20
olmasına baxmayaraq bu iki qütb arasında əlaqə daim davam edir. Küll öz
gücünə dayanaraq cüzü öz tərəfinə çəkir, cüz də imkanı daxilində küllə
müqavimət göstərir. Başqa sözlə, küll və cüz qarşılıqlı hərəkətdədir.
Təsəvvüfdə bu daimi hərəkətin mənbəyi eşq və cazibə adlı iki hissdən
ibarətdir. Eşq və cazibənin qovuşması həyata, ayrılığı isə ölümə səbəb olur.
Qeyd olunan iki gücün qovuşması və ayrılması Allahın təqdirindən asılıdır,
buna başqa kimsə qarışa bilməz. Sufilərin zənnincə, eşq ilə cazibənin şah
əsəri xilqətin zirvəsi olan İnsandır və sadəcə, Mələklər və Allah ondan
yüksəkdə dayanır.
Türk divan poeziyasının müxtəlif dövrlərdə yaşamış nümayəndələri bu
əbədi və həllolunmaz suala cavap tapmağa çalışmışlar. Divan ədəbiyyatının
fərqli növ və janrlarında ilahi varlığın sifət və qüdrətini xəyalən təsvir
etmişlər Allah və İnsan münasibəti daha çox poeziya nümunələrində öz
bədii ifadəsini tapmışdır. Həmin mövzuda qələmə alınan şeirlər, şübhəsiz
aparıcı yer tutmuşdur.
Təsəvvüfdə fani aləmdə insan dörd insürdən ibarətdir və bu ünsürlər
ona əmanət olaraq verilmiş və qəlib kimi ruhu saxlamaq üçün vacibdir.
İnsanı ölümsüz edəcək qüvvə ilahi varlığın ona bəxş etdiyi ruhdur (candır).
Mövlanada ruh, əslindən qopmuş neyə bənzədilir: ney də qəmlidir, külldən
ayrıldığına görə üzgündür, ruh da. Onları bu hala gətirən ayrılıqdır:
Dinle neyden kim hikȃyet etmede
Ayrılıklardan şikȃyet etmede...
Ruh bir gün yenə öz əslinə dönəcəkdir, o zaman öz müstəqilliyinə və
azadlığına qovuşacaqdır. Bu səbəbdən də ruh, onu qəfəsdə tutan “can evi”
ilə, yəni bədənlə mücadilə halındadır. Maddi olmayan ruha, türk
mütəsəvvüfləri “gönül” də demişlər. Başqa sözlə, sufilərdən ötrü insanın
təkamülü və daha yüksəklərə ucalması ruh–könül üçündür. Sufilər ağıla
əsla önəm verməzlər. Buna görə də təsəvvüfdə könül incitmək böyük
qəbahət sayılır və inanca görə, Allah belələrini cəzalandırar. Könül sahibi
mömin, ağıl, eşq və intuisiya qabiliyyətinin yardımı ilə müəyyən mənada
ilahi qüdrətin sirlərindən xəbərdar ola bilir.
Mütəsəvvüflərə görə, insanlar öz əməli davranışlarına görə üç bölümə
ayrılır: zəlillər, saliklər, ərənlər. Zəlillər zəlalət içindədirlər, bəsirət, qəlb
gözləri olmadığı üçün kordurlar, ilahi nurdan məhrum qaldıqlarından
qaranlıq içindən çıxa bilməzlər, çünki mənəviyyat cövhərindən xəbərləri
yoxdur. Saliklər mürşidlərinin yolu ilə getdikləri üçün qurtuluşa çıxacaqlar,
müəllimləri onlara haqq yolunu göstərəcəkdir. Ərənlər isə təsəvvüfdə ən ali
21
məqama – fənafillah (
Allahın varlığında yox olmaq)
mərtəbəsinə yüksəlmiş
şəxslərdir.
Sufi üçün ən ümdə pillə “ifna-yi nəfs”, yəni nəfsin öldürülməsi
mərhələsidir. Bu pillədə salik, tədricən özünün dünyəvi hisslərini cilovlayıb
ram etməyə, sonunda onu yox etməyə nail olmalıdır. Sufilər könül evini
“masivadan” (Allahdan başqa hər şey masiva adlanır) təmizləyənləri
onları fani dünya ilə bağlayan əlaqələri tam üzənlər kimi qəbul etmişlər.
Başqa sözlə, onlar nəfsi ifna etmişlər. Nəfsi öldürməyin qısa yolu eşqdən
keçir. Mütəsəvvüflərə görə, insan bir çəmbərin, çevrənin içərisindədir.
Çevrənin fövqündə Allah vardır. İnsan yalnız ətrafındakı çəmbərin
hüdudlarını aşmaqla Allaha qovuşa bilər. Bu proses mərtəbə-mərtəbə
gerçəkləşə bilər və onları keçmək insandan səbr, mətanət, iradə və
fədakarlıq tələb edir. Sufilərin zənnincə, salik üçün əsas üç mərhələ, yaxud
mərtəbə önəmlidir: elmül-yəqin; eynül-yəqin; həqqül-yəqin.
Hacı Bayram Vəli sadə danışıq dili ilə qeyd olunan mərhələləri
dahiyanə şəkildə təsvir etmişdir:
Bayram özüni bildi,
Bileni anda buldu.
Bulan ol kendü oldu,
Sen seni bil, sen seni.
II fəslin ikinci yarımfəsli “Təsəvvüf ədəbiyyatında şeir sistemi”
adlanır. Burada qeyd olunur ki, ilahi, nəfəs, devriyyə, nutuk, hikmət,
şathiyyat kimi əsasən heca və az miqdarda əruz vəznli özünəməxsus şeir
növləri ilə zəngin olan təkkə xalq ədəbiyyatından fərqli olaraq, yazılı türk
təsəvvüf ədəbiyyatının sırf özünəməxsus şeir janrları və şəkilləri yoxdur.
Yazılı dünyəvi divan poeziyasında olduğu kimi türk təsəvvüf ədəbiyyatında
da ən önəmli yeri əruz vəznində yazılmış şeir janrları və şəkilləri tutur.
Türklərin kütləvi şəkildə müsəlmanlaşmasından sonra, təxminən X yüzildə
yavaş-yavaş əruz vəzni türk şeirinə nüfuz etməyə başlamışdır. Bu dövrlərdə
əruzla yazılmış türkcə şeirlər vəzn baxımından heca vəzninə bənzəyir.
Türkdilli şairlər xüsusi diqqətlə mütəqarib, rəməl və həzəc bəhrlərinin
uyğun təfilələrində şeirlər yazmışlar. Məsələn, Yusuf Has Hacibin
“Qudadqu Biliq”, Əhməd Yüknəkinin “Ətibətül Həqaiq” əsərləri mütəqarib
bəhrindəki “fə’ulün, fə’ulün, fə’ulün fə’ul” təfiləsində yazılmış və 11
hecalıq şeir formasını xatırladır:
Könül kimni olsa körür közde ol
Közin kanca baksa uçar yüzde ol
22
Könülde negü erse arzu tilek
Ağız açsa barça tilin sözde ol.
Qeyd etmək lazımdır ki, bir-birinə yad olan iki müxtəlif sistemli dildə
vəzn sistemi fərqli olmuşdur və ona görə ərəb dilinə məxsus olan əruz ilk
dövrlərdə türk şeirində böyük təqdir qazanmamış, türk dilində uzun
saitlərin olmaması əruz vəznində şeir yazmağı çətinləşdirmişdir. Burada
əsas problem ondan ibarət idi ki, şairlər əruzu türk dilinə yox, türk dilini
əruza uyğunlaşdırmağa çalışırdılar və bunun nəticəsində türk dili tədricən
xalq danışıq dilindən uzaqlaşdırılır, ədəbi dilə çox sayda ərəb və fars sözləri
gətirilir, dilə yad olan qaydalar ortaya çıxırdı. Həmin prosesin nəticəsi
olaraq XV-XVI əsrlərdə əruz türk şeirində artıq hakim mövqe qazanmışdı.
Bu dövrün ədibləri sadəcə türk ədəbiyyatında deyil, bütövlükdə Yaxın və
Orta Şərq ədəbiyyatında nüfuz sahibi idilər.
Türk təsəvvüf şeirində bu dilin əruza uyğunlaşması üçün türk
mütəsəvvüfləri digər şairlər kimi müxtəlif ədəbi üsullardan istifadə
edirdilər. Bu yarımfəsildə həmin üsullardan ən geniş şəkildə istifadə olunan
üçü – “qovuşma” anlamına gələn səssizlə bitən sözün son səsinin səsliylə
başlayan digər sözün ilk hecası ilə birgə oxumağa imkan yaradan “vəsl”,
türk mənşəli sözləri əruzun tələbinə və bəhrin təfiləsinə uyğun olaraq süni
şəkildə uzatma mənasına gələn “imalə” (“imale-i məksur” və “imale-i
məmdud”) və uzun hecanın qısa tələffüzü demək olan “zihaf” divan
şairlərinin əsərlərindən konkret nümunələr gətirilərək nəzərdən keçirilir.
II fəsilin sonuncu – üçüncü yarımfəsli “Anadolu bölgəsində təsəvvüf
ədəbiyyatı” adlanır. Birinci bölümdə şərh olunan təsəvvüfün başlıca
prinsipləri bu yarımfəsildə XIII-XV əsrlər Anadolusunun ən məşhur türk
mütəsəvvüf-şairləri Əhməd Fəqih, Şəyyad Həmzə, Cəlaləddin Rumi,
Yunus Əmrə, Sultan Vələd, Aşıq Paşa, Süleyman Gülşəhri, Süleyman
Çələbi və digərlərinin şeir və məsnəvilərinin təhlili müstəvisində tədqiq və
təhlil edilmişdir.
Burada qeyd edilir ki, Anadoluda təsəvvüf XIII əsrin əvvəllərindən
etibarən çox sürətlə yayılmağa başlamışdır. Bunun başlıca səbəblərindən
birincisi o idi ki, türklərin İslamı qəbulundan sonra, başında dini liderləri
duran xristianlar onlara qarşı xaçlı yürüşlərini təşkil edirdilər. Belə bir
vəziyyətdə, türklərin də arasından millətə mənəvi dəstək verən dini
xadimlər meydana çıxırdı. Bu dini xadimlər öz fəaliyyətləriylə bir tərəfdən
din uğrunda vuruşanlara hünər verir, o biri yandan da təsəvvüfün
yayılmasına səbəb olurdu.
Dostları ilə paylaş: |