Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə119/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   113   114   115   116   117   118   119   120   121

367 
 
üçün qayırılmışdı. Yağ kimi hərləndi, iki dəfə buranda qapı aralandı. 
İçəridən isti hava gəldi. Gəldiyev sürüşüb, divar peçinin böyründə dayandı. 
Eşik qapı  dəhlizə açılırdı. Dəhlizdən həm döşənmiş salona, həm də 
Vahidin otağına yol var idi. Bu qapıların heç biri açar ilə bağlanmazdı. İndi 
Gəldiyev, mehriban bir xanımanı dağıtmaq üçün nəfəsini dərir, özünə ürək 
verir, qüvvə toplayırdı. Otaq qapılarında salınan xalçalar, sakit və səliqəli ev 
şəraiti, həmişə dosta açılan qapılar, yarasanı qovan kimi Gəldiyevi çaşdırdı. 
Gülüş səsi eşidəndə lap özünü itirdi. Bir əli xəncərin dəstəsində, bir əli də 
yaxasını  yırtdı, salona cumulmaq istədi. Gözünün ucu ilə içəriyə baxdı. 
Qəribə bir hiss onun qanına yeridi. Buralar heç nalə yerinə oxşamırdı. Pis 
məqsəd bu evlərə uymurdu. Əyilib yuxarıya diqqət edəndə Vahidin 
çarpayıda uzandığını, başı üstə oturan uşaq ilə danışıb oynadığını seçdi. 
Yəqin ki bacısıdır; bu dəqiqə qardaşsız qalacaqdır. 
- Niyə yatmırsan, bala? 
-Yuxum gəlmir! 
Vahid uşağı yanına alıb oynadır, dilə tutub yatırmaq istəyirdi, uşaq isə 
Rübabəyə öyrənmişdi, onsuz yatmaq istəmirdi.  Şaqqıltı duyan bala pişik 
kimi Nəzirə qapıya sarı döndü: 
- Kimdir o, qağa? 
Gəldiyevin gözləri uşağın  şəhadət barmağına sataşanda xəncəri siyirib, 
göyə qaldırdı. Uşaq qışqrıb dəhlizə  işarə edəndə Vahid dik qalxıb, qapıya 
tərəf getdi. Onun dik yerişi və  ağır addım səsləri bir an içində  Gəldiyevi 
çaşdırdı; o özünü pilləkənlərdən yerə atdı. Vahid qapıdan çıxanda ancaq 
onun dabanını görə bildi. Dalınca yüyürdüsə də hansı tərəfə qaçdığını təyin 
edə bilmədi. Qorxan, ağlayan uşağın yanına qayıtdı. Qapıdakı top açarlara 
baxıb xəyalında: "Cinayət! Cinayət!" dedi. Uşağı yanına alıb, qapıya çıxdı. 
Rubabə gələnə qədər içəri qayıtmadı. 
Rübabənin də, Vahidin də  Gəldiyevə gümanı gedirdi. Ancaq heç biri 
bunu dilinə gətirmədi, getdi. 
Gəldiyev lap gecə yarısı, pörtmüş, dili-dodağı təpimiş halda evinə gəldi. 
Yetişən kimi vəsiqələrini, dəftərçələrini yığıb qoltuq cibinə qoydu və 
soruşdu: 
- Mənim bir pastel qayışım var idi?.. 
  
 


368 
 
Ağca xanım əlləri qoltuğunda oturub gözləmişdi: 
- Neyləyirsən? 
- Səfərim var. 
- Nə səfər? 
- Zaqatalaya göndərirlər. 
Ağca xanım deməyə söz tapmadı: 
- Sən də gedirsən, hə? 
- Getməsəm atamı yandırarlar. Partiyniyəm. Bilet-zad alınıb, tez ol! 
Ağca xanım istədi öz vəziyyətini dilə  gətirsin,  ərini danlasın, bunun 
faydasız olduğunu bilib susdu. Ürəyindən keçdi: "Görəsən, nə fəndi var". 
Ağca xanım tərpənməmiş Gəldiyev qayışı tapdı, çamadanı da boşaldıb, 
hazırladı. Öz pal-paltarlarını da gətirdi. 
Bunu görən Ağca xanımın ürəyindəki boşluq genişlənir, çırpıntı artırdı: 
- Neçə vaxta gedirsən? 
Gəldiyev qayışı bərk çəkib bağlaya-bağlaya dedi: 
- Bilmək olmaz! Nə bilirəm! 
- Havaxt qayıdacaqsan? 
- Asılıdır yerli təşkilatdan. Həmişəliyə saxlasalar, əlbəttə qayıda 
bilməyəcəyəm. Yox, müvəqqəti olsa, görək də... 
Gəldiyevin tələsdiyini, gözünü qapıdan kəsmədiyini görən Ağca xanım 
şübhəyə düşdü: 
- Sənə nə olub, belə hövldəsən? 
- Hövldə olmayım neyləyim, vaxta az var. Sonra mənə kim təzədən bilet 
tapacaq. Səfər özü tələsikdir. Bu saat çağırıb  əmr veriblər  əlimə ki, gərək 
çıxasan. 
Gəldiyev zənn edirdi ki, Ağca xanım özü haqqında bir şey deyəcək, ya 
getmək istədiyini bildirəcək, ya mane olacaq. Ağca xanımın bu barədə heç 
danışmaması ona qəribə gəldi: "Yəqin hərif razıdır, məni o yana ötürüb, özü 
şəhərdə  əl-qol açacaq. Ev xəlvət, uşaq-muşaq da yox, çoxdandır axı 
sərbəstlik görmür. Yəqin xəyal edir ki, ərim rayonda eşşək kimi işləyəcək, 
pul göndərəcək, mən də həmin pul ilə aşnalara məclis quracağam. Hay-hay! 
Axmaq qızı daha demir ki, sabah ayağımı rayona qoyan kimi kəbin kağızını 
göndərəcəyəm..." 
Qadının əlləri qoltuğunda dümdüz dayanıb səfərə gedən kişisinə tamaşa 
elədiyini, bu gedişin aqibətini duymuş kimi, məzlum və naçar 
  


369 
 
baxdığını görəndə  Gəldiyevin ürəyi köyrələn kirai oldu. Ancaq məna 
vermədi. 
- Hər halda vəziyyəti sənə yazacağam, hələlik! 
Doğrudur, Ağca xanım onun səfər xəbərini çox məyusluqla qarşılamışdı, 
lakin dediklərini eşitmirdi. Ürəyində öz dərdləri ilə məşğul idi. 
Gəldiyev onun qapısından çıxan birinci kişi deyildi. Çoxları  gəlib-
getmişdi. Həvəslə, eşqlə, gülər üz, şirin dillə  gəlmiş, rəsmi soyuq 
xudahafızlə getmişdilər. 
Ağca xanım gəncliyindən qalma qürur, tələbkarlıq hisslərini çox vaxt 
boğmağa, Gəldiyevlə barışıb yaşamağa səy etmişdi, ancaq görürdü ki, 
mümkün olmayacaqdır. 
Gəldiyev getdi, özü görünməz, ayaq səsləri də daha eşidilməz oldu. 
Ağca xanım içəri döndü, evə çökən sükut və  tənhalığı dinlədi, qırmızı 
döşəmədən göy səqfə  qədər şəkilli divarlara, rəngi getmiş qapıya, dolu və 
boş boçkaya qədər hər şeyə baxdı. Deyəsən, onlar bir sirri soruşurdular. 
Ağca xanım səs eşitmiş kimi döyükdü, ətrafına boylandı. Qulağının 
cingiltisini, ürək döyüntüsünü, ağırlaşan nəfəsini dinlədi. Deyəsən, 
Təbarəkdən bu yana gələn və qucağında qızışıb gedənlərin sonuncusu, həm 
də  ən amansızı  həmin bu Gəldiyev idi. Gəldiyev onun sinəsindəki az-çox 
hərarəti, ümid işığını tamam söndürüb getdi. 
Xəyalət onun nəzərini küçəyə, cərgə ilə düzülən və  pəncərəsindən 
kənara işıqlar saçan otaqlara çəkdi. Bu evlərdə yüzlərlə ailələr olur; 
qadınlar, kişilər, qızlar, gəlinlər, balalar, körpələr məsud yaşayırlar. Səhər 
açılan kimi qalxıb gedirlər, günün bir hissəsini iş deyilən ailə  həyatından 
uzaq bir aləmdə keçirirlər. Axşamüstü oradan evə sevinc, səadət,  şirin 
söhbət, əyləncə, həyat ləzzəti gətirirlər. 
- Bunları birləşdirən nədir? Nə üçün mənim tifaqıma  əsən küləklər 
bunlara  əsmir? Nə üçün o kişilər məni tapmır? Nə üçün bu səadət mənə 
yaraşmır... 
Ağca xanımın ürəyindən qopan həsrətli bir səs pıçıldaşırdı: "Mən də 
hökumət idarəsində oturaydım, qolu çirməkli görünəydim; mənim də 
cərgələrdə yerim, dəftərlərdə adım, işlərdə payım olaydı; mən də 
işləyəydim, yorulaydım, çalışaydım, həftəm, ayım, cüməm, məzuniyyətim 
olaydı. Danlanaydım, mənə  də  ərk olunaydı; ağır-yüngül sözlər deyiləydi; 
mən də bu minlərin biri olaydım..." 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə