158
"Məni ordudan tərxis edəndə ürək zəifliyini səbəb qoymuşdular.
Yürüşlərdə, yoxuşlarda təngnəfəs olurdum. Güman etmişdim ki, bundan
sonra mənim qəlbim ilə ancaq həkimlər maraqlana bilərlər. Amma
görüşümüzdən belə məlum oldu ki, yox, orada həyat qaynayır və yeni bir
işıq yanır. Onu siz yandırmısınız. Ümidvaram ki, həmin işığı söndürməyi
heç bir zaman rəva görməzsiniz!
Ehtiramla, Baxış"
Gəlin gəldiyi ilk gündən Ağca Baxış ilə şərtləşmişdi: uşaq bağçasında
qulluğa girəcək, fəhlə balalarına tərbiyə verəcək, sonra da ali təhsil alacaq.
Toy dəsgahı, mehriban ailə həyatı başlanan günün səhərisi Ağca iki
nömrəli uşaq bağçasına mürəbbiyə təyin olundu. Ağcanın arzuladığı
bağçanın balaca həyətində hovuz tikilmiş, cərgə ilə ərik, iydə, badam
ağacları basdırılmış, tənəklər baş-başa vermiş, qızılgüllər neçə yerdən calaq
elənmiş, təzə binanın eyvanı, qapı-pəncərəsi qəşəng rənglənmiş, dirəkdən
çilçıraq asılmışdı. Oğlanlı, qızlı körpə uşaqlar quşlar kimi səs-səsə
vermişdilər.
Ağca yenicə ayaq basdığı bu körpələr evini özünün həyat və əmək ocağı
saymışdı. Gündə neçə dəfə uşaqları bir-bir dindirməsə, ağacları sulamasa,
hovuzun suyunu təzələməsə, otaqların səliqəsini yoxlamasa qərarı gəlməzdi.
Birinin düyməsini tikir, birinə şəkil çəkir, bir başqasına hesab öyrədir, nağıl
danışırdı. Cücəli toyuq kimi körpələri başına yığıb cürbəcür mahnılar
oxuyur, onlara oyunlar öyrədir, cərgələrə düzürdü. İş görəndə qalın
hörükləri kürəyindən sürüşür, gözünün qabağını kəsir, bəzən hovuz suyuna
batırdı.
Qız, saçını cəld düyünləyib dalına atanda, bir dəfə müdirə gülə-gülə
demişdi:
- Qızım, onlar sənə kəndir deyil ki, nemətin qədrini bil! Onun həsrətini
çəkənlər var!
Ağca sonra hörüklərini bir ipək tor içinə yığıb kürəyinə atardı. Boynunu
tərlətsə, darıxdırsa da, müdirənin sözünü yaddan çıxarmazdı.
Ailə həyatının dadlı meyvəsi, ay parçası kimi bir oğlan uşağı da
muştuluq şənliyi ilə gəlib çıxdı. Gənc ailədə körpə səsi saf musiqi kimi
eşidilməyə başladı.
159
Bənna Baxışla Ağcanın günü, dirliyi xoş keçməkdə idi.
Ailədən, güzərandan söhbət düşəndə, hərə bir arzudan deyəndə, Baxış
da küsənə-küsənə öz səadətindən danışardı:
- Qardaş, bizim zəmanədə insanın canı sağ olsun, yaxşı da ömür-gün
yoldaşın olsun, qalan hər şey ötüşər. Ağca ilə qabaq-qabağa oturanda,
kəlmə verib kəlmə alanda, bir də Nadirin qığıltısını eşidəndə, elə bilirəm
bütün yorğunluğum getdi. Deyəsən, heç ağır daşları divara düzən, səhərdən
axşama belədən-belə mizan çəkən, sement vuran, fəhlələr ilə çənə döyən
mən deyiləmmiş. İnsana könül həmdəmi hər şeydən fərzdir. Can deyib can
eşidəsən, bir-birinin başına and içəsən. Məhəbbət də, həyat da, ləzzət də
budur. İdarədə də adamın kefı saz, ürəyi işıqlı olur. Həyat yoldaşı, mehriban
ailə işdə də adama bir arxadır.
Baxış tamamilə haqlı idi. Ağcanın yoldaşlığı, bağçadakı qulluğu, ailə
qayğısı bu tərifə tamamilə layiq idi.
Qadın var həmişə fıkri-zikri konsertlərdə, bu teatrda, o tamaşada,
gəzməkdə, seyrəngahda, bayır-bağçada olar. Evinin işini yükləməyə də
qulluqçu axtarar. Ərinin işdən gəlməyi yadına düşəndə, qaçıb restorandan
bir boşqab soyuq kotletdən-motletdən alıb gətirər, qabağına atar, sonra
poçtalyon kimi qapıdan yox olar...
Belə evin mehmanxanadan nə fərqi!
Yox! Baxışın ailəsi hara, bu söhbətlər hara!
