13
BİOLOGİYA DƏRSLƏRİNDƏ MÜASİR TƏLİM
TEXNOLOGİYALARI
Mətnlərlə işin təşkili
Mətn tədris prosesində əsas təlim materialıdır. Ona görə də mətnlə işin düzgün təşkili
mühüm əhəmiyyət kəsb edir. İnformasiyanın tam mənimsənilməsi üçün şagirdlər oxu-
duqlarını başa düşməlidirlər. Mətnlə iş üsullarının öyrənilməsi şagirdlərə mətnlə müstəqil
işləmək bacarıq və vərdişlərinə yiyələnməyə imkan verir. Bununla yanaşı, verilən metodlar
şagirdlərdə çox vacib vərdişlərdən biri olan ünsiyyət vərdişlərini formalaşdırır. 6-cı sinif
Biologiya müəllim üçün metodik vəsaitdə Klaster, INSERT, Ziqzaq və BİBÖ üsulları
ətraflı şərh edilmişdir. Mətnlə işin digər üsullarını təklif etmək olar:
Ardıcıl suallar metodu üsulu. Şagirdlərə mətni
birgə diqqətlə oxumağa, onu
düşünməyə köməklik edir. Şagirdlər növbə ilə lazım olan mətni hissə-hissə ucadan oxu-
yurlar. Bir abzas oxuduqdan sonra ikinci şagird oxunan hissədən sual verir, birinci şagird
onun sualını cavablandırır. Sonra onlar rollarını dəyişirlər. Sual verən şagird oxumağa
davam edir, ikinci isə oxunan abzasdan ona sual verir.
Mətndə əsas sözlərin araşdırılması üsulu. Əsas sözlər və söz birləşmələri təlim mate-
rialını yadda saxlamağa kömək edir. Bu dəstək sözlərin köməyi ilə mətnin əsas məzmununu
asanlıqla bərpa etmək olar. Şagirdlər mətndə əsas sözləri seçib onları vərəqə (dəftərə) köçü-
rürlər. Adətən, əsas anlayışlar dərslikdə qalın şriftlə verilir. Açar sözlər məlumatın
sonradan
açılması üçün seçilir. Seçilmiş dəstək sözlərə əsaslanaraq şagirdlərə mətnin hissəsini danış-
maq təklif oluna bilər. Mətn üzrə əsas sözlər şifahi cavabın əsası ola bilər.
Açar sözlər əsasında dərsliyin mətninə suallar tərtib edilməsi. Bu metod şagirdlərdə
suallar quraşdırmaq vərdişlərini inkişaf etdirir. Şagirdlər növbə ilə mətni abzasla oxuyurlar,
birlikdə bu abzasdan açar sözləri seçir və onu dəftərə yazırlar. Termin sözlərdən suallar
tərtib edirlər. Onları çox da böyük olmayan vərəqlərə yazırlar. Şagirdlərdən biri bu sualı
oxuyur, ikincisi ona cavab verir. Əgər cavab düzgün kimi qəbul edilirsə, vərəqin arxa
tərəfinə yazılır. Bu kart-cavabı şagirdlər sonradan mövzu üzrə öz biliklərini yoxlamaq üçün
istifadə edə bilərlər.
Planın və köməkçi sxemlərin tərtib edilməsi. Plan və sxemlər əsas olanı əsas olma-
yandan ayırmağa, mətnin əsas
məzmununu müəyyən etməyə, hissələrin qarşılıqlı əla-
qələrini araşdırmağa kömək edir. Bunlar hamısı materialın sistemləşdirilməsinə gətirib
çıxarır.
Plan – mətnin struktur-məzmun təşkilini (mikro-mövzuların ardıcıllığını, onların qar-
şılıqlı əlaqələrini) əks etdirən xüsusi bir sxemdir.
Mətnə əsasən cədvəlin doldurulması. Cədvəllər mətnin əsas ideyasını aşkar etməyə
imkan verir. Mətnlə işləyən zaman bir neçə növ cədvəldən istifadə oluna bilər: sadalanan
obyektlərin, anlayışların, təriflərin cədvəlin müvafiq sütunlarına yerləşdirilməsi, müqayisə
olunan obyektlərdə (qruplarda) müəyyən əlamətlərin olub-olmaması, göstərilən alqoritmlə
qismən doldurulmuş cədvəli bitirmək və s. Bu və ya digər proseslər haqqında məlumatlar
olan mətnlə işlədikdə işin gedişi boyunca "Nə? Harada? Nə zaman? Hansı səbəbdən?"
cədvəlini doldurmaq olar.
