Mehmet FUAD KÖPRÜLÜNÜN “AZƏRİ” ƏSƏRİ
AZƏRİ ümumiyyətlə “Azərbaycana mənsub” mə'nasını bildirən kəlmə, söz olmaqla bir-birindən tamamilə ayrı iki mə'nada işlədilir.
A) Azərbaycanda əskidən bəri işlədilən yerli ləhcəyə X-XIII əsr islam müəllifləri - Məs'udidən Yaqut Həməviyə qədər- azəri adını verirlər. Onlar bu ləhcəni səhv olaraq fars ləhcələrindən biri kimi göstərirlər.1 Yalnız Yaqubi IX əsrdə azəri sözünü Azərbaycanda yaşayan iranlı xalqın adı olaraq işlədir (Kitabi-əl-buldan, Leyden, s. 273). Ancaq, sonrakı müəlliflərdə sözün bu mə'nada işlədildiyini görmürük. Buna görə azəri sözünün ibtidai etnik bir anlatma mə'nasında işlədildiyi halda, dilə xas olan bir termin mahiyyəti aldığı təxmin edilməkdədir.
B) Cənubi və Şimali Azərbaycan (Arran və Şirvan) əraziləri XII-XV əsrlərdə tamamilə türkləşdikdən sonra azəri sözü buralarda yaşayan türklərin ləhcəsi kimi ifadə edilmişdir. XIX əsr İran və Avropa müəlliflərindən bə'ziləri sözün əski məfhumunu bilmədikləri üçün azəri sözünü sadəcə “Azərbaycanın əski Türk ləhcəsi” mə'nasını bildirdiyini qeyd etmişdilər. Nəsrəddin şah Qacar dövründə bir hey'ət tərəfindən yazılmış “Naməi - danişvərən” adlı əsərdə əski mətnlərdən bir hadisə olduğu kimi verilir. Burada göstərilir ki, Xətib Təbrizi ilə Əbülüla Mə'ərri arasındakı bir hekayədə2 adı çəkilən azəri kəlməsi şübhəsiz səhv olaraq “zəbani türkan”, yə'ni “türkcə” tərcümə edilmişdir. İngilis alimi, şərqşünas Q.le Ştranq da eyni səhvdən qaça bilməyərək azərini “Azərbaycanın əski türk ləhcəsi” hesab etmişdir (Nusxat əl-kulub, ingil. tər. GMS, 1919, XXIII, 2, s 87). Bəlkə də bu səhvin nəticəsi olaraq şərqşünaslar arasında İran Azərbaycanı və Cənubi Qafqaz ərazilərində yaşayan türklərin və hətta bütün İran türklərinin ləhcələrinə azəri adı verilməyə başlanmışdır. İlk dəfə dərbəndli Mirzə Kazım bəy “Obşaya qrammatika tyuretsko-tatarskoqo yazıka” adlı 1839-cu ildə Kazanda nəşr etdirdiyi əsərində (alm.tərc., J,Th Zenker Allgem. Gram. der tüki- Sch- tatarishcn Sprache, Leipzig, 1848) azəri adını verdiyi bu ləhcəni ilk dəfə olaraq şimali (yə'ni Qafqazda söylənən) və cənubi (yə'ni İran Azərbaycanında söylənən) olmaqla ikiyə ayırmışdır. Ondan sonra gələn alim və şərqşünaslardan F.Qiese, Karl Foy, Vamberi, Adolf Berce, Adolf Dirr, V.Barthold və Cirkov da bu termini eyni mə'nada işlətmişdilər. 1917-ci ildə Rusiyada çar monarxiyasının yıxılmasından sonra Cənubi Qafqazda qurulan Türk Respublikasının rəsmən “Azərbaycan Respublikası” adını alması azəri sözünün buradakı türkləri və onların dillərini ifadə etmək üçün işlədilməsini məqbul saymışdır.
Ancaq, əsas mövzumuzdan bəhs etməkdən əvvəl bu cəhəti xüsusilə açıq söyləyək ki, biz burada azəri sözünü adlarını çəkdiyimiz müəlliflərdən tamamilə fərqli bir mə'nada işlədəcəyik. Bizim fikrimizə görə, bu söz yalnız bu günkü İran Azərbaycanı və Cənubi Qafqaz türklərinin danışdıqları türk dili şö'bəsinə və ya şöbələrinə deyil, daha geniş olaraq, ümumiyyətlə, İran, Qafqaz, hətta Şərqi Anadolu və İraq türkləri arasında uzun əsrlərdən bəri zəngin ədəbiyyat vücuda gətirən “ədəbi ləhcəyə” aid edilməlidir. İrəlidə aparılacaq xüsusi tədqiqatlar və müqayisələr nəticəsində bütün bu geniş sahədə bir-birindən az və ya çox fərqlərlə ayrılan bir çox şivələrin, ləhcələrin mövcudluğu əlbəttə qeyd olunacaqdır. Lakin, türkcənin iki ədəbi ləhcəsi olan cığatay və osmanlı ləhcələri ilə bərabər Xorasandan Anadoluya və Qafqazdan Bağdada qədər geniş bir sahədə XIV əsrdən bəri hakim olan üçüncü bir ədəbi ləhcə də vardır.3 Bu da azəri ləhcəsidir. Osmanlıca deyilən Qərbi Oğuz ədəbi ləhcəsi ilə çox yaxın və çox sıx münasibətləri olan bu azəri ədəbi ləhcəsi həqiqətdə Şərqi Oğuz ədəbi ləhcəsindən başqa bir şey deyildir. Aşağıda bu ədəbi ləhcənin təşəkkülündəki başlıca etnik və tarixi amillər izah edilərkən bu cəhət daha yaxşı anlaşılacaqdır.
