1
Tariximizin qanla yazılmış səhifələri
Rus-İran müharibəsi başa çatdıqdan və 1828-ci il fevralın 10-da Təbriz yaxınlığında
Türkmənçay kəndində sülh müqaviləsi bağlandıqdan sonra İran Rusiyanın sahiblik hüququnu
qəbul edərək, Şimali Azərbaycana öz iddialarından əl çəkdi. Bu andan həmin əraziyə İrandan və
Türkiyədən ermənilərin kütləvi surətdə köçürülməsinə başlandı. Çarizm erməniləri bu torpaqlara
köçürməklə imperiyanın cənub sərhədlərində özünə etnik-dini dayaq yaratmaq məqsədi güdürdü.
Zaqafqaziyada çar hakimiyyətinin davam etdiyi uzun illər ərzində ermənilər Rusiyaya
münasibətdə loyallığı saxlamış, onu özlərinin xilaskarı saymışlar. Azərbaycanda erməni əhalisi
Rusiyanın qanadı altında müsəlmanlara nisbətən imtiyazlar qazanaraq, sürətlə inkişaf etmişdi.
Rus tədqiqatçısı N.İ.Şavrovun hesablamalarına görə, təkcə 1826-1828-ci illərdə Zaqafqaziyada
Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı torpaqlarına İrandan 40000 nəfərdən artıq,
Türkiyədən 84600 nəfər erməni köçürülmüşdür (/Şavrov N. Novaya uqroza russkomu delu v
Zakavkazye: predstoyaşaya rasprodaja Muqani inorodtsam. Sankt-Peterburq, 1911, s. 59)/.
Azərbaycan torpağına ermənilərin köçürülməsi bütün XIX əsr ərzində və XX əsrin əvvəlində
davam etmişdir. 1878-1879-cu illər rus-türk müharibəsi dövründə bu proses güclənmişdir.
Amerika tarixçisi T.Svietoxovski qeyd etmişdir ki, neftli sahələrin icarəsi üzrə 1872-ci il
hərracında tatarlar (azərbaycanlılar) tərəfindən alınan pay cəmi 5 faiz təşkil etmişdir, halbuki
erməni sahibkarlar demək olar ki, 10 dəfə çox pay almışlar... 1900-cü ildə Bakı quberniyasının
ərazisində fəaliyyət göstərən 115 sənaye şirkətinin 29 faizi ermənilərə və yalnız 18 faizi tatarlara
məxsus olmuşdur. Şərabçılıq, balıq emalı və tütünçülük kimi bəzi sahələr rəqabətdə
azərbaycanlıları üstələyən ermənilərin əlinə keçmişdi. /Svietoxovskiy T. Russkiy Azerbaydjan
1905-1920. Xazar 1990. s. 84/. 1911-ci ildə N.İ.Şavrov yazırdı: "İndi Zaqafqaziyada yaşayan 1
milyon 300 min ermənidən 1 milyondan çoxu bu yerin köklü sakini deyil və bizim tərəfimizdən
köçürülmüşdür (Şavrov N. Novaya uqroza russkomu delu v Zakavkazye: predstoyaşaya prodaja
Muqani inorodtsam. Sankt-Peterburq, 1911, s. 61)."
Çar hakimiyyəti erməniləri kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürməklə
kifayətlənməyərək, müsəlmanlarla ermənilər arasında ədavət yaradır, "parçala, hökm sür"
siyasətinə uyğun olaraq, imperiyanın mənafeyinə xidmət edən erməniləri yerli əhalinin maraqları
ilə hesablaşmamağa sövq edirdi.
1905-1907-ci illər birinci rus inqilabı dövründə Azərbaycanda fəhlələrin və kəndlilərin
çıxışları geniş vüsət almışdı. Azərbaycanda inqilabi hərəkatın güclənməsindən narahat olan çar
hökuməti fəhlələri və kəndliləri inqilabi çıxışlardan yayındırmaq üçün erməni-müsəlman
ədavətini daha da qızışdırırdı.
Belə bir siyasətin nəticəsi olaraq, birinci erməni-müsəlman toqquşması 1905-ci il fevralın
6-da Bakıda baş verdi. Buna bəhanə azərbaycanlı sakinin daşnaklar tərəfindən öldürülməsi idi.
Polisin və ordunun tam fəaliyyətsizliyi ilə Bakıda 3 gün davam edən qırğın Azərbaycanın başqa
regionlarına keçdi. Münaqişə nəticəsində "128 erməni və 158 azərbaycanlı kəndi dağıdıldı.
Müxtəlif hesablamalara görə, həlak olanların sayı 3100 nəfərdən 10000 nəfərə qədər olmuşdur"
(Svietoxovskiy T. Russkiy Azerbaydjan 1905-1920. Xazar. 1990, s. 86).
Münaqişənin birinci mərhələsinin başa çatması ilə çar hökumətinin "müsəlmanpərəst"
mövqeyi dəyişdi. Müsəlmanlara qarşı yeni hücum kampaniyası başlandı. Çarın Qafqazdakı yeni
canişini Vorontsov-Daşkov ermənilərlə dostluğun Zaqafqaziyada Rusiyanın hakimiyyətinin əsası
olması kimi köhnə ənənəni dirçəltmək və həyata keçirmək üçün gərgin işə başladı. Qafqazın
canişini yazırdı: "Mənim siyasətimin mənafeyi naminə qanuna əsasən erməniləri məhkəmə
vəzifələrinə təyin etmək, hər bir halda erməni icmasını qıcıqlandırmamaq, Rusiyaya qarşı
düşmənçiliyi gücləndirməmək lazımdır". (Prizvannıe oteçestvom. Rossiyskie prokurorı. 1722-
1917, Moskva 1996, s. 586).
Onun ilk tədbirlərindən biri Qriqoryan kilsəsinin əmlakının müsadirəsi haqqında 1903-cü il
fərmanının ləğv olunmasını çar II Nikolaydan xahiş etmək olmuşdur. Müsəlmanlar üzərində
nəzarəti saxlamaq üçün o, ermənilərə silah paylamışdır. Çar hakimiyyəti ilə daşnaklar arasında
2
əməkdaşlığın nümunələri heç kim üçün sirr deyildi və hətta baş nazir P.A.Stolıpin ermənilərə
rəğbət bəsləməsini Vorontsov-Daşkova irad tutmuşdu (Zeynalov İ.M., Sadıxov D.Ş., İstoriya
Azerbaydjana, Baku, 1994, s. 39).
Bu vəziyyətdə özlərini qorumaq üçün müxtəlif müsəlman qrupları öz fəaliyyətlərini
əlaqələndirməyə çalışırdılar. Azərbaycanda ermənilərə qarşı mübarizə üçün siyasi partiyalar
yaradılmağa başlamışdı: Azərbaycan sosial-federalistlərinin "Qeyrət" partiyası (1905), "Difai"
(müdafiə) milli partiyası (1906), "Müdafiə" təşkilatı (1907) və sair.
1905-1907-ci illər rus inqilabının məğlubiyyətindən sonra Rusiyada irtica dövrü başlandı.
Rusiyada 1917-ci il oktyabr çevrilişi və onun ardınca baş verən qanlı hadisələr Azərbaycan
əhalisinin böyük hissəsinin rus inqilabının demokratik xarakterinə inamını sarsıtdı. Noyabrın 2-
də Bakı Sovetinin geniş konfransında bolşeviklər sovet hakimiyyətinin elan edilməsinə nail
oldular. Bakı Sovetinin İcraiyyə Komitəsinin tərkibi seçildi. Onun tərkibinə M.V.Basin,
N.P.Vatsek, P.A.Caparidze, İ.T.Fioletov, M.Ə.Əzizbəyov və başqaları daxil idilər. S.G.Şaumyan
Bakı Soveti İcraiyyə Komitəsinin sədri seçildi. Tədricən bolşeviklər şəhərdə hakimiyyəti öz
əllərinə almağa başladılar. Bolşeviklərin ən güclü siyasi opponenti müsəlman əhalisinin əsas
kütləsini öz ətrafında birləşdirən "Müsavat" (bərabərlik) partiyası oldu. Müsəlman əhalisinin
muxtariyyəti və dirçəlişi uğrunda müsavatçıların mübarizəsi bu partiyanın gücünü aydın başa
düşən, onun sıralarının tədricən möhkəmlənməsi və birləşməsi meylini görən Bakı Soveti
rəhbərlərini ciddi narahat edirdi. S.Şaumyan yazırdı: "Lap əvvəldən Zaqafqaziyada ən zəif siyasi
partiya olan, bu inqilab zamanı təşkilatlanan, heç bir təşkilati, heç bir partiya ənənəsi, heç bir
hakimiyyəti olmayan, inqilabın əvvəlində heç bir rol oynamayan "Müsavat" ikinci ilin
başlanğıcında Zaqafqaziyada ən güclü siyasi partiyaya çevrildi" (Şaumyan S.G., İzbrannıe
proizvedeniye, M., 1958, t.2, s. 257).
Azərbaycan Demokratik Hərəkatının liderləri belə bir bəyanatla çıxış etdilər ki, rus
hakimiyyətinin ən zərərli nəticələrindən biri çarizmin müsəlmanları orduya çağırışdan azad
etmək siyasəti idi. Monarxiyanın devrildiyi ilk gündən Rusiya müsəlmanları onlara
vəziyyətlərini qonşuları-xristianlarla bərabərləşdirmək üçün zəruri olan öz hərbi birləşmələrini
yaratmaq hüququnun verilməsi xahişi ilə müraciətlər edirdilər. A.F.Kerenskinin başçılığı ilə
müvəqqəti hökumət bu məsələnin həllini hər vasitə ilə ləngidirdi, hətta sonradan razılıq versə də,
silahlandırmaqdan boyun qaçırmışdı. Birinci Dünya müharibəsindən sonra tərxis edilmiş
ordunun silahının və geyiminin xeyli hissəsi erməni və gürcü hərbi birləşmələrinə, Bakı
bolşeviklərinə verildi, eyni zamanda, azərbaycanlılara əvvəlki kimi silah çatmadı, həm Qafqaz
cəbhəsinin komandanlığı, həm də Bakı Soveti silah verməkdən imtina etdi (Svietoxovskiy T.
Russkiy Azerbaydjan, 1905-1920, Xazar, 1990, s. 86).
Osmanlı imperiyası (Türkiyə) ilə Rusiya imperiyası arasındakı müharibə 1914-cü il
oktyabrın 29-da başlanmış (rəsmən noyabrın 11-də elan edilmişdir) və 1918-ci il martın 3-də
Osmanlı imperiyası ilə RSFSR arasında Brest-Litva sülh müqaviləsinin bağlanması ilə başa
çatmışdı. Brest-Litva müqaviləsinin imzalanması və Rusiyanın Qafqaz cəbhəsinin dağılması rus
komandanlığını milli əsasda yeni hərbi birləşmələrin yaradılmasına imkan verməyə məcbur etdi.
1918-ci il yanvarın 13-də "Pravda" qəzeti Lenin və Stalin tərəfindən imzalanmış 13 nömrəli
fərmanı dərc etdi. Bu fərman "Qafqaz işləri üzrə komissar S.Şaumyanın" müşahidəsi altında
müvəqqəti erməni hökumətinin yaradılması məsələsinə aid idi. Fərmanın mənası aydın idi: ruslar
Brest-Litva müqaviləsində nəzərdə tutulduğu kimi, öz qoşunlarını qədim türk şəhərlərindən -
Qarsdan və Batumdan çıxarılması ərəfəsində erməniləri silahlandırmaq istəyirdilər. Ermənilər
1915-ci ildə törətdikləri qırğına görə türklərin intiqam alacağından qorxaraq öz ordu
birləşmələrini yaratdılar. Bu işdə onlara ingilis, fransız və amerikan konsul və hərbi
nümayəndələri böyük kömək göstərdilər. Onlar ilk növbədə rus cəbhəsində olan türk ordusunu
Mesopotamiyada İngiltərəyə qarşı çıxış etməkdən yayındırmaq istəyirdilər. "Antanta"nın
(İngiltərənin, Fransanın və çar Rusiyasının 1904-1907-ci illərdə yaratdığı hərbi blok. Sonralar
Antantaya İtaliya (1915) və ABŞ da (1917) daxil olmuşdu) Qafqaz cəbhəsində hərbi döyüş
fəaliyyətinin canlandırılması planlarına Türkiyəyə qarşı mübarizə üçün müsəlman
3
birləşmələrindən istifadə olunması daxil deyildi. Lakin T.Svietoxovskinin qeyd etdiyi kimi,
"...ermənilər türk qoşunlarının Zaqafqaziyaya daxil olmasından qorxduqları kimi, azərbaycanlılar
da ermənilərin silahlanmasından və millətlərarası münasibətlərin kəskinləşməsindən ehtiyat
etməyə başladılar" (Svietoxovskiy T. Russkiy Azerbaydjan 1905-1920, Xazar, 1990. s. 87).
Həmin dövrdə Bakıda vəziyyət kəskinləşməyə başladı. Şəhərdə hər cür şayiələr baş alıb
gedirdi, ərzaq təchizatı praktik olaraq kəsilmişdi, aclıq labüd idi, əhali qorxu içərisində yaşayırdı.
