10
Dərsliyin bu hissəsini yazarkən, əlbəttə, birinci hissədən fərqli olaraq çox ciddi
material çatışmamazlığı, milli tədqiqatların azlığı, təklif edilən problemlər üzrə elmi
araşdırmaların həddən artıq kasadlığı ilə üzləşməli olduq. Və ilk dəfə olaraq,
“Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına rəhbərlik etdiyim bu illərdə öz
aspirantlarımı daha çox “milli mövzu”, “tətbiqi problemlər” üzrə deyil, beynəlxalq
tədqiqatların mövzusu olan “transmilli”, “qlobal” problemlərin öyrənilməsinə
istiqamətləndirdiyimin “mənfi” təzahürünü gördüm. Özümü yaxşı futbolçuları olmayan
ölkənin milli yığmasının baş məşqçisi vəziyyətində hiss etdim. Dərslik yazmaq da milli
komanda yaratmaq və onu dünya ölkələrinin komandaları sırasına çıxarmaq kimi
məsuliyyətli bir işdir. Millinin baş məşqçisi, bir qayda olaraq, futbolçu yetişdirmir,
ölkənin klub komandalarından bütün mövqelər üzrə ən yaxşı oyunçuları seçir, onları
məşqçi təlimi ilə vahid standartlara salır, düzür və idarə edir. Əgər yaxşı klublar və
oyunçular mövcud deyilsə, yaxşı milli komanda yaratmaq da mümkün deyil. Dərslik
müəllifi də belədir, o hər şeyi bilavasitə özü tədqiq etmir. Dərslikdə mövcud problemlər
üzrə yazılan elmi tədqiqat işlərindən, monoqrafiyalardan, dissertasiyalardan,
məqalələrdən istifadə etməklə auditoriyaya çatdırılması vacib olan ən mühüm məsələlər
müəllif metodikası üzrə müəyyənləşdirilir, proqram çərçivəsinə salınır, onların təhlil və
şərhi verilir.
Əlbəttə, bütün bu çətinlikləri nə dərəcədə dəf edə bildiyimizi müəyyənləşdirməyi
hörmətli oxucuların ixtiyarına buraxırıq. Dərsliyin hazırlanmasında, ayrı-ayrı bölmələrin
yazılmasında müəllifə ciddi köməklik göstərənlərə, materialların toplanması,
çeşidlənməsi işində yaxından iştirak edənlərə təşəkkürümü bildirirəm. Xüsusən tarix
elmləri namizədləri, dosentlər Ərəstun Mehdiyevə, Tahir Süleymanova, Elçin
Əhmədova, fəlsəfə elmləri namizədi Vüqar Səlimova, siyasi elmlər namizədləri Qafar
Əliyevə, Adil Vəliyevə, materialların işlənməsi və yığılmasında iştirak edən Kamran
Həsənliyə, Şəfa Qənbərliyə, Ülviyyə Həsənzadəyə, habelə Azərbaycanın xarici siyasət
fəaliyyətinə aid mühüm materiallarla və öz əvəzsiz məsləhətləri ilə müəllifə hərtərəfli
kömək göstərən Azərbaycan Respublikasi Prezidentinin İcra Aparatının Xarici əlaqələr
şöbəsinin müdiri Novruz Məmmədova və xarici işlər nazirinin müavini Xələf Xələfova
minnətdarlıq edirəm.
Dərslikdən beynəlxalq münasibətlər və digər ictimai fənlər üzrə ixtisaslaşan
tələbələr, aspirantlar, müəllimlər, diplomatlar, xarici əlaqələrdə iştirak edən qulluqçular,
qeyri-hökumət təşkilatları və mətbuat nümayəndələri istifadə edə bilərlər. Ümumiyyətlə
isə hər bir ali təhsilli şəxs müasir dünya siyasətini və öz ölkəsinin beynəlxalq
11
münasibətlər sistemindəki mövqeyini, yerini, heç olmasa, orta səviyyədə bilməlidir. Bu
mənada təqdim olunan dərslik həmin ehtiyacı qismən ödəyə bilər.
Dərslikdən ali məktəblərin müvafiq ixtisas müəllimləri bir neçə fənnin - “Müasir
beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti”, “Azərbaycan müasir
beynəlxalq münasibətlər sistemində”, “Müasir dünya siyasəti və Azərbaycan”,
“Geosiyasət”, “Azərbaycanın geosiyasəti və geosiyasi perspektivləri” və tədrisində
istifadə edə bilər.
Dərslik üzərində gələcək işləri davam etdirərkən, Sizdən alacağımız arzu və
təkliflərə, irad və tövsiyələrə görə müəllif ancaq minnətdar olacaqdır.
Hörmətlə, müəllif.
13
I FƏSİL
BEYNƏLXALQ MÜNASİBƏTLƏR: NƏZƏRİ MƏNBƏLƏR,
KONSEPTUAL YANAŞMALAR
Mövzular:
1. Beynəlxalq münasibətlərin obyekti, predmeti və subyektləri haqqında
2. Beynəlxalq münasibətlər sisteminin mahiyyəti və beynəlxalq
münasibətlər nəzəriyyəsi haqqında
3. Beynəlxalq münasibətlərin müasir nəzəriyyələri
Beynəlxalq münasibətlər elmi başqa elmlərə nisbətən gəncdir. Hər bir dövlətin
yarandığı gündən öz fəaliyyətində xarici əlaqələrə, beynəlxalq münasibətlərə daim
xüsusi diqqət ayırmasına, özünün dünya dövlətləri sırasında, beynəlxalq münasibətlər
sistemində iştirakına böyük əhəmiyyət verməsinə baxmayaraq, bu əlaqələri, təmasları
uzun müddət başqa elm sahələrinin nümayəndələri – tarixçilər, filosoflar,
hüquqşünaslar, iqtisadçılar, hərbi strateqlər öyrənir və təhlil edirdilər. Əslində, ayrılıqda
bu elmlərin heç biri öz qarşısında beynəlxalq münasibətlərin obyekt və subyektləri,
millət və dövlətlərin meydana çıxması və qarşılıqlı əlaqələrə daxil olması, dövlətlərin
daxili quruluşlarında baş verən dəyişikliklərin xarici aləmə təsiri, dövlətlərarası ticarət,
maliyyə, iqtisadi, siyasi, mədəni münasibətlərin yaranması və inkişafı, dövlətlərarası
qrupların, ittifaqların formalaşması və onun dünya siyasətinə təsiri, diplomatik və başqa
xarici əlaqələrin yaradılması, beynəlxalq münasibətlər sisteminin strukturu və
xüsusiyyətləri, dövlətlərarası konfliktlər, müharibələr, onların tənzimlənməsi yollarının və
s. öyrənilməsi vəzifələrini qoymurdu. Tarixçilər beynəlxalq münasibətlər və diplomatiya
tarixini, filosoflar dövlətlərarası münasibətlərin mahiyyəti və nəzəri məsələlərini,
hüquqşünaslar beynəlxalq hüquq problemlərini, iqtisadçılar dövlətlərarası iqtisadi
əlaqələri, hərbi strateqlər dünyanın geosiyasi və geostrateji xarakteristikasını və s.
öyrənirdilər.
Son dövrlərdə siyasətşünaslığın, sosiologiyanın müstəqil elmə çevrilməsi ilə
dünya siyasətinin və beynəlxalq münasibətlərin sosioloji problemlərinin öyrənilməsi də
yavaş-yavaş digər elmlərin və fənlərin çərçivəsindən çıxaraq müstəqil tədqiqat
obyektinə çevrilmişdir.