A) AZƏRİ - FARS LƏHCƏSİ
Əski islam müəllifləri Balazuri, Yaqubi, İbn Həvqal, Məs'udi və Müqəddəsi Azərbaycanın iranlı xalqının xüsusi bir ləhcələri olduğunu qeyd edərək buna azəri adını verirlər. Hətta Yaqut bu ləhcəni orada yaşayan xalqdan başqa heç kəsin anlamadığını da açıq söyləyir. MARKUARTIN ehtimalına görə, Eşkaniyan dövrünün ədəbi dili olan əsil pəhləvi dili əsas e'tibarilə Azərbaycan dilindən başqa bir şey deyildir. (Eranşahr nach der Geographie des Ps. Moses Xoremac'i. Abh. G.W. Gott. Berlin. 1901. s. 123).
İbn əl- Müqəffə, Həmzəi İsfahani və Xvarizmi kimi müəlliflərin Azərbaycan xalqının dilini pəhləvi deyə adlandırmaları da Markuartın bu ehtimalını təsdiq etməkdədir.
Azərbaycandakı yerli danışıq dilinin, yə'ni azəri ləhcəsinin İrandakı digər ləhcələrdən və xüsusilə yeni farsca dediyimiz ümumi ədəbi dildən çox fərqli olduğunu4 göstərən müxtəlif şahidlərə malikik: HAKİM Naşiri XOSROV 438 (1046/1047) - ci ildə Təbrizdə məşhur şair QƏTRAN ilə görüşdüyünü anladırkən onun fars dilini yaxşı bilmədiyini, hətta Mancik və Dəqiqi kimi bə'zi şairlərin divanlarında başa düşmədiyi yerləri ondan soruşub öyrəndiyini qeyd edir (Naşiri Husrav. Safar-nama. nəşr. Sh. Schefer. Paris. 1881. s. 6; nəşr. Gani-zade. Berlin. 1341. s. 8). Həyatının böyük bir hissəsini Azərbaycanda keçirən və danışıq dili olaraq azəri ləhcəsini işlədən Qətran haqqındakı bu ifadəni azəri ləhcəsinin ədəbi farscadan çox fərqli olması ilə izah etmək lazım gəlir. Qətranın bizə qədər gəlib çatan bir çox mənzumələri onun ədəbi farscanı böyük bir qüdrətlə işlətdiyini açıqca göstərməkdədir. Yenə bu dövrdə yaşamış Xətib Təbrizi ləqəbi ilə tanınan Əbu Zəkəriyyə Yəhya bəy Əliyə aid bir hekayədə Təbriz xalqının danışıq dilini azəri deyə adlandırır (Ansab-i samani. GMS. s. 110 b. Mu'cam al udaba. 1. 173).
Azərbaycan ərazisinə hələ Səlcuq İmperiyasının quruluşundan əvvəl bir neçə türk zümrələrinin gəldiyini bilirik. Lakin, Şərqdən gələn məhdud və keçici mühacirət dalğalarından çox şimaldan gələn mühacirlər daha davamlı və etnik baxımdan daha əhəmiyyətli idi. Həmçinin bütün İran daxilində olduğu kimi, Azərbaycanda da türk ünsürünün çoxalması
Səlcuq İmperiyası dövründə oldu5 və bu vəziyyət azəri ləhcəsinin işlənmə sahəsini daraltdı.
Ancaq buna baxmayaraq, XIII əsrin əvvəllərində Azərbaycanda azəri ləhcəsinin hələ yaşadığı Yaqutun ifadəsindən anlaşılır. Monqolların istilası və İlxanlıların hakimiyyəti bütün İranda olduğu kimi, Azərbaycandakı yerli İran ünsürünü də böyük nisbətdə azaltdı və bunların buraxdıqları boşluq yeni türk mühacirətləri sayəsində dolduruldu. Azərbaycanın İlxani hökmdarları tərəfindən siyasi və idarə mərkəzi qəbul edilməsi müxtəlif yerlərdə öz hərbi hissələrini yerləşdirmələri türk və monqol ünsürünün bu ərazidə sür'ətlə çoxalmasına səbəb oldu.
XIV əsrin əvvəllərində köçəri və yarımköçəri türklərdən başqa, kəndlərdə, kiçik qəsəbələrdə və böyük şəhərlərdə də türk ünsürü qüvvətli bir əksəriyyət təşkil etmişdir. XV əsrdə isə bir neçə tarixi və etnik amillərin tə'siri ilə Azərbaycan artıq tamamilə türkləşmişdir.
Azərbaycanın etnik quruluşundakı bu dərin dəyişiklik XV əsrdən sonra azəri dediyimiz əski yerli ləhcənin ortadan qalxması ilə nəticələndi. İlxanlıların son dövrlərində Marağa, Zəncan kimi şəhərlərdə pəhləvi ləhcəsində danışıldığını qeyd edən Həmdullah Müstəvfi bu sözlə şübhəsiz yerli danışıq dili olan azərini nəzərdə tutmuşdur. Bu ləhcəyə aid olaraq bizə qədər gəlib çatmış məhdud misallar da xüsusilə bu dövrdən qalmışdır. Səfəvilərin cəddi – böyük sufi Şeyx Səfiəddin Ərdəbili (1252-1334) haqqında onun oğlu Şeyx Sədrəddinin mürşidlərindən olan İbn Bəzzaz tərəfindən yazılmış olan “Səfvət əl - səfz” adlı qiymətli əsərdəki bir neçə mənsur cümlə ilə şeyxin söylədiyi üç mənzum parça və bir də Şeyx Hüseyn Qəlyaninin “Silsilə əl - nəsəbi Səfəviyyə” adlı əsərində yenə Səfiəddinə aid edilən on bir mənzumə o dövrdəki Ərdəbil ləhcəsinin məhsulu olaraq qəbul edilə bilər. İranın məhəlli ləhcələri ilə söylənən və pəhləvi adı verilən dördlüklərdən (bax: Əruz, İran) fərqli olmayan bu mənzumələrə İbn Bəzzaz da pəhləvi adı verməkdədir (Səfvət əl-səfa, s. 220). İçində çaxmaq, çaqmaq kimi kəlmələrə də rast
gəldiyimiz bu mənzumələrə əvvəl Seyyid Əhməd Kəsrəvi elm aləminin diqqətini çəkmiş və bunların azəri ləhcəsinin məhdud nümunələri olmaq baxımından əhəmiyyətini göstərmişdir. İranın məşhur şair və sufilərindən təbrizli Şah Qasım əl-Ənvərin “Divan”ında azəri ləhcəsi ilə yazılmış bə'zi nadir nümunələr mövcuddursa da, bunlar indiyə qədər heç kəsin diqqətini cəlb etməmiş və hələ də heç bir tədqiqata mə'ruz qalmamışdır.
BİBLİOQRAFİYA: Azəri ləhcəsi haqqında indiyə qədər olan yeganə tədqiqatlar bunlardır: Seyyid Əhməd Kəsrəvi, Azəriyə zəbani büstani Azərbaycan (Tehran, 1304, bu risalənin ingiliscə xülasəsi bə'zi izahlarla E.Denison Ross tərəfindən nəşr olunmuşdur. Bax: JRAS, Kanun II, 1927, s. 148-157); Buna əlavə olaraq Mirzə Məhəmməd Qəzvini, Bist məqaləyi Qəzvini (Bombey, 1928), I, s. 141-148); Şeyx Səfiəddinə aid mətnlər üçün baxın: İbn Bəzzaz, “Səfvət əl-səfa”, daş basma ilə, Kəlküttə, 1329 (1911); Şeyx Hüseyn Zahidi, “Silsilə əl-nəsəbi Səfəviyyə» (Berlin, 1343); Bu əsərin ingiliscə nüsxəsi üçün bax: E.G. Browne. Note on an apparently unique manuscript. History of the Safawi Dynasty of Persia (JRAS. haziran. 1921. s. 395-418).
B) AZƏRİ-TÜRK LƏHCƏSİ
I. İran və Şimali Azərbaycanda türk dili.
Yuxarıda qısaca bəhs etdiyimiz kimi, bu gün İranın bir çox yerlərində - Xorasan, Astarabad, Fars, Həmədan, Xuzistan və Tehranda əsrlərdən bəri yaşayan və xüsusilə İran Azərbaycanı ilə Cənubi Qafqazda çox böyük bir əksəriyyət təşkil edən türklərin dillərinə XIX-XX əsr qərb müəllifləri azəri adını vermişdilər (yalnız Xorasan və Astarabad türkmənlərinin dili türkmən dili adlanır). İrandakı ən böyük türk toplumunun Azərbaycanda olması və sonradan rus hakimiyyəti altına düşən Cənubi Qafqazın da müxtəlif baxımlardan Azərbaycanın bir parçası kimi qəbul edilməsi bu sözün işlədilməsində amil olmuşdur. Aşağıda izah edəcəyimiz kimi, bir çox böyük tarixi amillərin tə'siri ilə uzun əsrlər əsnasında meydana gə-
lən bu vəziyyət XVI əsrdən bəri etnik baxımından heç bir əhəmiyyətli dəyişikliyə uğramadan davam edib gəlməkdədir.
Fransız səyyahı Kardin bir çox əsrlər əvvəl Səfəvi İranında türk dilinin saray və ordu dili olduğunu və İranın böyük bir hissəsində, qərb və cənub sərhədlərindən başlayaraq əski Partlar məmləkətinin daha o tərəflərinə (arxasına) qədər farscadan daha çox türkcə danışıldığını müşahidə etmişdir. Qəznəlilərdən başlayaraq XX əsrdə Qacarların süqutuna qədər həmin bü türk sülalələri tərəfindən idarə edilən İranda və Cənubi Qafqazda türk dilinin belə bir əhəmiyyət qazanması təbii idi. Hökmdarların, böyük hərbi sərkərdələrin və ordunun ana dili olan, məmləkətin bir çox yerlərində, böyük şəhərlərdə, qəsəbələrdə, kəndlərdə və köçərilər arasında danışılan türk dili böyük və qüvvətli bir elm və ədəbiyyat dili olub məktəb və mədrəsələrdə, dövlət dairələrində hakimiyyətini daima mühafizə edən fars dilinin nüfuzuna baxmayaraq əhəmiyyətini itirmədi. Türk dili yalnız danışıq dili olaraq deyil, yüksək ədəbiyyat dili olaraq da farscadan sonra ikinci yeri tutdu.
Azəri ləhcəsinin ədəbi inikşaf və təkamülündən ayrıca bəhs edəcəyimiz üçün buradaca yalnız xalq dili sifəti ilə İranda türk dilinin əhəmiyyətini göstərəcəyik. Bu xüsusda müxtəlif əsrlərə mənsub bir çox səyyahların şahidliyinə əsaslana bilərik. XVII əsrdə Rafael du Mans türk dilinin yalnız İranda və türk məmləkətlərində deyil, Gürcüstan və Rusiyada da ticarət işlərində mühüm bir vasitə olduğunu qeyd etdiyi kimi (Estat de la Perse en 1660 nşr. Ch. chefer. Paris. 1890), Olearius da XVIII əsrin əvvəllərində Şirvanda türk dilinin ümumi dil olduğunu və yalnız türklərin deyil, əcəmilərin, ermənilərin və gürcülərin də aralarında türkcə danışdıqlarını qeyd etməkdədir (Relation du voyage de Moscovie. Tartarie. et de Perse. Paris. 1656. s. 271).
İranın şərq və qərb sərhədlərinin tamamilə türk dövlətləri ilə əhatə olunduğu və rus çarlığında türk dilinin mövqeyi düşünülərsə, bu cəhət özlüyündə anlaşıla bilər. Türk dilinin bu gün də Qafqazdakı müxtəlif xalqlar arasında adətən ümumi bir anlaşma vasitəsi olduğunu rus dilçilərindən Cirkov da söyləyir. Onun ifadəsinə görə Cənubi - Şərqi Qafqazda,
Dərbəndin şimalındakı ərazilərdə qumuq türkcəsi, Dərbəndin cənubundakı yerlərdə isə azəri türkcəsi bu vəzifəni yerinə yetirməkdədir (Şimali Qafqaz dilləri, Məcəlleyi Ayənde, Tehran, 1928. № 20/21, s. 636). E.Reklus Cənubi Qafqaz türklərinin dilinin Qafqazda mədəniləşdirici ünsür vəzifəsini yerinə yetirdiyi haqqda hələ yarım əsr əvvəl söyləmişdir (Nouwelle geographie universelle, Paris, 1881. VI 221: bax bir də RMM. XXIV. s. 181).
Türk dilinin siyasi cəhətdən hakim və mədəni səviyyəsi ali sinfin dili olması, az-çox dəyişikliklər ilə çox geniş bir sahədə və ayrıca bir çox zümrələr tərəfindən işlədilməsi, türk xalq mədəniyyətinin zənginliyi və təmsilçiliyi kimi amillər də öz tə'sirini göstərməkdə idi.
X əsrdən XVI əsrə qədər İran və Cənubi Qafqazda türk dilinin yayılma və yerləşməsini tə'min edən türk mühacirət və köçmələri bu uzun əsrlər boyunca tədricən və hissə-hissə meydana gəldiyi üçün müxtəlif türk xalqlarının bə'zən bir-biri ilə, bə'zən də müxtəlif yerli ünsürlərə qaynayıb-qarışması nəticəsində və mühit şərtlərinin tə'siri ilə bir-birindən az-çox fərqli şivə və ləhcələr təşəkkül etmişdir. Bu gün Cənubi və Şimali Azərbaycanda, məsələn, Şəki, Bakı, Gəncə, Qarabağ, Təbriz, Ərdəbil, Urmiya və s. şivələri bir-birindən az-çox fərqlərlə ayrıldıqları kimi, İranda da daxilindəki bir çox türk xalqlarının- məsələn Qaşqaylar kimi hələ tayfa formasını mühafizə edən türk zümrələrinin danışıq dilləri də bir-birindən təbii olaraq ayrıdır. Əsasən, eyni tayfaya mənsub olduqları halda müxtəlif səbəblərlə əsrlərdən bəri ayrı-ayrı yerlərdə və ayrı həyat şərtləri altında yaşamış zümrələrin dilləri arasında da açıq ayrılıqlar meydana gəlmişdir. Bundan başqa, yabançı çoxluqlar arasında dillərini unutmuş bə'zi kiçik türk zümrələrinin əksinə olaraq (Əfşar) türk əksəriyyəti arasında əski dillərini unudaraq türkləşmiş farslara, ərəblərə və kürdlərə də təsadüf olunur. Yenə bir çox sahələrdə müştərək həyatın tə'siri ilə ikidillilik hadisəsinə də tez-tez rast gəlinməkdədir. İran türk şivələrində ərəb, kürd və xüsusilə əcəm (ədəbi farsca) tə'sirləri çox aydın nəzərə çarpdığı kimi, əksinə olaraq bir neçə məhəlli iran ləhcələrində də, hətta ədəbi farscada türk tə'siri nəzərə çarpmaqdadır.
Bu günkü İran və Şimali Azərbaycan türkləri etnik mənşələri baxımından müxtəlif türk zümrələrinə mənsub olmaqla bərabər ən böyük əksəriyyəti müxtəlif oğuz boyları təşkil etməkdədir. Onlar dil xüsusiyyətləri e'tibarilə bütün müxtəlif yerlərdə xüsusi mühit şərtlərinə görə az və ya çox ərəb, kürd və fars tə'sirləri də buna əlavə olunmaqla bu günkü bir-birindən fərqli türk şivələri meydana gəlmişdir.
Müxtəlif əsrlərdə İrandakı türk sülalələrinin bə'zən də Osmanlı İmperiyasının hakimiyyəti altında qalan İraq və Şərqi Anadolu sahələrində də həmən eyni etnik və tarixi amillərin tə'siri ilə bu günkü Azərbaycan və Cənubi Qafqaz türk şivələrinə çox yaxın məhəlli şivələrin təşkil etmiş olduğunu hələ görürük.
Anadolu və Rumeli türk şivələri6 ilə birlikdə qərb və cənub türkcəsi adı altında böyük bir qrup təşkil edən bu şərqi şivələri ümumi olaraq azəri və şərqi oğuz ləhcəsi deyə adlandırmaq mümkündür.
Vaxtilə F.Bodenştedt apardığı araşdırmalardan sonra Cənubi Qafqaz türkcəsi ilə (Die Volker des Kaukasus und the Freiheitskampfe gegen die Russen. Berlin, s. 333) Osmanlı türkcəsi arasındakı yaxınlığı qeyd etmişdir. İran və Cənubi Qafqazda olduğu kimi Anadolu və Rumelinin türkləşməsi indi də ən mühüm ünsürün Oğuzlar olduğu və bir çox böyük Oğuz boylarının qismən İranda və qismən də Anadoluda yerləşmiş olduğu düşünüləcək olursa, bu yaxınlığın etnik səbəblərindən biri də ondan irəli gəlir. Əsasən İran və Şimali Azərbaycan türklərinin etnik mənşələri, siyasi və mədəni həyatları xalq ədəbiyyatları tarixi baxımdan və türk mədəniyyət tarixinin ümumi çevrəsi içində tədqiq edilincə bu günkü dil vəziyyətini daha açıq bir şəkildə anlamaq mümkün olacaqdır. Azəri adı altında toplamaq istədiyimiz bu müxtəlif məhəlli türk şivələri haqqında bundan sonra meydana gətiriləcək tədqiqatların indiyə qədər olduğu kimi sadəcə təsviri mahiyyətdə qalmayaraq etnoloci və tarixi bir anlayışla aparılmasına ehtiyac olduğu kimi, altı əsrdən çox zəngin bir keçmişə malik azəri ədəbiyyatının əsasları və tarixi təkamülünü anlaya bilmək üçün bu mə'lumata da ehtiyac vardır.7
II. Etnik amillər: İstila və məskunlaşma
Hələ ilk dövrlərdən başlayaraq türklər ilə iranlılar arasında mövcud olan siyasi və mədəni əlaqələrin qaranlıq tarixini araşdırmaq deyil, sonrakı dövrlərdə Sasani İranının Göytürklər, Xəzərlər və Eftalitlər kimi müxtəlif türk dövlətləri ilə olan çox sıx münasibətləri haqqında qısa məlumat vermək bizi əsil mövzumuzdan uzaqlaşdırar. Müxtəlif tarixi mənbələr sayəsində heç olmazsa ümumi cizgiləri ilə məlum olan bu münasibətlər İranın sərhədlərində yaşayan bəzi türk zümrələrinin hələ o dövrlərdə Xorasan və Sistan əyalətlərində yerləşmələrini izah edə bilər. Sasani İmperiyasının süqutu türklərin İran içərilərinə girib yerləşmələrini və köçəri tayfaların öz həyat tərzlərinə uyğun ərazilərdə yerləşmələrini tamamilə asanlaşdırdı. Məsudinin rəvayətinə görə, VII əsrdə Əməvi orduları Qarş, Büst, Bistam və Sistan ərazilərində Oğuz və Xələç tayfalarına rast gəlmişdilər. Xələçlərdən bir hissənin hicrətin ilk əsrlərində Kuhistan ilə Fars arasında olduğu İstəxrinin bir qeydində də verilmişdir (bax: Zeki Velidi, Ümumi türk farihine medhal, s.91). Abbasilər dövründə Herat, Badqiz, Gənci Ristak və Sistan oğuzlarından 300 000 nəfəri ətrafına toplayan yabançı bir peyğəmbərin qiyam hərəkatını bilirik. Abbasilər dövründə türk könüllülərindən ibarət hərbi qüvvələr və mühafizə alayları yalnız İraqda deyil, İslam İmperiyasının müxtəlif ərazilərində çoxalmağa başladı. 760 (mil. sonra)-ci ildə Ermənistandakı Abbasi valisinin ordusu bütövlükdə türklərdən ibarət idi. 772-ci ildə burada baş verən bir ixtişaşı yatırmaq üçün Suriyadan gələn 30 000 nəfərlik ordu da türklərdən təşkil olunmuşdur. Xülasə, əl-Mənsurdan əl-Mütəsim zamanına qədər və xüsusilə ondan sonrakı dövrlərdə türklərin hərbi qüvvə kimi islam aləmində mütəmadi olaraq çoxalmaları görünməkdə idi. Böyüklü-kiçikli bütün islam sülalələri və dövlət xadimləri türk könüllülərindən ibarət özlərinə mühafizə alayları təşkil edirdilər. Məşhur sərkərdələrin də bu türklərdən yetişdiklərini görürük.
Saman oğlanlarının son dövrlərində və Qəznəvilər dövründə İranın, xüsusilə şərq məntəqələrində, əsasən, sıx yaşayan türk ünsürü daha da çoxaldı. Bu günkü Əfqanıstanda, Sistanda və Xorasan ərazisində hələ İslam istilasından əvvəl mövcud olan Xələç, Karluq, Oğuz və Kümuçi kimi müxtəlif türk ünsürləri Eftalitlərin hakimiyyəti dövründən bəri buralarda yaşamaqda idilər. Hələ Qəznəvilərdən əvvəl buralardakı bir çox hərbi əməliyyatlarda iştirak edən bu türk tayfalarının sonrakı fəaliyyətləri haqqında da tarixi mənbələrdə bir neçə qeydə rast gəlinməkdədir. Ətrafı sıx türk tayfaları ilə məskun olan Büst şəhərinin Toqan, Baytüz kimi türk əmrlərini bildiyimiz kimi, Samanilərə tabe olan türk bəyləri olan Simcurilərin (bax: Bartold, Türkestan, s. 239) əsil mülkləri Xələçlərin vətəni olan Kuhistanda idi. Bu bəylər əsasən türk qüvvələrinə əsaslanırdılar. Qəznəvilər dövründə Xorasana yeni və güclü Oğuz tayfalarının gəldiyi və bunlardan bir hissəsinin Girman, Fars, İraq və Azərbaycan tərəflərinə yayıldıqları da məlumdur. Bax bununla da Səlcuq İmperiyasının quruluşundan əvvəl bu günkü Əfqanıstan və İranın bə'zi məntəqələrində daha çox köçəri və qismən də oturaq türklərin sayının çoxaldığı görünür. Ordu və saray dili olaraq türk dilinin bu dövrdə qazandığı əhəmiyyət və ədəbi farscaya bir neçə türk sözlərinin keçməsi də bunu isbat edən digər bir dəlildir.
Məvəraünnəhrdən gələn güclü Oğuz kütlələrinin Xorasanı istila etmələri ilə böyük Səlcuq İmperiyasının təşəkkülü İraqa, Əlcəzirə, Suriya və Anadolu sahələrinin əski etnik quruluşunu dəyişdirmək baxımından nə qədər mühüm olmuşdursa, böyük imperiyanın əsil güc mərkəzi olan İran üçün də eyni dərəcədə mühüm və davamlı nəticələr doğurdu. XI əsrdən başlayaraq XIII əsrdəki monqol istilasına qədər keçən qısa dövrdə Səlcuqlar və onların ordularının əsasını təşkil edən digər türk sülalələri İranın müxtəlif ərazilərinə yeni türk tayfalarının yerləşməsinə səbəb oldular. Bunların böyük bir hissəsi Oğuz boylarına mənsub olmaqla bərabər Xələçlər, Karluqlar, Kanqlılar, Uğraklar, Ağaçərilər və Qıpçaqlar kimi digər türk xalqlarına mənsub zümrələrin də mövcud olduğunu görməkdəyik. İran Səlcuq hökmdarlarının geniş otlaqlara, bol əkin sahələrinə möhtac olan və İranın oturaq xalqına ziyan vurmaqla daxili asayişi və dövlət varidatını pozan bu qovğaçı türkmən tayfalarını İrandan xaricdəki yeni müharibə meydanlarına və xüsusilə, Bizans sərhədlərinə sövq etmək siyasətləri türklərin bu dövrdə İranda daha sıx bir əksəriyyət təşkil etmələrinə mane olmuşdur. Həqiqətən Xorasan Oğuzlarının Sultan Səncər dövründəki üsyan hərəkatları həqiqi olaraq irsi rəislərinə tabe olan bu köçərilərin orta əsr dövlətləri üçün təhlükəli bir qüvvə olduğunu və səlcuq dövlətinin bunları kiçik hissələrə ayıraraq bir yerdə oturaq olaraq yerləşdirmək və mümkün olduğu qədər yeni fəth olunmuş ərazilərə göndərmək siyasətinin doğruluğunu göstərməyə kifayətdir.
Bu dövrdə İran ərazisində köçəri və ya yarımköçəri formasını mühafizə edən tayfalardan başqa, torpağa bağlı kəndlər qurmuş, yaxud qədim qəsəbələrdə Mərv, Nişapur, Bayhak, Rey, İsfahan, Şiraz və Girman kimi böyük şəhərlərdə yeni-yeni məhəllələr salaraq şəhər həyatına keçmiş türklər də var idi.
Hərbi hakimiyyətin həqiqi olaraq türk olan dövlət xadimlərinin türk kölələrindən təşkil olunmuş şəxsi mühafizə qüvvələrinə malik olması və müəyyən ərazilərin qüdrətli tayfa başçılarına bağışlanması kimi amillər də hərbi və idarəetmə mərkəzlərində türklərin çoxalması ilə nəticələndi. Böyük İran şəhərlərinin məhəlli tarixinə aid əski mənbələrdə Səlcuqlar dövründə oralarda yaşayan türk ailələrindən və bunlar arasında yetişən alim, şair və dövlət xadimlərindən bəhs edilməkdədir. Türk dilinin bu dövrlərdə İranda qazandığı əhəmiyyət nəticəsində yalnız məhəlli ləhcələr üzərində deyil, ədəbi farscada da türkcə sözlər çoxalmışdır. Türk və fars əhalisinin bərabər yaşadıqları şəhər və qəsəbələrdə hər iki ünsür bir-birinin dillərini öyrənməyə məcbur olmuşdular
XIII əsrdə monqol istilası ilə İran tarixində yalnız etnik baxımdan deyil, mədəniyyət baxımından da yeni bir dövr açılmış oldu. Bə'zi ərazilərdə, məsələn, Xorasanda yerli xalqın və türkmən tayfalarının bir hissəsi məhv edildi. Mərv, Nişapur, Hərat kimi səlcuq dövrünün böyük və inkişaf etmiş mədəni mərkəzləri əvvəlki mövqelərini itirərək xaraba halına düşdülər. Böyük ticarət yollarının üzərindəki bə'zi şəhərlər sonradan təkrar qurulmuş, bə'zi ərazilərdə isə suvarma vasitələri yenidən bərpa olunmuşdur. Xüsusilə, Qazan dövründən başlayaraq müxtəlif ərazilərdə və ən çox imperiyanın mülki və hərbi mərkəzi olan Azərbaycanın Təbriz və Sultaniyyə şəhərlərində böyük me'marlıq işləri görülmüşdüsə də, İran zənginlik və mə'murluq baxımlarından bir daha Səlcuq dövrü səviyyəsinə yüksələ bilməmişdir. Etnik baxımdan bu dövrdə məhv edilən yerli irani ünsürün yerinə İran ərazisinə yenidən mühüm sayda türk və bir az da monqol ünsürünün gəlib yerləşdiyini görürük. Xanların və böyük sərkərdələrin xüsusi hərbi qüvvələrini təşkil edən və İlxanlılara tabe olan Şərqi İran ərazisindən Orta Anadoluya qədər yayılan bu monqol ünsürü islam dinini rəsmi olaraq qəbul etdikdən sonra az bir zamanda türkləşdilər. Əfqanıstandakı Xezarelər kimi dillərini itirib yavaş-yavaş farslaşan monqol zümrələrinə nadir hallarda təsadüf edilir. Bü zümrələrdən bir hissəsi əvvəlcə hansı şahzadənin və ya sərkərdənin tabeliyində olmuşsa, onun adı ilə şöhrət qazanmışdılar. Məsələn: Yasavurilər və Nəqüdərilər kimi, XIV əsrin sonundakı Teymur istilası zamanı bunların bə'zilərinin Anadoludakı Qaratatarlar ilə Azərbaycandakı Hülaki ulusundan bir hissəsinin siyasi səbəblər üzündən Məvaraünnəhrə köçürüldüklərini görürük.
Bu dövrə aid zəngin tarixi qaynaqlar sayəsində İranın XIV əsrdəki etnik vəziyyəti haqqında aydın bir fikir əldə etmək olur. Bu dövrdə Xorasan, Fars, İraq xüsusilə Azərbaycan və Cənubi Qafqaz səlcuq dövründəkindən daha güclü türkləşmişdir. Əfqanıstan və İrana Ceyhunun şərqindəki ərazilərdən, Xarəzmdən, Qıpçaq bozqırından (çölündən), Qafqazın yuxarılarından yeni-yeni monqol və türk ünsürləri gətirilmişdir. Onlar Yasavurilər, Nəqüdərilər, Cinqurbanilər, Cəlayirlilər, Oyrotlar, Sulduzlar, Arqunlar və başqa bu kimi zümrələr idi. Onlar monqol istilasının yeni gətirdiyi ünsürlərdir. İlk istila yürüşlərinin vurduğu ağır zərbələrə baxmayaraq, türkmənlər XIV əsrdə Herat, Badqis, Mərv və Mahan ətrafında əksəriyyət təşkil edirdilər. Hələ Teymur dövründə Mahanda bir türkmən əmiri də var idi. Xəzər dənizinin qərbində, şimalında və cənubunda yerləşən vilayətlərdə və xüsusilə də Cənubi və Şimali Azərbaycanda türkmən zümrələrinə təsadüf olunurdu. XIV-XV əsrlərdə səlcuqlar dövründə gəlmiş olan oğuz qəbilələrindən bə'ziləri Qaraqoyunlular və Ağqoyunlular kimi böyük tayfa birlikləri yaradaraq güclü dövlətlər qurduqlarını görürük. Bunlardan birincisi Baranlu, ikincisi də Bayındır boyuna mənsub tayfa başçılarının ətrafında birləşmişdilər. Əfşarilər, Salurlar kimi böyük oğuz boyları da, bə'zi parçalanmalara və yerdəyişmələrə mə'ruz qalmaqla yanaşı, əski əhəmiyyətlərini də mühafizə etməkdə idilər. Xəzər dənizinin cənubundakı vilayətlərdə bə'zi ərazilər müstəsna olmaqla, qismən şərqdən və qismən də qərbdən gələn, yaxud da gətirilən türk-monqol ünsürləri çoxalmışdı. Astarabad, Mazandaran, Təbəristan və Gilan sahələrinə aid məhəlli tarixlərdə bu xüsusda mühüm əhəmiyyətli materiallara təsadüf olunmaqdadır. Həmçinin bu türkləşmə hadisəsini daha güclü olaraq Cənubi və Şimali Azərbaycanda da aydın görürük. Həmdullah Qəzvini buradakı türk qəsəbələrindən bəhs etdiyi kimi, İbn Batuta da Təbrizdə yaşayan türklərin əhəmiyyətini də anlatmaqdadır. Hələ monqollardan əvvəl bir neçə türk və monqol tayfalarının yaşadıqları bildiyimiz Muğan səhrasına Qazan dövründə yenə bir neçə türk və monqol tayfaları da məskun edilmişdi ki, bunların qalıqlarına Olearius XVII əsrdə orada rast gəlmişdir. Xalxalda Qacarlar, Marağada Hülaki ulusundan Turqaylar, Ərdəbildə Qıpçaqlar və Oyrotlar, Xoyda isə İvalar yaşayırdı. Ərdəbil-Gilan arasındakı Qızıl Özən ərazisində İmirlər (sonrakı forması Amarlu) da yaşamaqdadır. Teymur istilasından sonra da Hülakü ulusununun bir hissəsi hələ Marağada yaşayırdı. Şirazda və Qəzvində də türklər və monqollar şəhər daxilində də mühüm bir çoxluq təşkil edirdilər. Həmədan ətrafında və şəhərdə Qaraqoyunlular, xüsusilə, bunların Baharlu qolu mühüm bir türk sıxlığı meydana gətirmişdi. Rey ətrafında türklər tərəfindən təşkil edilən və türkcə adlanan qəsəbələrin sayı çoxalmışdı. İlxanlılardan Cəlayirlilər və Teymurlular, sonra Qaraqoyunlular və Ağqoyunlular dövründə monqol ünsürlərinin tamamilə türkləşdiyini, türk sayının İraq, Cənubi və Şimali Azərbaycanda artdığını, Mavəraünnəhrdən bə'zi yerli türk ünsürlərinin Xorasan və Əfqanıstana və ayrıca olaraq İrandakı bə'zi türk zümrələrinin də – məsələn: Baharluların, Arqunların və Tarxanlıların – Sind məntəqəsinə, Şərqi Anadolu və Şimali Suriyadan bə'zi Oğuz qəbilələrinin İrana gəldiklərini görürük.
Həmçinin burada təfsilatı ilə qeyd etmək mümkün olmayan bu kimi bir neçə etnik hərəkətlərə və etnik dəyişikliklərə baxmayaraq, İrandakı türkləşmə hərəkatının, ümumiyyətlə, başqa coğrafi ərazilərdə həmən eyni ahənglə davam etdiyi söylənə bilər. Saray və ordu dili türk dili olan bu müxtəlif türk sülalələrinin hakimiyyətləri dövründə İranda danışıq dili olaraq türkcənin əhəmiyyəti büsbütün artmışdır. İranda türk nəslindən olub fars dilində yazan bir şair və yazıçıların da tə'siri ilə ədəbi farscada monqol və türk dilinə məxsus ünsürlər də çoxalmışdı. Nəhayət, cığatay (Şərq türkcəsi) və osmanlı (Qərbi Oğuz türkcəsi) ədəbiyyatlarının XIII-XIV əsrlərdəki qüvvətli inkişafları ilə əlaqəli olaraq aşağıda bütün tarixi amillər ilə izah edəcəyimiz Azəri türkcəsi (Şərqi Oğuz türkcəsi) də yüksək bir ədəbiyyat dili halına gəlmişdir.
XVI əsrdən, yə'ni Səfəvi dövlətinin qurulmasından başlayaraq son zamanlara qədər İran və Şimali Azərbaycanın etnik vəziyyətində böyük bir dəyişiklik olmamışdır. Şimali Azərbaycanın rus hakimiyyəti altına düşdükdən sonra siyasi və iqtisadi amillərin tə'siri ilə burada rus ünsürünün artması hadisəsinə rast gəlirik. Lakin, İranda buna bənzər hər hansı mühüm bir dəyişiklik olmamışdır. Hadisə istər Səfəvilər, istərsə Əfşarlar və Qacarlar dövründə bə'zən böyük və qanlı üsyanlar, bə'zən siyasi və idarəetmə mülahizələri, hərbi səbəblər bir çox tayfaların bütövlükdə başqa ərazilərə köçürülməsini, yaxud kiçik parçalara bölünərək ayrı-ayrı yerlərdə məskunlaşdırılmaları, yaxud da müxtəlif tayfalardan ayrılan zümrələrlə birləşərək sün'i ellərin təşkil olunması ilə nəticələnmişdir. Bir tərəfdən bu kimi xarici amillər ilə, digər tərəfdən də tayfa həyatının daxili zərurətləri ilə (tayfalar, qəbilələr arasında mübarizələr, bir tayfanın oymaqları arasındakı rəqabətlər və eyni oymaq daxilində ailə ixtilafları kimi) bir neçə əski böyük tayfalar parçalanıb yeni adlar altında qurulan yeni ellərə, kiçik oymaqlar halında birləşmiş olanlar isə əski əsrlərdəki gördüyümüz qəbilələr yerinə yeni adlarla adlanan yeni birliklər yaranmışdır. Bu gün hər hansı bir ərazidə mövcud olan, yaxud indi mövcud olmayan əvvəlcə mövcud olduğu mə'lum olan bir tayfanın adına müxtəlif sahələrdə yaşayan müxtəlif ellərin oymaqları arasında rast gəlinməsi bu səbəbdəndir. İdarəetmə və hərbi səbəblərlə sün'i olaraq qurulan müxtəlif birləşmələr də ünsürlərini əski tayfalardan almışdılar. Məsələn: I Şah Abbasın təşkil etdiyi Şahsevənlər, yaxud yenə Səfəvilər dövründə sərhədlərdə əkinçilik üçün vücuda gətirilən Silsüpürlər. Hələ Səlcuqlar və İlxanlılar dövründə də təsadüf etdiyimiz bu kimi hadisələr türk tayfa təşəkküllərinin mahiyyətini bilməyənləri ilk baxışda çaşdıra bilər və nəticədə «əski tayfaların məhv olub yerinə yeni tayfaların gəldiyini» zənn etdirə bilər. Ancaq, həqiqətdə yeni adlar daşıyan bu birliklər yeni mühacirət dalğalarının gətirdiyi yeni ünsürlər deyil, sadəcə əski ünsürlərdən əmələ gələn yeni birliklərdir. Bundan başqa, Səfəvilər dövründə əski tayfa adlarının tamamilə aradan çıxması da zənn edilməməlidir. Çünki, Səlcuqlar və İlxanlılar dövründə gördüyümüz bir çox tayfaları, sonra Ağqoyunlular dövründəki elləri, Səfəvilərdən Qacarlara, hətta bu günə qədər əsrlərlə yeni əski adlar altında görməkdəyik. Səfəvilərin ilk dövrlərində, yə'ni quruluşunda Rumlular, Şamlular, Kozanlular və Varsaqlar kimi bə'zi tayfaların və qəbilələrin Anadolu və Şimali Suriyadan İrana gəlmələri, şərqdən də bir neçə tayfanın Xorasana və Xəzər dənizinin cənubundakı məmləkətlərə daxil olmaları kimi bə'zi hadisələr istisna ediləcək olursa, dörd əsrlik bir müddətdə İran türklərinin etnik quruluşunda mühüm bir dəyişiklik olmamışdır. İlxanlılar və Ağqoyunlular dövründə olduğu kimi, Səfəvilər zamanında da Azərbaycan siyasi və hərbi baxımlardan dövlətin başlıca istinadgahı olmaqda davam etmiş və vəziyyət buradakı türk zümrəsinin sayını mütəmadi surətdə artırmışdır. Bir İran tarixçisinin XVI əsrdən bəhs edərkən Azərbaycanı «bütün İranın hərbi qüvvəsinin qaynağı» adlandırması bunun açıq bir ifadəsidir. Xülasə, bu gün İranın idarəetmə qruluşunun istilahında elat8 və ya eliyat (ellər) adı altında verilən köçəri (daha doğrusu yarım köçəri) tayfalar halında yaşayan türklərdən başqa, əskidən bəri kəndlər və qəsəbələr qurulmuşdur. Müxtəlif qəsəbələrdə və şəhərlərdə xüsusi məhəllələr təşkil edərək yerləşmiş və əski tayfa ən'ənələrini az çox saxlamış türklərə təsadüf olunmaqdadır ki, bunlar İranda və Cənubi Qafqazda güclü bir ünsür halında yaşamaqda və ana dillərini qoruyub saxlamaqdadırlar. Səfəvilər dövründən başlayaraq bu günə qədər türk dilinin yalnız danışıq dili deyil, yüksək ədəbiyyat dili olaraq da yayılmasını bir az sonra geniş göstərəcəyik. Əski tarixi qaynaqlarda təsadüf edilən və bu günkü İran yer adları arasında gözə çarpan çox az monqolca və çoxlu türkcə adlar bu məmləkətin etnik tarixi baxımından çox diqqətəlayiqdir.
Dostları ilə paylaş: |