli yollarının müxtəlifliyinin
diaqnostikası;
-
münaqişə anlayışının predmeti və məzmununun müəyyən edilməsi;
-
münaqişələrin yaranmasının səbəblərinin, mənbələri və şəraitinin təhlili, qarşılıqlı asılılıq əsasında
formalaşan münasibətlərin təşkili səviyyəsinə onların təsirinin öyrənilməsi. (6)
Konfliktologiyanın metodoloji əsasını münaqişə nəzəriyyəsində cəm olunmuş fəlsəfi, politoloji və
sosioloji ideyalar kompleksi təşkil edir. Bu və ya digər metodologiyanın başlıca məsələsi – münaqişənin
təbiəti haqqındakı məsələdir. Sonuncu cəmiyyətin sosial strukturu ilə bağlıdır. (7) Funksionalistlər
cəmiyyətin sosial strukturundan irəli gəlirlər, çünki hesab edirlər ki, bu struktur sabit və dəqiq sinfi
fərqləri sabitləşdirmir, əksinə, sosial mobilliyin yüksək səviyyəsini səciyyələndirir. Strukturalistlər
münaqişələrin təhlilini birinci növbədə sosial strukturla, onun dəyişilməsi ilə əlaqələndirirlər. Məs., Ralf
Darendorf belə yazır: «Sosial münaqişələr cəmiyyətlərin strukturu əsasında formalaşır; cəmiyyətlər
hökmranlıq ittifaqları, ona görə də təşkil olunmuş tərəflər arasında toqquşmanın daima formalaşması
etimalı burada çox yüksəkdir.
Münaqişə nəzəriyyəsi metodologiyasının vacib problemlərindən biri - obyektivlikdir. Bu məsələ
konfliktologiyada müxtəlif müasir təlimlərin uzlaşdırılması yolu ilə həll edilir; o cümlədən razılıq,
inteqrasiya təlimi, bir tərəfdən, cəmiyyətin münaqişə modeli isə digər tərəfdən. Axı həm münaqişə, həm
də razılıq paradiqmasında ifadə olunan tarazlıq, inteqrasiya – eyni ictimai prosesin iki, bir-biri ilə bağlı
əlaqəli olan iki tərəfidir. Heç nəyi mütləqləşdirmək olmaz: həm münaqişə, həm də həmrəylik nisbi
xarakter daşıyır, hər ikisi qarşılıqlı şəkildə bir-birindən asılıdır.
Konfliktologiyanın metodları rəngarəngdir. Onları dörd qrupa ayırmaq olar: şəxsiyyətin
öyrənilməsi və qiymətləndirilməsi metodları (müşahidə, sorğu, test); qruplarda sosial-psixoloji
hadisələrin öyrənilməsi və qiymətləndirilməsi metodları (müşahidə, sorğu, sosiometrik metod);
münaqişənin təhlili və diaqnostika metodu (müşahidə, sorğu, fəaliyyətin nəticələrinin təhlili);
münaqişələrin idarəolunması metodları (struktur metodlar, kartoqrafiya metodları).
Alimlər konfliktologiyanın metodlarını subyektiv və obyektiv sahələrə bölürlər. Obyektiv metodlar
vasitəsilə münaqişə, cəmiyyətdə təbii hadisə kimi qiymətləndirilir (qarşıdurma tərəflər və dərkedən
subyektin münasibəti və qiymətləndirilməsi nəzərə alınmadan). İkinci halda münaqişə müəyyən
mövqelər, dərkedən subyekt və münaqişə tərəflərin rəyi baxımından qiymətləndirilir. Hər iki yolu
həqiqətdə, yəni praktikada müşahidə etmək olur. Yalnız birlikdə hər iki metod bizə münaqişənin həqiqi
vəziyyəti haqqında təsəvvür verə bilər.
Münaqişənin növü konkret olaraq, bu və ya digər metodun üstünlüyünü müəyyən edə bilər.
Nəzərə almaq lazımdır ki, konfliktologiya – nəzəri-tətbiqi elmdir; onun məzmunu aşağıdakı
biliklər səviyyələrindən ibarətdir:
1. münaqişənin sosial hadisə olaraq nəzəri izahı, onun təbiətinin, bütün digər ictimai münasibətlərlə
qarşılıqlı əlaqələr dinamikasının, ictimai praktika və qarşılıqlı fəaliyyət sistemində onun yerinin və
funksiyaların təhlili;
2. sosial həyatın müxtəlif formalarında yaranan münaqişələrin konkret növlərinin, onların idarəolunması
və həllinin texnologiyalarının öyrənilməsi.
Ümumi şəkildə tədqiqatçı-alimlər münaqişənin öyrənilməsində üç səviyyəni fərqləndirirlər:
fundamental-nəzəri, orta səviyyə nəzəriyyəsi baxımından; empirik səviyyə; sonuncu bilavasitə praktiki
idarəetmə məqsədlərinə xidmət edir.
Müvafiq şəkildə konfliktologiyanın funksiyalarını da fərqləndirirlər: nəzəri-dərkedici, analitik və
proqnozvermə – idarəedici. Konfliktologiyanın fundamental nəzəri problemlərinin öyrənilməsi sosial
elmlərin iknişafına da təsir göstərir. Orta səviyyə nəzəriyyəsi mövqeyindən aparılan tədqiqatlar, ictmai
proseslərin mexanizmi haqqındakı sosioloji və politoloji bilikləri zənginləşdirir. Empirik səviyyədə,
nəzəriyyə ilə yanaşı münaqişənni öyrənilməsi, ictimai subyektlərin münaqişəli vəziyyətlərinin
proqnostik (öncəgörmə) modellərini quraşdırmaq, onların idarəolunması metodlarını işləyib hazırlamağa
imkan verir.
Müasir konfliktoloji tədqiqatlarda müxtəlif amillərin, xüsusi ilə siyasətin müşayət olunduğu
hakimiyyət fenomeninin strukturu və dinamikasına göstərdiyi təsirin öyrənilməsinə xüsusi diqqət verilir.
Məhz buna görə münaqişəli hadisələrin və proseslərin elmi təhlili hazırda Azərbaycan
cəmyyətşünaslığının bütün politoloq və konfliktoloqların araşdırmalarında xüsusi aktuallıq təşkil
etməlidir. (8)
Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, münaqişələr bir çox elmlər tərəfindən müxtəlif
mövqelərdən öyrənilir. Konfliktologiya isə, əldə edilən bilikləri ümumiləşdirərək, onların nəticələrini
sistemləşdirir, deməli, bu elmlərin qovuşağında yerləşən bir elmdir. Konfliktologiya – kompleksli elm
olduğu üçün, özünün öyrənilməsində də müvafiq şəkildə yanaşılmasını tələb edir.
Konfliktologiyanın qender aspekti
Son zamanlar elmi ədəbiyyatda, konfliktologiyanın qender və qender tədqiqatları ilə sıx
əlaqələrinin olmasını tez-tez qeyd edirlər. Tədqiqatçı-alimlər hesab edirlər ki, qender, elmi dərketmənin
cərəyanı olaraq, yeni dünyagörüşünün əsasını formalaşdırır, buna görə də bilavasitə sosial elmlər, o
cümlədən konfliktologiya ilə bilavasitə əlaqəlidir. Qender tədqiqatları XX əsrdən başlayaraq,
mədəniyyətin insanlar arasındakı qarşılıqlı münasibətlər etikasının ən önəmli təzahürlərindən biridir. Bu
tədqiqatlar şəxsiyyət, sosial qrup, bütövlükdə cəmiyyət, daha sonra sosial və siyasi idarəetmə ailə
institutu, şəxsiyyətlərarası münasibətləri ilə bağlı olan ictimai praktikanı özünə daxil edir. Müasir
dünyanın bütün xüsusiyyətlərini özündə əks etldirən bu ictimai proses zamanı müxtəlif mövqe fəaliyyət
növləri zəminində çoxsaylı münaqişələr baş verir.
Bəşər nəsli qarşısında öz həllini gözləyən çoxsaylı münaqişəli vəziyyətlər bir sıra nəzəri və praktiki
problemlərin həllini tələb edir, o cümlədən, cinslərarası qarşılıqlı münasibətlər, cəmiyyətdə kişi və
qadınların sosial rolları, qender fərqləri və sosiallaşma, yaranmaqda olan yeni ailədaxili münasibətlər
transformasiya dövrünün ziddiyyətləri və qloballaşma prosesləri və s.
Cinslərin probleminin öyrənilməsinə konstruktivcəsinə (yaradıcı şəkildə) yanaşma birinci növbədə
bir sıra stereotiplərin (hamıya məlum, dəyişilməz) – diskriminasiya (müəyyən əlamətlərə görə
vətəndaşların hüquqlarının sıxışdırılması), iyerarxiyanın gözlənilməsi (aşağıdan yuxarıya doğru
tabeçilik) asimmetriya (uyğunsuzluq), ümumiyyətlə burada ictimai və şəxsi problemlərin yozulması və
izahında prinsipcə yeni, daha müasir yanaşma tələb olunur. Bu gün cinslər probleminə düzgün
yanaşılması ümumi mədəni inkişafının, sivilizasiyalı dünyanın üzvü olub-olmamasının göstəricisidir.
Sivilizasiyalı dünya isə insanların qarşılıqlı razılıq, əməkdaşlıq və anlaşılması üzərində qurulur.
Qender müəyyən sosiallaşma sistemi, əmək bölgüsü və cəmiyyətdə qəbul olunmuş mədəni norma,
rollar və stereotiplər vasitəsilə qurulur. Burada qəbul olunmuş qender norma və stereotipləri müəyyən
mənada, cinsindən asılı olaraq insanların psixoloji keyfiyyətləri, qabiliyyətləri, fəaliyyət növləri, onların
peşəsi, qərar qəbul etmək bacarığını müəyyən edir. Bununla belə qender rolları və normaları universal
məzmuna malik deyil və müxtəlif cəmiyyətlərdə əsaslı şəkildə fərqlənir.
Hər bir cəmiyyətin öz formalaşmış sterotipləri (şablonlu, təkrarlanan) var. Sosial stereotip dedikdə
adətən müəyyən standartlaşmış, sabit, emosional cəhətdən gərgin, dəyərlər baxımından qiymətli obraz
başa düşülür.
Sosial münasibətləri tənzimləyən sosial stereotipin xüsusiyyəti – insan keyfiyyətlərinin
qütbləşdirilməsi və belə tamamilə zidd dixotomiyasının (bölünməsinin) sərt təsbitidir.
Konfliktologiyanın qender aspekti elə ondan ibarətdir ki, qadın və kişinin sosial rolları, davranışı,
emosional xüsusiyyətlərini (bunları cəmiyyət, bioloji cinslə bağlı insanlara aid edir) fərqləndirməyə
imkan verir. Qender fərqlərinin əsasını xüsusi iyerarxiya təşkil edir; burada maskulinli-aparıcı
(dominant), feminli isə – tabelikdə olanı kimi göstərilir. (9)
Qender yanaşması bütövlükdə onu nəzərdə tutur ki, qadın və kişilərin davranışı və
qavramalarında fərqlər bir o qədər onların fizioloji xüsusiyyətləri ilə yox, daha çox tərbiyə, təhsil, hər bir
mədəniyyətdə mövcud olan kişilik və qadınlıq haqqındakı təsəvvürlər kimi sosial amillərlə müəyyən
edilir.
Qender konfliktologiyası, elmi fənn olaraq, çoxsaylı həm şəxsiyyətdaxili, həm də şəxsiyyətlərarası
münaqişələri tədqiq etmək vəzifəsini öz qarşısına qoyur. Bu münaqişələr qender asimmetriyası, cinslərin
psixoloji fərqləri fonunda (əsasında) baş verir.
Qender konfliktologiyasının predmeti – sosial subyektlərin qarşılıqlı münaqişəli vəziyyətlərin ideal
modelinin yaradılmasıdır; bu elmin əsasını xüsusi, «qender və münaqişə» anlayışları əsasında formalaşan
nəzəriyyə təşkil edir.
Qender konfliktologiyasının obyekti – həyatın özü, onun «canlı», real, uşaq dalaşmalarından
tutmuş kişi və qadın arasında yaranan ciddi ziddiyyətlərdir.
Qender münaqişəsinin səbəbi – şəxsiyyətin keyfiyyətləri haqqındakı normativ (normaya uyğun)
təsəvvürləri, kişi və qadınların davranış xüsusiyyətləri arasındakı ziddiyyətdir. Bu xüsusiyyətlər ondan
ibarətdir ki, bəzən şəxsiyyət və yaxud insan qrupu bu təsəvvürlərə – tələblərə ya uyğun gəlmir, ya da ki,
uyğun gəlmək istəmirlər. Qender konfliktologiyası isə bu ziddidyyətlərin yaranmasının
qanunauyğunluqlarını qender münaqişələrinin səbəb və mənbələrini, bir də onların idarəolunması və
tənzimlənməsi yollarını öyrənir.
Qender konfliktologiyası dövlət, ailə, təhsil sistemi, əmək bölgüsü mexanizmi KİV kimi, ənənəvi
rolları və mədəni normalarını formalaşdıran ictimai institutları öyrənir. Öz növbəsində burada
formalaşan ənənəvi qender rolları şəxsiyyətin inkişafını ləngidir, onların mövcud imkanlarının
(potensialı) reallaşması yolunda əngəllər törədir.
Qender konfliktologiyası hər bir dövlətdə insan və vətəndaş hüquqlarının reallaşması ilə bilavasitə
bağlıdır. Müasir şəraitdə onun inkişafı bir çox ölkələr, o cümlədən Azərbaycan üçün çox əhəmiyyətlidir,
çünki bu proses vətəndaş cəmiyyətinin formalaşması, hüquqi dövlətin qurulması üçün bir zəmindir.
MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR
1. Konfliktologiyanın təşəkkülü və inkişafının əsas mərhələlərindən danışın
2. Münaqişə nəzəriyyəsinə sosioloji və psixoloji yanaşmaları müqayisə edin
3. Konfliktologiyanın qender aspekti nədən ibarətdir?
İş üsulları – münaqişənin müxtəlif nəzəriyyə və konsepsiyalarının təhlili
ƏDƏBİYYAT
1. История философии в кратком изложении. – М., 1991
2. Аристотель. О возникновении животных. – М., Л., 1940
3. Мор Т. Золотая книга, столь же полезная, как забавная о наилучшем устройстве государства и о
новом острове Утопии/Зарубежная фантастическая проза прошлых веков. – М., 1989
4. Зиммель Г. Избр. В 2-х т. – М, Т.2, 1996
5. Конфликтология. Хрестоматия / сост.Н.И.Леонов. – М., 2002
6. Бандурко А.М., Друзь В.А. Конфликтология. – Харьков, 1997
7. Вершинин М.С. Конфликтология. – СПб., 2000
8. Konfliktlər və siyasət / tərt. - müəl.H.Dayızadə. – B., 1998
9. Касумова Е.В. Нахичеванлы А.Г. Женщина в социальном конфликте. – Б., - 2000
Dostları ilə paylaş: |