Nə?
Harada?
Nə zaman?
Hansı səbəbdən?
* Məsələn, "Quşların (məməlilərin) çoxalması" mövzusu və s.
14
Təlim layihələri
Təlim layihəsi şagirdlərin birgə yerinə yetirdiyi öyrədici və yaradıcı fəaliyyətdir.
Layihələr şagird
tərəfindən sərbəst, yaxud müəllimin nəzarəti ilə yerinə yetirilir. Layihə
şagirdlərin təlim fəaliyyətini praktik məsələlərin həllinə tətbiq etməyə imkan verir, onlarda
əməkdaşlıq və birgə fəaliyyət bacarıqlarını formalaşdırır, təlim prosesini şagird üçün fəal və
mənalı edir. Təlim layihələrinin müxtəlif növləri vardır. Dominant fəaliyyət növünə görə
layihələr
məlumatlandırıcı, yaxud
tədqiqedici olur. Davamlılığına
görə qısamüddətli (bir
və ya iki dərs) və
uzunmüddətli (bir ay və daha çox) olur.
İştirakçıların sayına görə layihələr fərdi, qrup, kollektiv və ya qarışıq (işin müxtəlif
mərhələlərində həm qrup, həm də fərdi iş planlaşdırılır) ola bilər.
Məlumatlandırıcı layihə obyekt və ya hadisə haqqında məlumatın toplanmasına,
təhlilinə, ümumiləşdirilməsinə və təqdim edilməsinə yönəlmişdir. Məlumatlandırıcı la-
yihənin əsas məqsədi məhz məlumatın axtarışı, emalı və təqdim edilməsi bacarıqlarının
formalaşdırılmasıdır. Bu səbəbdən yaxşı olar ki, məlumatlandırıcı layihələrin hazırlanma-
sında bu və ya digər dərəcədə bütün şagirdlər iştirak etsinlər. Müəyyən şərtlər daxilində
məlumatlandırıcı layihə tədqiqat layihəsinə çevrilə bilər.
Tədqiqat layihəsi tədqiqatın predmetinin və tədqiqat metodlarının
dəqiq müəyyən edil-
məsini nəzərdə tutur. Bu növ layihələr elmi-tədqiqat işinə bənzərdir: mövzunun əsas-
landırılması, tədqiqat probleminin müəyyənləşdirilməsi, fərziyyənin irəli sürülməsi,
məlumat mənbəyinin və problemin həlli üsullarının təyin edilməsi, alınan nəticələrin
ümumiləşdirilməsi və müzakirəsi. Tədqiqat layihələri, adətən,
uzunmüddətli olur və
nəticələri böyük bir bölmənin və ya kursun sonunda təqdim edilir.
ŞAGİRD NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏ
PRİNSİPLƏRİ VƏ ÜSULLARI
Azərbaycan Respublikası Təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 nömrəli
əmri ilə 1-7-ci siniflərdə məktəbdaxili qiymətləndirmə qaydalarında bir sıra dəyişiklik
edilmişdir (bax: http://www.muallim.edu.az/arxiv/2013/34/26.htm).
Fənn kurikulumlarına görə, qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə
yönəldilir, onu idarə edən vacib amil kimi meydana çıxır.
Məzmun standartlarının
mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləş-
dirilmişdir. Məktəbdaxili qiymətləndirmə
diaqnostik,
formativ və
summativ qiymət-
ləndirmələrdən ibarətdir.
Diaqnostik qiymətləndirmə fənn üzrə təlimin hər hansı bir mərhələsində şagird-
lərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik qiymət-
ləndirmə, adından
da məlum olduğu kimi, şagirdə və ya bütöv sinfə qoyulan diaq-
nozdur. Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat
almağa imkan verir. Bu qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olun-
mur, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə valideynlər,
sinif rəhbəri və digər fənn müəllimləri məlumatlandırılır.
Formativ qiymətləndirmənin
məqsədi (2 sentyabr 2013-cü il tarixli təlimata
əsasən) təhsilalanın təlim prosesində məzmun standartlarından irəli gələn bilik və
bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləməkdən, bu zaman qarşıya
çıxan problemləri müəyyən etməkdən və onları aradan qaldırmaqdan ibarətdir.
Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil.