İPƏK YOLU, No.2, 2018, səh.15-22
15
AZAD İQTİSADİ ZONALAR – İQTİSADİ İNKİŞAFIN
POTENSİALI KİMİ
Sevil Abdullayeva
Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan
e-mail:
Sevilabdullayeva@live.com
Xülasə. Məqalədə Azərbaycanın dayanıqlı iqtisadi artımı təmin edəcək
investisiya qoyuluşlarında maraqları, iqtisadiyyatın inkişaf xüsusiyyətləri və
strateji yol xəritəsi haqqında məlumat verilir. Azad iqtisadı zonaların
üstünlükləri sadalanır. Ölkəmizin qabaqcıl ölkələrin inkişaf tendensiyalarına
uyğunlaşdırılması göstərilir.
Açar sözlər: azad iqtisadi zona, dayanıqlı iqtisadi artım, birbaşa xarici
investisiya, strateji yol xəritəsi.
FREE ECONOMIC ZONES AS A
POTENTIAL FOR THE ECONOMIC
DEVELOPMENT
Sevil Abdullayeva
Azerbaijan State University of Economics,
Baku, Azerbaijan
Abstract. The paper deals with the investment
interests of Azerbaijan that provide sustainable
economic growth. The information is given on the
features of the economic development and
strategic road maps. The advantages of free
economic zones are analysed. Adaptation of the
country to the trends in the development of
advanced countries is illustrated by the examples.
Keywords: free economic zone, sustainable
economic growth, direct foreign investment,
strategic road map.
СВОБОДНЫЕ ЭКОНОМИЧЕСКИЕ ЗОНЫ
КАК ПОТЕНЦИАЛ ЭКОНОМИЧЕСКОГО
РАЗВИТИЯ
Севиль Абдуллаева
Азербайджанский Государственный Экономический
Университет, Баку, Азербайджан
Резюме. В статье рассматриваются инвест-
иционные интересы Азербайджана, которые
призваны обеспечить устойчивый экономичес-
кий рост. Дается информация об особенностях
экономического развития и стратегической до-
рожной карте. Анализированы преимущества
свободных экономических зон. На примерах
показана
адаптация
нашей
страны
к
тенденциям развития передовых стран.
Ключевые cлова: свободная экономическая
зона, устойчивый экономический рост, прямые
иностранные
инвестиции,
стратегическая
дорожная карта.
1.
Giriş
Son 10 ildə Azərbaycan dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar
tutmuşdur. Uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına
infrastruktur modernləşdirilmiş, qeyri–neft iqtisadiyyatı inkişaf etdirilmiş, sosial rifah
yaxşılaşdırılmış, dövlətin balansında olan aktivlər artmış və ÜDM-in həcmini aşan səviyyədə
strateji valyuta ehtiyatları yaradılmışdır. 2014-cü ildən başlayaraq neft qiymətlərinin kəskin
azalması və ticarət tərəfdaşı ölkələrində iqtisadi böhran nəticəsində ölkədə iqtisadi artım
sürətinin yavaşıması, institusional və struktur çağırışlar, tədiyə balansı və qeyri–neft büdcə
kəsiri, maliyyə–bank sektorunda baş verən proseslər fonunda Azərbaycanda yeni iqtisadi
inkişaf yanaşmasına keçid zərurəti yaranmışdır. Davamlı inkişafı təmin edəcək yeni
İPƏK YOLU, No.2, 2018
Azərbaycan Universiteti
16
"avanqard" sektorların üzərində fokuslanmaqla, iqtisadiyyatın strukturu qeyri–ticari bölməyə
nisbətən ticari bölmənin, hasilata nisbətən emalın, dövlət sahibkarlığına nisbətən özəl
sahibkarlığın, aşağı texnologiya tutumlu sektorlara nisbətən yüksək texnologiyalara əsaslan
sektorların, aşağı ixtisaslı əməyə nisbətən yüksək ixtisaslı əməyə əsaslanan sahələrin, az
gəlirli bazarlara nisbətən yüksək gəlirli bazarların və aşağı dəyər yaradan sektorlara nisbətən
yüksək dəyər yaradan sektorların daha üstün artımı hesabına yenidən balanslaşacaqdır. Milli
iqtisadiyyatın strukturunun yenilənməsi biznes mühitinin daha da yaxşılaşdırılması,
ortamüddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiq edilməsi, maliyyə–bank
sisteminin sağlamlaşdırılması, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə
mümkündür.
Azərbaycanda azad iqtisadi zonaların yaradılması prosesinə start verilib. Belə ki, Bakı
şəhəri Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla
azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında
sərəncam artıq mövcuddur. Sərəncamın əsas məqsədi Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqtisadiyyatın davamlı
inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycan Respublikasının logistika və
nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat
infrastrukturunun yaradılmasıdır.
Azad iqtisadi zonaların iqtisadiyyatımıza necə təsir edəcəyi barədə, azad iqtisadi
zonalar investisiyaların cəlb olunması və yeni iş yerlərinin açılması baxımından çox vacibdir.
İqtisadi zona daha çox nəqliyyat, logistika zonasının formalaşmasına xidmət edir.
İnvestisiyaların cəlb olunması əsas hədəf olaraq nəzərdə tutulub. Belə bir iqtisadi zonanın
yaradılmasının üstünlüyü ondan ibarətdir ki, Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını
genişləndirə biləcək və ölkə ərazisinə daha çox yükdaşımalara nail olacaq. Son dövrlər
Azərbaycan ərazisində malların Avropadan və Türkiyədən Asiyaya aparılmasına olan marağın
artmasını nəzərə alaraq yeni iqtisadi zonanın yaradılması Azərbaycanın imkanlarını
genişləndirəcək. Yeni iqtisadi zona, həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan
vəsaitin artmasına da səbəb olacaq.
2.
Azad iqtisadi zonaların əsas cəhətləri
Azad iqtisadi zona yaradan ölkələrin məqsədləri müxtəlif ola bilər. Bəzi ölkələr azad
iqtisadi zonalardan iqtisadi inteqrasiya mexanizmi kimi, digərləri isə xarici texnologiyaların
cəlb edilməsi vasitəsi kimi istifadə edirlər. Məsələn, Böyük Britaniya 1981-ci ildən başlayaraq
məşğulluğun artırılması və milli səviyyədə iqtisadi konyunkturanın fəallaşdırılması məqsədilə
azad hava limanları (Liverpul, Birminhem, Kardiff, Sausanton, Prestrix və Belfast
aeroportları) yaratmağa başlamışdır. Amerika Birləşmiş Ştatlarında isə 1934-cü ildə qəbul
edilmiş qanuna əsasən azad iqtisadi zonaların yaradılmasının əsas məqsədi kimi xarici
S. ABDULLAYEVA: AZAD İQTİSADİ ZONALAR – İQTİSADİ İNKİŞAFIN...
17
malların ABŞ-a idxal edilərkən rüsumlardan azad edilməsi yolu ilə xarici ticarətin
dəstəklənməsi və təşviq edilməsi göstərilirdi.
Göründüyü kimi, azad iqtisadi zonaların yaradılması məqsədlərindəki müxtəlifliyi
görmək üçün bir neçə misal kifayət edir. Lakin, bu məqsədlərin müxtəlifliyinə baxmayaraq,
onlar müəyyən ümumiliyə də malikdirlər ki, bunların da arasında iqtisadi, sosial və elmi-
texniki məqsədləri göstərmək olar:
Sxem 1. Azad iqtisadi zonanın iqtisadi məqsədi. Müəllif tərəfindən tərtib olunub
Sxem 2. Azad iqtisadi zonanın elmi-texniki məqsədi. Müəllif tərəfindən tərtib olunub.
İq
ti
sad
i
Milli bazarın dünya təsərrüfat sisteminə
daha dərin nüfuzu
Yüksək rentabelli istehsalın inkişafı ilə
xarici və milli investisiyaın cəlb edilməsi
İxrac məhsullarının istehsalının
genişləndirilməsi
Ölkə büdcəsinə valyuta daxilolmalarının
artırılması
So
si
al
Geri qalmış regionların kompleks inkişafı
Iş yerlərinin artırılması və əhalinin
məşğulluğunun təmin edilməsi
İxtisaslı milli işçi, mühəndis, təsərrüfat və
idarəetmə kadrlarının tədrisi və
hazırlanması
Milli bazarın yüksək keyfiyyətli mallarla
təmin edilməsi
İPƏK YOLU, No.2, 2018
Azərbaycan Universiteti
18
Sxem 3. Azad iqtisadi zonanın elmi-texniki məqsədi. Müəllif tərəfindən tərtib olunub.
3.
Azad iqtisadi zonaların yaradılması prosesi və növləri
Tarixən azad iqtisadi zonaların ilk forması azad limanlar (portlar) ("porto-franko"),
yəni alıcı axtarışı zamanı malların müvəqqəti olaraq rüsum ödənmədən saxlanılması, yerli
bazarın stimullaşdırılması üçün istifadə edilən ərazilər olmuşdur. Bu ərazilər kimi ilk növbədə
iri dəniz limanı və ona yaxın ərazilər istifadə edilirdi. Bu ərazilərə xarici malların rüsumsuz
gətirilməsi və çıxarılmasına icazə verilirdi. Azad liman statusuna müxtəlif dövrlərdə İtaliyada
Livorno (1547), Genuya (1595), Venesiya (1661), Fransada Marsel (1669), Rusiyada Odessa
(1817), Vladivostok (1862), Batumi (1878) liman şəhərləri malik olmuşlar. Hazırda "azad
port" statusuna İsveçrənin Buks və Jenevport şəhərləri, Braziliyada Manaus, Rumıniyada
Sulina və bəzi digər şəhərlər malikdir. Bazarın inhisarlaşması, dövlətlərin proteksionist
siyasətinin güclənməsi, iqtisadiyyat və xüsusilə beynəlxalq ticarətin inkişafı nəticəsində azad
portlar öz yerini azad zonaların daha mürəkkəb formalarına verməyə başlamışlar.
Müxtəlif inkişaf səviyyələrinə malik olan dövlətlərdə azad iqtisadi zonaların müxtəlif
formaları tətbiq edilir. İnkişaf etmiş iqtisadiyyata malik olan dövlətlərdə (Qərbi Avropa
Dövlətləri, ABŞ, Yaponiya) üçün dəniz limanlarında rüsumsuz azad ticarət zonaları, azad
hava limanları, maliyyə-bank mərkəzləri, offşor zonalar, texniki-tətbiqi zonalar xarakterikdir.
[2]. Keçid iqtisadiyyatlı və inkişaf etməkdə olan ölkələrdə (xüsusilə Asiya-Sakit Okean
regionu və Latın Amerikası dövlətləri) ixrac-istehsal zonaları daha intensiv fəaliyyət göstərir,
belə ki, ixracı artırmaqla, bu dövlətlər öz qarşılarında duran məqsədlərə daha tez nail olmağa
çalışır və beynəlxalq əlaqələrinin genişlənməsi, həmçinin daxili sosial, iqtisadi, texniki,
texnoloji və digər məsələlərin həlli üçün zəruri olan sərbəst dönərli valyuta ehtiyatlarını
artırırlar. Bu kateqoriyada xüsusilə Asiya tipli azad iqtisadi zonalar fərqləndirilir ki, bu
zonaların da ən bariz nümunəsi Çinin xüsusi iqtisadi rayonları və xüsusi sahilyanı şəhərləridir.
E
lm
i-
te
xniki
Ən yeni yerli və xarici
texnologiyaların istifadəsi
İdarəçilik əməyinin yeni
formalarına uyğunlaşma
Elmi-araşdırma və təcrübələrin
istehsala cəlb edilməsi
İstehsal qüvvələrinin və
infrastrukturun səmərəliliyinin
artırılması
S. ABDULLAYEVA: AZAD İQTİSADİ ZONALAR – İQTİSADİ İNKİŞAFIN...
19
Keçən əsrin 90-cı illərindən başlayaraq azad iqtisadi zonaların təşkilində iki müxtəlif
konseptual yanaşmadan istifadə edilir:
ərazi;
funksional.
Birinci halda zona, bütün rezident müəssisələrin öz təsərrüfat fəaliyyətlərində güzəştli
rejimdən istifadə etdikləri xüsusiləşmiş ərazi kimi baxılır. İkinci yanaşmaya əsasən zona
firmanın ölkə ərazisində yerləşdiyi yerdən asılı olmayaraq, müəyyən növ sahibkarlıq
fəaliyyətinə tətbiq edilən güzəşt rejimi kimi başa düşülür.
Birinci hala misal olaraq Çinin azad iqtisadi zonalarını, Braziliyadakı Manaus
zonasını, inkişaf etməkdə olan ölkələrdəki ixrac-istehsal zonalarını göstərmək olar. İkinci
yanaşmanın nəticəsi müxtəlif xarakterli müəssisələrə güzəştlər tətbiq edən "nöqtəvi"
zonalardır (offşor firmalar, "duty-free" mağazalar və s.).
Bu və ya digər dövlət quruluşu üçün hansı zona tipinin daha məqsədəmüvafiq
olduğunu birmənalı olaraq müəyyənləşdirmək, bu sualın cavabına təsir edən bir çox amillər
səbəbindən qeyri-mümkündür.
Milli iqtisadiyyatların dünya iqtisadiyyatına inteqrasiyasına demək olar ki azad
iqtisadi zonaların bütün növləri kömək edir, lakin onlardan hər biri beynəlxalq
bazarınmüəyyən seqmentində fəaliyyət göstərir. Bu zaman nəzərə almaq lazımdır ki, ideal və
bütün hallar üçün uyğun olan və tətbiq edildiyi halda avtomatik olaraq birbaşa xarici
investisiyaların cəlb edilməsinə və iqtisadi inkişafın sürətlənməsinə zəmanət verən zona tipi
modeli mövcud deyildir. Ərazinin potensial imkanlarının qiymətləndirilməsi əsasında konkret
zona modelinin seçimi həyata keçirilməli, mövcud imkanlara maksimum dərəcədə adekvat
investisiya rejimi formalaşdırılmalıdır.
Azad iqtisadi zonaların yaradılması zamanı onların əsas cəhətlərini nəzərdən keçirmək
zəruridir: təsərrüfat fəaliyyətinin təşkilati formaları, ölkə ərazisində istehsal qüvvələrinin
yerləşdirilməsi üsulları, azad iqtisadi zonada yaradılan əlavə dəyərin istehsal və bölgü
imkanları, azad iqtisadi zonanın sərhədlərinin onunla əlaqəli olan digər təsərrüfat sahələrinə,
sferalara, ərazilərə genişlənmə imkanları və s.
Lakin, qeyd edilməlidir ki, azad iqtisadi zonaların yaradılması ölkənin və ya regionun
inkişafının elementlərindən yalnız biridir. Bu yalnız o zaman mahiyyət kəsb edir ki, fəal
struktur və regional siyasət həyata keçirilsin, beynəlxalq iqtisadi münasibətlərin və beynəlxalq
ictimaiyyətlə əməkdaşlığın inkişafına zəruri diqqət yetirilsin.
Bununla yanaşı, azad iqtisadi zona yaradılarkən vaxt amili nəzərə alınmalıdır. Bəzi
qərb iqtisadçılarının araşdırılmalarına əsasən, azad iqtisadi zonanın yaradılması prosesi dörd
əsas mərhələyə bölünür.
