Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə121/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   113   114   115   116   117   118   119   120   121

373 
 
Yenə  İzzət gözünə göründü. O, səsəmi gəldi? Torpaqlar altından baş 
qaldırıb, şikayətmi edir? 
Ağcanın canına bir əsmə  gəldi. Bədəni ağac kimi silkələndi. Qol-
qanadında həyat adına nə qalmışdısa xəzəl kimi ələndi.  Əlini atıb,  ət 
bıçağını götürdü, bir istədi küləklər və boranlar oylağı olan ürəyini 
parçalasın; sinəsindən çal-çarpaz dağ  çəkib, dərdini yazsın, bala busəsinə 
büzülməyən dodaqlarını doğrasın. Biləklərini sıxdılar, damarlarında qan 
dayandı, bütün bəndləri boşaldı. Yerə düşən bıçağı ayaqladı. 
Nə hiss iləsə qapını çırpıb, özünü çölə atdı. Sanki gözü bunları, ömrünün 
əziz və  zəlil günlərini danışan  şeyləri, gəncliyinin taleyini xəbər verən ev 
əmlakını görməsə dincələcəkdi, gecə qaranlıqları onun əsəblərini su kimi 
oxşayacaqdır. 
Bir kölgə kimi yeridi, eyvandan ötüb qonşu dama çıxdı, dalda bir yer 
tapdı; üzünü aşağılara, döş-döşə verib yatan uca və alçaq binalara, muncuq 
kimi düzülən işıqlara, qır gölü kimi görünən dənizə, sahilin qızıl sütunlarını 
parçalayan dalğalara tutdu. Göydən yerə  qədər bütün aləmdə bir 
məmnunluq, müəyyənlik duyulurdu. Görünən, görünməyən adamların, 
hamının  yeri, vəzifəsi, işi,  əhəmiyyəti var idi. Hamı rahat-farağat və razı 
idi. Bu böyük, mürəkkəb aləmdə heç bir şey artıq deyildi. 
Bax, o dənizin içərilərinə soxulan qara burun, o təpəcik də lazımdır. 
Kənarlarını dalğalar döyəcləyən körpü sütunları, sınıq qayıqlar, suyu 
sıxışdırıb içərilərə qovan daş, çınqıl, tar-taxta, dəmir... hamısı, tramvay, 
asfalt yolla süzülüb gedən maşın, sularda ağaran yelkən, qılınc kimi göyləri 
yaran təyyarələr... Hamısı lazımdır, hamısı bir məqsəd üçündür. İşıqlar tel-
telə verib, yolçuların qədəmlərinə nur səpir; milislər nizam gözləyir, 
keşikçilər qoruyur; tramvaylar adamları mənzilinə aparır... 
Budur, bir ailə görüşdən gəlir. Bir başqası görüşə gedir. Kimi nişan 
aparır. Biri gəzməyə  çıxır, o birisi gəzintidən qayıdır. Bir ayrısı eyvanda 
oturub  əylənir, biri oxuyur, biri çalır, biri qəh-qəh çəkir. Məsud, xoş bir 
ahəng... 
Yox! Bunların hamısı zahirən belədir. Hamı üzünü dağlıq hissəyə 
çevirib qır dama, bu damda daş kimi dayanan qartala baxır... Möhtəşəm 
binalar, küçələr, sallanan fənərlər, gəzənlər, dayananlar... Hamı  Ağca 
xanıma tamaşaya durmuşdur; sanki bu damın indicə yıxılacağını, 
  


374 
 
kimə isə  zərər vuracağını gözləyirlər. Baxışlar tənəlidir, istehza edirlər, 
hamı  ağız-ağıza verib, ucadan və hiddətlə deyir: "Sən artıqsan! Sən nəyə 
lazımsan!.." 
"Sudan xilas dəstələri məni keçmişin  əzab dəryasından, peşmançılıq 
alovundan xilas edə bilməzlərmi? Buna şəhərin qüdrəti çatmazmı? Mən 
yeni şəhər tikən, şəhəri yenidən tikən şəhəri yenidən tikən adamdan kömək 
ala bilmərəmmi?.." 
Qonum-qonşunun həyətdəki səs-küyünü eşidəndə  Ağca xanım bir cani 
kimi uzaqlaşıb getdi. 
Qonşular həyəti qiymətli şeylərlə dolu gördülər. Qadının dəli olduğunu, 
bəlkə də özünü öldürdüyünü güman edib, evə yüyürdülər. Qapılar taybatay, 
ev isə sahibsiz idi. Küçəyə adam qaçırtdılar, su quyusuna çıraq salıb 
baxdılar... Zirzəmini, pilləkən altını, vanna otağını gəzdilər. Ağca xanımdan 
bir nəm-nişan yox idi. Paltarlarının, ayaqqabısının evdə olmasından yəqin 
etdilər ki, bir yerə getməyib. Səhərə  qədər axtardılar. Odunların altına, 
köhnə  təndir uçuğuna, qonşu damlara, həyətlərə baxdılar. Tramvay altına 
düşməsindən  şübhələndilər. Zəng vurub "Təcili yardımdan" soruşdular. 
Ağca xanımın yox olması  xəbəri rayona çatdı. Fövrən evə iki milis gəldi: 
şeylər siyahıya alındı, şahidlər qol çəkdi, qapı möhürləndi. 
Kainat rəncbərinin xırman işi bitir, göy üzünə səpilmiş xaş-xaş dənələri, 
gündüz böyük bir tığ  təşkil etmək üçün yığılır, səhər açılırdı. Ötən axşam 
haralardansa kəmənd kimi atılan və get-gedə tündləşib bir qaranlıq olan 
kölgələr, sanki yuvalarına çəkilir, bəndlərinə bağlanırdı. Səhər açılırdı. 
Zülmətin gücündən bir-birinə qarışan varlıqlar, durulan suda daş-qum 
kimi ayrılmağa, seçilməyə başlayır, səhər açılırdı. Göyərən və ağ ləpələri ilə 
torpaqları  aşırıb, həyat işığına çıxan bitki kimi, günəş üfüqdən boylanır, 
göyə lalə yarpaqları tökülür, səhər açılırdı. 
Qaranlığın amansız hökmü ilə torpağa bağlanmış, hərəkətdən qalmış 
mexluqat, həmin bu sabah işığı ilə  həyat və  sərbəstlik alır, yer üzünü 
şənləndirmək üçün hərəkətə gəlir. Səhər açılırdı. 
Tramvaylar, fabrik fitləri, radio dalğaları, samovar nəğmələri, saat 
zəngləri səs-səsə verib, insanlara "Sabahın xeyir" deyir, səhər açılırdı... 
  


375 
 
Vahid Nayıbovun ev qapısı  həmişəki sakitliyi ilə aralandı  və örtüldü. 
Əlində  zənbil olan qulluqçu cəld və yeyin addımlarla pilləkənləri enəndə 
dəhlizdə bir adam seçdi: 
"Qapını kim açıb?" deyə  xəyalından bir sual ötdü. Yadına düşdü ki, 
əmisinin maşını  səhər tezdən Rübabəni gətirmişdi. Ala-toranda ayaq üstə 
dimdik, heykəl kimi görünən adam qulluqçunun canına vahimə saldı. Qız 
qayıtmaq istədi, çətinliklə dilləndi: 
- Kimsən? 
Qaraltıdan cavab çıxmadı. Qulluqçu bir də soruşdu: 
- De, kimsən? 
Qaraltının dinməz-söyləməz, yavaş addım ilə  gəldiyini görən qulluqçu 
geri-geri pilləkənləri çıxmağa başladı: 
- Kimsən? Ay, kimsən? 
Qaraltı dayandı, boğuq səs eşidildi: 
- Vahidi görəcəyəm! 
Qulluqçu qayıdıb, tez yataq otağının qapısını  tıqqıldatdı, qorxulu bir 
səslə Rübabəyə dedi: 
- Vahidi istəyirlər, xanım bacı! 
Rübabə qulluqçunun təlaşını duydu: 
- Qız, sənə nə olub? 
- Dəhlizdə bir adam dayanıb. 
Vahid qulluqçunun səsini eşidən kimi geyindi, pencəyini çiyninə salıb 
çıxdı. Pilləkənlərin lap başında xəyal kimi hərəkətsiz dayanıb baxan bir 
qadın gördü. Qadını tanıya bilmədi. Ancaq onun vəziyyəti nəsə qeyri-adi bir 
hadisədən xəbər verirdi. 
Rübabəni içəri qaytardı, dəhlizin işığını yandırdı, müdhiş bir heykəl 
kimi dayanan, savaşdan, davadan çıxmış, qatil əlindən qurtulmuş kimi bir 
adam gördü: rəngi qaçmış, saçları dağılmış, yaxası parçalanmış, üzündə 
iztirab oxunurdu. Vahid ömründə belə adam görməmişdi, nəzərini onun 
üzündən götürmədi: 
- Gəlin! 
Qadın dinmədi. Gur və dağınıq saçları altından baxan və alov saçan 
gözləri ilə sanki nəsə deyirdi. Qaşları çatılmış, sifəti sillə  dəymiş kimi 
qızarmışdı. Enmiş köksündən, qalxmış çiyinlərindən, damarlar atmış 
boğazından, müvazi xətlərlə doğranmış alnından məlum idi ki, bu nələr 
yaşamış, nə iztirablar keçirmişdir. Vahid adi bir dəlinin, ya 
  


376 
 
azğının evə soxulacağından, bir iş baş verəcəyindən çəkinib, qapını örtmək 
istədi. Qadının simasında, duruşunda və sükutundakı intizar buna mane 
oldu. Bir də təkrar etdi: 
- Gəlin! Gəlin içəri! 
Qadın sanki çətinliklə dilləndi: 
- Mən çox gəlmişəm... Bir addım da siz gəlin! 
Bu sözü deyərək qadın nə qımıldandı, nə əlini tərpətdi. Zənn edərdin ki, 
bu onun sözü deyil, qeyri yerdən gəlmə bir səsdir. Yaxud bunu dili, dodağı 
yox, bütün vücudu dedi. Vahidin şübhəsi daha da artdı. Aldığı cavab 
haradan, nə cəhətdən və nə səbəbdənsə qadının ona bağlı, onunla əlaqədar 
olduğundan xəbər verirdi. Qadın məhrum bir səslə dedi: 
- Qapınıza gəlmişəm, qovmayın, Vahid! 
Vahid qadının gözlərindəki şikayəti duydu. İndi qadın onun gözünə bir 
müəmma yox, fəlakətə uğramış bir yazıq kimi göründü: 
- Buyurun içəri! 
Qadın tərpənmədi: 
- Mənə doğru bir addım da siz atın! 
Bu söz Vahidi yenə şübhəyə saldı, kömək istəyən adamın sözü deyil, bu, 
tələb edən, uman, həm də yaxın bir adamm sözüdür. Vahid dillənmək 
istəyirdi. Qadın əllərini açdı, əyilən kimi oldu: 
- Rübabəyə kəniz gəlmişəm, götürün! 
Rübabə yad adamdan öz adını  eşidəndə qapıya çıxdı. Qadın birdən 
vurulmuş kimi üzü üstə yıxıldı, hönkürtü vurdu. 
- Astanana gəlmişəm, - dedi, - mənim başımı  kəs, ya məni el içinə 
qaytar! 
Rübabə onun qolundan tutub, içəri gətirdi. Vahid düşündü: "Buna nə 
olub?" O biri otağa keçəndə Rübabə ərinin qulağına pıçıldadı: 
- Gəldiyev bunu da bədbəxt edib... 
Vahid təəssüf və hiddətlə başını tərpətdi. Rübabə xahiş etdi: 
- Yazıqdır, ona arteldə-zadda iş düzəlt. 
- Kömək lazımdır! 
Sabahısı gün qəzetlər Vahid ilə əlaqədar dörd yeni xəbər yazdılar: Ağca 
xanımın sərgüzəştini, "Açıq kitab" layihəsinin müsabiqədə udduğunu, 
Kərim Gəldiyevin partiyadan qovulduğunu, inşaat institutunda havanın 
təmizlənməsi ilə əmələ gələn şadlığı. 
 
  
 
  


377 
 
Onuncu fəsil 
 
Gəldiyev sağ-salamat gəlib, Vartaşenə  çıxdı. Onun məqsədi burada 
qalmaq deyildi. Köhnə  və sadiq dostu İsmiyevi görəcək, onun vasitəsilə 
Rusiya darülfünunlarından birinə ezamiyyət alacaq, yayınacaqdı.  Əlbəttə, 
İsmiyev mühəndis olmuş dostunu asanlıqla buraxmayacaqdı: "Bəsdir 
oxudun, - deyəcəkdi, - qurtardın, gəl indi xalqa xeyir ver!" 
Amma Gəldiyev onu başa salacaqdı: "Hələ yarımçığam, Bakıda lazımi 
professorlar olmadığından dastatoçni bilik almadım. Moskvada oxumasam, 
özümə inciner demərəm. Təvəqqe edirəm boynuma qoyduğunuz haqq-sayı 
axıracan aparın. Mən də duz-çörək itirən oğul deyiləm, özün tanıyırsan!.." 
Gəldiyev axşam çıraqlar yananda rayona çatmışdı. Birbaşa dostunun 
evinə getmək,  əziyyət vermək istəmirdi. Mehmanxanaya gəldi, orada 
ortayaşlı çopur bir kişi işləyirdi. Gəldiyevə bir köhnə çarpayı verdi. 
Gəldiyev ondan əhval soruşdu: 
- Deyəsən burada təzə işləyirsən, hə? 
- Olar bir iki il yarım!.. 
- Necə yerdir? Xoşuna gəlir? 
- Niyə, görmürsən, yazı  cənnət kimi... Əbəs yerə Vartaşen deməyiblər 
ha. Vartaşen, yəni gül kənd! 
- Adamları necədir? 
- Adamları deyəndə, qardaş, sən qəribə söz soruşursan. Beş barmağın 
beşi də birdir? Pisi də var, yaxşısı da. Bir de mənə təfavüt eləməz, nəyim 
şəriklidir? Başımı salıb qulluğumu eləyirəm. 
- İspalkomu-zadı deyirəm ey! 
- Niyə, sağ olsun, canyandıran adamdır. 
Gəldiyevin qoltuğu qarpızlandı: 
- Dostumdur. Canlara dəyən kişidir. 
- Onun nəyine kişi deyirsən, qardaş, cavanca oğlandır ki! 
- Necə cavan, 45-dən yuxarı yaşı var. 
Çopur kişi bir az fıkirləşəndən sonra dedi: 
- Sən deyəsən axı İsmiyevi deyirsən. 
- Bəs sən kimi? 
- Daha ispalkom İsmiyev deyil. Müslümzadədir. Köhnəni qovdular. 
Gəldiyevə təəccüb gəldi: 
  


378 
 
- Necə qovdular? 
- Bəli, burdan qovdular Yevlağa, orda da tutdular. 
Gəldiyev qaşlarını çatdı: 
- Tutdular? Necə yəni tutdular? 
-Bəli! 
- Niyə tutdular? 
Çopur kişi söhbətin uzanacağını görüb, qutusunu çıxartdı, papiros 
bükdü: 
- Günahı çoxdur, qardaşoğlu, onun. Doğrudan dostundur? 
- Zarafat eləyirəm, əşi. Dalaşmışdım onunla. 
- Çox idi günahı. Adamları var imiş. Pay bölüşdürürlərmiş. Rayonu 
yeyiblər, üstü açılıb. 
- Havaxt açılıb? 
- Mən gələndən bir altı-yeddi ay sonra. 
- Əşi, yoxsa sən açmısan üstünü? 
- Mənim nə  xəbərim var. Mərkəzdən adam gəlmişdi, raykomu da 
dəyişdilər. 
- Axı mən eşitdim, İsmiyevə dəyməyiblər. 
- Əvvəl dəyə bilmirdilər, dişi bərk idi, sonra ona da dəydilər. 
Gəldiyev  İskəndəri xəbər aldı. Çopur kişi onun üzünə baxıb dinmədi. 
Sonra papirosunun kötüyünü sorub dedi: 
- Qardaş... Sən elə adamları soruşursan ki... İskəndər ələ keçsə, dərisinə 
saman təpərlər. Əmanət kassasının otuz üç min manatını götürüb yox oldu. 
Balaca bir oğlan uşağı pişik kimi qapını açdı, qaça-qaça gəlib, çopur 
kişinin dizleri arasına girdi. Əlindəki tor zənbili sinəsinə basdı: 
- Anam dedi, çörək alsın! 
Gəldiyev uşağı tanıdı. Birinci arvaddan olan oğlu idi. Uşaq böyümüş, 
rəngi açılmış, dirçəlmiş, çevikləşmişdi. Parlaq gözləri hər  şeyi görmək 
istərmiş kimi oynayırdı. Bu tanışlıqdan Gəldiyev pozuldu, üzünü yana 
çevirdi: "Bu uşaqlar məndən nə istəyirlər..." 
Çopur kişi uşağın qolundan tutub, qapıya çıxdı. Gəldiyevə döndü: 
- Hələ ki, buradasınız, qardaş? 
Gəldiyev o tərəfə dönmədən cavab verdi: 
- Arxayın ol, buradayam! 
Onlar küçənin o tayındakı kooperativə girdilər. Gəldiyev  şüşəbənddən 
baxırdı. Çopur kişi bir bütün təndir çörəyi, bir torba qənd 
  


379 
 
alıb, tor zənbilə qoydu. Uşaq bir əlindəki konfeti gəmirir, o biri əli ilə  də 
şeyləri döşünə basıb, bərk-bərk tuturdu. Onlar küçə  fənərinin altında 
dayanıb, nə isə danışdılar, sanki fənər onların mehribanlığını görüb, 
başlarına nur yağdırırdı. Çopur kişi uşağı at-fayton, maşın yolundan 
addadıb, evə yola saldı, özü mehmanxanaya qayıtdı. Gəldiyev xəbər aldı: 
- Deyəsən evlisiniz? 
- Bəli. Gələndən sonra burada evlənmişəm. 
- Bəs uşaq sizin deyil? 
- Atası yaman çıxıb, uşaqlı arvadı boşayıb, Bakıda bir lotuya uyub. 
Mənim ürəyim götürməz. Oğlumdan artıq baxıram. Niyə ki, uşaqdır, 
böyüməlidir, bəslənməlidir. Sağ olsun, hökumət də az kömək eləmir. 
Bağçası-zadı müftədir. Sabah-biri gün də qoyacağam oxusun. 
Gəldiyev heç nə demədi. Durub çıxmaq istədi. Çopur kişi soruşdu: 
- Pasportunuzu, ya kinişkanızı verəydiniz, dəftərə salaydım, sonra 
yoxlayarlar. 
- Çamadandadır, bir azdan açaram... 
Gəldiyevin uzaq şəhərlərdən gətirdiyi qorxu və intizar bu kişinin 
qabağında xiffətə çevrildi; könlünün qaraldığını gizlətmək, tənhalıqda 
kədərlənmək üçün qalxıb otaqdan getdi. 
Gəldiyev ay işığında nizamsız, adda-budda tikilmiş  kənd evlərinin 
arasında, zəif elektrik çırağı  işıldayan küçədən keçdi. Fındıqlı deyilən 
balaca dərəni addayıb, meşəyə çıxmaq istədi. Suyun səsi onda atəş oyatdı. 
Arxın qabağında çömbəlib ovuclarını doldurdu, sərin dağ suyundan içdi. 
Kolluqlarla başlayan, get-gedə  sıxlaşan meşəyə dikləndi. Gəldiyevə elə 
gəldi ki, bu ağacların yalnız torpaqda deyil, havada da kökləri var. Onlar 
yarpaqlı, puçurlu budaqları ilə  fəzaya bağlanmışlar. Yer də, göy də onları 
bəsləyir. Onlar pardaqlanıb böyüdükcə fəzanı fəth edir, günəşə qovuşurlar; 
sısqaları, qırıntıları, vəcdən düşmüş ağacları kölgələri ilə basıb məhv edir, 
payız xəzəllərinə qatırlar. 
Keçmişmi, gələcəkmi, xatırlamaq, yoxsa unutmaq hissimi, nəsə 
Gəldiyevi çəkə-çəkə bir yerə gətirdi. Burda vaxtilə bir qarağac bitmişdi. Bu 
ağacın yerini o çox yaxşı bələdləmişdi; onun ətrafındakı kolları da, öz əli ilə 
əkmiş kimi tanıyırdı. O, həndəvəri bir-birinə vurdu, alçaq, qol-budaqlı, sıx 
kölgəli ağac yoxa çıxmışdı; deyəsən göyə uçmuşdu. Onun yeri adi bir 
açıqlıq idi. Açıqlıqdan, buraya düşməyə  


380 
 
imkan tapan günəşdən otlar qidalanmış, boy atmışdı. Cavan bir nar ağacı 
bitmişdi. Gəldiyev otları aralayanda ayağı böyük bir şeyə ilişdi. Kəsilmiş 
qarağacın quru kötüyünün üstündə oturdu. 
Neçə il bundan əvvəl Zoya ilə burda görüşmüşdü...  Əlini cavan nar 
ağacının yarpaqlı budaqlarına toxundurdu. Elektrik işığında dayanıb, çopur 
kişini dinləyən uşaq gəlib Gəldiyevin qabağında bitdi. Nar ağacını göstərib, 
nə isə demək istədi, ağac isə susurdu, meşə  də, otlar, çiçəklər, sular, 
küləklər, ulduzlu səma da susurdu. Hamı, hər  şey uşağın boyuna tamaşa 
edir, sözünü eşitmək istəyirdi. Uşaq da susurdu... 
Gəldiyev çox oturdu, nəfəsini qısıb meşənin sükutuna qarışdı. Heç 
kəsdən, heç yerdən səs eşidə bilmədi. Başını  aşağı salıb, kötüyə baxdı. 
Dodaqları  tərpəndi; üzülmüş  həyatından, həsrətinin dərinliklərindən, 
quyudan gələn kimi, zəif, hüznlü bir səs eşidildi: 
- Bir də göyərsəydim!.. 
1941 

  


381 
 
  
 
MİR CƏLAL 
 
SEÇİLMİŞ ƏSƏRLƏRİ 
 
"ŞƏRQ-QƏRB" 
 
BAKI-2005 
  


382 
 
Buraxılışa məsul:  
Əziz Güləliyev 
Texniki redaktor: 
 
Rövşən Ağayev 
Tərtibatçı-rəssam:  
Nərgiz Əliyeva 
Kompyuter səhifələyicisi: 
Rəşad Həmidov 
Korrektor:  
 
Fəridə Səmədova 
  


383 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmişdir 10.12.2004. Çapa imzalanmışdır 23.06.2005. 
Formatı 60x90 1/16 Fiziki çap vərəqi 24. Ofset çap üsulu. 
Tirajı 25000. Sifariş 168. 
 
 
 
 
Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur. 
 
  
 
 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə