54
Heydər Əliyev, " Müasirlik və milli-mənəvi dəyərlər" adlı konfransda qeyd edir ki, bütün
dünyəvi dinlər yüksək mənəvi dəyərləri təbliğ edirlər. O da məlumdur ki, bəşər tarixində
insanlar öz adət-ənənələrini və cəmiyyətdə yaranan davranış qanun-qaydalarını, əsasən, dini
dəyərlərdən, dinin insanlara bəxş etdiyi keyfiyyətlərdən götürüblər.
Burada çox əhəmiyyətli bir məsələyə aydınlıq gətirilir. Belə ki, bir sıra dünyəvi
mədəniyyətlərdə əsas əxlaqi qayda-qanunlar dini köklərə malikdir. Din öz mahiyyəti
etibarilə insanların inanc dünyası ilə bağlı məsələləri formallaşdıran bir mənəvi təlimdir.
İnancın əsas hədəfi insanda Allaha inam yaratmaqdır. Dini ayinlər və ibadətlər də bu
məqsədlə icra edilir. İmanlı olmaq, Allaha iman gətirmək insana başqa bir fəzilət bəxş edir
ki, bu da əxlaq və mənəviyyatdır. Həmin prinsiplər ailədə və cəmiyyətdə əxlaqi qanun-
qaydalar şəklində formalaşır və təsbitləşir. İslamda bu məsələ daha qabarıq surətdə özünü
göstərir, Müsəlman Allaha ibadət edərkən Ondan doğru yola hidayət olunmasını istəyir və
ibadətin bir hədəfi də insan əxlaqını tənzimləməkdir. Ona görə də İslamda yaxşı əməl
insanı kamilləşdirir, zahirdə ibadət edib pis əmələ qurşananların ibadəti qəbul olunmaz.
Quran ayələrində dəfələrlə iman gətirənlər və yaxşı əməl sahibləri bir sıraya qoyulurlar ( əl-
Bəqərə: 25, 62, Ali-İmran: 57, ən-Nisa: 57, 122, əl-Maidə: 9, 69, ər-Rə'd: 29, İbrahim: 23
və s.).
Heydər Əliyev islamşünas deyildi, lakin onun zəngin məlumatı, dərin psixoloji
müşahidələri və analitik təfəkkür tərzi var idi. Böyük siyasətçi olmaqla
55
yanaşı, çox mükəmməl bir sosioloq kimi cəmiyyətdə baş verən proseslərin, xüsusilə burada
cərəyan edən mənəvi-əxlaqi təmayüllərin səbəb və nəticələrini dərindən təhlil edir, gələcək
üçün proqnozlar verməyi bacarırdı. O, hər bir məsələyə geniş diapazonda və tarixi
müstəvidə yanaşır, bugünkü vəziyyəti dəyərləndirərkən keçmişi yada salır və eyni zamanda
gələcəyi düşünürdü.
O, islam mədəniyyətinin bəşəriyyətə bəxş etdiyi zəngin dəyərlərin keçmişini yada
salaraq belə söyləyir:
"Bu gün biz keçmiş tariximizə baxaraq böyük məmnuniyyətlə qeyd etməliyik ki, din
minillik bəşər tarixində həmişə böyük rol oynamış, insanlara səadət, sülh və əmin-amanlıq
gətirmişdir. İslam dini yüksək mənəvi dəyərlərə malik olan bir dindir. İslamın bəşər
mədəniyyətinə, bəşər sivilizasiyasına verdiyi töhfələr və xüsusən mənəvi dəyərlər
əvəzsizdir, misilsizdir".
Heydər Əliyevin bu əhatəli fikri bir neçə məsələyə aydınlıq gətirir. Birincisi, sovet
ideologiyasında dinin təhrif edilərək xurafat kimi qələmə verilməsinə və tarixdə mənfi
yönümdən qiymətləndirilməsinə rəğmən, Azərbaycan rəhbəri onun tarixi keçmişdə önəmli
rol oynadığını qətiyyətlə vurğulayır. İkincisi, din mənəvi dəyərlər toplusu olaraq insanlara
sülh və əmin-amanlıq bəxş etmişdir. İslam dini xeyirxahlıq, insanlar arasında qardaşlıq və
bərabərlik dini kimi meydana çıxmış və tanınmışdır.
Rus sosioloqu B.Yerasov keçmiş sovet və müasir sosial-siyasi Qərb
56
modellərini müqayisə edərkən belə bir nəticəyə gəlir ki, bunlardan heç biri bəşərin ədalət və
əmin-amanlıq içərisində yaşaması üçün sağlam bir dünya düzəmi qura bilmədi. Ona görə
bəşəriyyət gec-tez yenidən Şərqin, xüsusilə islam sivilizasiyasının mənəvi dəyərlərinə üz
tutmalı olacaq. Bu sayaq qənaətlər Avropa alimləri tərəfindən də irəli sürülür. Çünki müasir
qloballaşan dünyada baş verən qanlı savaşlar, qarşıdurma və zorakılıq əsasən haqq və ədalət
tərəzisinin pozulması nəticəsində qarşısıalınmaz təhlükəli bir prosesə çevrilir. İslam isə
haqq və ədalətə söykənməklə insanlar arasında qarşılıqlı yardım, xeyirxahlıq və anlaşma
yaradan universal bir təlimdir.
Sovet dövründə islam sivilizasiyasının azərbaycanlılara bəxş etdiyi zəngin dəyərləri
gözdən salmaq üçün belə bir təbliğat aparılırdı ki, guya, İslam onlara qılınc zoru ilə qəbul
etdirilib və yabançı bir amildir. Heydər Əliyevin yuxarıda dedikləri həmin təbliğatın
puçluğunu bir daha təsdiqləyir. "əl-Bəqərə" surəsinin 256-cı ayəsində deyilir ki, dində
zorakılıq yoxdur. Ümumiyyətlə, din və inancın insanın qəlbində özünə məxsus yeri var.
İnanc ruhla, canla qovuşur, onu zorla qəbul etdirə bilmədikləri kimi, zorla da insan
qəlbindən çıxara bilməzlər.
Azərbaycan Prezidenti bu barədə belə söyləyirdi:
"Müsəlmanlar dini öz qəlbində yaşatdılar. Hər bir ailədə, hər bir evdə, hər bir ocaqda
din yaşadı və onun insanlara bəxş etdiyi dəyərlər, adət-ənənələr, qayda-qanunlar yaşadı və
onlar sovet dövründə tətbiq edilən qanunlardan və yeni yaranan adət-ənənələrdən daha
güclü oldu".
57
Heydər Əliyevin söylədiyi fikir və çıxardığı nəticə olduqca məntiqli, həm də ibrətamizdir:
bütün qadağa və mənfi təbliğata, təzyiqlərə baxmayaraq, islam mənəviyyatının bəxş etdiyi
nur sönmədi. Azərbaycan rəhbəri sovet dövründəki qanun və qaydaların necə vəziyyətdə
olduğunun canlı şahidi idi. İnzibati zor gücünə və amiranəlik metodu ilə hazırlanıb tətbiq
edilən qayda-qanunlar gercək həyatda yararsız olurdu, necə deyərlər, kağız üzərində qalırdı,
formal bürokratik maneələr bataqlığına çevrilirdi. Ancaq islam dəyərləri və onun insanlara
bəxş etdiyi əxlaqi fəzilət ürəklərdə öz yaşamını davam etdirdi və tarixi şərait yetişdikdə
yenidən canlanmağa başladı. O, daha sonra bu yaşamın və canlanmanın səbəblərini,
psixoloji və fitri əsaslarını izah edir:
"Çünki din və xüsusən bizim İslam dini özündə elə gözəl xüsusiyyətlər
formalaşdırmışdır ki, bizim üçün müqəddəs olan Qurani-Kərim, Həzrəti Məhəmməd
Peyğəmbərin (s) müsəlmanlara göstərdiyi yol və verdiyi tövsiyələr insanların daxili
mənəviyyatına o qədər uyğun olmuşdur və insanların həyatında o qədər müsbət rol
oynamışdır ki, bu adət - ənənələr, bu dini qanun-qaydalar nəsildən-nəslə yaşamış və heç bir
məhdudiyyət bunun qarşısını ala bilməmişdir".
Heydər Əliyevin bu mülahizələrində isə İslamın bəşər mənəviyyatına bağışladığı
dəyərlərin ictimai-psixoloji qüdrəti, yaşam gücü təhlil edilir. Doğrudan da, belə bir sual
ortaya çıxır: on beş əsrlik bir tarixi dönəmdə İslamın yaşaması, güclənməsi və bütün
dövrlərdə həyatla uzlaşması nə ilə izah edilir? Bu sualın cavabı olduqca məntiqli bir şəkildə
və tutarlı arqumentlərlə şərh edilir.
Dostları ilə paylaş: |