Ağca qulluğunu ikinci növbəyə, nahardan sonraya salmışdı. Səhər
yerindən qalxan kimi birinci işi ərinə yemək vermək, onu yola salmaqdı.
Uşağı yedirib, geyindirib havaya çıxarmaq, sonra nahar tədarükünə düşmək.
Ağca ərzağın təzəsini, yaxşısını, həm də bahalısını alardı. Handa bir şeyi
bəyənməz, dönə-dönə seçərdi ki, Baxışın xoşuna gəlsin. Onun hazırladığı
süfrə zənginliyi ilə olmasa da, səliqəsi səhmanı ilə həmişə seçilirdi. Stol
üstündə hər şey par-par parıldardı. Deyərdin bunlara əl vurmaq heyifdi,
hansı qəzetə, hansı sərgiyə getmək üçün şəkil çəkiləcək.
Baxış işdən gec gələndə Ağcanın gözü qapıda qalardı. Tez-tez həyətə
çıxıb evə girərdi. Tramvay zəngi cınqıldayan kimi ürəyində deyirdi: "Baxışı
gətirir".
Uşaq da böyümüşdü. Ata-bala qabaq-qabağa oturub, Ağcanın bişirdiyi
xörəyi iştahla yeyəndə, qaşığı qoyub çəngəli, çəngəli qoyub stəkanı, stəkanı
qoyub kağız dəsmalı götürəndə, "əllərin var olsun!" deyə təşəkkür edəndə,
Ağcanın ürək rahatlığına söz ola bilməzdi.
160
Görərdin axşam, şirin söhbət vaxtı Baxış bir kağız bağlamanı ortalığa
gətirir, ana-balaya göstərib soruşurdu:
- Kim bilər bu nədir?
Biri konfet, biri çəkmə, biri dəsmal, biri corab, biri ətir deyərdi.
- Bilmədiniz!
Nadir tələsik bağlamanı atasından almaq istəyəndə, bir də görərdi ata
qutudan bir sputnik çıxarıb stol üstünə qoydu. Göyə üz qoyan sputnik əvvəl
marş çalmağa, sonra da fıt verməyə başlardı. Nadirin sevincinin həddi
olmazdı...
Deyirlər xain, çəp bir göz bütün xoşbəxt ailələrin pəncərəsindən baxır,
içəriyə soxulmağa fürsət axtarır. Bizim tanıdığımız evdə bu etiqada
inananlar, bəlkə də, yoxdur. Amma xanımlardan uzaq olsun, Baxışın evinə
birdən-birə əsən acı ruzigarı, ürəyim ağrısa da, deməyə məcburam.
Ağcanın başına elə bir iş gəldi ki, ailə səadəti alt-üst oldu.
Baxış yağlı maşın kimi çox işlək adam idi. Ağrı, yorğunluq, zəiflik ona
kar salmazdı. On beş ilin ərzində onun işdən qaldığını görən olmamışdı. Adı
həmişə məruzələrdə, şəkli lövhələrdə, işi dillərdə idi. Heç kimin gümanı
gəlməzdi ki, bu zirək kişiyə də xəstəlik yaxın düşər.
Bəzən kürək sancısından, ürək ağrısından şikayət eləsə də, Ağcanın
sözünə baxmaz, işə gedər, neçənci mərtəbədə divar qoyar, tavan örtərdi.
İşdən qayıdan kimi dalbadal rəngli çay içər, bir-iki saat uzanıb dincələndən
sonra durub qəzet oxuyar, radio eşidərdi.
Ağca ərinin həkim çağırmağa kahıllıq etməsinə bir növ alışmışdı,
inanmışdı ki, baş ağrısı, kürək ağrısı... bunlar işlək adamlarda soyuqdan,
havadan, küləkdən olan, tez keçib gedən şeylərdir. Bu "adi" şeylərdən belə
müdhiş bir fəlakət baş verə biləcəyini Ağca heç xəyalına gətirməzdi. Elə bir
fəlakət ki, nə həkim, nə dost, nə idarə, elgün, nə qurulu ev-eşik, nə bəslənən
şirin arzular qarşı dura bildi!
Ölüm qara qartal qanadını bu gözəl, bu munis xanıman üstündə gö-
rəndə, iti caynaqları ilə Baxışın qəlbini parçalayanda, sanki hər şey bitdi!
Ağcanın illər boyu bəslədiyi arzu və ümidlər elə sarsıldı, tamaşasına
durduğu füsunkar qayalıqlar kimi birdən-birə elə uçulub töküldü ki, dünya
və aləm başına fırlandı.
Baxışın vəfatından xəbər tutanlar axışıb gəldilər, idarə qalmadı baş
sağlığı yazmasın, maşın qalmadı dəfn mərasiminə çıxmasın, adam qalmadı
bu adlı-sanlı ustaya yanıb heyifsilənməsin.
Dostları ilə paylaş: |