_______________ Milli Kitabxana _______________
217
334 B. Nizami Gəncəvi onun üstünə fərr (Ahuraməzda tərəfindən nəsib edilmiş
nur həlqəsi) sala biləcək böyük hami, himayədar arzulayır.
338 B. Sən zülmətdə dirilik suyunu tapan Xızr peyğəmbər və iki qitənin fatehi
Makedoniyalı İskəndər qədər güclü şəxsiyyətsən, "Məcesti" (Şərqdə "Əlməcəsdi")
adlı ulduzşünaslıq əsəri yaratmış böyük yunan alimi Ptolomey (Petlimus) kimi
bilginlərə qibləgahsan, yol göstərənsən.
340 B. Dini etiqada görə, üzüyünün qaşında "Tanrı" kəlməsi yazılmış Süleyman
peyğəmbər bütün heyvanlar, quşlar, cinlər, divlər və müxtəlif dilli tayfalar üzərində
mütləq hakimiyyətə malikmiş.
341 B. Süleyman peyğəmbərin atası Davud peyğəmbər olduğu kimi Fəxrəddin
Bəhram şahın da atasının adı Davuddur. Bu bənzəyişdən istifadə edən Nizami
Gəncəvi Bəhram şahın bütün təbiət üstündə mütləq hakimiyyətə malik Süleyman
peyğəmbər səviyyəsində qüdrət, cəlal və istedad sahibi olduğunu bildirir.
344 B. Vuruş və müharibə ilahəsi, həmçinin cəngavər sayılan Mərrix ulduzunun
farsca adı Bəhramdır. Bu ad uyğunluğundan istifadə edən Nizami Gəncəvi bildirir ki,
Bəhram şah Davud oğlu öz bəhramlığını, yəni müharibə meydanında cəngavərliyini
aşkara çıxarsa, "Yeddi gözəl" qəhrəmanı Bəhram Gurun nəsibi yalnız gor olar, yəni
Ərzincan hakiminin qarşısında davam gətirə bilməz.
346 B. XII əsrdə Bəhram şah Davud oğlunun hökmranlıq etdiyi Ərzincan vilayəti
Ermənistanı, Rum elini (Bizansı) və Əbxazıstanın böyük bir hissəsini əhatə edirdi.
352 B. Mavi pənçərə - səma, fələk. Müəllif bildirir ki, hər kim Bəhram şaha
pəncə qaldırmağa cəsarət etsə, pəncəsiz qalacaq, yəni istər-istəməz məğlubiyyətə
düçar olacaqdır.
353 B. Bəhram şah elə əzəmətli bir hakimiyyətə malikdir ki, yola saldığı
karvanların zınqırovlarının, zənglərinin səsi fələyin qulaq pərdəsini yırta bilər.
Özünün alovlu, qızğın nəfəsi ayna kimi görünən Ay səthinin şüşəsini parçalaya bilər.
HÜZURUNDA YER ÖPƏRKƏN SÖYLƏNİB
357 B. Bəhram şah Davud oğlunun bütün vuruşlardan müzəffər çıxması,doqquz
qatlı göylərin belə onun qüdrətindən agah olması nəzərdə tutulur,alqışlanır.
358 B. "Yerin, göyün qulağı" deyildikdə iki balığın - səmadakı Hut (Balina)
bürcünün və əsatirə görə Yer yuvarlağını öz belində saxlayan əfsanəvi balığın qulağı
nəzərdə tutulur. Nizami demək istəyir ki, yerin dibindən tutmuş fələklərə, səyyarələrə
qədər bütün incilər sənin zəfər qılıncına yaraşır.
_______________ Milli Kitabxana _______________
218
360 B. Qılıncın Fərat çayı qədər qan tökmüş və düşməni dirilik suyundan yoksun
məhrum etmişdir.
362 B. Key Xosrov - İranın tarixi, əfsanəvi qəhrəmanlarından biri: qüdrətli şah
rəmzi, Firdovsi "Şahnamə"sinin başlıca personajlarından biri; Cəmşid - tarixi əfsanəyə
görə İranın şahlar panteonunda Pişdadiyan sülaləsinin dördüncü hökmdarı. Rəvayətə
görə şərab, mey onun zamanında kəşf edilmiş, Cəmşid adı və cami-cəm deyilən piyalə
Şərq poeziyasında şadlıq rəmzi kimi işlənmişdir.
Beytin mənası budur ki, sənin piyalən iki qüdrətli sərkərdənin və padşahın
qüvvəsini özündə təcəssüm etdirən möhtəşəm bir hökmdarın əlindədir. Buna görə
sənin çıraq çöhrənin nuru və işığı günəş pərvanəsini yandırıb külə döndərə bilər.
367 B. Çoxlarını vəzir, vəkil mərtəbəsinə qaldırsan da, əlindən tutan, sənə yardım
edən yalnız ulu Tanrıdır, onun mələkləridir.
371 B. Firidun - Dəmirçi Gavənin Zöhhaka qarşı üsyanından sonra taxta əyləşmiş
əfsanəvi İran şahlarındandır. Özünü ikinci Zərdüşt elan edərək Zərdüşt dinini bərpa
etməyə və əsrinin tələblərinə uyğunlaşdırmağa çalışmışdır.
Zöhhak - İranın klassik şahlar panteonunda Pişdadiyan sülaləsinin beşinci
hökmdarı sayılır. Milliyyətcə ərəb olduğuna görə onu Zöhhak Tazi də adlandırırlar.
Əjdaha mənasını verən Zöhhak zülm və istibdad timsalıdır. Əfsanəyə görə
çiyinlərindən çıxmış iki ilana hər gün iki gəncin başını yedizdirərmiş.
Beytin mənası: Firidun kimi haqsever, mərd, cəsur insanlara arxalanmasan, ölkəni
zülm, istibdad bürüyər, çiyinlərindən ilan çıxmış Zöhhak kimi sital müstəbidlər baş
qaldıra bilər.
374 B. Təxt, tac sənə irsən keçməsə də, onu döyüşdə qazanmısan.
KİTABIN YAZILMASI SƏBƏBİ
397 B. Beytin mənası: Nizaminin boş qalmış könül dənizini öz incilərinlə
zənginləşdir, " Sirlər xəzinəsi "ni bəyən, təqdir et.
399 B. Əfsanəyə görə, Nuh peyğəmbər qopacaq tufanı öncə bilib yaxşı bir gəmi
düzəldir və ümumdünya daşqınından xilas olur. Buna görə Nuh peyğəmbər heç bir
tufanda qərqolmaz ilk və qüdrətli gəmiçi sayılır. Nizami demək istəyir ki, mənim
tufanlı denizə bənzər əsərimdə - "Sirlər xəzinəsi"ndə Nuhun özü qərq ola bilər.
Əsatirə görə Xızr peyğəmbər zülmətdə tapdığı dirilik suyundan içib əbədi yaşayan
şəxsiyyətdir. Şairin fikrincə, Xızr kimi ən əzəmətli şəxs belə bu dirilik suyunda -
"Sirlər xəzinəsi"ndə öz kuzəsini sındırıb naçar qala bilər.
403 B. Birinci misra "Hədiqətül-həqaiq" ("Həqiqətlər bağçası") müəllifi Sənainin
Qəznə hakimi tərəfindən qiymətləndirildiyini işıqlandırır. İkinci misrada Nizami deyir
ki, mən də "Sirlər xəzinəsi" dastanını yazmaqla
_______________ Milli Kitabxana _______________
219
damğamı Rum elində sikkəyə vurmuşam, yəni Ərzincan hakimi Bəhram şahın adına
layiq əsər yaratmışam.
406 B. Nizami Gəncəvi türk - azərbaycanlı olduğuna işarə vurar və farsca yazan
başqa şairlər içərisində özünü qərib hesab edir, onu bu qəriblikdən yalnız Bəhram şah
kimi hökmdar türkün qurtara bilecəyini söyləyir.
407 B. Nizami Gəncəvi öz poeziyasının orijinallığına işarə vurur, təzə sözlərini
bar gətirən ətirli bağa bənzədir, öz gücünü özgədən, piltədən və neftdən alan çırağa
oxşamadığını, müstəqilliyini bildirir.
410-411 B. Prof. R.Əliyev və professor Mübariz Əlizadə bu cür beytlərin Nizami
üslubuna və xarakterinə zidd olduğunu və katiblər tərəfindən qondarıldığını bildirirlər.
417 B. Arxadan gələnlər - Nizamilə yarışmaq istəyən şairlər.
425 B. Nizami yenicə tamamladığı "Sirlər xəzinəsi"ni Ərzincan hakimi Bəhram
şaha təqdim etməkdə çətinlik çəkdiyini bildirir. Görünür, həmin dövrdəki irili-xırdalı
müharibələr gediş-gəliş yollarnıı kəsmişdir.
SÖZ QOŞMAĞIN FƏZİLƏTİ HAQQINDA
432 B. Nizami cahanın Tanrı tərəfindən " Kun - Ol!" əmrilə yaradılmasına işarə
edir. Onun əzəli qələmi "Lövhi-məhfuz"da kainatın taleyini sözlə yazıb, deməli, hər
şeydən öncə sözü yaratmışdır.
437 B. Yaradıcı şəxsiyyətin canı - bu aləmə yadigar qoyub getdiyi sözündədir,
bədəni, cismi, gövdəsi gəldi-gedərdir, tələl (skelet) hökmündədir.
440 B. Kainatın yaradılışından məqsəd sözdür, onun sonu da sözdən ibarətdir.
Əbədi qalan yalnız sözdür.
444 B. Yalnız həqiqəti axtaranlar və tapanlar böyük söz yaratmağa və bu sözün
sayəsində yaşamağa qadirdirlər. Sözü gerçəkliyi pərdələmək vasitəsinə çevirənlərə,
bomboş xəyal uydurmaçılarına söz heç vaxt üz göstərmir,yalançıları, saxtakarları
yaxına buraxmır.
445 B.
Yaradıcı insanın taleyi yaratdığı sözün dəyərindən asılıdır.
446 B. Damarları donanlar, bağrı yananlar – bədii və elmi söz yaradıcıları,
şairlər və alimlər.
450 B. Söz - Tanrının " Kun - Ol!" əmri. Candakı şah damar - ruh. Kələfin ucu -
maddi aləm. Beytin mənası: Tanrı neməti söz kəşf edilməsəydi, ruhu və bu maddi
aləmi tapmaq olardımı? Yox!
451 B.
Təbiətin və şəriətin bütün qanunları yalnız bədii və elmi sözün sayəsində
kəşf olunub və möhürlənib, təsdiq olunub.
454 B. Söz qasidi - qələm və dil.
Dostları ilə paylaş: |