dırmaşmaq lazımdırsa, o dırmaşacaq. Yaxud palçıqdan, çirkabdan keçmək lazım
gəldisə...
LEDİ ÇİLTERN. Yəni?
LORD QORİNQ. Yəni o, çirkabdan keçmək lazım gəldikdə mütləq oradan
keçəcək... Mən əlbəttə, ümumiyyətlə deyirəm bunu.
LEDİ ÇİLTERN (vurğuyla). Əminəm ki, elədir ki var. Siz mənə niyə belə qəribə
tərzdə baxırsınız, lord Qorinq?
LORD QORİNQ. Ledi Çiltern, bəzən mən düşünürəm ki... siz... sizin
mühakimələriniz çox sərtdir... hər halda, həyat barədə siz bir balaca sərt
düşünürsünüz... Məncə, siz daha çox səbirsizsiniz... Dərinə getsək, elə hər kəsin
bir zəif damarı olur, bəlkə, zəiflikdən də pis cəhəti olur. Elə götürək hər hansı bir
görkəmli siyasi xadimi, mənim atamı, məsələn, yaxud lord Mertonu, ya da elə
Roberti, nə vaxtsa, lap çoxdan kiməsə bir axmaq, deyək ki, elə ehtiyatsız bir
məktub yazıb...
LEDİ ÇİLTERN. Ehtiyatsız? Nə demək istəyirsiniz?
LORD QORİNQ. Elə bir məktub ki, onun özünü gözdən salır, ləkələyir... Mən,
əlbəttə, təsəvvür edirəm...
LEDİ ÇİLTERN. Robert belə ehtiyatsız hərəkətlər edə bilməz. O, sarsaq
hərəkətlərə heç yol verməz.
LORD QORİNQ (pauzadan sonra). Hər kəs ehtiyatsız hərəkət edə bilər. Heç kim
səhv və ya sarsaq hərəkətlər etməkdən sığortalanmayıb.
LEDİ ÇİLTERN. Siz pessimistsiniz? Sizin o biri modabazlar buna nə deyəcək,
hə? Yəqin, onlar da yas içində olarlar...
LORD QORİNQ (qalxır). Yox, ledi Çiltern, mən pessimist deyiləm. Əslində, mən
heç əmin də deyiləm ki, pessimizmin nə demək olduğunu bilirəm, ya yox! Mənim
bildiyim şey budur ki, həyatı anlamaq üçün gərək bir qədər ona mərhəmət,
lütfkarlıq göstərəsən, insanı başa düşmək üçün mütləq gərək ona mehriban və
xeyirxah olasan. İnsanlar arasında yaşayırsansa, onlara qarşı gərək mehriban
olasan, xeyirxahlıq göstərəsən. Bu sevgidir, alman fəlsəfəsi deyil, dünyanın,
həyatın izahı sevgidir, məhəbbətdir. Bu sevgi bizim dünyamızın, bu aləmin
əsasıdır. Mən bilmirəm göylərdə, o biri dünyada necədir, bizim gerçək
dünyamızdan danışıram. Ledi Çiltern, sizə bir şey demək istəyirəm... əgər, Allah
eləməmiş, sizə bir bədbəxtlik üz versə, ya da bir işə düşsəniz, çətin vəziyyətdə
olsanız, yadda saxlayın ki, hər zaman sizə kömək etməyə hazıram. İnanın mənə,
əlimdən gələni edərəm sizin üçün. Sadəcə, mənə iki kəlmə yazın ki, “sizi görmək
istəyirəm”. Dərhal gələrəm. Ya da dərhal birbaşa mənim yanıma gəlin.
LEDİ ÇİLTERN (təəccüblə ona baxır). Lord Qorinq, siz tamam ciddi şeylər
deyirsiniz. Sizi heç vaxt belə ciddi görməmişdim!
LORD QORİNQ (gülür). Bağışlayın, ledi Çiltern, daha ciddi olmaram!
LEDİ ÇİLTERN. Amma ciddi olanda siz mənim xoşuma gəlirsiniz.
Meybl Çiltern daxil olur. Əynində gözəl don var.
MEYBL ÇİLTERN. Əzizim Gertruda, lord Qorinqə belə dəhşətli şeylər
söyləməyin! Ciddilik ona yaraşmaz. Xoş gördük, lord Qorinq və xahiş edirəm,
bacardıqca qeyri-ciddi olun!
LORD QORİNQ. Məmnuniyyətlə, miss Meybl, olardım... amma bu gün nəsə
alınmır. Hə, təəssüf ki, mən indi gedirəm...
MEYBL ÇİLTERN. Elə mənim gəlməyimi gözləyirdiniz! Nə pis maneranız var
e! Yüz faiz bilirəm ki, sizi çox pis tərbiyə ediblər!
LORD QORİNQ. Elədir, çox pis!
MEYBL ÇİLTERN. Kaş sizi mən tərbiyə edəydim!
LORD QORİNQ. Heyif!
MEYBL ÇİLTERN. İndi də çox gecdir, elə deyil?
LORD QORİNQ (gülür). Çox da əmin deyiləm buna...
MEYBL ÇİLTERN. Səhər at sürməyə gedəcəksiniz?
LORD QORİNQ. Hə, saat onda.
MEYBL ÇİLTERN. Unutmayın ha!
LORD QORİNQ. Heç elə şey olar! Yeri gəlmişkən, ledi Çiltern, bugünkü
“Morninq Post”da sizin dünənki qonaqlarınızın siyahısı yoxdur. Görünür, siyahını
verə bilməyiblər, onun yerini şəhər sovetinin iclasının hesabatı, ya kilsə konfransı
barədə material, ya da bunlara oxşar zibil məlumatlar tutub. O siyahını mənə verə
bilərsinizmi? Bunu istəməyə xüsusi səbəbim var, ona görə lazımdır...
LEDİ ÇİLTERN. Mister Trafford sizə bir nüsxə verər.
LORD QORİNQ. Təşəkkür edirəm.
MEYBL ÇİLTERN. Tommi Londonda ən lazımlı adamdır.
LORD QORİNQ (ona sarı dönərək). Bəs Londonda ən füsunkar adam kimdir?
MEYBL ÇİLTERN (təntənə ilə). Mən!
LORD QORİNQ. Maşallah, çox ağıllısınız, tapdınız! (Şlyapasını və əlağacını
götürür.) Xudahafiz, ledi Çiltern! Dediklərimi unutmayın, yaxşımı?
LEDİ ÇİLTERN. Unutmaram. Amma bilmirəm bunları mənə nə üçün dediniz?!
LORD QORİNQ. Elə mən özüm də yaxşı bilmirəm. Sağ olun, miss Meybl!
MEYBL ÇİLTERN (bir qədər yalançı məyusluqla). Təəssüf ki, gedirsiniz! Mən
sizə nəsə söyləmək istəyirdim... bax mənim başıma bu gün dörd əntiqə macəra
gəlib, hətta dörd yarım... Qalsaydınız, sizə də söyləyərdim.
LORD QORİNQ. Hətta dörd yarım, hə? Bəs mənim üçün saxlamadınız o
macəralardan? Ay sizi, eqoist!
MEYBL ÇİLTERN. Mən heç istəmirəm sizin başınıza macəra gəlsin! Onlar sizə
zərər gətirər!
LORD QORİNQ. Bax bu, yeganə amansız bir söz idi ki, siz mənə heç vaxt
deməmişdiniz. Amma bu sözü elə sevimli dediniz ki! Hə... sabah onda! Oldu?
MEYBL ÇİLTERN. Düz saat onda!
LORD QORİNQ. Dübbədüz! Amma mister Traffordu gətirməyin ha!
MEYBL ÇİLTERN. Oh, yox, mən Tommini götürməyəcəyəm! Tommi etibardan
və gözümdən düşüb.
LORD QORİNQ. Bunu sizdən eşitməyimə şadam. (Təzim edir və çıxır.)
MEYBL ÇİLTERN. Gertruda, Tommi Traffordla siz özünüz danışardınız da!
LEDİ ÇİLTERN. Yazıq Tommi yenə nə edib sizə? Robert deyir ki, Tommi ən
yaxşı köməkçidir.
MEYBL ÇİLTERN. Tommi yenə mənə evlənmək təklif etdi. Hər dəfə də elə
bunu edir. Dünən konsertdə də mənə evlənmək təklif etdi; o anda mən tamam
müdafiəsiz idim, çünki hansısa mürəkkəb bir trio ifa olunurdu; heç ağzımı da aça
bilmədim. Musiqiçilər axı ağılsız xalqdır, adamı lal görmək istəyirlər. Özü də bu,
o vaxt olur ki, sən kar olub heç musiqiyə qulaq asmaq belə istəmirsən. Bu gün
səhər isə o, yenə mənə evlənməyi təklif etdi, özü də küçədə, o Axillesin qorxunc
heykəlinin qarşısında; gör e, o dəhşətli sənət əsərinin qarşısında həmişə nəsə
qorxulu hadisələr baş verir. Bilmirəm bu polis hara baxır! Lanç zamanı Tomminin
gözlərinin parıltısından bildim ki, o, yenə mənə evlənmək təklifi edəcək, lakin
mən vaxtında onu saxladım və dedim ki, mən bimetallistəm. Doğrusu, heç özüm
də bilmirəm bu nədir. Məncə, heç kəs bilmir mənasını. Lakin bu söz Tommini
düz on dəqiqə susdurdu. Onun üzü tamam dəyişmişdi. O, mənə təklifini ucadan
söyləsəydi, dərd yarıydı, heç olmasa, camaatda bir maraq yaradardı bu. Yoxsa
qulağıma pıçıldayır, heç kəs də eşitmir... Tommi hissiyyata qapılanda, elə bil,
həkimdir, xəstəsiylə danışır. Mən Tommini çox sevirəm, amma onun evlənmək
təklifi metodu tamam köhnəlib. Gertruda, xahiş edirəm, siz ona deyin ki, heç
olmasa, həftədə bir dəfə təklifini eləsin, özü də ucadan söyləsin bunu.
LEDİ ÇİLTERN. Əziz Meybl, belə danışmayın. Axı Robert mister Trafford
barədə çox yüksək fikirdədir. O inanır ki, Tomminin parlaq gələcəyi var.
MEYBL ÇİLTERN. Ah! Dünya dağıla, mən parlaq gələcəyi olan adama ərə
getmərəm!
LEDİ ÇİLTERN. Meybl!
MEYBL ÇİLTERN. Bilirəm, əzizim. Siz parlaq gələcəyi olan adamla
evlənmisiniz, eləmi? Lakin Robert axı dahidir, siz isə nəcib, fədakar qadınsınız.
Siz dahilərə dözə bilirsiniz. Mənim isə heç dözümüm yoxdur, Robert yeganə
dahidir ki, mən ona dözürəm. Bir qayda olaraq dahilər dözülməz olurlar. Onlar
çox danışırlar, elə deyilmi? Pis vərdişdir! Həm də onlar yalnız özləri barədə
düşünürlər, amma mən istəyirəm ki, mənim barəmdə düşünsünlər. Ah! Mənim
məşqimin vaxtıdır! Ledi Bezildongilə getməliyəm! Biz axı canlı şəkillər
düzəldəcəyik, yadınızdan çıxıb? Nə bilim nəyinsə təntənəsi... Məncə, bu elə
Dostları ilə paylaş: |