37
nisbətən qalın yarpağının sütunlu və süngər parenximinin hüceyrələrində 50-300 xırda xloroplast olur.
Fotosintezin və tənəffüs intensivliyinin yüksək olması işıqsevən bitkilərin xarakterik fizioloji xüsusiyyətləridir.
2. Kölgəsevər bitkilər və ya ssiofitlərə – kölgəli meşələrin alt yarusunun, mağara və dərin suların bitkiləri
aiddir; bu bitkilər düz günəş şüalarının güclü işıqlanmasına pis tab gətirir. Şimal enliyarpaqlı və tünd
iynəyarpaqlı meşələrin sıx çətri cəmi 1-2% FAR keçirə bilərək onun spektral tərkibini dəyişir. Bu meşələrin
ssiofitlərindən yaşıl mamırları, adi dovşan kələmi, armudgülü və plaunu göstərmək olar. Ssiofitlər heliofitlərə
nisbətən yarpaqlarında az quru maddə saxlayır, hüceyrə şirəsinin qatılığı da aşağıdır, bunlarda xlorofil də az
olur.
Kölgəsevən ağaclara küknar, ürəkyarpaq cökə, fıstıq, qaraçöhrə və b. göstərmək olar.
3. Kölgəyə davamlı bitkilər və ya
fakultativ heliofitlər, bu və ya digər dərəcədə kölgələnməyə dözür,
işıqda da yaxşı bitir: bu bitkilər işıqlanma şəraitinin dəyişməsilə özünü dəyişdirə bilir. Bu qrupa bəzi çəmən
bitkiləri, meşəaltı otlar və kollar, meşə talalarında, kənarlarında, qırıntı sahələrində bitən bitkiləri aid etmək olar.
İşıq böyük siqnal əhəmiyyəti də daşıyaraq orqanizmlərin nizamlanma adaptasiyasına səbəb olur. Vaxta görə
orqanizmlərin aktiviliyini tənzimləyən ən etibarlı siqnallardan biri günün uzunluğu - fotodövr hesab olunur.
Fotodövrlük – günün uzunluğunun mövsümi dəyişməsinə orqanizmlərin reaksiyası haidisəsidir. Hər hansı
bir məkanda ilin eyni vaxtında günün uzunluğu həmişə eyni olur. Bu, bitkiyə və heyvana həmin en dairəsində
ilin fəsilləri üzrə müəyyənləşməyə imkan yaradır, yəni çiçəklənmənin başlanğıcı, yetişkənlik və s. Başqa sözlə –
fotodövrlük canlı orqanizmdə fizioloji proseslərin ardıcıllığıdır.
Fotodövrlüyü sadəcə gündüzün gecə ilə əvəz olunmasından asılı olan adi xarici sutkalıq ritmlərlə
eyniləşdirmək olmaz. Lakin heyvanlarda və insanda həyat fəaliyyətinin sutkalıq tsiklliyi növün anadangəlmə
xassəsinə keçir, yəni daxili (endogen) ritmlər təşəkkül tapır.
Bu ritmlər orqanizmə vaxtı hiss etməyə kömək edir, orqanizmin bu qabiliyyəti «bioloji saat» adlandırılır.
Bu başqa yerlərə köçdükdə quşların günəşə görə hərəkətində köməklik göstərir və ümumiyyətlə, təbiətin daha
mürəkkəb ritmlərində orqanizmlərə istiqamət verir.
Fotodövrlük ünsiyyətcə möhkəmlənsə də, yalnız digər faktorlarla birlikdə (əlaqəli) təzahür edir (məs.
temperaturla). Əgər «X» günü soyuq keçirsə, bitkinin çiçəklənməsi gecikir və ya yetişməkdə olan dövr soyuq
keçdikdə kartofun məhsuldarlığı aşağı düşür. Subtropik və tropik zonalarda, mövsüm üzrə günün uzunluğu az
dəyişdiyindən fotodövrlük mühüm ekoloji faktor sayıla bilməz – onu quraqlıq və yağışlı mövsümlərin
növbələşməsi əvəz edir. Yüksək dağlıq zonada isə temperatur əsas siqnal faktoru hesab olunur.
Bitkilərdə olduğu kimi, hava şəraiti poykiloterm heyvanlarda da əks olunur, homoyoferm heyvanlar isə bu-
na öz davranışlarının dəyişməsi ilə cavab verir: yuvasalma, miqrasiya və s.-nin vaxtı dəyişdirilir.
İnsan yuxarıda göstərilən hadislərdən istifadə etməyi öyrənmişdir. İşıqlı günün uzunluğunu süni olaraq
dəyişərək bununla da bitkinin çiçəkləmə və meyvəvermə vaxtını dəyişmək (qış dövründə istixanalarda şitil,
hətta meyvə yetişdirmək), toyuqların yumurtalama qabiliyyətini artırmaq və s. olar.
Canlı təbiət ilin mövsümləri üzrə Xopkinskinin bioiqlim qanununa uyğun olaraq inkişaf edir: müxtəlif
mövsüm hadisələri (fenotarix) yerin en və uzunluq dairəsindən, onun dəniz səviyyəsindən yüksəkliyindən
asılıdır. Deməli, ərazi şimal, şərq və daha yuxarı ərazilərdə yaz gec, payız tez gəlir. Avropada en dairəsinin hər
dərəcəsində mövsümi hadisələrin vaxtı üç gündən bir, Şimali Amerikada isə orta hesabla hər bir en dairəsi, hər
bir uzunluq dairəsi və dəniz səviyyəsindən hər 120 m-də dörd gündən bir başlayır.
Fenotarix müxtəlif kənd təsərrüfatı və digər təsərrüfat işlərinin planlaşdırılmasında böyük əhəmiyyət
daşıyır.
2.3. Orqanizmlərin həyatında suyun rolu
Suyun miqdarı kəskin dəyişməyə məruz qalarsa (qabarma, çəkilmə), çox duzlu sularda osmotik yolla
orqanizmlər tərəfindən itirilirsə, ekoloji baxımdan, həm yerüstü, həm də su ərazilərində limitləşdirici faktor he-
sab olunur.
Su canlı orqanizmlərin fəaliyyətində mühüm əhəmiyyətə malikdir. O, biokimyəvi reaksiyalar üçün əsas
mühit, protoplazmanın vacib tərkib hissəsidir. Qida maddələri orqanizmdə əsasən su məhlulu şəklində dövr edir,
bu şəkildə də orqanizmdən dissimlyasiya məhsulu yüksək dərəcədə xaric edilir. Su bitki və heyvan
orqanizmlərinin əsas kütləsini təşkil edir; toxumalarda onun nisbi miqdarı 50-80%, bəzi növlərdə isə daha
yüksək olur. Belə ki, meduzaların bədənində 95%-ə, bir çox molyuskların toxumalarında isə 92%-ə qədər su
vardır. Hüceyrədaxili və hüceyrələrarası mübadilə, hidrobiontlarda isə xarici mühitlə osmotik qarşılıqlı əlaqə
suyun və onun tərkibində həll olan duzların miqdarından çox asılıdır. Heyvanlarda qaz mübadiləsi yalnız
rütubətli səthin mövcudluğu şəraitində mümkündür. Yerüstü orqanizmlərdən buxarlanma mühitlə istilik
balansının formalaşmasında iştirak edir.
Orqanizmin mühitlə su mübadiləsi bir-birinə əks olan iki prosesdən ibarətdir: orqanizmə suyun daxil olması
və onun ətraf mühitə verilməsi. Ali bitkilərdə bu proses kök sistemi vasitəsilə torpaqdan suyun sorulması, onun
həll olan maddələrlə birlikdə ayrı-ayrı orqanlara və hüceyrələrə aparılması və transpirasiya prosesi vasitəsilə