Qorxu, üsyan və cəngavərlik
Qorxu mürəkkəb bir hissdir. Qorxunun mürəkkəbliyindəndir ki, rəzil olduğu kimi, müqəddəs də ola bilir, irəli apardığı kimi, qaçıb gizlənməyə də sövq edir, ürəyinin ən ülvi duyğularını dilə gətirdiyi kimi, içindəki ən qara hisslərini də üzə çıxardır. Mürəkkəblik həm onu yaradan səbəbdən, həm də özünün səbəb olduğu nəticədən gəlir. Səbəb nə qədər ucadırsa, nəticəsi də bir o qədər insanı ucaldır. Düşmən qarşısından qaçan bir fərari ilə, düşmən üstünə yeriyən qəhrəmanın qorxusu arasında yerlə göy qədər fərq var. Biri öz varlığının məhvindən qorxur, biri Vətəninin məhvindən. «Yerlə göy» nisbəti təsadüfi deyil. Yerlə bağlı olan qorxunun hüdudları elə maddi dünya ilə bitir: var-dövlət, övlad-uşaq, vəzifə-pul, şan-şöhrət, bu maddi dünyadan əldə etdiyi daha nələri isə itirmək qorxusu. Göylərdən enən hisslərin isə bir ucu insanın ruhuna, digər ucu qüdsiyyət aləminə bağlıdır. Bu hissi itirmək qorxusu daha böyükdür. Bu, göylərlə əlaqənin itməsi, ruhunun ləkələnməsi qorxusudur və bu qorxu insanı günü-gündən daha çox ucaldır, daha çox paklaşdırır.
Qorxu gənc müdriklərin ən çox və ən birinci müraciət etdikləri mövzudur. Bu qorxunun o qədər dərin, o qədər mürəkkəb, …o qədər həzin, kədərlidir ki!
Cəmiyyət bu gənci qəbul etmir, nəinki qəbul etmir, hətta onu məhv etməyə çalışır. Onu başa düşən, nə demək istədiyini anlayan yoxdur. Bu tənhalıq hissinin verdiyi ilk hiss qorxudur. Kyerkeqorun fikrinə görə, «fərd qorxu içində günahkar olduğunun qarşısında deyil, onu günahkar sayanların qarşısında günahkar olur».1 Bəli, hər kəsə bənzəmədiyi üçün bir günahkarlıq duyğusu, bu günahdan doğan tənhalıq və bu tənhalığın verdiyi qorxu.
Lord rütbəsinə sahib ola-ola mülkiyyətçiləri bəyənmədiyinə görə kəskin tənqid edilən Bayron öz qəhrəmanı Çayld Qarold vasitəsilə əslində özünü təsvir edir:
O, qüssəni çağırır, sevincdən doymuşdu
Cəhənnəmə qaçmağa hazırdı.2
İki şeirindən birində tənhalığı tərənnüm edən, özünü gah tənha yelkənə, gah tənha quşa, gah tənha yolçuya bənzədən Lermontov yazır:
Əvvəl mən həyatın fərəhdən uzaq
Tək-tənhalığını sevərdim müdam.
Qüssəmi içimdə daldalayaraq,
Qorxardım gizləyə bilməyib, ancaq
Hamıda tərəhhüm hissi oyadam.3
Bu tənhalıq hissindən yaranan qorxudur ki, Ülvi özünü daş altındakı yalqız bir çiçəyə bənzədir:
Çoxu səni alaq bilir,
Alaqlar da sənə gülür.
Kökün durur, canın ölür,
Daş altında bitən çiçək.1
Gəncin hiss etdiyi tənhalıq həm də özünü digərlərindən fərqli görməsindən gəlir. O, hər kəsin səviyyəsinə enə bildiyi halda, onun səviyyəsinə, onun olduğu mərtəbəyə, məqama bir kimsə qalxa bilmir. O, öz yaratdığı dünyada tək qalır və bu təklik onda qorxu yaradır. Bütün dərk etdiklərinə, altına girdiyi yükün ağırlığına baxmayaraq o, gəncdir axı! Təcrübəsizdir!
Lermontov yazır:
Öz əqlimdə mən yad dünya yaratdım,
Yad varlıqlar surəti,
Mən zəncirtək onları bir-birinə bağladım
Onlara görkəm verdim, amma ad vermədim.
Qəfil qış boranı qorxunc uladı, -
Yalançı varlıq uçulub-dağıldı.2
Eyni bir hüzün, kədər Ülvinin də şeirlərinə sirayət edib:
Ülviyəm, özümə yuva hördüm ki,
Bəxtimlə yaşayım axıra təki.
Səbəbin bilmədim, amma gördüm ki,
Bir uşaq səsiylə hönkürür bəxtim.3
Bu şeirlərdəki pessimist notlar bəzən gəncin öz erkən ölümünü xəbər verməsi kimi də yozulur. Mübahisə etmirik. Tənhalığın yaratdığı hisslərdən biri də ölümdür. Ölüm duyğusu hər kəsdə bir üşənti yaradır. Lakin nəzərə almaq lazımdır ki, bu gənclər öz ruhları ilə həmişə ölüm deyilən bir keçidin həmən yanında olurlar, ölümü hər an görürlər, hər yaratdıqları ilə ölüb dirilirlər. Cismani ölüm onlar üçün nədir ki! S.Xəlilov yazır: «Şair üçün bir böyük yol var: son məqsədə, ideala aparan yol! Bu uzaq yolun yolçusu üçün ölüm sanki bir məqam, məntəqədir. Burda bir anlıq dayanıb yenidən yola çıxırlar, ta əbədiyyətə qədər!»1 Bayron deyir:
Mən hədər yaşamadım!
Ola bilsin çətinliklər tufanında,
Mübarizədə sınmışam, tez sönərəm.
Ancaq içimdə nə isə var ki, ölməz,
Nə ölüm, nə zamanın gedişi,
Nə düşmənin böhtanı məhv etməz.2
Bəli, söhbət məhz cismani ölümdən düşəndə onlar rişxənd edir, onun gücsüzlüyünə gülürlər. Bu gülüş özlərinin ölümdən güclü olduqlarını görməkləri zaman yaranır və haqlı gülüşdür. Məsələn, Kyerkeqor «Qorxu anlamı» əsərini özünün «yelbeyin əsərləri» sırasına daxil edirdi.3 Yaxud Ülvi yazır:
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun acısından, ağrısından,
«Ölüm» adlı yuxusundan mən qorxmuram.4
Bayaq qeyd etdiyim kimi, bu qorxu şəxsi məhvindən yaranan qorxu deyil, daha yüksək, düşündürücü bir qorxudur. Çiyinlərindəki yüklə və ya içlərində alışıb yanan odla yaşadığı cəmiyyətin tələbləri bir-birinə zidd gəldikcə gəncin qorxusu da artır: bu yükü çəkə bilməmək qorxusu, ona verilən məsuliyyəti doğrulda bilməmək qorxusu. Kyerkeqor belə hesab edir ki, «narahatlıq – həyata, bizim şəxsi gerçəkliyimizə həqiqi münasibətdir və … bu, xristian üçün çox ciddi şeydir…2
Gənclik ömrün elə bir çağıdır ki, o, mum kimi öz dövrünün «formasını» alır. Uşaq bir süngər kimi gördüklərini, eşitdiklərini içinə çəkir, gələcəkdə qurulacaq binanın özülünü hazırlayır. Artıq kamillik çağına çatmış bir insan müşahidəçi, hətta istiqamətverici ola bilər. Gənc isə ilk növbədə güzgü kimi üzərinə düşən işığı əks etdirir. Yalnız sonradan, buna təfəkkürü çatarsa, həmin hadisəni təhlil edir, mənfi və müsbət tərəflərini dəyərləndirir. Təsadüfi deyil ki, cəmiyyətin hansı istiqamətdə inkişaf etdiyini gənclərin əxlaqından, təfəkkür tərzindən bilmək mümkündür.
Təbii ki, ilahi missiya daşıyıcısı olan gənclər də cəmiyyətdə gedən proseslərə reaksiya verirlər. Lakin burada fərqli bir reaksiya müzakirə mövzusudur. Gənc ruhuna, daşıdığı əmanətinə yad olan bu təzyiqlər altında nəinki «formasını dəyişmir», buqələmun kimi rəngdən rəngə düşmür, əksinə onlarla mübarizəyə qalxır. Şellinq yazır: «Hər varlıq yalnız öz ziddi ilə açıqlana bilir: sevgi yalnız nifrətlə, vəhdət – mübarizə ilə. Əgər başlanğıcın bölünməsi olmasaydı, vəhdət öz qüdrətini görə bilməzdi, ayrılıq olmasaydı, həqiqi məhəbbət yaranmazdı. İnsan elə bir zirvəyə qaldırılıb ki, o orada özünün xeyirə və şərə istiqamətlənən hərəkətlərinin mənbələrini eyni dərəcədə ehtiva edir. Onda başlanğıcların əlaqəsi zəruri deyil, azaddır. O, yolayrıcındadır. O, nə seçirsə seçsin, qərar onun əməlidir. Amma qərar qəbul etməyə bilməz, çünki Allah zəruri olaraq açılmalıdır, çünki məxluqda ümumiyyətlə heç nə ikili qalmamalıdır».1 Və gənc aşkar, yaxud gizli – şeirlərilə, əsərləri ilə mübarizəyə qalxır.
Hələ neçə əsrlər əvvəl sufi mütəfəkkiri Mənsur Həllac da bildirirdi ki, «əşyalar öz zidləri ilə tanınırlar. Zərif ağ ipək qara işlərdən (toxunuşdan) yaranır».2 Deməli, ətrafla ziddiyyətdə olması gəncə öz içindəki nuru – missiyanı daha aydın görməyə imkan yaradır.
Lakin danmaq olmaz ki, bu da bir növ inikasdır. Yəni bir var yüksək inkişaflı bir cəmiyyətin, bir də var ziddiyyət, nöqsan dolu bir «toplum»un nümayəndəsinin reaksiyası. Bu baxımdan, Ülvinin dedikləri obyektiv bir həqiqətdir:
Atam, anam zəmanədi,
Mən zəmanə uşağıyam.3
Lakin bir həqiqət də var ki, gənclərin daşıdıqları missiya vahid bir aləmə aid olduğununa görə, onların reaksiyalarında, mübarizə üsullarında oxşar cəhətlər çoxdur. Əlbəttə, cəmiyyət nə qədər az inkişaf olursa, təzyiqi də bir o qədər artıq olur. Bu baxımdan, naqis cəmiyyətdə gənc üçün fəaliyyət göstərmək, yaratmaq, ümumiyyətlə, var olmaq həddindən artıq çətindir, ağırdır.
Bunlar XVIII əsrin çaxnaşma, «zəhər» dolu ingilis cəmiyyəti haqqında Bayronun dedikləridir:
Ey həyatımız! Sən kainat xorunda
Yalançı səssən! Sən nəsildən nəsilə
Atalarımızın bizə vəsiyyət etdiyi bəlasan,
Nəhəng ançarsan, meyvəsi zəhər!1
Bu, XIX əsrin inqilab ruhlu Rusiyası Puşkinin dilində:
Yanırıq azadlıq anları üçün,
Ürəyimiz qeyrət üçün döyünür.
Dostum, qəlbimizin hər döyüntüsü,
Xalqa həsr olunub deyə öyünür.2
Bu, XX əsrin əvvəllərində milli təfəkkürün, milli ruhun qalxdığı savaşın şahidi olan Azərbaycan cəmiyyəti Müşfiq qələmi ilə:
Bir parça atəşim, bir parça yanğın,
Qəlbim örnəyidir yanar bir dağın.
Qarşımda duramaz nə sel, nə daşqın,
Təbiətlə mənim zərafətim var.3
Bu da torpaqları işğal olunun, üzbəüz dayandığı xain düşmənlə deyil, onun arxasında dayanan hansı isə gözəgörünməyən qara bir qüvvə ilə mübarizə aparmalı olan XX əsrin sonlarının Azərbaycanı Ülvinin missralarında:
Qarabağdı mənim dinim-imanım
O torpağın
nişanəsi,
iziyəm.
Məni belə
aciz görmə qəbirdə,
Qəbirdə də
Qarabağın özüyəm.1
Gerçəkliklə, yaşadığı cəmiyyətlə uyuşmayan ruh özü də bilir ki, bu qeyri-bərabər bir mübarizədir. O, narahatdır, qorxur, lakin içindəki ilahi hiss daha güclüdür. Bu, əliyalın düşmənin üzərinə yeriyən qəhrəmanın qorxusudur. Belə müqəddəs bir duyğunu qorxu adlandırmaqla onun saflığına, ülviyyətinə xələl gətirmək fikrindən çox uzağıq. Əksinə, məqsədimiz qorxunun bir də ali bir tərəfinin olduğunu vurğulamaqdır. Dediklərimizin təsdiqinə bizim gənclərin hər birində dönə-dönə rast gəlmək mümkündür.
Bayron:
Döz, Azadlıq! Sənin güllələnmiş
Bayrağın küləklərə acıqla açılıb.
…
Güllər artıq yoxdur. Budaqlarını
Baltalar budayıb, gövdən çılpaq qalıb.
Ancaq orda həyat şirəsi axır hələ.
Toxumların ehtiyatı torpağın altda qalıb hələ
Tək isti bahar gəlsin ki, meyvə cücərsin.1
Lermontov:
İnan, rəzillik bu dünyada nemətdir
Dərin idrak, şöhrət istəyi,
İstedad, çılğın məhəbbət nəyə lazım?
Əgər biz onlardan yararlana bilmiriksə? 2
Müşfiq:
Ah, nə böyük şərəfdir sənətkar olmaq,
Könüllər dünyasından xəbərdar olmaq!
Nə xoşdur bir hiss kimi qəlblərə girmək
səssiz-sorğusuz.
Bütün fənalıqları yıxıb devirmək
qara-qorxusuz.3
Ülvi:
Açmadım gözümü, açmadım ki, mən –
Gözümə görünən göz dağım olsun.
Açdım ki, dünyada insanam deyən –
Ağır çağlarımda dayağım olsun.4
Xüsusilə diqqəti bir şeyə yönəltmək istərdik ki, məhz bizim qələmə aldığımız qorxu yüksələn xətt boyunca davam edən bir inkişafın başlanğıc nöqtəsidir. Hüznün, kədərin yerini yavaş-yavaş daha təlatümlü, daha dinamik bir duyğu almağa başlayır: nifrət, üsyan. Bayron yazır:
Əqlim tənhalıqla barışıb… İşığasa
Bütün ruhumla nifrət edirəm.1
Ülvi isə deyir ki,
Atama oğul deyiləm,
Anama oğul deyiləm,
Bu ocağın kor çırağı
Yanmayacaq işığıyam.2
Lakin bu, insanlığa yönəli, acizlikdən doğan bir nifrət deyil. Bu, inkişafa, ucalığa qarşı duran quruluşa nifrətdir. Bu, geriliyə, müqəddəsliyə təhlükə yaradan hər şeyə üsyandır. Bu, içindəki bütün nuru, işığı heç cürə bütövlükdə insanlara çatdıra bilməyən özünə qarşı üsyandır. Bu üsyan gəncdə möhkəm bir iradə, mübarizə əzmi, cismani ölümün dik gözlərinə baxmaq cəsarəti yaradır, çəkic dəmiri döyəcləyib qılınca çevirdiyi kimi, qorxu da bu gənci cilalayıb bir cəngavərə çevirir. Cəmiyyətinin pislikləri ilə mübarizə apara-apara, pessimizmin ən dərin qatında otura-otura, ümidsizliyin ən sonuncu dərəcəsində belə Bayron yenə üsyanından əl çəkmir:
Mən daim müharibə aparacam
Sözlərlə, – ola bilsin, əməllə! –
Düşüncə düşmənlərilə. Mənim yolum tən deyil
Zalımlarla. Düşmənçiliyin müqəddəs odunu
Mən qalamağa and içmişəm.
Kim qalib olacaq, hələ bilmirik,
Ancaq bütün qalan günlərimi, gücümü
Despotluqla döyüşə həsr etmişəm!1
Gənc cəmiyyətin gücünü görür, öz üzərində bu təzyiqi hiss edir, boğulur, lakin içindəki müdriklik, ruhunun qüdsi aləmlə bağlılığı onu sınmağa qoymur, icazə vermir. Şellinq qorxunun təhlili nəticəsində belə qərara gəlir ki, «həyata xas olan qorxunun özü insanın olmalı olduğu mərkəzdən qovur; belə ki, bu mərkəz istənilən iradənin saf mahiyyəti kimi hər xüsusi iradə üçün məhvedici oddur; orada yaşamaq üçün insan hər bir xüsusi üçün ölməlidir, ona görə də mərkəzdən kənara çıxma cəhdi və orada öz mən-i üçün rahatlıq tapması, demək olar ki, zəruridir. Buradan da xüsusiyyətin həqiqi yox olması üçün günah və ölümün ümumi zərurəti irəli gəlir və hər bir insan iradəsi oddan keçirmiş kimi ondan keçməlidir ki, təmizlənsin».2
Bəli, gənc çirkab dolu cəmiyyətlə mübarizə apara-apara təmizlənir, dəmir kimi «odda qovrula-qovrula» möhkəmlənir. Öz qorxusuna qalib gələ-gələ gəncin bütün digər hərəkətləri də bu üsyankar hisslə tərbiyə olunmağa, bu iradəyə tabe olmağa başlayır. Kyerkeqorun fikrinə görə, «iradə – dialektik fəaliyyətdir ki, o da öz növbəsində insanın aşağı təbiətini idarə edir».3 Bir belə təzyiqin altında gənc özündə bu iradəni tapmağa məcburdur. Bunu ondan missiyası tələb edir. Ülvi yazır:
Əskim nə qədər tüstülənməlidir,
Tüstüdən qalmayıb həyatda bir iz,
Əskim tüstülənir, yox, daha yetər,
Yanmaq istəyirəm, yanacam gec-tez1.
Bu, kor, dağıdıcı üsyan deyil. Bu, insanlara həqiqət qapısı olmaq, onların qaranlıq dünyasını nurlandırmaq, cılız qorxudan qurtarıb müqəddəs qorxunu tanıtmaq arzusudur. Ola bilsin bunu nəzərdə tutan Kyerkeqor yazır: «Günah – Allah qarşısında mütəəssirlikdir ki, özü olmaq istəyəndə və ya olmaq istəməyəndə».2 Bayron da bütün nifrətini bu qaranlığa yönəldərək yazır:
Biz koruq, həqiqət qaranlıqdır,
Təbiətin dilini biz anlamırıq.
…
İnsan sadə azadlıqdan məhrumdur
Hökm verməkdən, düşünməkdən, özü olmaqdan
Düşüncə hüquqsuz kölədə doğulur3.
Yeri gəlmişkən, burada əhəmiyyətli bir ana da işıq salaq. Gənclərin içində səbəbi çox vaxt naməlum qalan bir üsyanın, nifrətin olması təbii bir haldır. Təfəkkürünün yeni-yeni formalaşması dövrünü əhatə edən bu halın dağıdıcı bir nəticə verə bilməsi də heç kəs üçün gizli deyil. Hər halda narkomaniyanın, hansısa gizli bir qüvvəyə xidmət edən fanatizmin, pozğunluğun, əsl mahiyyətinə bələd olmadan müxtəlif cəmiyyətlərə qoşulmağın, ümumiyyətlə, içindəki insanlığı məhv edən adətlərin günü-gündən artması dediklərimizə bariz nümunə ola bilər. Bu səbəbdən biz dönə-dönə ruhun ilahi aləmlə əlaqəli olmasının vacibliyini vurğulayırıq. Qorxu yalnız Allahdan olmalıdır, məhz bu qorxu insanı digər keçici, alçaldıcı qorxulardan xilas edir və insana içindən gələn Haqq səsi duymağa imkan verir. Lermontov öz qəlbini ümidlərin gömüldüyü okeana bənzədərək yazır:
Sən ey tutqun ümman, o sirlərini
Kim aşkar eləyər, kim öyrənər bəs?
Kim açar kütləyə fikirlərini
Özümmü? Allahmı? Yoxsa ki, heç kəs!1
Müşfiq də öz şeirində belə bir müraciət edir:
Dərinlik çox gözəldir, sadə olursa,
Nə çıxar o şeirdən başımı yorsa?
Mənalı səslərinlə, şeirim incələş
bir kaman kimi
Hər şey sadələşmədə, sən də sadələş
hər insan kimi! 2
Gənc bilir ki, o, bir ilahi əmanətin daşıyıcısıdır. O, həm də bilir ki, yalnız deyil, onunla birlikdə təbiət də həmin hikməti söyləyir. Sadəcə, onu dinləməyi bacarmaq lazımdır. Bu səbəbdən Şellinq hesab edir ki, «insan təbiətin xilaskarıdır, ona bir məqsəd kimi təbiətin bütün təzahürləri istiqamətlənib. İnsanda söylənən söz təbiətdə qaranlıq, peğəmbəranə (hələ tam deyilməmiş) sözdür».3 İnsan bu sözü bəşəriyyətə deməyə məsul edilib və onu deyə bilməmək qorxusu bütün digər qorxuları üstələyir. O, bu sözü eşitməz edən hər şeyə qarşı üsyan edir, özünü fəda edir. Lermontov yazır:
Mən yerlərdə səadəti dərk edib, duyar,
Dərin mavi göylərdə də görrəm Allahı.1
Bizim istedad və missiyadan başlayan söhbətimizin qorxu məcrasına yönəlməsi bir təsadüf deyil. Missiyanın verdiyi, daha dəqiq desək, düçar etdiyi çaşqınlıq, qorxu hissi yüksələn xətt boyu inkişaf edir. Hüznlə, kədərlə başlayan bu yolda qorxu nifrət, üsyan və nəhayət cəngavərliklə əvəz edilir. Ən vacib olanı isə budur: bu uzun və ülvi yolun aparıcısı – ruhdakı müqəddəslik hissi, məqsədi – bəşəriyyətə Həqiqəti, Gözəlliyi, Ədaləti, Xeyiri çatdırmaq, yolun başında isə Allah özü durur. Başqa sözlə desək, məhz ruhunun ilahi aləmlə əlaqəsinin nurudur ki, bu gənclərə hər kəsin yaşadığı hisslərin daha ali qatını yaşada bilir, bu sərt mübarizədə öz ruhlarının saflığını, ülviyyətini qoruyub saxlamağa yardım edir. Bayron yazır:
Azad düşüncəli ədəbi Ruh, –
Azadlıq, sən zindanda daha nurlusan!
Bütün xalqın ən yaxşı qəlbləri
Sən qoruyur, səninlə nəfəs alır.2
Ülvi yazır:
Bir insan ki, xalq oduna qalana,
Alovu sönsə də, közü qalacaq.
Bir insan ki, o eşq ilə yarada,
Özü qalmasa da, izi qalacaq.1
Bu yolun gedişi həyatın özü, insanlığın mahiyyətinin dərkidir. Gənc bu yolu keçdikcə müdrikləşir. Təfəkkürünün fəlsəfə qatına yüksələ bilir.
Axtarış və yaradıcılıq
Gəncliyin xüsusi bir keyfiyyəti kimi yəqin ilk növbədə onun bol enecisi, cəngavər ruhu, qısa müddətdə çox şeyə nail olmaq iddiası vurğulanar. Təsadüfi deyil ki, məhz bu gənclik enerjisi qarşısıalınmaz sel kimi inqilabların, üsyanların aparıcı qüvvəsinə çevrilir. Bu baxımdan, Puşkinin Bayron haqqında dediklərini yəqin ki, bütün gəncliyə aid etmək olar:
Dəniz, o sənin nəğməkarındı,
Üzərində sənin surətin vardı,
O, sənin ruhunla yaradılmışdı,
Sənin kimi: qüdrətli, dərin, zəhmli
Sənin kimi: ipə-sapa yatmayan.1
Lakin bu enerjinin ən neqativ tərəfi onun təsir altına tez düşməsi, kor-koranəliyə, fanatlığa meylli olmasıdır. Həm də təbiətin qəribə bir təzadıdır ki, enerji nə qədər çox olursa, təfəkkür bir o qədər passiv olur, yerini hisslərə daha tez verir. Başqa sözlə desək, bu, nəinki təsadüf deyil, əksinə, az qala qanunauyğunluqdur ki, bir ideyanın reallaşmasında fanatik qüvvəyə ehtiyac yarananda məhz gənclərdən istifadə edirlər. Gəncin təfəkkürü hələ kifayət qədər formalaşmadığına görə, yəni onun gücü, imkanları enerjisindən çox geri qaldığına görə, bu enerji özü üçün şüurlu-şüursuz şəkildə güclü təfəkkür, istiqamətverici qüvvə axtarır. Şellinq dediyi kimi, «fəallaşmış mənlik həyat gücü üçün lazımdır; onsuz yalnız ölüm, xeyirin mürgüləməsi olardı; çünki mübarizə olmayan yerdə həyat da yoxdur».1 Məhz burada cəmiyyətin rolu və əhəmiyyəti özünü göstərir: gənclərin həyat yolunun seçicisi kimi. Nəhəng bir enerjinin quruculuğamı, yaradıcılığamı, yoxsa dağıdıcılığamı yönəlməsi bir bələdçi olaraq cəmiyyətdən çox asılı olur. Burada dağıdıcı deyəndə biz yalnız cəmiyyətə, bəşəriyyətə deyil, həm də gəncin özünə, öz mən-inə yönələn əməllərini, fəaliyyətini nəzərdə tuturuq. Söhbət ondan gedir ki, cəmiyyətin təsiri ilə yalnış yerə istiqamətlənmiş gəncin yüz cür işlərlə məşğul olmasına baxmayaraq, onun əsl potensialı bir növ reallaşmamış, özü olaraq təsdiqlənməmiş qalır, o, öz mən-indən xəbərsiz, özünə yad bir şəxsiyyət kimi yetişir. Ülvinin sözləri ilə desək, gənclər «bütün olmamış» «sökülüb, uçulur» və bunun ilk və başlıca səbəbi cəmiyyət olur.
Bu gün terror qrupların toruna düşən gənclərin sayı hansı isə bir fəlsəfə məktəbinə, ədəbiyyat dərnəyinə gedənlərin sayından qat-qat çoxdur. Kimlərinsə mənafelərinə xərclənən enerjilərin çəkisi, öz mən-inin dərkinə, yaradıcılıq istedadının axtarışına sərf edilən enerjidən tərəziyə gəlməyəcək qədər ağırdır. Bu gün maddi istəklər üçün qalanan od mənəviyyatın nurunu söndürəcək qədər gur yanır.
Gəncliyin keyfiyyətindən biri də onların bütün axtarışlarının, istəklərinin kökündə hisslərin, duyğuların durmasıdır. Yəni onların təqdim etdikləri bütün problemlərdə də, onların həll yollarında da lirika, romantika üstünlük təşkil edir. Bəlkə də elə bu səbəbdəndir ki, onların təqdim etdiyi yol təhlükəli, dəli-dolu olsa da, cazibəli, canlı və al-əlvan olur.
Müəyyən missiya daşıyıcısı olan gənc də bu xüsusiyyətlərinə görə digər həmyaşıdlarından çox elə seçilmir. Lakin onları fərqləndirən, sözün həqiqi mənasında talelərini müəyyənləşdirən, şəxsiyyətlərinin formalaşmasında məhək daşı qədər əhəmiyyətli olan bir cəhətdir – onların reallığı düzgün qiymətləndirmək bacarığı. Əlbəttə, bu, ilk növbədə missiyanın verdiyi bir gözaçıqlığı, zehin aydınlığı, müəyyən mənada da …bədbəxtlikdir. Zahiri parıltıya aldanmayıb hər şeyi öz rəngində görmək «bədbəxtliyi». Onların romantikasını, lirikasını gözəlləşdirən, gücləndirən qüssə, qəm notları acı reallığın təzahürləridir. Bəli, bu gənclər romantikdir, ancaq onlar sərt reallığa göz yummayan, əksinə onu təsvir edə-edə, onun acılarını yaşaya-yaşaya, onun üzərində, bəlkə də elə düz içində öz romantik dünyalarını qururlar. Deməli, Kyerkeqorun dediyi kimi, «mən – münasibət deyil, öz-özünə münasibətə qayıdışdır».1 Maraqlıdır ki, gənc yalnız öz dünyasını düşünəndə, Şellinq kimi, «mən – azadlıqdır»,2 – deyə bilir. Lakin bu, təcrid olunmuş bir aləmdə var olmaq deyil. Hər halda, gənc bu «azadlığı iki kateqoriyanın – mümkün və zərurinin dialektikası»1 kimi dərk etməyi bacarır. Bununla yanaşı, o, öz dünyası ilə real həyatın nisbətini də unutmur və hər birinin hansı gücə və niyyətə sahib olduğunu çox yaxşı anlayır. Bunu nəzərdə tutaraq Kyerkeqor «xəbərdarlıq edir»: «Mən, əlbəttə, dünyanın böyük əhəmiyyət verdiyi bir şey deyil, məhz ona maraq azdır, onun səndə olduğunu göstərmək riskli bir şeydir».2
Gəncliyin bütün bu «nöqsanları» – enerjinin bolluğu, hiss və əqlin tez-tez çarpışması, hissin bir çox hallarda idarəni öz əlinə alması ilə yanaşı, onun böyük bir üstünlüyü də var: gənc cəmiyyətin öz daxili dünyasına yad olduğunu anlayıb axtarışlarını çox tez öz mənəvi dünyasına, öz mən-inə yönəldə bilir. Onun həmsöhbəti də, hökm verib, cəza alanı da öz mən-i olur. Bu, onlara öz ruhları vasitəsilə sonsuzluğa, əbədiyyətə keçməyə, Allahla bilavasitə ünsiyyətdə olmağa imkan yaradır. Lermontov «Mənim evim» şeirində yazır:
İnsanın ürəyində əbədiyyətin
Toxumu var – həqiqət hissi deyildir.