Bu mərhələləri aşağıdakı diaqramda görmək olar:
İPƏK YOLU, No.2, 2018
Azərbaycan Universiteti
20
Sxem 4. Azad iqtisadi zonanın yaradılması prosesi mərhələləri. Müəllif tərəfindən tərtib olunub
Azad iqtisadi zonaların yaradılma məqsədləri onları təşkil edən dövlətlərin sosial-
iqtisadi inkişaf səviyyəsindən, onların strateji və inkişaf prioritetləri və planlarından və s.
asılıdır. Bu səbəbdən, hər bir konkret halda, azad iqtisadi zonaların yaradılması səbəbləri və
məqsədləri bir-birindən fərqlənir. Belə ki, sənaye cəhətdən inkişaf etmiş dövlətlərdə, məsələn
Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, Fransada azad iqtisadi zonalar sırf
beynəlxalq iqtisadi əlaqələrin fəallaşdırılması, depressiv rayonlarda orta və kiçik biznesin
inkişafına yönəlmiş regional siyasətin həyata keçirilməsi, regionlararası fərqlərin aradan
qaldırılması məqsədi ilə yaradılmağa başlamışdır. Bu məqsədlər üçün, göstərilən
kateqoriyadan olan sahibkarlara milli qanunvericilikdə öz əksini tapan müxtəlif növ vergi
güzəştlərinin verilməsi bu dövlətlərdə simvolik olaraq "vergi inqilabı" adını almışdır və azad
iqtisadi zonalar bu prosesdə kifayət qədər əhəmiyyətli rol oynayır. Faktiki olaraq, onlar bu
prosesdə dünya təsərrüfatı miqyasında miqrasiya edən kapital üçün tələ rolunu oynayırlar.
Azad iqtisadi zonaların bəzi geniş yayılmış növləri aşağıdakılardır:
Azad ticarət zonaları (Free trade zones)- azad iqtisadi zonaların demək olar ki,
dünyada ən geniş yayılmış növüdür. Tarixi baxımdan ən qədim azad ticarət zonaları XIX
əsrdə Almaniyanın azad Hamburq və Bremen şəhərlərində yaradılmış zonalar hesab olunur.
Azad ticarət zonaları ölkənin onun milli gömrük məkanından kənarda hesab edilən
məhdud əraziləridir. Bu zonaların azadlığı o deməkdir ki, orada mallar gömrük
rüsumlarından, idxal vergilərindən və maliyyə nəzarətinin digər formalarından azaddır. Azad
ticarət zonalarına gətirilən mallar bəyan edilmir, lakin, gömrük orqanları qaçaqmalçılığa və
qadağan olunmuş malların gətirilməsinə yol verməmək məqsədilə zona daxilində nəzarət
tədbirləri həyata keçirə bilərlər.
Azad (rüsumsuz) gömrük zonaları (Free customs zone)- bu zonalar azad iqtisadi
zonaların ən sadə formalarından biridir. Bu növ zonalar XVII-XVIII əsrlərdən mövcuddur və
xarici iqtisadi fəaliyyətin stimullaşdırılmasına xidmət edir. Azad gömrük zonaları ixrac üçün
nəzərdə tutulmuş malların saxlanılması, qablaşdırılması və cüzi emalı üçün istifadə olunan
İnvestisiyaya qədərki dövr
İnvestisiya dövrü
Əməliyyat dövrü
İnkişaf dövrü
S. ABDULLAYEVA: AZAD İQTİSADİ ZONALAR – İQTİSADİ İNKİŞAFIN...
21
tranzit və ya konsiqnasiya anbarlarıdır. Bu zonaları çox vaxt bond anbarları və ya azad
gömrük əraziləri adlandırırlar. Adətən, həmin zonaların yerləşdiyi dövlətdə qeyri-rezident
olan idxalçı müəssisələr bu zonalarda öz filiallarını yaradırlar. Azad gömrük zonalarında
mallar rüsumsuz idxal və ixrac olunurlar. Bu növ zonalar bir çox dövlətlərdə mövcuddur,
lakin sənaye cəhətdən inkişaf etmiş dövlətlərdə daha geniş vüsət almışlar.
İxrac-istehsal zonaları (Export-production zones)- bu zonalar ikinci nəsil azad
iqtisadi zonalara aid edilən Sənaye-istehsal zonalarının ən geniş yayılmış növü olmaqla,
ticarət zonalarına yalnız malların yox, həm də kapitalın gətirilməsinə başlanması ilə əlaqədar
olaraq bu zonaların təkamülü nəticəsində meydana çıxmışlar.
