24
cəmiyyətə “Ölülər” kimi tarixi - bədii ittihamnamə yazan Mirzə
Cəlil ədəbiyyatda xalq məfkurəsinin, əməkçi siniflərin
mənafeyinin ilk carçısı və ələmdarı oldu.
Mirzə Cəlil istər publisist və istərsə bədii yazılarında
mücərrədlikdən uzaq idi. O, həmişə konkret ictimai-tarixi
şəraitdən çıxaraq mühakimə aparırdı. Əgər romantik
sənətkarların, hətta bəzi realist yazıçıların əsərlərində “yenilik”,
“təcəddüd”, “inqilab” məfhumu ümumi, qeyri-sinfi, qeyri-tarixi
alınırdısa, Mirzə Cəlildə bu tamamilə başqa idi.
Cəlil Məmmədquluzadənin tarixi xidmətlərindən biri onun
inkişaf etdirdiyi realizm məktəbidir. Nəzəri qidasını demokratik
ədəbiyyatdan alan, mənbəyini Mirzə Fətəli dramlarından,
materialını isə o zamanki Azərbaycanın müstəmləkə
vəziyyətindən, köhnə həyat və məişətdən alan Mirzə Cəlil
realizmi XX əsrin ibtidasında güclü bir məktəb olaraq
ədəbiyyatda üstünlük fəth etmişdi.
Cəlil Məmmədquluzadə sənətdə həqiqətə sitayiş edirdi. Onun
üçün ən böyük meyar, həm məfkürə, həm bədiilik meyari hər
şeydən əvvəl həqiqət idi. Hər hansı bir əsərdə həqiqətdən yayınan
bir əlamət görürdü, saxta sayır, nifrət edirdi. Mirzə Cəlil sənəti
müqəddəs saydığı üçün həqiqətdən kənar təsvir etmir, həqiqəti
onun mayası, cövhəri, qayəsi sayır. Bu barədə ədib böyük rus
demokrat ədib və şairləri ilə tamam həmfikirdir. N.A.Nekrasov
1855-ci ildə Botkinə məktubunda yazırdı: “Həqiqəti qərəzsiz və
ehtirasla, hər şeydən, hətta öz-özündən də artıq sev və ona xidmət
elə. Belə etsən, işlər qaydasında gedər, sənətə xidmət etmək
istərkən həm də cəmiyyətə xidmət etmiş olarsan. Əksinə,
cəmiyyətə xidmət etmək istərkən, eyni zamanda sənətə xidmət
etmiş olarsan”.
Mirzə Cəlilin də yaradıcılıq proqramı bu idi. Bu həqiqət,
azadlığa, qurtuluşa doğru olan bu həyat həqiqəti onun əməli
fəaliyyətində də, yaradıcılığında da xarüqələrin yaranmasına
səbəb oldu.
25
Əlbət ki, Mirzə Cəlilin realizmi tənqidi realizm idi. Tənqidi
realizm Rusiyada olduğu kimi Azərbaycanda da müəyyən ictimai
münasibətin, ictimai inkişafda müəyyən bir mərhələnin məhsulu
idi. Bu, xüsusilə XIX əsr rus ədəbiyyatında böyük bir məktəb
olmuşdur. Tolstoy, Qoqol, Şedrin və Nekrasov bu üslubdan
istifadə etmişlər. Tənqidi realizm ictimai münasibətdə şüura
sığmaz uyğunsuzluqları açan, insanın və cəmiyyətin düşdüyü
böhranı göstərən, feodal və kapital dünyasına qarşı oxucuda ayıq
tənqidi fikri qüvvətləndirən bir metod idi. Mirzə Cəlil bundan
geniş istifadə etmişdir.
Mirzə Cəlil realizmində bir sıra səciyyəvi xüsusiyyətlər vardır.
Onun əsərlərində obyektiv təsvir üsulu üstündür. M.Qorki
yazıçılara olan məsləhətinin birində deyir: “Siz özünüz
qəhrəmanlarınıza qoşulmayın. Oxucuya da mövzu oxumağa (dərs
deməyə) çalışmayın. Siz oxucuya yaxşı, dürüst, aydın surətlər
verin. Nəticəni oxucu özü çıxardar”.
Mirzə Cəlil məhz bu mənada obyektiv təsvir yolu ilə gedir.
Onun əsərlərində müəllif qətiyyən görünmür. Oxucu özünü
qəfildən yeni bir aləmdə görür. Həyat ona o qədər təbii, həqiqi,
canlı görünür ki, bunların bir sənətkar lövhəsi olduğunu unudur,
özünü əhvalatın içində duymuş olur, onunla yaşayır. “Ölülər”i,
“Anamın kitabı”nı, “Usta Zeynal”ı, “Dana-baş kəndinin
əhvalatları”nı xatırlayın. Bu əsərlərdə həyat və hadisələr, insan və
psixologiya elə təbii, həqiqi, dürüst, inandırıcı çıxmışdır ki,
bunları realizmin parlaq nümunələri adlandıra bilərik.
Mirzə Cəlilin hekayələrindəki parlaq lövhələr belə lövhələrdir.
Biz bunları oxuyanda “belə də ola bilər” demirik. Biz deyirik:
“məhz belə olar, ayrı cür ola bilməz”. İsgəndər ilə Şeyx
Nəsrullahın rəftarı, Xudayar bəyin Zeynəbə qarşı zülmü məhz bu
cür ola bilər, ayrı cür ola bilməz.
Mirzə Cəlilin sənətini L.N.Tolstoyun sənəti ilə müqayisə
etmək əlbəttə ki, ilk baxışda qəribə gələ bilər. Ancaq bir mə-
26
sələdə Mirzə Cəlil sənətini Tolstoy ilə bərabər tutmaq olar və
lazımdır: o da təsvirin canlılığı, qabarıqlığı və yaxud plastika
məsələsidir. Tolstoy hadisələrin, adamların təsvirində qaranlıq
cəhət qoymadığı kimi, təfərrüatı, cüziyyatı həqiqi rənglərlə
göstərdiyi kimi, Mirzə Cəlil də hadisəni canlı həyata çevirib göz
qabağına gətirməyi bacarır; hekayələrində cərəyan edən əhvalatı
biz yalnız qulağımız, gözümüz ilə deyil, hətta duyğularımızla
qəbul və dərk edirik. Obyektiv təsvir burada foto surəti, bitərəf
təsvir deyil, hər bir böyük sənətdə olduğu kimi, burada da
tendensiya, meyl, sənətkarın tərəfkirliyi əsərin daxili
vəhdətindəki ünsürlərin canına hopmuş haldadır. Bu sağlam
tərəfkirlik böyük ədibin bir çox əsərində alovlu ehtirasa, hissin
tüğyanına çevrilmişdir.
Müəllif hissini, ehtirasını, hökmlərini söz ilə, müstəqim yol ilə
yox, Belinskinin sənətdən tələbinə müvafiq olaraq, bütün əsərlə,
lövhələrlə, parlaq surətlərlə deyir.
Böyük ədibin yaradıcılığında insanlar, onların taleyi əsas
mövzudur və başlıca yer tutur. Mirzə Cəlil tarixdən yazmamışdır.
Onun qəhrəmanları tarixi şəxsiyyətlər deyil, onun bütün əsərləri
müasir həyatdandır. Ayrı cürə də ola bilməzdi. Ədəbiyyata
mübarizə üçün gələn, müasir cəmiyyətin islah və inqilabına
çalışan bir realist, qələmini zamanının başlıca məsələlərinə
səfərbər etməli idi və etdi.
O, qəhrəmanlarını təmkinli bir romantika ilə təsvir edir,
bunlara ümid bəsləyir, əsl sözünü onların dili ilə deyir. Mirzə
Cəlilin realizmində satira, acı gülüş ilə yanaşı lirika və zəminəli
bir xəyal vardır. Bunlarla yanaşı demək də düzgün olmaz. Çünki
bunlar həyatda olduğu kimi elə mürəkkəb və elə çarpazlaşmış bir
haldadır ki, bir-birindən ayırmaq da çətin olur. “Ölülər” kimi
xalis, kəskin və güclü satira əsərində elə yerlər vardır ki, həzin və
mənalı lirika satiraya üstün gəlir. İsgəndər pəncərədən günəşə,
bütün dünyaya işıq və feyz vərən
Dostları ilə paylaş: |