Əsrlər axınını, ənginlikləri
İnsan ancaq onunla qavraya bilir.3
Qəlbinin səsi yağışın pıçıltısına qarışan Ülvi isə belə deyir:
Ürəyinə bir xoş duyğu,
Bir naməlum
hiss çiləyən yağışı.
…
Ancaq onu bilirəm ki,
Bu səs
mənim ciyərimə
təzə nəfəs gətirir.
Ürəyimə sirli həvəs gətirir.1
Bura yeganə məkandır ki, insan orada azad və ilahi aləmlə əlaqəli olduğunu hiss edir. Bura – sonsuzluğa çıxışdır. Bura Şellinqin yazdığı kimi, «… bizim mülkümüzdür, bizim varlığımızdır – bu, həm də əbədiyyətin insana böyük güzəşti, ona inamıdır».2
Mən – real və idealın, məhdud və sonsuzluğun qarşılaşdığı, çarpışdığı bir məkana dönür. Gənc öz gücsüzlüyünü, acizliyini görməklə yanaşı, ruhunun sonsuz bir qüvvə, tükənməz bir mənbədən qaynaqlandığını da hiss edir. Eyni zamannda, mən – bir andır, məhdud bədəndə ilahi başlanğıcın ara-sıra özünü büruzə verdiyi an. Kyerkeqor bu anı belə təsvir edir: «An – elə bir ikimənalılıqdır ki, burada zaman və əbədiyyət bir-birinə toxunur və bununla da müvəqqətilik anlamı yaranır ki, burada zaman dönə-dönə əbədiyyəti ayırır, əbədiyyət isə dönə-dönə zamana nüfuz edir, içindən keçir».3 Bu anın verdikləri gözəl şeirlər, ecazkar tablolar, dərin hikmətli əsərlər şəklində ortaya çıxır. Bu anın hökmüdür ki, 20, 30 yaşında bir gənc min illərin hikmətindən xəbər verə bilir. Bu anın insan həyatındakı əhəmiyyətini hiss edən Ülvi yazır:
İnsan ömrü –
dəqiqələr, saniyələr…
Bu anların biri boşsa,
İnsan ömrü
bu boşluqdan,
soyuq çəkər.1
Bu anın sehridir ki, ona bənd olan gənc bir daha ondan aralanmaq istəmir, onun arzusu ilə yaşayır. Bu anın qüdrətidir ki, gəncdə bəşəriyyət qarşısında bir cavabdehlik yaradır – gənc özündə bəşəriyyəti xilas edə biləcək bir güc, yenilik gətirə biləcək bir əzm hiss edir.
İki hiss qarışır bir-birinə: güclü enerji və sonsuzluqla əlaqə imkanı. Ziddiyyətin dialektikasının tələbi, hökmü ilə gənc axtarışa çıxır – bu ikisini birləşdirən, hər ikisini tam əhatə edə bilən bir şeyin axtarışına. Bu, naməlum, sonu görünməyən bir axtarışdır və ilk addımını atan gənc əvvəlcə qarşıda duran bu yolun uzunluğundan qorxur. Ülvi yazır:
Yollara baxıram gözüm qaralır,
Görəsən hayana gedir bu yollar?
Vallah, qınamayın, sona çatınca
Ayağı demirəm, ürək yorular.
Hayanadı bu yollar?2
Lakin axtarış toxumu gəncin qəlbinə düşəndən cücərməyə başlayır və onun rahatlığını əlindən alır. Bu səbəbdəndir ki, Şihabəddin Sührəvərdi 37 yaşına kimi yazdığı 52 əsərində dövrünün az qala bütün fəlsəfi cərəyanlarına toxunur, hər biri haqqında öz fikrini bildirməyə çalışıb. Şellinq 37 yaşına kimi yaradıcılığında artıq üç mərhələ keçir. Bu axtarışlar idi ki, Bayronu, Müşfiqi rahat yatmağa qoymur, Lermontovu bu sözləri deməyə məcbur edir:
Vaxtdır, qoy şəfəqlər rişxənd edərək
Sükut dumanını qovsun, zamandır.
Dərdsiz şair ömrü, de, nəyə gərək?
Tufansız okean nə okeandır?1
Müşfiq də içindəki sakitlikdə dənizdə tufandan öncəki əlaməti hiss edir:
Fikrim qasırğalı dəryalar kimi
İstənilən qədər dalğalanmamış,
Könlüm uzaq gedən xülyalar kimi
İncə buludlarla çulğalanmamış.2
Bu elə bir axtarış odudur ki, gəncin bütün anlarını doldurur. Ülvi də öləziyən közün sakit həyatını istəmir:
Bilirəm: qığılcım, alov tək deyil,
Alovun peşəsi şəfəq saçmaqdır.
Düz yolda çarpışmaq igidlik deyil,
İgidlik balaca cığır açmaqdır.3
Bu axtarışın, «alovlanmağın» tələbi ilə gənc hər sahəyə, hər məkana, …hər zamana baş vurur və bir çox hallarda axtardığını keçmişdə tapır – onu indi kimi incitməyən, gələcək kimi məchul olmayan keçmişdə. Təbii ki, onların tapdıqları doğma ruhlardır. Məsələn, Eynəlqüzat Miyanəci, Şihabəddin Sührəvərdi, Nəsimi kimi neçə gənc öz həyat yolunda – həm düşüncələrində, həm talelərində Mənsur Həllaca üz tutur, onun qismətini bölüşürlər. Lermontov özünü Bayrona bənzədərək yazır:
Onun kimi boş yerə sakitlik arayıram,
Bir düşüncə qovur məni hər yerə,
Geriyə baxıram – keçmiş dəhşətdir,
İrəli boylanıram – doğma ruh yoxdur.1
XIX əsrdə dekabristləri ruhlandıran Puşkindən XX əsrin sonlarında Ülvi də «dərs alır»:
«Həyat quran nə yorular, nə durar»,
Budur mənə öyrətdiyin ilk şüar.
Budur mənim idealım, inamım:
«Qığılcım alışar alov doğurar».2
Bəli, onlar keçmişdə kimə isə baxırlar, ancaq öz yollarını gedirlər. Gənc keçmişdən cəmiyyətin qorxunc hədələrindən qorxmamağı, min bir yol arasında öz cığırını açmaq istəyini, bu arzuların yanında ölümun nə qədər aciz olduğunu və …ölümdən qorxmamağı öyrənir. Düşüncələrinə görə ciddi təqiblərə məruz qalan Miyanəci öz dostuna yazdığı məktubunda belə bir «xahiş edir»: «Şəhərdə deyirlər ki, Eynəlqüzat Allahlıq iddiası edir. Mənim qətlimə fitva veriblər. Ey dost, əgər səndən fitva istəsələr, sən də fitva ver».1 Bu gənclər üçün öz düşüncələrinin nəticəsini görmək, missiyalarını başa çatdırmaq duyğusu yanında ölüm qorxusu çox kiçik görünür.
Burada bir şeyi xüsusilə vurğulayaq. Allahdan bəşərə bir nur zolağı uzanır. Özündə bu nurun ucunu, mənbəyini kəşf edən şəxslər sanki vahid bir məkana düşmüş olurlar. Əlbəttə, ola bilsin ki, ora gedən yolda kimsə kimə isə bələdçilik etmiş olur. Lakin həmin məkana çatandan sonra yeganə bir Bələdçini – Allahı tanımaqla yanaşı, öz fərdiyyətini, məhz onun üçün nəzərdə tutulmuş missiyanı aydınca dərk etmiş olur.
Tarixə baxanda belə gənclərin həqiqətən də izsiz keçib-getmədiyinin, nəinki «balaca cığır», bəzilərinin hətta böyük yollar da saldığının şahidi olarıq. Şihabəddin Sührəvərdi XIII əsrdə məşşailik fəlsəfəsinin və təsəvvüfün birləşdiyi zirvə nöqtəsində bu gün belə aktuallığını itirməmiş işraqilik fəlsəfəsini yaratdı. Eynəlqüzat Miyanəci yazır: «Təqlidin ətəyindən bəsirət zirvəsinə yüksəlmək axtarışı ilə kəlam kitablarını mütaliə etdim. Məqsədimə çatmadım. Məzhəblərin yalnışlığını gördüm».2 Gördü və təsəvvüf fəlsəfəsinin özək xətti olan vəhdət əl-vücud nəzəriyyəsini sistemləşdirməyə cəhd göstərdi. Kyerkeqor öz fəlsəfəsində dövrünün ən tanınmış və nüfuzlu filosoflarını inkar etdi və özü sonralar böyük bir fəlsəfi cərəyana çevriləcək ekzistensializmin əsas ideyalarını irəli sürdü.
Təsadüfi deyil ki, belə gənclər öz cəmiyyətlərində məhz cəsarətli addımları, qorxmazlıqları, ən şiddətli təqiblərin, hətta edam təhlükəsinin qarşısında belə geri çəkilməməkləri ilə diqqəti cəlb ediblər. Onlar olduqları cəmiyyətdən o dərəcədə yuxarı qalxa bilirlər ki, reallığı, onun hələ işıq düşməyən səhifələrini belə görə bilirlər və həmin qaranlığı işıqlandıracaq sözü demək iddiasına düşürlər. Və yəqin ki, onların hər birinin ürəyindən Ülvinin dediyi bu arzu keçir:
…
Bilin, deyilməyənləri
Demək üçün yaşayıram.1
Burada bir daha vurğulamaq lazımdır ki, əslində üzərində ali missiyanı hiss edən hər bir insana bu duyğu yad deyil. Gəncin bu duyğusunda isə bir az tələskənliyin, bir az hisslərin, pərakəndə enerjinin çoxluğunun, bir az tənhalığın, bir az qorxunun, bir az üsyankarlığın, bir az da fədakarlığın, cəngavərliyin izlərini sezmək olar. Bu qədər qarışıq, dolaşıq hisslərin arasında öz məqsədini itirməyib yalnız ona doğru getməyin özü də bir hünər istəyir! Bu, obrazlı desək, fikri dağınıq, gözləri xəyalpərvərliklə göylərə dikilən bir adamın çəkici barmağına deyil, düz mismarın üstünə vurub bir zərbə ilə onu dibinə qədər taxtaya çalmağına bənzəyir.
Öz mülkündə – mən-ində bütün aləmi kəşf edən gənc öz ətrafını – maddi aləmi tanısa da, özünün bu aləmdə yerini görə bilmir, öz artıqlığını, lazımsızlığını hiss edir və düşünür ki, heç kəsin ondan xəbəri yoxdur. Və bu səbəbdən oradan gələn təhlükəni, hiyləni də görmür. Bu səbəbdən belə gəncləri aldatmaq, tora salmaq, onlara xata toxumaq çox asandır. Kyerkeqor yazır: «Dahi hər şey etməyi bacarır. Bununla belə, o, heç kimin görmədiyi bir boş şeydən asılıdır. Elə boş şey ki, dahi yalnız özünün qüdrəti sayəsində ona ümumi əhəmiyyət verir».1 Əslində, gənc hər şeyi görür, lakin bütün bu təhlükələrin onun ruhundan çox-çox uzaq olduğunu düşünür. Şellinq yazır: «Zahiri qüvvə yalnız zahiri nemətləri oğurlaya bilər, ruha dəyə bilməz; o, zaman daxilindəki əlaqəni kəsə bilər, əbədi, həqiqi ilahi eşqin əlaqəsini deyil. Ruh sərt və hissiz və ya sevgidən imtina edən kimi çıxış etmir, ancaq göstərir ki, məhz iztirablarda sevgi hissi varlıqdan daha uzun sürən bir hissdir və o, ilahi halədə zahiri həyatın və ya xoşbəxtliyin xarabalıqları üzərində yüksəlir».2 Bəli, ruhunu düşünən gənc üçün maddi həyatın heç bir əhəmiyyəti qalmır. Miyanəci öz taleyi ilə Mənsur Həllaca bənzəyəcəyini hiss edərək bildirir ki, «biz Allahdan ölüm və şəhadəti özümüz istəmişik. Özü də onu üç qiymətsiz şeylə istəmişik. Haqq necə tələb etmişsə, o sayaq istəmişik».3 Bəlkə də ruhunu, dolayısı ilə bütün bəşəriyyəti düşünərək maddi tələbatlar hüdudundan kənara çıxa bilməyən qanunları heçə saymasıdır (daha doğrusu, onların fövqünə qalxmasıdır) ki, hər kəsi ona düşmən kəsir.
Öz kiçik dünyasında nəinki bütün aləmi, Mütləq Həqiqətin özünü də axtarıb tapan gənc gördüklərini, yaşadıqlarını öz içində saxlamaq qüdrətində olmur. Bildiklərini, dərk etdiklərini bacarıqlarına müvafiq olaraq bəşəriyyətə çatdırmağa başlayır. Lermontov dediyi kimi,
Şair də belədir: fikir gəldimi
Ruhunu boşaldıb – deyir qələmə.
Oynaq rübabının söz sehri kimi
Nəğmə deyə-deyə dünya-aləmə,
Cənnət yuxusunda bayılar gedər.1
O, Yaradanın lütfü ilə yaratmaq ehtiyacı hiss edir. O, bunu öz alın yazısı, yaradılışının səbəbi, ətrafı üçün nəzərdə tutulan missiyası kimi qəbul edir, onunla doğmalaşır. Yaratmaq qüdrəti, yaradıcılıq eşqi bütün digər hissləri üstələyir. Məhz o, gəncə bütün çətinliklərə sinə gərmək, maddi zərbələrdən sınmamaq əzmi verir. O, gəncin qarışıq hissləri, düşüncələri arasında yeganə aydınlıqdır. O, min bir qorxunun, təhlükənin arasındakı sabitlikdir, etibardır. O, məhdudiyyətlər arasında azadlıqdır. Ən əsası isə, o, özünüifadə və özünütəsdiqdir. O, dilbilməz cəmiyyətlə yeganə ünsiyyət vasitəsidir. Çünki Kyerkoqor dediyi kimi, «…saf bəşərilikdə qapanıb qalmaqla, yaxud ümumi tarixə heyran qalanın rolunu oynamaqla öz-özünü aldatmağa dəyərmi?».2 Yaradıcılıq artıq bir ürəyə sığmayıb aşıb-daşan hisslərin, düşüncələrin ətrafa saçılmasıdır ki, Şellinq də onu «hadisə deyil, əməl»3 adlandırır.
Dediyimiz kimi, gənclər yalnız öz mən-lərindən çıxış etsələr də, yazdıqları, çatdırmaq istədikləri bütün bəşəriyyəti ehtiva edir. Özünü «zəmanənin qəhrəmanı» kimi təsvir edən Lermontov bunu belə əsaslandırır: «İnsan ruhunun, hətta ən xırda bir insan ruhunun tarixi, bütün bir xalqın tarixindən çətin ki, az maraqlı və xeyirli olsun, bu tarix bilavasitə yetkin bir zəkanın özü üzərində apardığı müşahidələrin nəticəsi olduqda, həm də başqalarında riqqət və təəccüb oyatmamaq arzusu ilə yazılmadığı zaman daha maraqlı və xeyirlidir».1 Lakin bu, sıradan adi bir insanın həyatı, düşündükləri deyil. Söhbət ruhu ilahi aləmlə vəhdətdə olan, düşündükləri əsrlərdən bəri öz varlığını qoruyub saxlayan ideyalar dünyasından qaynaqlanan, ta-a qədimdən bu günə uzanıb gələn insanlıq zəncirinin bir halqası olan insandan gedir.
Əlbəttə, danılmaz faktdır ki, hər şəxsi hisslərin ifadəsi olan əsər nəinki bəşəriyyət, heç cəmiyyət üçün də yararlı olmaya bilər. Bu gün o qədər yaradıcılığa baş vurmaq həvəsində olan gənc var ki, nəinki şəxsiyyətin formalaşmasına, insanda ilahi zərrənin daşıyıcısı olan mən-in potensialının düzgün reallaşmasına xidmət etmir, üstəlik mən-in dağılmasına gətirir. Bəli, hər yaratdığı ilə gəncin «Mən» adlı sarayının kərpicləri də qurulur. Lakin məqsədindən, mahiyyətindən asılı olaraq bu saray bir nur mənbəyi də ola bilər, gectəsirli partlayıcı da. Bəs söhbət hansı mən-dən, hansı düşüncədən gedir?
Əvvəla, yalnız öz məhdud maddi çərçivəsində qalmayan və özünün ilahi mənbəyinə yolu açıq olan, məhz oradan qidalanan mən-in yaratdıqları bəşəriyyət üçün ola bilər, yəni söhbət qəlbi, ruhu Yaradanın verdikləri üçün bir məkana çevrilən gəncdən gedir. Şellinq deyir: «Rəssam yaradıcı qüvvəyə ucalmaq və mənən ona malik olmaq üçün gərək təbiətin məhsulundan və ya yaratdığından uzaqlaşsın. Bununla o, saf anlamlar səltənətinə ucalır; o, məxluqu tərk edir ki, onu yenidən min qat ölçüdə mənimsəsin və bu mənada həqiqətən yenidən təbiətə qayıtsın».1 Başqa sözlə desək, gəncin özünün ilahi başlanğıcını kəşf etməsi heç də onun öz maddi keyfiyyətlərindən imtina demək deyil. Əksinə, hər ikisini vəhdətdə görə bilmək bacarığıdır.
İkincisi, yalnız cəmiyyətin içindən onun fövqünə qalxan, yəni düşüncəsi zahirdən batinə istiqamətlənən bir mən maddi və mənəvini düzgün müqayisə etmək iqtidarındadır. Bu, maddi dünyada oturub ilahi aləmdən dəm vurmaq, ya da əksinə, xəyal dünyasından boylanıb maddi dünya üçün utopik planlar quran bir mən deyil. Bu, qaranı da, nuru da olduğu kimi tanıyan, yaşayan bir mən-dir. Kyerkeqor yazır: «… şüur, daxili şüur həlledici faktordur. Mən-dən söz gedəndə, həmişə həlledicidir. O mən-ə ölçü verir. Şüur nə qədər böyükdürsə, mən də bir o qədər böyükdür. Belə ki, şüur nə qədər böyüyürsə, iradə də bir o qədər böyüyür. İradə nə qədər çoxdursa, mən də bir o qədər böyükdür. İnsanın iradəsiz mən-i də yoxdur. Lakin iradə nə qədər çox olarsa, o daha çox özünü dərk edər».2 Deməli, maddi postament nə qədər möhkəm, uca olarsa, onun üzərində ucalan ideya – abidənin də bir o qədər möhtəşəm olmaq imkanı var.
Bir sözlə desək, söhbət fəlsəfi təfəkkürə malik olan və bunu öz yaradıcılığında əks etdirən bir mən-dən gedir. Şellinq deyir: «Yalnız azadlığın dadına baxan ehtiyac duya bilər ki, hər şeyi ona oxşatsın, onu bütün kainata yaysın. Fəlsəfəyə bu yolla gəlməyənlər yalnız başqalarının arxasınca gedir, əməllərində onları təqlid edir və heç bilmir ki, bu əməllər nədən irəli gəlib».1 Yada salaq ki, Şellinq mən-i «azadlıq» adlandırır. Belə məlum olur ki, məhz fəlsəfi təfəkkürə, yəni düşüncənin zirvəsinə qalxmaq da, eyni zamanda, min bir yol arasından özünəməxsus yolu tapmaq da mən-dən keçir.
Əbu Turxanın bildirdiyinə görə, Mütləq Həqiqəti dərk etməsi üçün Allah insana üç kitab verib: ilahi kitab, təbiət və insan özü (əql). Öz mən-inin, eyni zamanda, ruhunun əlaqəli olduğu ilahi bir sonsuzluğun kəşfi təbii olaraq gənc üçün üçüncü mənbənin – təbiətin də qapılarını açır. Onu da əlavə edək ki, biz gəncin ruhunun axtarış əzmini, yaradıcılıq eşqini və artıq kifayət qədər bir yolu qət edə bilməyini nəzərə alaraq üçüncü mənbəyin qapılarının açılmasını təbii hesab edirik.
Gənc öz ruhunun hələ tam maddiyyata qapılmaması, ilahi aləmə açıq olması sayəsində rahatca hər üç kitabın oxucusuna çevrilə bilir. Fərqli «dillərdə» yazılmasına, hər birinin özünəməxsus «sahəsi» olmasına baxmayaraq, hər üçü eyni mənbədən «xəbər verir». Güman ki, bu səbəbdən gənc özü ilə təbiət arasında bir bənzərlik, doğmalıq görür və yalnız Yaradandan deyil, həm də Onun yaratdığından ruhlanır. Axı Əbu Turxanın da bildirdiyi kimi, «Yaradana sevgi Onun yaratdıqlarına sevgidən keçir». Təbiət daha səmimidir. Məhz təbiətlə təkbətək qalanda insan rahatca özü ola bilir. Əlbəttə, gənc yenə də hər şeyə məhz öz mən-inin pəncərəsindən baxır və çatdırmaq istədikləri də bu bənzərliklər olur. Bayron yazır:
İnsanları sevirəm – təbiət daha yaxındır.
Mənim nə olduğumu, nə olacağımı
Onunla təklikdə unuduram mən.
Öz ruhumda bütün nəhəng dünyanı hiss edərkən
Bu hissimi nə deyə, nə gizləyə bilirəm.1
Ülvi də belə hesab edir ki,
İnsanlar dən kimidir,
Torpağa düşmüş bir dən.
Hər ikisi can alır
Bu ulu təbiətdən.2
Bu, təbiətə bir seyrçi baxış deyil. Bu, məzmundan çıxış edib, formanı dəyərləndirməkdir, fərqləri deyil, oxşarlıqları görmək, yalnız görmək deyil, bu bənzərliklər arasındakı qanunauyğunluğu, onun içindəki təsadüfü deyil, zərurəti ortaya çıxarmaqdır. Şellinq dediyi kimi, «Təbiətin hər şeyi canlandıran, hər şeyə nüfuz edən qüvvələrinin təsiri ilə yalnız hisslərin əzəmətli yüksəlişi, yalnız təxəyyülün dərin sarsıntısı incəsənətə həmin keçilməz gücü verə bilərdi. Həmin güc ki, o, həmişə – erkən illərin donuq, qapalı, ciddi əsərlərindən tutmuş, hissi zərifliklə dolu əsərlərə qədər həqiqətə sadiq qalmış və ölərilərə sezmək üçün verilən o ali reallığı mənən yaradırdı».3
Düzdür, təbiətin «oxunmasında» gənc özünün yaşlı həmfikirləri və ya mütəxəssis alimlər kimi çox dərinə gedə bilmir – bunu onun yaşı və təcrübəsi rəva görmür – bununla belə, o, nəinki çatdığı, hətta əminliklə məskunlaşdığı ümumi harmoniya daxilində Mütləq Həqiqətin saysız təzahürləri ilə üzləşir, dərk edir. Təbii ki, bu dərketmə onun yaradıcılığında da özünü göstərir.
Qeyd etdiyimiz kimi, gənci fərqləndirən məhz hissiyyatın üstünlük təşkil etməsidir. Bunun nəticəsidir ki, o, gördüyü, dərk etdiyi hər hansı bir biliyi tez-tələsik üzə çıxarmağa can atır. Bu, həm həmin yükdən azad olmaq, quş kimi yüngüllüyünü, azadlığını qaytarmaq istəyi, həm içindəki gənc təbiətlə qədim müdrikliyin ziddiyyətinə son qoymaq üçün özünütəsdiq, özünüifadə forması, həm də açmaq istədiyi yolun daha bir pilləsini qurmaq, digərləri (əsasən, özündən yaşlılar) arasında öz varlığını çatdırmaq arzusudur. Bunun nəticəsidir ki, gənc yaşlarında yaradıcılıq daha məhsuldar olur, nəinki sonrakı illər və ya Şellinqdə olduğu kimi, sonrakı illər gənclikdə qəbul etdiklərinin «həzmi», saf-çürük etməsi ilə məşğul olurlar.
Bəli, gənc böyük bir yaradıcılıq od-alovu, çoşqusu yaşayır, özünü qüdrətli, xilaskar kimi hiss edir. Lakin hər dəfə o, cəmiyyətin soyuq sifəti ilə üzləşəndə içini bir qorxu bürüyür: izsiz getmək, etdiklərinin böyük okeanın damlaları arasında əriyib itmək, özü kimi, yaratdıqlarının da bir kənara atılmaq qorxusu. Eynəlqüzat Miyanəci bu gün də olmasa, nə vaxtsa eşidilmək arzusundadır: «Günlər keçəcək, bir səhər görəcəksən ki, Eynəlqüzat bu müvəffəqiyyətə nail olubdur».1
Öz çağında redaksiyaların bürokratik sədlərini sındıra bilməyən Ülvinin bu istəyi qorxu qarışıq bir ümidin ifadəsi deyilmi:
Arzum budur həyatda,
Nə dərd, nə qəm olaydı,
Məndən sonra dünyada
Bircə şeirim qalaydı.2
Düzdür, gəncin içindəki qorxu, narahatlıq əsasən öz şəxsi taleyi ilə bağlıdır. Çünki Kyerkeqorun da dediyi kimi, «narahatlıq – həyata, bizim şəxsi gerçəkliyimizə həqiqi münasibətdir».3 Lakin bununla yanaşı, o, ümumiyyətlə, öz dövrünün faciəsini anlayır, onun həlli yollarını arayır, heç olmasa, öz yaşıdlarına təsir göstərmək istəyir. Lermontov yazır:
Mən bizim nəslə məyus bir nəzərlə baxıram,
Onun sabahı ya boş, ya qaranlıq olacaq.
O idrak və şübhələr ağırlığı altında
Hərəkətsiz qalaraq süstləşib qocalacaq.4
Ülvi də gələcəyə xoş bir xəbər aparmaq üçün yaşıdlarını bu gün mübarizə aparmağa çağırır:
Döyüşlərdə yoğrulmuşuq
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik.2
Yeri gəlmişkən, qeyd edək ki, ümumiyyətlə, bir çox gənc ömrünün «odlu-alovlu», böyük ideyalarla aşıb-daşan mərhələsini «başa vuranda» ağır depressiya yaşayır. Hətta bu həyata bir nifrət yaranır. Onlar keşməkeşli həyatdan, bu dünyanın pozulmayan çərxindən, fərq qoymadan hər şeyi üyüdən «dəyirmanından» şikayətçi olur, bir vaxtlar tutuşub alışdıqları ideyaların puçluğunun günahını həyatda axtarırlar. Bayron yazır:
Keçdi ümidlərin, həyəcanların, hökmlərin dəmi
Eşqin odu – hər şey artıq kənardadır.3
Onlar öz zamanında deyilməli olan sözü deyə bilməyəcəklərinin, həyəcanını, hikkəsini həzm edə bilmirlər. Özlərini aldanmış, günahsız yerə incidilmiş hiss edirlər. Hər halda, bu qoca dünyada özünün tək deyil, milyonlardan biri olduğunu, bu həqiqətlərin səndən əvvəl, hətta daha gözəl şəkildə deyildiyini qəbul etmək o qədər də asan deyil. Özünü, öz mahiyyətini, bu həyata gəlişinin səbəbini anlamağa çalışan və bunun üçün «varlıq badəsini gözyaşları ilə isladaraq gözüyumulu içib» yalnız ölüm ayağında gözlərini açan Lermontov böyük bir çaşqınlıqla deyir:
Görürük ki, o qızıl badə
Boşuymuş elə əzəldən.
Onun içindəki mey – arzularıymış,
Sən demə, heç o da bizim deyilmiş.1
Düzdür, özünün adi, sıradan biri olduğunu qəbul edəndən sonra həyat daha sakit, daha rəvan bir axara düşür. Ancaq… hər adam bu axara düşə bilmir, axara düşəndən sonra əvvəlki coşqunun olmamasına alışa bilmir. Yəqin bu səbəbdəndir ki, Ülvinin dalğaları «at kimi minib çapan», dalğaların bağrını yaran qəhrəmanı:
…görür ki, fırtına
Suda o açan izi,
Asanlıqla yox edir,
Asanlıqla gizlədir.
Bundan sonra insanın
Qol-qanadı süst olur –
Açdığı izlər kimi,
Kədərli gözlər kimi,
Fırtınada boğulur.2
Bəli, qəribədir ki, illərnən gəlməli olan bu ruh düşkünlüyünü, «depressiyanı» bizim gənclər enerjili, coşqulu vaxtlarında yaşayırlar. Lakin onların digər gənclərdən üstünlüyü ondadır ki, söykənə biləcəkləri bir arxaları – Allah və həyatlarını mənasızlaşmaya qoymayan bir missiyaları var. Yaradıcılığı gəncin həm qorxu yeri, həm xilasıdır, həm əbədiyyətə, həm də ölümə aparan yoludur. Yaradıcılığı gəncin özüdür – qaçıb qurtarmaq, onu qəbul etmək istəməyən insanlar arasında təsdiqləmək istədiyi mən-i. Puşkin təsadüfən öz yaradıcılığı ilə özünə bir abidə ucaltdığını demir:
Yox, mən ölməyəcəyəm, cismim torpaq olsa da,
Rübabımın səsində ürəyim döyünəcək.
Bircə şair qalsa da qədim, ulu dünyada,
Əbədi şöhrətimlə mənəm yaşayan demək.1
Məşh ruhunun yaradıcılıq eşqidir ki, Ülvini 15 yaşında öz cığırını ulu sələflərinin yollarına qatmağa həvəsləndirir:
Mübarizə aparır,
Milyon-milyon «şairlər»
Bu yola çatmaq üçün.
Öz açdığı cığırı
Bu yola qatmaq üçün.2
Bütün deyilənlərlə yanaşı, gəncin ilham aldığı daha bir mənbə də var, daha doğrusu, onun bütün mənbələrinə, ümumiyyətlə yaradıcılığına parlaq bir nur çiləyən: sevgi, eşq. Bu o qədər nəhəng bir mənbədir ki, başqa mənbələrə ehtiyac qoymur. Bu, o qədər cazibəli bir nöqtədir ki, sonla başlanğıcı birləşdirir. Bu, o qədər zəngin bir dünyadır ki, özünə ayrıca bir başlıq tələb edir.
Dostları ilə paylaş: |