32
sərhədləri tədricən Avropanı aşaraq müstəmləkələrin hesabına genişlənir, işğal
olunmuş ərazilər və orada yaşayan əhali zorla “yeni münasibətlərə” cəlb edilirdi. Geridə
qalmış xalqların həyat tərzi, məişəti, sosial-iqtisadi quruluşu kapitalist sisteminə müvafiq
olaraq dəyişdirilir və məcburi qaydada “mərkəzi” dövlətlərin sisteminə uyğunlaşdırılırdı.
Avropada kapitalist münasibətlərinin inkişaf etdiyi ilkin dövlətlər İngiltərə və
Hollandiya idi. Bu prosesin də başında məhz bu dövlətlər duraraq, əvvəl Avropanın
digər ərazilərində, sonra isə ələ keçirdikləri müstəmləkə torpaqlarında “kapitalizm
quruculuğu”na rəhbərlik edirdilər. Yeni istehsal və sosial-iqtisadi münasibətlər, kapitalist
qayda-qanunları məhz bu ölkələrdə yaranır və xaricə ixrac olunurdu. Elə Avropada
başlanmış və XV əsrin sonlarından bütün dünyaya yayılmış müstəmləkələrin ələ
keçirilməsinə də ilk olaraq bu iki ölkə, ardınca Portuqaliya, İspaniya, Fransa və Belçika
kimi kapitalist dövlətləri qoşulmuşdular. Hər bir müstəmləkə dövləti işğal etdiyi ərazilərə
öz həyat tərzini, dilini, sosial-iqtisadi və əmək münasibətlərini zorla qəbul etdirir və yerli
əhalini öz ənənəvi yaşayış tərzindən imtina etməyə məcbur edirdi.
Müstəmləkə dövlətləri bəzi hərbi və siyasi faktorları nəzərə alaraq, müstəmləkə
xalqlarının müqavimətini qırmaq, ərazilərindəki təbii sərvətləri ələ keçirmək və başqa
müstəmləkə dövlətləri ilə münasibətləri tənzimləmək məqsədilə işğal etdikləri ərazilərin
xalqlarına müəyyən hüquqi status da verirdilər. Məsələn, İndoneziyada, Malayziya və
Cənubi Ərəbistanda sultanlıq, Hind-Çində protektoratlıq, Hindistanda knyazlıq, Birmada,
Nigeriyada başqa yarımmüstəqil dövlət idarəçilik rejimləri yaratmışdılar. Bu dövlət
qurumlarının rəhbərləri əsasən yerli əhəmiyyətli idarəçilik məsələlərinə nəzarət edirdi.
Qalan digər məsələlər, xüsusən müstəmləkələrə məxsus avadanlıq və xammalın
qorunması, istismarı və idarə edilməsi, xarici daşımalar və s. müstəmləkə hakimiyyətini
həyata keçirən qurumların əlində saxlanılırdı.
XVI-XIX əsrlərdə müstəmləkəçilik siyasətinin dünyada vüsət aldığı bir zamanda,
öz daxili müstəqilliyini qoruyub saxlamış dövlətlər də mövcud idi. Bu da əsasən
müstəmləkə imperiyaları arasındakı çəkişmə və ziddiyyətlərin nəticəsi idi ki, həmin
ölkələri tam işğal etməyə heç kimin müstəqil surətdə gücü yetmirdi. Daha doğrusu, bir
neçə müstəmləkə imperiyasının eyni zamanda maraq çərçivəsinə daxil olan belə
dövlətlər öz nisbi müstəqilliklərini ağıllı manevrlər vasitəsilə qoruya bilmişdilər. Əslində
bu müstəqillik tam formal xarakter daşıyırdı və yalnız daxili məsələlərdə özünü
göstərirdi. Çünki bu dövlətlərin də əraziləri, təbii sərvətləri və əhali resursları onlara
zorla qəbul etdirilmiş birtərəfli müqavilə və sazişlər vasitəsilə müstəmləkə dövlətlərinin
üzünə açıq idi. Onların əraziləri və burada həyata keçirilən siyasət təsir dairəsinə daxil
33
olduqları müstəmləkə dövlətlərinin idarəçiliyində idi. Bütün bunlar göstərir ki, dünya
siyasətinin və beynəlxalq münasibətlərin Vestfal sistemi adlanan dövründə əslində
yalnız böyük, güclü və müstəqil Avropa dövlətlərinin bir-biri ilə olan münasibətlərində
müəyyən qayda-qanun yaradılmışdı. O ki qaldı bu dövlətlərin xarici aləmlə, dünyanın
başqa qitələrindəki ölkələrlə münasibətlərinə - bu sahədə tam bir anarxiya hökm
sürürdü və heç bir beynəlxalq qayda, hüquq norması mövcud deyildi. Müstəmləkə
imperiyaları öz iqtisadi, hərbi gücünə və imkanına müvafiq olaraq, kapitalist
münasibətlərini inkişaf etdirmək, gün-gündən yeni əmək resursları, xammal və təbii
ehtiyatlara artan tələbatını təmin etmək məqsədilə Afrikaya, Asiyaya, Latın Amerikasına
və başqa ərazilərə yürüşlər edir, xalqları və dövlətləri işğal edir, istədikləri idarəçilik
rejimini yaradır, yaxud müqavilə və sazişləri bu ölkələrə zorla qəbul etdirirdilər.
Vestfal sistemi ilkin mərhələdə, göründüyü kimi, əsasən Avropa dövlətlərinin
qorunmasını, onlar arasında əlaqələrin tənzimlənməsini, ortaya çıxan ərazi, milli və
digər problemlərin aradan qaldırılmasını təmin edirdi. Müstəmləkəçilik siyasəti vüsət
aldıqca, bu sistem yavaş-yavaş bütün dünyaya yayılır, bu ərazilərdə əsasən
müstəmləkə imperiyaları arasındakı münasibətlərə şamil edilir, onların bir-biri ilə
toqquşan və kəsişən maraqlarının tənzimlənməsində istifadə edilirdi. Vestfal müqaviləsi
tədricən beynəlxalq hüquq kimi tətbiq edilir və təkcə Avropa dövlətlərinin öz
aralarındakı münasibətlərin tənzimləməsində deyil, həm də onların təsiri altında olan
digər dünya dövlətləri və müstəmləkə ərazilərində istifadə olunurdu. Məsələn, 1713-cü
ildə Böyük Britaniyanın rəhbərlik etdiyi koalisiya ilə Fransa-İspaniya ittifaqı arasında
baş vermiş müharibənin dayandırılması və onlar arasında bağlanmış Utrext sülhündə
rəhbər tutulan, istinad edilən hüquq məhz Vestfal müqaviləsi olmuşdur. Yaxud, Fransa
imperatoru Napoleon Bonapartın XIX əsrin əvvəllərində Avropada və Rusiya ərazisində
həyata keçirdiyi işğalçılıq siyasətinin qarşısının alınmasında, ümumavropa sülhünün
bağlanmasında əsas istinad sənədi Vestfal müqaviləsi olmuşdur. 1815-ci ildə Avropa
dövlətləri və Rusiyanın birgə səyi ilə məğlub edilmiş Fransa Vyana konqresində Vestfal
müqaviləsinə əsasən işğal etdiyi bütün torpaqlardan əl çəkmiş, milli dövlətlərin
pozulmuş suveren hüquqlarını, ərazi bütövlüyünü təmin etmişdir. Vestfal müqaviləsinə
əsaslanan Vyana sülhü sonradan beynəlxalq münasibətlərin “Vyana sistemi” adı ilə
tarixə daxil olmuşdur.
Vyana sazişi bağlanarkən Avropanın ən böyük monarxiyaları və Rusiya öz
aralarındakı konfliktə, fərqli maraq mübarizəsinə baxmayaraq, ilk dəfə idi ki, vahid
təhlükə qarşısında birlik nümayiş etdirərək, Avropada yaranmış ərazi və suveren dövlət