__________________ Milli Kitabxana_________________________
108
İNSAN QAYALAR
("Vətən qayaları,
Vətən daşları" silsiləsindən)
Bir qayaya söykənmişəm,
Deyirəm kaş:
Bax beləcə daşa dönəm
yavaş-yavaş.
Taleyimi qayaların taleyinə
bağlayam mən.
Bircə insan düşüncəmi saxlayam mən.
Daş ayaqlı, daş əlli bir insan kimi
Enib daşdan-daşa düşam,
Qayaların lal dilini başa düşəm.
Onların daş qulağına bir daş atam,
Qayaların keçmişini
qayalara xatırladam,
Deyəm: Bir vaxt insan oğlu
insan olub bu qayalar.
İnsanların nərəsindən
doğulub bu qayalar.
Nər igidlər düşmən üstə gedən zaman
Babalar da baş qaldırıb yer altından,
Qaya kimi, -
dayaq olub, yumruq olub,
ox olublar.
Qayadöşlü qəhrəmanlar
qayalıqda yox olublar,
Bu torpağın taleyində o da elə
bir gün idi,
İgidlərin yaşaması daş olmaqla mümkün idi.
Yoxsa onun qismətinə hardan düşə
bu qədər daş!
Danış görüm, a daş qardaş!
Siz nənəmin bacılığı,
Siz babamın qardaşlığı,
__________________ Milli Kitabxana_________________________
109
Təbiətin səpdiyi bir
zəmi sanım
Bəlkə elə bu daşlığı!
Siz ey qədim əfsanələr,
Şerimə yağ, səsimə yağ!
Nə zamansa bu daşlarla
bir dil tapan tapılacaq –
Bu daşların, qayaların
keçmişini oyadacaq,
Ordu-ordu qayalıqlar
insanlığa qayıdacaq.
Bu basılmaz nərlər-ərlər,
Bu qaya sərkərdələr
Onda məni - bir balaca daş əsgəri
qoyar yəqin qoşulmağa bu cərgəyə,
Qayaların keçmişini
qayalara yazdım, deyə.
Onda Vətən sanar məni
Bir balaca Vətən daşı,
Vətən daşı olmayandan
olmaz ölkə vətəndaşı...
Şuşa, 1970
__________________ Milli Kitabxana_________________________
110
SALAM, A ZİRVƏLƏR
Salam, a gədiklər, salam, a dağlar!
Yenə boynunuzu qucmaq istərəm.
Alıb küləyini qoluma, dağlar,
Zirvədən zirvəyə uçmaq istərəm.
Çoxdandır sürmürəm ayaq gəmimi,
Dərəyə susuram, zirvəyə acam.
Batırıb buluda daş qələmimi
Yağışlı bir nəğmə yazım yamaca!..
Sonra da oxuyum, səsimi yazsın
Qaya sinəsinə mətin qayalar.
Torpaq nəğməsinə qoy qulaq assın
Torpaqda ən möhkəm bitən qayalar.
Zirvəyə qalxdıqca adamı sanki
Günəş yuyundurur nur damarında.
Azacıq uyudur, ətirli, sakit,
Sərin dağ mehinin qanadlarında.
Görünər zirvələr bərabərində
Ağıllar mayakı - ağıl zirvələr.
Görünər zirvələr bərabərində
Buluddöş dastanlar, nağıl zirvələr.
Salam, a zirvələr, salam, a dağlar!
Yenə bir qayada göyərdin məni.
Salam, a zirvələr, salam, a dağlar
Yenə bir nəğməlik köyrəldin məni...
İyun, 1970
__________________ Milli Kitabxana_________________________
111
"ƏRİM GƏLDİ" QAYASI
*
Bu torpağı gəzməmişəm
hələ daş-daş,
Dərələri kaha-kaha,
qayaları hələ qaş-qaş.
Şair, dəcəl körpəliklə
yenə daşlaş...
Yapış onun yalıntaraq ayağından,
Dağa dırman, dağa dırman!
Bu qayanı niyə gördüm?
Gördüm, nələr yada düşdü:
Yaziq nənəm, eh, nə qədər
gözü yolda oda düşdü,
Oda düşdü gəlinlərə təsəllidən.
Ömrü-günü cəhrə nənəm,
Ömrü-günü bükük nənəm.
Kirpikləri ələk nənəm..
Barmaqları üskük nənəm.
Gəlinləri ər gözləyir - yola baxır.
Gəlin dağı! Yaddan çıxır oğul dağı!
Görən, neçə elə gəlin, elə qarı,
Burda elə daşa dönüb, elə qalır...
"Ərim gəldi" qayasının dövrəsi daş,
Daş gəlinlər bir anlığa dillənə kaş,
Bircəsinin nidasına qoşqu olam,
Unvanına yetirməyə borclu olam.
Yağış döyən, külək yonan
daşlar çopur,
Qəzəbimdən daşlar qopur,
daşlar qopur.
*
“Ərim gəldi” Şuşanın aşaği qənşərində bir dikdir. Rəvayətə görə, əri uzaq səfərlərə, döyüşlərə gedən
qadınlar burdan tez-tez baxar, bir uzaq qaraltı görəndə "ərim galdi, ərim gəldi" deyib sevinərmiş.
__________________ Milli Kitabxana_________________________
112
Bir əlləmə tolazlamaq istəyirəm
Qədim daşlar aləminə,
Bəlkə bu daş sualımdan daşlar dinə:
-
Ərin hara gedib, bacı?
Ərin niyə gedib, bacı?
Daşlar dinir; acı-acı...
Həyatımda mən ilk dəfə
daş xoruna qulaq asdım.
Daş xorunun naləsini lentə yazdırn:
-
Ərini gedib: ehtiyac bir yola gələ!
Ərim gedib: qanlı köynək ola gələ!
-
Ərim gedib: xan qızına lələk üçün!
-
Ərim gedib Kəbəyə bir dilək üçün!
-
Ərim gedib: Qəsri-Qacar küncü qıza,
-
Ərim əppək gedibdi bir küncüt qıza...
-
Ərim gedib: qonşu kənddə qan batıra,
-
Ərim güllə çataqladı bir qatıra, -
Həcər bacı o üzdədir,
toyuna sovqat istədi.
"Ərim gedib, ərim gedib..."
Bu xor yenə qatılaşdı,
Xəyalım çox dağdan aşdı,
Uçrumlara tökülən o
Nəm saçlara çox dolaşdı.
Daş nənələr, daş xalalar, daş bacılar
Bilmədilər: gün doğular, gün açılar,
Dərələrlə başaşağı, başyuxarı
Gələr xoş xəbərlər axarı.
Onlar Sevil haraymı eşitmədi,
"Ərin gəldi, sevin, sevin!" -
harayını eşitmədi.
Yazıq,
Azərbaycan qızı!
Min illərlə yana-yana,
Tikə-tikə, xana-xana
Bu torpaqda
arzu əkib, ələm dərdi.
Dostları ilə paylaş: |