Gəncə Nərimanlı bir gün yaşadı
Bu günlərdə Gəncədəki Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbdə Nəriman
Həsənzadə ilə görüş keçirildi. Əvvəlcə məktəbdə yaradılmış Azərbaycan tarixi muzeyi və
görkəmli alimlərimizdən olan Aida xanım İmanquliyevanın xatirə muzeyi ziyarət edildi.
Hər iki muzey otaqları və bu otaqların təşkilatçıları barədə qonaqlara ətraflı məlumat
verildikdən sonra gəncəlilərin öz sevimli, doğma şairi ilə təntənəli görüş mərasimi başlandı.
Görüşü məktəbin direktoru Zakir Hüseynov açaraq, bir daha Nəriman müəllimi, gələn
qonaqları və tədbir iştirakçılarını səmimiyyətlə salamladı: "Görkəmli yazıçı Mir Cəlalın adını
daşıyan məktəbə, Mir Cəlalın mənəvi övladı, sevimli xalq şairimiz Nəriman Həsənzadə ilə
görüşə xoş gəlibsiniz."
Milli Aviasiya Akademiyasının hüquq kafedrasının müdiri, professor İbrahim Quliyev
tədbirdə çıxış edərək Nəriman Həsənzadə yaradıcılığının, şəxsiyyətinin özünəməxsus
xüsusiyyətlərindən söz açdı.
Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Çingiz Musayev Gəncə şəhər İcra
Hakimiyyətinin başçısı Eldar müəllimin salamlarını şairə və tədbir iştirakçılarına çatdıraraq, bu
günün gəncəlilər üçün çox xoş, əlamətdar bir gün olduğunu söylədi: "Bu gün Gəncə dəyərli bir
yetirməsi ilə görüşür. Öz doğma Gəncənizə xoş gəlibsiniz, şair! Sizi bütün Azərbaycan xalqı,
bütün türk dünyası çox sevir. O cümlədən gəncəlilər."
Şairin ilk məhəbbət beşiyi olan Gəncə Dövlət Pedaqoji Universitetinin rektoru Elman
Məmmədov çıxış edərək dedi: "Fəxr edirik ki, Nəriman Həsənzadə kimi böyük şairimiz bizim
universiteti bitirib. Universitetimizdə Nəriman müəllimin yaradıcılığı geniş tədqiq olunur.
Qocaman professorumuz Sadıq Şükürov şairin yaradıcılığını müxtəlif istiqamətlərdən tədqiq
edir."
Elman müəllim onu da xatırlatdı ki, 2007-ci ildə biz Gəncə Dövlət Universitetində sevimli
xalq şairimizlə möhtəşəm bir görüş keçirmişik. Həmin görüşün xoş təəssüratları, əks-sədası hələ
də qulaqlarımızdadır.
Mir Cəlal adına məktəbin şagirdi, ən kiçik yaşlı tədbir iştirakçısı Günel Veyisovanın şairin
şərəfinə söylədiyi "Xoş gəlibsiniz" şeri sürəkli alqışlara səbəb oldu.
Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyev, "Qafqaz Mediya" İctimai Birliyinin
rəhbəri Azadə Taleh, Nəriman müəllimin yaxın qohumu Nübar xanım, "Bahar" Uşaqlara qayğı
İctimai Birliyinin rəhbəri Afət Cəlilova, professor Sadıq Şükürov, Fuad Əliyev, şair-publisist
Ramin Qurban məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aybəniz Möhsümova, Lalə
Şabanova və başqalarının çıxışları da maraqla qarşılandı.
Tədbirdə Gəncə Uşaq evinin istedadlı körpələri də şairin şərəfinə "Mənim Nəriman
babam" adlı bədii kompozisiya nümayiş etdirdilər. Çıxışlarla növbəli şəkildə səsləndirilən
musiqilər, muğam və təsniflər, Nəriman Həsənzadənin şeirlərinə bəstələnmiş musiqilər
iştirakçılarda xoş ovqat yaradırdı.
Beləliklə, Gəncə Nərimanlı bir gün yaşadı.
Tədbirin sonunda Nəriman müəllim bütün çıxış edənlərə, tədbirin təşkilatçılarına və
iştirakçılara, eləcə də bütün gəncəlilərə minnətdarlığını bildirib, yeni şeirlərini oxudu.
R.Qurban
Ədəbiyyat qəzeti.- 2010.- 25 iyun.- S.6.