52
yetişdi. Onlardan beş min nəfəri dəmirə (zirehə) qərq olmuşdu. Onun yanında çoxlu tüfəng və top vardı.
Bundan öncə tüfəng yox idi.
Tüfəngin peyda olmasının səbəbi odur ki, Firəng
246
diyarındakı Fransa ölkəsində Frey Bedre adlı ra-
hib qoturluq xəstəliyinə tutulmuşdu. Hər nə qədər müalicə etsələr də, faydası olmurdu. O zaman onun yanına
bir dərviş gəlib dedi:
- Əgər bu xəstəlikdən nicat tapmaq istəyirsənsə, bir qədər şoran torpaq götür və onu kükürdlə, kö-
mürlə qarışdırıb, həvəngdəstə ilə döy! Daha sonra onu atəşə atıb, özünü onun buxarına tut! Bu xəstəliyin sa-
ğalmasının əlacı budur.
Frey Bedre bunu əmələ gətirdi və bır sıra keşişlərin hüzurunda onu atəşin üstünə tökdü. Ondan bir
şölə sıçradı. Dedilər ki, bundan savaş silahı düzəltmək olar. Barıtı padşahın yanına apardılar. O, barıtı qamı-
şın içinə qoydu. Od vurduqları zaman qamış yarıldı. Qamışın əvəzinə onu dəmirin içinə qoydular. Onu da
yardı. Kükürdün miqdarını bir qədər azaltdıqda istədiklərinə nail oldular və ondan sonra tədricən top və bad-
lic
247
də peyda oldu
248
.
Qara Osman az adamla onların qarşısında səf tərtib etdi. Qara Osmanın oğlu İbrahim bəy bahadırlıq-
da məşhur idi və onun şücaətinin sorağı ətrafa yayılmışdı. Sahibqiran Əmir Teymur Kürəkan ona böyük qay-
ğı göstərmişdi. Çəkümün yanında Bəyanoğlu adlı birisi vardı. O, əvvəllər Mardin sultanının nökəri olmuş,
sonradan İbrahim bəyin mülazimi olmuş, daha sonra isə onun yanından qaçıb Sultan Çəkümə qoşulmuşdu.
İbrahim bəyə hücum etmək istəyən Çəküm onun nişanələrini və dayandığı yeri Bəyanoğludan soruşdu. Qara
Osman onu sol cinaha təyin etmişdi. Lakin daha sonra onun yaxşılığını istəyənlərin məsləhəti ilə belə qərara
gəldi ki, düşmən qoşunu güclü və onların təchizatı bol olduğu üçün onu özünə yaxın etsin. Onun çağırılması-
na göstəriş verdi və İbrahim bəy xüsusi (xassə) nökərlərindən otuz nəfərlə dayandığı yerdən çıxıb uca rütbəli
atasına tərəf üz qoydu. O, həmin məsafəni qət edərkən Bəyanoğlu onu Çəkümə nişan verdi. Çəküm özünün
bahadırlar dəstəsini yanına alaraq, külək rəftarlı qara ayğırına minib İbrahim bəyin üzərinə çapdı. O da ya-
nındakı məhdud dəstə ilə müdafiəyə və qarşıdurmaya üz qoydu. Böyük bir döyüş baş verdi. Sultan Çəküm
əfi ilan görkəmli nizəsi ilə İbrahim bəyi yəhərin üzərindən yerə saldı.
Beyt
“Əcəl iti nizənin ucunda,
İlanın dişindəki zəhər kimi gizlənmişdi”.
Və ruhunu şərəfli bədənindən ayırdı. Bu halı müşahidə edən Qara Osmanın ürəyinə od düşdü. O, İb-
rahim bəyin nökərləri ilə birlikdə onlara həmlə etdi. Qara Osman, Çəkümün hülqumuna bir ox vurdu. İbra-
him bəyin nökərləri də onun iki qaşının arasına bir ox vurub Çəkümü izzət atından zillət torpağı üzərinə sal-
dılar və bədənini baş yükündən azad etdilər. Başını nizənin ucuna taxdılar və onun atı qaçıb qoşununa sarı üz
tutdu.
Ondan sonra bu halı müşahidə edən Kürdüstan əmirləri və Mardin sultanı birdən qaçmağa üz qoydu-
lar. Qara Osman bir dəstə türkmanla onları təqib edib Mardin sultanını və Hacı Fəyyazı iki ağızlı qılıncın
zərbəsi ilə yoxluq sərhədinə çatdırdı (öldürdü) və hərəkət bayrağını Mardinə doğru qaldırdı. O diyarın əhalisi
Mardin sultanının kürəkənini
249
səltənətə əyləşdirib inadkarlıq və təkəbbür mövqeyini tutdular. Ona görə də
Qara Osman mühasirəni tərk edib Ruhaya (Urfaya)
250
yola düşdü və oranın qalasını zor və güc yolu ilə tutub,
Yağmur bəyə
251
həvalə edərək Amid tərəfə qayıtdı.
Mirzə Qara Yusif Türkmanın əhvalı və onun Azərbaycan diyarını ələ keçirməsi haqqında söhbət
Qara Yusif Türkman və Sultan Əhməd Cəlair, Sahibqiran Əmir Teymur Kürəkanın qan içən qılıncı-
nın qorxusundan Misir və Şam valisi Sultan Fərəcə pənah apardıqları zaman o həzrət (Teymur) belə bir xə-
246
Firəng məmləkətləri adı altında Avropa ölkələri nəzərdə tutulur.
247
Badlic – artilleriya növü olub, böyük və qala dağıdan topdur.
248
Ə.Nəvai (Şərhlər, s.138-139) barıtın Avropada deyil, Çində ixtira edildiyini bildirərək, buradakı məlumatı doğru hesab etməmiş,
həmçinin Qara Osmanla Sultan Çəkümün savaşında odlu silahdan istifadə edilməsinə şübhə ilə yanaşmışdır.
249
Adı Şihabəddin olan bu şəxs həm də Mardin sultanının qardaşı
oğlu idi (Ə.Nəvai, şərhlər, s.140).
250
Ruha (Urfa) – Türkiyənin cənub-şərqində yerləşən indiki Şanlıurfa şəhəri.
251
Yağmur bəy – Qara Osmanın əmisi oğlu idi və Çəkümlə savaşda igidlik göstərmişdi
(Ə.Nəvai, şərhlər, s.140).
53
bər göndərmişdi: “Əgər sultan bizim məhəbbətimizə sadiqdirsə, gərək Qara Yusifi qətlə yetirsin və Sultan
Əhmədi tutub aləmin pənahı olan dərgahımıza göndərsin”. O fərmana əsasən, onların hər ikisi Dəməşqin
bürclərindən birində məhbus edildilər. Qara Yusifin vəfadar mülazimləri cümləsindən olan Pir Ömər səqqa-
lıqla
252
məşğul olub onların dolanışığını təmin edirdi.
Bu əsnada Dəməşq hakiminə məruzə etdilər ki, “Qara Yusifin arvadının yanında bahalı bir ləl
253
var-
dır”. Bu səbəbdən onu yanına çağırdı. O, məhrəmlərindən birinə dedi ki, “əgər məni işgəncə ilə həlak edər-
lərsə, saçlarımın arasında gizlətdiyim bu ləli Qara Yusifə təslim edərsiniz”.
“Qadın olan hər kəs namərd deyildir,
Qadın o kişidir ki, dərdsiz olsun.
Bir çox rəna gözəl var ki, erkək aslan kimidir,
Onlar döyüşdə çox aslanın öhdəsindən gələrlər”.
Qara Yusif bu hadisədən agah olduqda dedi:
- Belə əhəmiyyətsiz bir şeydən ötrü özümüzü əziyyətə verməyimiz rəva deyildir. Gərəkdir ki, o ləli
onlara təslim edəsiniz. Əgər mən salamat qalsam, onun əvəzini çıxa bilərəm.
Qara Yusifin möhtərəm hərəmi onun buyruğuna əsasən, ləli onlara təslim etdi. O əsnada Qara Yusi-
fin bir oğlu anadan oldu. Sultan Əhməd onu oğulluğa qəbul etdi. Adını Pirbudaq qoydular və bir-biriləri ilə
şərt kəsdilər ki, əgər bu bəladan nicat tapsalar, Azərbaycan Qara Yusifin, İraqi-Ərəb isə Sultan Əhmədin ol-
sun. Bir gecə Qara Yusif röya aləmində (yuxuda) gördü ki, onu Sahibqiranın məclisinə aparmışlar. O həzrət
öz barmağından üzüyünü çıxarıb Qara Yusifin barmağına taxdı. Səhər bu əhvalatı Sultan Əhmədə danışdı. O
da cavabında buyurdu ki, “sən onun bəzi vilayətlərinə sahib olacaqsan”.
O əsnada Dəməşq məlikülümərası Şeyx Xasəgi
254
, Sultan Fərəcə qarşı müxaliflik etməyə başladı. O
diyarda böyük bir çaxnaşma baş verdi. Ona görə də Sultan Fərəc onları həbsdən çıxarıb ehtiram göstərdi. Mi-
sirdə və Şamda olan təqribən min nəfər türkman cavanı Qara Yusifə xidmətkarlıq və mülazimlik kəmərini
bellərinə bağladılar. O, hər gün adamları ilə ata minib sultanın dərgahına gəlirdi. Bir gün Sultan Fərəc mey-
danda çövkən oynamaqla məşğul idi. Qara Yusif də Pir Ömər, Sultan Xoca, Bayəzid, Dəli Musa və Veys
Qorçu kimi bir sıra mülazimləri ilə onun yanında çövkən oynamağa başladı. Digər türkmanlar da uzaqdan
[onlara] baxırdılar. Onların oyunu Misir əmirlərinin xoşuna gəlmədi və hökm etdilər ki, türkmanlar atdan
enib meydanın daşını təmizləsinlər. Qara Yusif fikirləşdi ki, onları tutmaq istəyirlər. O, atını sultanın yanına
sürüb ərz etdi:
- Biz [burada] qərib adamlarıq. İndi isə padşahın icazəsi ilə öz diyarımıza gedirik.
Və dərhal meydandan öz mənzilinə gəlib, arvad-uşağını götürərək hərəkət bayrağını Diyarbəkrə doğ-
ru qaldırdı. Misir əmirləri onu təqib etmək istəsələr də, sultan mane oldu.
Qara Yusif Misir hüdudundan Fərat sahilinə kimi yolu onların üzünə bağlamış olan sərhəd mühafizə-
çiləri və qala qoruyucuları ilə yüz səksən yerdə döyüşüb qalib gəldi. Elə ki Mardinə çatdı, oranın sultanı izzət
və ikram şərtlərini yerinə yetirib, bir dəqiqə belə xidmətkarlıqdan və fədakarlıqdan əl çəkmədi. Həmin qışda
orada qışlaq etdi və baharın əvvəllərində, gecə ilə gündüzün bərabər olduğu vaxtda izdihamlı qoşunlar və ad-
lı-sanlı əmirlərlə, o cümlədən Bitlis
255
hakimi Şəmsəddinlə birlikdə Qara Osman Bayanduru yox edib ortadan
qaldırmağa yollandı.
Bu möhnətli xəbər o məşhur əmirə çatdıqda Həsənkeyf
256
hakimi ilə birlikdə onları qarşılamağa çıxdı
və Mardinlə Həsənkeyf arasındakı Təqi (Tağı)
257
mövqeyində böyük bir döyüş baş verdi. O əsnada Qara Os-
manın oğlu İbrahim bəy bir dəstə igidlə Qara Yusifin sağ cinahını məğlubiyyətə uğratdı. Axırda xeyirxah
252
Səqqa – hərfi mənası tuluqla su daşıyan, su satan adam, suçu və ya tuluqçu. Həmçinin ordunun su təchizatı və ordu üçün zəruri
olan suyun daşınıb gətirilməsi ilə məşğul olan adamlar da “səqqa” adlanırdılar.
253
Ləl – yaqut növündən olan al qırmızı rəngli qiymətli daş.
254
Şeyx Xasəgi – h. 804 / m. 1401-ci ildə Şam (Dəməşq) hakimi təyin edilmiş, h. 815 / m. 1412-ci ildə əl-Məlik əl-Müəyyəd adı al-
tında Məmlük sultanı olmuş və h. 824 / m. 1421-ci ildə vəfat etmişdir (Ə.Nəvai, şərhlər, s.141).
255
Bitlis (Bidlis) – Türkiyədə, Van gölündən cənub-qərb tərəfdə yerləşən bir şəhərdir.
256
Həsənkeyf (Hısın-keyfa) – Türkiyədə, Diyarbəkrdən şərq tərəfdə yerləşən yaşayış məntəqəsi.
257
Hal-hazırda Türkiyənin Mardin vilayətinin Savur ilçəsinə bağlı bir kənddir.