cızaraq, ürəyində: «Anam mənim, Bendisyon
Alvarado, onları qoru! Ona tuşlanan
güllələri geri qaytar, zəhərlə dolu piyaləni kənar elə, gizlini aşkar elə!» - deyirdi.
O, Letisiya Nasarenonu müşayiət edən qvardiyaçıların, de Armas meydanından
verdiyi siqnalını eşidinəcən, Letisiya oğluyla, mayakın sübh işığından qızaran
pationun yolu üstə görünənəcən, bircə dəqiqə belə olsun, rahat olmurdu. Letisiya
isə səfərdən, həyəcanlı və xoşbəxt əhval-ruhiyyədə qayıdır, rahat səsiylə, maşından
diri hinduşkaları, Enviqado orxideyasını, yeni il axşamı yandırılacaq rəngli işıqları
və sairəni düşürən mühafizə dəstəsinin əsgərlərinə müxtəlif əmrlər verirdi; belə
günlər küçələr, adətən, generalın sərəncamıyla, cürbəcür işıqlar və transparantlarla
qəsdən bəzədilirdi ki, onun narahatçılığı bütün bu al-əlvanlığın
içində əriyib itsin;
o, Letisiyanı piləkənin başında, boynundakı tülkü dərisinin naftalin iyini, turşumuş
tər qoxusunu, yağlı saçlarının iyini ciyərlərinə çəkə-çəkə, qarşılayır, həyat
yoldaşının sağ-salamat olmasına sevinirdi; o, Letsiyaya, talayıb gətirdiyi növbəti
şikarını yataq otağına ötürməkdə kömək edir, özünü son dərəcə xoşbəxt hiss edir
və belə hesab edirdi ki, bu cür xoşbəxtliyin dadını,
ümumiyyətlə, bilməsən yaxşıdı!
Bu bədbəxtliyin qarşısını almaq tədbirləri bir-bir tapıldıqca, onu bir az da dərin
kədər hissi bürüyürdü, bütün qoruyucu duaları elə bil bu fəlakəti bir az da
yaxınlaşdırırdı; hər gün həmin o dəhşətli çərşənbəni – Letisiya Nasarenonun həyatı
üçün əbədi qorxu və təşvişlərdən yoğrulan o günü yaxınlaşdırırdı, odu ki, o,
hövsələsi darala-darala: «Axır olacağa çarə yoxdu, nə olur-olsun, lənət şeytana!
Qoy lap bir az da tez olsun!» - deyə fikirləşdi. O, beynindən keçən bu ani fikrin
fərqinə varmamış, fikri, əmr almış kimi ildırım surətiylə yerinə yetirildi – kabinetə
iki adyutan daxil olub Letsiyanın və uşağın, indicə bazarda quduzlaşmış itlər
tərəfindən parçalanıb yeyilməsi barədə hesabat verdilər.
«İtlər onları diri-diri yedilər, mənim generalım! Amma bu, bizim adi küçə itləri
deyildi, dəriləri köpək balığının dərisi kimi hamar, sarı gözlü, vəhşi qoyun itləri
idi! Kimsə onları Letisiyanın boynundakı tülkü dərisinə qısqırtmışdı! Altmış it,
mənim generalım, altmış eyni sifətli, eyni biçimli it!
Heç kim gözünü belə açmağa
macal tapmamış, onlar tərəvəz piştaxtalarının arxasından atılıb Letisiyayla uşağın
üstünə cumdular. Bizsə güllə açmağa ürək eləmədik ki, güllələr itlərin əvəzinə,
onlara dəyə bilərdi, mənim generalım!»
Bu, iblisin qanlı qiyaməti idi, dəhşətli ölüm burulğanı idi, içindən, gah Letisiyanın,
gah da uşağın əlləri yalvarışla göyə uzanan vahiməli it yumağı idi; hər iki qurban
göz qırpımında, itlərin acgözlüklə təpişdirdiyi ət parçalarına çevrildilər və bütün
bunlar bazar camaatının gözü qarşısında - yüzlərlə adamın qarşısında baş verdi;
bəzilərinin üzü dəhşətdən əyilmişdi, o birilər intiqam hissiylə alışıb-yanan
gözlərinin sevincini gizlədə bilmir, bəziləri isə ürək ağrısıyla ağlayırdılar; çox
keçmədi ki, bu qanlı tamaşa sona yetdi və hamı, yerdə, Letisiyadan qalan fetr
bənövşələrlə bəzədilmiş şlyapanı gördü… üst-başlarına qan sıçramış, dəhşətdən
yerlərində donub qalan göyərtisatan arvadlar səssizcə: «İlahi, generalın razılığı
olmasaydı, bu, heç vaxt baş verə bilməzdi!» - deyib içlərini çəkdilər.
Bütün bu
mənzərə, qanlı tərəvəzlərin arasından yalnız ətsiz sümükləri yığıb-yığışdırmağa
macal tapan prezident qvardiyasının biabırçı gücsüzlüyünü nümayiş etdirdi. «Tək
bir ağappaq sümüklər, mənim generalım!» Düzdü, sümüklərdən savayı uşağın
medalları, oyuncaq padşahın balaca qılıncı, Letisiya Nasarenonun nəyə görəsə,
125
bazardan bir mil aralıda, liman sularının qoynunda üzən tumac ayaqqabıları,
rəngbərəng şüşələrdən yığılmış muncuq və zireh parçasından düzəldilmiş pul kisəsi
də tapıldı - «Bu əşyaları biz sizə təqdim edirik, mənim generalım, həm də bax, bu
üç açarı, qaralmış qızıl nişan üzüyünü və bu əlli sentavonu – beş onluq sentavonu.
Buyurun, sayın, xahiş edirik! Bundan savayı orda heç nə tapılmadı!»
Əgər o bilsəydi ki, cəmi bir neçə ildən sonra həmin bu taleyüklü çərşənbə günü baş
verənləri unudacaq, bütün bu faciənin onun üçün bir qara qəpik əhəmiyyəti
olmazdı, amma o gecə o, qəzəbdən
hönkür-hönkür ağlaya-ağlaya, səhəri,
adamyeyən itlərin ulaşması altında açdı, uzun müddət heç cür bu itlərə hansı növ
cəza verəcəyini təyin edə bilmədi, çünki belə hesab edirdi ki, itlərin öldürülməsi,
Letisiya ilə uşağın təkrar ölümüdü, çünki onlar hələ ki, bu heyvanların
qarnındadılar; o, tərəvəz bazarının dəmir pavilyonunu sökdürüb yerində, səhləb
çiçəkləri əkilmiş bağ saldırmağı, bağın ortasında, mərmər xaç ucaldılmasını əmr
etdi, xaç, mayakdan uca və parlaq olmalıydı ki, gələcək nəsillər, generalın özünün,
abidə sökülməmişdən çox-çox əvvəl unutduğu bu tarixi qadın barədə unutmasınlar;
bu abidəni isə adi gecələrin birində partlatdılar və bu partlayış heç kimi
təəccübləndirmədi; səhləb çiçəklərini isə donuzlar yedilər; bağ, durğun və üfunətli
gölə çevrildi; lakin general
bu mənzərəni heç vaxt görmədi, təkcə ona görə gömədi
ki, öz sürücüsünə əmr vermişdi ki, maşını, lap dünyanın başına hərlənməli olsa da,
bir vaxt tərəvəz bazarının yerləşdiyi o ərazidən sürməsin, həm də ona görə ki,
nazirlikləri şüşəli binaya köçürəndən və sarayda bir ovuc xidmətçisiylə təmtək
qalandan bəri o, ümumiyyətlə, şəhərə çıxmırdı; sarayda saraylıq əlaməti
qalmamışdı, o, Letisiya Nasarenonun sarayda şahlıq iddiasıyla qurub düzəltdiyi nə
vardısa, hamısını məhv eləməyi əmr etmişdi; bu hadisədən sonra o, generalitet üzrə
ara-sıra xırda-xuruş göstərişlər
verməklə, nazirlər kabinetinin, arada bir, qəliz
məsələlər həll olunan və prezidentin rəyi tələb olunan iclaslarında iştirak etməklə
vaxtını keçirir, qalan vaxtları, tək-tənha, kimsəsiz dəhlizlərdə, boş otaqlarda
məqsədsiz-mənasız gəzib-dolaşırdı; bundan savayı, o, gecədən keçənədək,
seybanın kölgəsində oturub, Baltimordan gətirdiyi konfetlərə qonaq eləyə-eləyə,
çılpaq qadın şəkilləriylə dolu jurnallardan dürtüşdürə-dürtüşdürə, onu,
xarici
borclarını, ölkənin ərazi sularının hesabına ödəməyə razı salmağa çalışan səfir
Uilsonun xəbis təşriflərinə də dözməli olurdu; o, səfirə doyunca danışmağa şərait
yaradır, özü isə lazım olanlara qulaq asır, lazım olmayanları isə sadəcə, eşitmirdi;
səfirin çərənləməsi həddindən artıq darıxdırıcı olanda isə o, bu mənasız söz axınını
qulaqardına vurur, bunun əvəzinə, ara-sıra, yaxınlıqda yerləşən qızlar məktəbindən
axıb gələn qızlar xorunun, yaşıl ağacda oturan qırmızı quş haqqında oxuduğu
mahnılarna qulaq asırdı; hava qaralanda isə o, səfiri patiodan yola sala-sala, qonağı
başa salmağa cəhd edirdi ki, o ondan, bir dənizdən savayı, ürəyi nə istəyir, tələb
eləyə bilər. – «Dənizsiz pəncərələr mənim nəyimə gərəkdi? Bu boyda tənha evdə
dənizsiz mən nə edərəm? Sübh, yaxud, qürüb çağı dənizin, yanar bataqlığa
oxşadığı mənzərəni görməsəm, necə yaşayaram? Dekabr gecələri mayakın yaşıl
işığına məhəl qoymadan, sınıq şüşələrdən uğultuyla
içəri dolan küləklərsiz necə
yaşaya bilərəm? Mən – o adam ki, öz dumanlı səhralığını ataraq, qızdırmalı
titrəmətdən üzülə-üzülə, özümü vətəndaş müharibəsinin alovuna, tərcümeyi-
halımda yazıldığı kimi, dərin vətənpərvərlik hissindən, yaxud, bəzilərinin hesab
126