Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə117/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   113   114   115   116   117   118   119   120   121

361 
 
ağlar, oxumuşlar, avamlar, hərə öz dilində, hərə öz əqidəsində bu kitabı 
oxuyacaqlar. Bu kitabın dağlardan sahillərə  qədər açılan parlaq vərəqləri 
kimi, məzmunu, mənası açıq və aydındır. Rahatlıq bilməyən buruqlarda, 
göylərə baş vuran zavodlarda, çoxqatlı  mənzillərdə, məktəblərdə, müalicə 
evlərində, süzüb gedən maşınlarda, trolleybuslarda körpələr də, uşaqlar da
gənclər də, qocalar da, məşhurlar da, sayalar da, əmr verən komandanlar da, 
eşidən döyüşçülər də, milislər də, xörək bişirən qadınlar da xoş  səslə 
deyəcəklər. 
- Sədaqət, məhəbbət qalib gələn yerdə hər şey məğlub olar. 
 
Doqquzuncu fəsil 
 
Gəldiyev ehtiyatla, ağır-ağır yoxuşu çıxdı. Səkiyə ayaq basanda Vahidin 
evi gözü önündə dikəldi, rəngi getmiş, divardan çətin seçilən uca, taylı qapı 
Gəldiyevə tanışdı. 
İki ay yarım bundan qabaq, mülayim bir qış axşamında bu qapını 
"ziyarət" etməli olmuşdu. Ancaq o zaman Gəldiyevin iradəsi davamsız idi. 
O, iş görmək istəyən adam üçün bu açıq, aşkar yerdə  gəzinməyin, 
görünməyin yaxşı olmadığını xəyalına gətirdi. Sonra düşündü ki, görən olsa 
deyərəm: "Təmiz havaya çıxmışam! Bu yalana inanmazlar!" 
Ürəyində xeyir ilə şəri dəyişdirdi. Şər deyirdi: "Hərif ilə qərəzli olduğun 
məlumdur. Bircə nəfər şahid çıxsa ki, filankəsi axşam tin başında gördüm, 
işin bitdi. Keç qapının dalında dur!" "Bəlkə evdən bayıra çıxan oldu? 
Deyərəm Vahidi görməyə  gəlmişəm. Axşama qədər işdə, idarədə niyə 
görmürsən? Tez yayınar, qaçaram! Yaylı qapı açılanda səsdən biləcək, 
dalınca düşəcəklər: lampoçkanı burub boşaldaram!" 
Şərin sözü kəsilir, Gəldiyevin tədbirləri qətiləşirdi. "Lənət  şərə" deyib 
qapıya yanaşdı.  Əllərini belində çataqladı, dalını qapıya söykəyib tamaşa 
edirmiş kimi durdu. Sonra kürəyi ilə güc gəldi. Ağır, yaylı qapının bir tayı 
ləngər ilə aralanmağa başladı. Qapı yavaş, lakin yanıqlı bir səs çıxardı. 
Sanki bir fəlakət olacağını demək istəyirdi. Qapı arasında çəhrayı qurşaq 
göründü, get-gedə enləndi. Qapı o qədər açıldı ki, bir adam içəri keçə 
bilərdi. Gəldiyev axırıncı  dəfə anlaşılmaz bir hövl ilə küçənin sağ-soluna 
nəzər saldı, ilan kimi sürüşüb içəri girdi. 
  


362 
 
Qapının tayını yavaşca örtdü, çəhrayı qurşaq nazilib yox olanda, qapının 
səsi də  kəsildi. Gəldiyev barmaqları ucunda yeriyib pilləkəni çıxdı. 
Məhəccərin üstünə qalxmamış, düşmək üçün əl yeri, ayaq yeri bələdlədi
dırmaşıb lampoçkanı burdu. Lampoçka barmaqlarını yandırsa da, hərəkətini 
yavaşıtmadı.  İşıq sönəndə deyəsən göydən, naməlum köməkçi bir əl onun 
müdhiş çiyinlərini örtmək üçün qara və ağır bir pərdə saldı. Zülmətdə hər 
şey bir-birinə qovuşdu. Gəldiyev qaranlıqda özünü qınına salınmış  xəncər 
kimi hiss etdi. Ancaq, xəncər iş görəndən sonra qınına qoyulur. Siyrilmək, 
bu pərdəni bir an üçün də olsa götürmək lazım gələcək. 
"Yox! Bir də bu dəhliz Vahidin sağlığında işıqlanmayacaq. Mən işimi 
elə qınımda görəcəyəm. Qaraquşunkunu Allah yuvada yetirər. Mən hərifın 
üstünə getməyəcəyəm, o mənim üstümə gələcək. Hüquq ilə yanaşsan, mən 
heç müqəssir deyiləm; budur mən bu qaranlıq pilləkənlərdə dinc həyat 
sürürəm. O qapını açıb buraya soxulanda, mən necə dayanım, bəlkə  məni 
öldürməyə gəlir, bəlkə boğmaq istəyir, qorunmalıyam, ya yox!" 
Bu xəyallar Gəldiyevə  həm gülünc, həm də  dəhşətli görünürdü. 
Haçandansa  əlini xəncərin dəstəsinə atmışdı. Dəstəni elə  bərk sıxdı ki, az 
qaldı barmaqlarından qan dama. 
İçəridən səs gəldi. Gəldiyev divar dibinə çəkildi. Deyəsən oxuyurdular. 
Qadın səsi, Qarabağ şikəstəsi. 
- Odur, o! Şikəstə oxu... Bir saatdan sonra da ağı deyəcəksən... 
İntiqam hissi canavar kimi Gəldiyevin içini gəmirirdi. Kürəyini buz 
divara söykəmişdi, ürəyi daş kimi bərkimiş, əsəbləri ağac kimi qabarmışdı. 
Əli xəncərin dəstəsində müntəzir dayanıb, gözlərini qapıya zilləmişdi. 
Qapı açılanda xəncər Vahidin ürəyinə sancılacaq, qan fışqıracaq, isti 
yara Vahidin sinəsini qarpız kimi açanda, Gəldiyevin ürəyi sərinləyəcəkdi. 
Yox, onda yox, Rübabə, dili şikəstəli qız Vahidi bu kökdə gördüyü zaman! 
Hə! 
"Bir quş olub kənardan baxaydım. Vahidin cənazəsi  əsgi kimi düşüb 
qalanda... qan qapıda göl duranda... Rübabə lampoçkanı yandıracaq...  İşıq 
olsun,  ərinin ayağı ilişməsin. Baxanda, yaxın gələndə, dizinə döyüb nalə 
çəkəcək... O nalə mənə bəsdir... Yanğımı söndürməyə bəsdi! Onu istəyirəm, 
hə, onu!" 
  


363 
 
Mahnı  təkrar eşidildi.  İntiqam hissindən tələsdiyindənmi, vahimə 
duyduğundanmı, nədənsə, Gəldiyevin canına üşütmə düşdü, bədəni yarpaq 
kimi  əsdi,  əsəbləri sim kimi gizildədi, tükləri qalxdı, dişi-dişinə  dəydi, 
"Bismillah!" deyib, bir pillə  aşağı endi. Dodağını çeynədi.  İkiəlli xəncərin 
dəstəsindən tutub, gərnəşirmiş kimi qollarını şax saxladı. Az qaldı xəncərin 
qayışı qopsun. Bir ayağını irəli, birini geri qoydu, bu saat Vahid daxil 
olacaqmış kimi hazır dayandı. Gözünü qapıya dikdi. Nəfəsini oğurladı. 
İçəridən bir qız uşağı çıxıb kibrit çəkdi: 
- Bacı, - dedi, - bura gəl! 
Kibrit yanıb qurtarmamış qız birini də çəkdi. Yenə qışqırdı: 
- Bacı, tez ol! 
Rübabə hay verdi: 
- Dayan telefon eləyim, bu saat! 
Gəldiyev yəqin etdi ki, onun hənirtisini duymuşlar: "Rübabə milisə zəng 
edir". 
Papağını gözünün üstünə basdı, pencək boğazlığını qaldırıb götürüldü. 
Rübabə şaqqıltı ilə örtülən qapının səsinə çıxanda, Gəldiyev az qala beş 
küçə ötmüşdü. O, dala baxmadan tövşüyə-tövşüyə  Çəmbərəkəndə  tərəf 
yüyürdü. Kənardan baxan onun şey qaçırdığını, ya gündüzdən oralarda 
qiymətli bir şey qoyub gəldiyini güman edərdi... 
     O  gecənin hövlündən Gəldiyev yorğan-döşəyə düşdü. Bir həftə yatdı. 
Ağca xanımın əzabını artırdı. "Soyuqlamışam" deyə neçə dəfə küpə saldırdı. 
Bunlar hamısı  təcrübəsizliyin acı  nəticələri, intiqam yolunun ilk məşqləri 
idi. 
 
* * * 
 
Gəldiyev nahaq yerə qorxu, vahimə çəkir. Qapını açan, kibrit çəkən uşaq 
Vahidin altı yaşlı bacısı  Nəzirə idi, dəhlizdən köhnə başmaqlarını 
götürürdü. Başmağının bir tayında cücü görmüş, çimçəşdiyi üçün Rübabəni 
çağırmışdı. Rübabə isə Vahid üçün idarəyə zəng edirdi. 
Bu vaxtlar Rübabənin ən sevincli günləri idi. Onun ailəsinə doğan səadət 
günəşini gecə də görmək olardı. Moskvadan da teleqram alınmışdı. Vahidin 
layihəsini bəyənmişdilər. 
  
 
  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə