3) 5.15 və ya 6.11 nişanları ilə işarə edilmiş xüsusi dayanacaq meydançalarından
kənarda dayanmaq;
4) geriyə dönmək və ayırıcı zolağın texnoloji kəsiklərinə girmək;
5) geriyə hərəkət etmək;
6) sürmə təlimi keçmək qadağandır.
III. Sürücü avtomagistralın hərəkət hissəsində məcburi dayandıqda, nəqliyyat vasitəsini bu Qanunun tələblərinə
müvafiq nişanlamalı və onu bu məqsəd üçün nəzərdə tutulan zolağa (hərəkət hissəsinin qırağını göstərən xətdən
sağdakı yol hissəsinə) çıxarmaq üçün tədbirlər görməlidir.
IV. Bu maddənin tələbləri 5.3 nişanı ilə işarə olunmuş yollara da şamil edilir.
Maddə 44. Dəmiryol keçidlərində hərəkət
I. Nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarını qatara (lokomotivə, drezinaya) yol verməklə, yalnız dəmiryol
keçidlərində keçə bilərlər.
II. Sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini
və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin
etməlidir.
III. Keçidə girmək:
1) svetoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və ya bağlanmağa başladıqda;
2) svetoforun qadağan siqnalı yandıqda (şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq);
3) keçid növbətçisi qadağan siqnalı verdikdə (növbətçi əlindəki jezli, qırmızı fənəri və ya bayraqcığı başı üzərində
tutaraq və ya qollarını yana açaraq sinəsi, yaxud kürəyi sürücüyə tərəf dayandıqda);
4) keçiddən o tayda tıxac yarandıqda və bu, sürücünü keçiddə dayanmağa məcbur etdikdə;
5) keçidə qatar (lokomotiv, drezina) yaxınlaşdıqda (görünmə həddində);
6) qarşıdan hərəkət zolağına girməklə, keçid qarşısında dayanmış nəqliyyat vasitələrinin yanından keçib getmək
qadağandır.
Bundan əlavə:
1) şlaqbaumu özbaşına açmaq;
2) qeyri-nəqliyyat vəziyyətində olan kənd təsərrüfatı, yol, inşaat və s. maşınları və mexanizmləri dəmiryol
keçidindən keçirmək;
3) dəmiryol stansiyası rəisinin icazəsi olmadan, sürəti saatda 8 kilometrdən aşağı olan nəqliyyat vasitələrinin, habelə
traktora qoşulan yük kirşəsinin hərəkəti qadağandır.
IV. Keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, 2.5 nişanın və ya svetoforun yanında, bunlar
olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum olmadıqda isə birinci relsə azı 10 metr qalmış dayanmalıdır.
V. Sürücü keçiddə məcburi dayandıqda, adamları dərhal nəqliyyat vasitəsindən düşürməli və keçidi boşaltmaq üçün
tədbirlər görməlidir. Eyni zamanda sürücü:
1) yaxınlaşan qatarı saxlamaq üçün maşinistə dayanma siqnalı verməyi imkan daxilində iki adama başa salıb, onları
dəmiryol xətti boyunca 1000 metr məsafədə hər iki tərəfə (bir nəfər olduqda isə yolun daha pis görünən tərəfinə)
göndərməlidir;
2) nəqliyyat vasitəsinin yanında qalmalı və ümumi həyəcan siqnalları verməlidir;
3) qatar görünən kimi, ona tərəf qaça-qaça dayanma siqnalı verməlidir.
Qeyd: Dayanma siqnalı qolun dairəvi hərəkət etdirilməsindən ibarətdir (gündüz parlaq rəngli parça, yaxud yaxşı
görünən hər hansı əşya ilə, gecə məşəl və ya fənərlə). Ümumi həyəcan siqnalı bir neçə dəfə, bir uzun və üç qısa səs
siqnalı verməkdən ibarətdir.
Maddə 45. Yaşayış zonalarında hərəkət
I. Yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir.
Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə
yaratmamalıdırlar.
II. Yaşayış zonasında xüsusi olaraq ayrılmış, işarələrlə göstərilmiş, nişanlanmış yerlərdən kənarda saatda 20
kilometrdən artıq sürətlə hərəkət etmək, sürmə təlimi keçmək, mühərriki söndürmədən durmaq, habelə icazə verilən
maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin durması qadağandır.
III. Sürücülər yaşayış zonasından çıxarkən, hərəkətin digər iştirakçılarına yol verməlidirlər.
IV. Bu maddənin tələbləri həyət ərazilərinə də şamil edilir.
Maddə 46. Velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblər
I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə
riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Piyadalar üçün maneə yaratmamaq şərti
ilə velosipedlərin yol çiyini ilə hərəkətinə icazə verilir. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt
hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq
üçün dəstələrin arasındakı məsafə 80--100 metr olmalıdır.
II. Velosiped və moped sürücülərinə:
1) sükanı tutmadan hərəkət etmək;
2) velosipedin və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya velosipedi,
mopedi idarə etməyə mane olan yük aparmaq;
3) velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək;
4) tramvay hərəkəti olan yollarda və həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda sola və ya
geriyə dönmək;
5) sərnişin daşımaq;
6) velosiped və ya mopedlə birgə istismar üçün nəzərdə tutulan qoşqunun yedəyə alınması istisna olmaqla,
velosipedləri və mopedləri, eləcə də velosipedlərlə və mopedlərlə yedəyə almaq qadağandır.
III. Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped və moped sürücüləri bu
yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.
Maddə 47. At arabalarının sürülməsinə və mal-qaranın ötürülməsinə dair tələblər
I. At arabalarının (kirşələrin), yük və minik heyvanlarının yalnız yolun sağ kənar zolağından mümkün qədər sağ
tərəfdə bir cərgədə hərəkətlərinə icazə verilir. Piyadalar üçün maneə yaratmamaq şərtilə onların yol çiyni ilə də
hərəkət etmələri mümkündür.
II. Yola bitişik ərazidən və ya ikinci dərəcəli yoldan çıxan zaman görünmə məhdud olan yerdə at arabasının
(kirşənin) sürücüsü heyvanı cilovundan tutaraq əsas yola çıxarmalıdır.