Nəticə. Azərbaycan iqtisadiyyatı ölkənin dəmir yolları ilə paralel həmçinin Xəzər
hövzəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Ələt iqtisadi zonasından bəhrələnəcəkdir.
Azərbaycanın şaxələndirilmiş nəqliyyat-logistika imkanları ölkədən ixracın artması üçün
zəmin olacaq, bütövlükdə isə biznes xərclərinə qənaət edilməsinə gətirib çıxaracaqdır.
Bundan əlavə, təkmilləşdirilmiş nəqliyyat infrastrukturu Azərbaycanın bütün bölgələrinin
daha yaxşı inteqrasiyasına şərait yaratmaqla, regionlarda biznesin inkişafına əlavə təkan
verəcəkdir.
İnvestisiyalar həyata keçirildikdən sonra yerli xammala ehtiyac yaranacaq. Azad
iqtisadi zonalar, həmçinin ehtiyatda olan məhsulların bir qisminin daxili bazara çıxarılmasına
geniş imkan yaradacaq. Bu da sözsüz ki, öz növbəsində idxaldan asılılığın aradan qaldırılması
və yerli məhsulun bazara çıxarılması baxımından çox vacibdir. Sözügedən zona ümumilikdə
Azərbaycan iqtisadiyyatının inkişafına böyük müsbət təsir göstərəcək. Belə zonalar xüsusilə
regionlarda yaradılsa, daha yaxşı olar. Qeyd etmək lazımdır ki, iqtisadi zonaların yaradılması
üçün spesifik potensiala ehtiyac yoxdur. Burada söhbət güzəştlərin tətbiq olunmasından gedir.
İnfrastrukturumuz və mövcud şərait imkan verir ki, Azərbaycanda belə iqtisadi zonaların
yaradılmasına nail olunsun.
Azad iqtisadi zonaların ən mühüm, üstün cəhəti ondan ibarətdir ki, orada mallar
gömrük rüsumlarından, vergilərdən və maliyyə nəzarətinin bəzi formalarından azaddır. Amma
bütün bunlara baxmayaraq, gömrük orqanları qaçaqmalçılıq və digər qadağan olunmuş
malların gətirilməsinin qarşısını almalıdır. Hazırda dünyada 1000-dən çox azad iqtisadi zona
mövcuddur və bunların 300-ə yaxını azad ticarət zonalarıdır. Dünya ticarət dövriyyəsinin
25%-i məhz bu ticarət zonalarının payına düşür. Azərbaycanda bir neçə layihəyə baxılıb və
yalnız Ələt İqtisadi zonası perspektivli hesab edilə bilər. Avropa ilə Asiyanı birləşdirən Bakı-
Tbilisi-Qars
dəmiryolu,
nəqliyyat-logistika
mərkəzinin
yaradılması, sərnişin və
yükdaşımalarının kəskin artması bu layihəni daha da cəlbedici edəcək. Yeni qəbul ediləcək
qanun layihəsində Ələt İqtisadi Zonasının maliyyə mənbələri də öz əksini tapacaq. Belə ki,
burada sahənin icarəyə verilməsi, kommersiya razılaşmaları, investisiya qoyuluşu və digər
məsələlər də öz həllini tapacaqdır.
“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi hazırda MM-in müzakirəsinə
tövsiyə olunub. Ölkəmizdə yaradılan azad iqtisadi zonaların idarə edilməsi və inkişafı, həmin
İPƏK YOLU, No.2, 2018
Azərbaycan Universiteti
22
zonalarda səlahiyyətli qurumların hüquq və vəzifələri, xarici investorların hüquqları ilə
yanaşı, Azərbaycan vətəndaşlarının da hüquqlarının qorunması və digər mühüm məsələlər
burada öz əksini tapmışdır.
Ədəbiyyat
1.
“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”
Bakı, 6 dekabr 2016-cı il.
2.
Farole, T., Akinci, G. (Eds.). (2011). Special economic zones: progress, emerging
challenges, and future directions. World Bank Publications.
3.
http://www.bibliofond.ru/search/?keywords=специальные%20экономические%20зоны
Dostları ilə paylaş: |