Belə şəraitdə erməni bolşeviklərlə müsəlman əhali arasında münaqişə Bakıda baş verdi. Bu, qarşı
duran tərəflər üçün şəhərin əhəmiyyətini şərtləndirən bir sıra amillərlə bağlı idi. Birincisi,
bolşeviklər bütün Zaqafqaziyada öz hakimiyyətlərini möhkəmlətmək üçün Bakıya "dayaq
məntəqəsi" kimi baxırdılar və onlar Bakının itirilməsinə heç cür yol verə bilməzdilər. İkincisi,
Rusiyanın bütün fabrik, zavod sənayesi və nəqliyyatı Bakı nefti ilə işləyirdi (İzvestiya
Bakinskoqo Soveta, 1918, 21 maya). Nəhayət, üçüncüsü, "Bakı türk milli hərəkatının mərkəzi idi
və bolşeviklər bu mərkəzi ləğv etmək istəyirdilər (Rasulzade M. Azerbaydjanskaya Respublika,
Baku, 1990, s.33). Zaqafqaziyada bolşevik hakimiyyətinin qalıb-qalmaması məsələsi əsas etibarı
ilə məhz Bakıda həll edilirdi.
"Bu dövrdə Bakıda böyük sayda silahlı dəstələr toplanmışdı: 1) bolşeviklər tərəfindən
yaradılan 3500 nəfərlik Qırmızı Qvardiya; 2) "Daşnaksütyun" partiyasına tabe olan 4500 piyada
və süvari əsgərlərdən ibarət erməni milli qvardiyası hissələri; 3) ruslardan və slavyanlardan
ibarət olan beynəlmiləl alayın hissələri; 4) hərbi donanma dənizçilərinin ayrı-ayrı qruplarının
tabe olduqları menşeviklərin və eserlərin silahlı dəstələri" Suleymanov M., Dni minuvşie...
Baku-1990, s. 207. Nəticədə 1918-ci il martın əvvəlində Bakı Sovetinin sərəncamında 20 min
nəfərlik hərbi qruplaşma toplanmışdı (İsmaylov G., Qasanov Dj., Qafarov T., İstoriya
Azerbaydjana. Baku - 1998, s. 8). Mart hadisələri ərəfəsində Bakıda və onun ətrafında
azərbaycanlıların heç bir iri hərbi birləşməsi yox idi. Bu faktı Y.Ratqauzer təsdiq edirdi:
"Şəhərdə hadisələrin əvvəlində Müsavat partiyasının daimi hərbi hissələri yox idi. Rayonlarda
olan Müsavat qüvvələri vaxtında şəhərə gətirilməmişdi. Belə hesab etmək olardı ki, Müsavat
partiyasının rəhbərliyi martın 30-da döyüşün başlanmasını gözləmirdi" (Ratqauzer Y.,
Revolyutsiya i qrajdanskaya voyna v Baku, Baku - 1927, s. 145).
Tarixi sənədlər və baş vermiş hadisələrin mahiyyəti sübut edir ki, məhz bolşeviklər
ermənilərin yaxından iştirakı ilə mart hadisələrinin təşəbbüskarı və təşkilatçısı olmuşlar.
P.A.Caparidze martın 26-da öz çıxışında demişdi: "Bizim bütün əvvəlki siyasətimiz vaxtı
udmaqdan ibarət olmuşdur. Biz bilirdik ki, əks-inqilabi qüvvələrlə döyüşə girməli olacağıq və
buna hazırlaşırdıq". (Ratqauzer Y., Revolyutsiya i qrajdanskaya voyna v Baku. Baku - 1927, s.
141-142.) Öz növbəsində S.Şaumyan martın 15-də Bakı Sovetinin iclasında "Cənubi Qafqazda
işlərin vəziyyəti" haqqındakı məruzəsində Azərbaycan millətinin qırğınına başlanmasına
mahiyyətcə öz "xeyir-duasını" vermiş, sonrakı gün isə İ.V.Stalinə məktubunda RSFSR Xalq
Komissarları Sovetindən xahiş etmişdi ki, "Qafqaz ordusunun hərbi inqilabi komitəsinin
ehtiyacları üçün 10 milyon rubl pul ayrılsın" (Şaumyan S., İzbrannıe proizvedeniya, t.II, c.265).
Fevralın 24-də Bakıya general Talışınskinin başçılığı ilə müsəlman diviziyasının qərargahı
gəldi. General-mayor Mirkazım xan Talışinski rus-yapon müharibəsində Port-Arturun
qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuşdu. Sovet hakimiyyətinin qələbəsindən sonra
könüllü surətdə inqilabın tərəfinə keçmişdi. S.Şaumyanın göstərişi ilə qərargah üzvləri birbaşa
Bakı vağzalında həbs edildi. Bu, təkcə Bakıda deyil, Azərbaycanın başqa regionlarında da
müsəlmanların kəskin narazılığına səbəb oldu. Azərbaycan ziyalılarının nümayəndələri ağır
nəticələri qabaqcadan görərək, keçirilən mitinqlərdə və yığıncaqlarda əhalini sakitliyə, təzyiq və
zorakılıq faktlarına qarşı dözümlü olmağa çağırırdılar.
Lakin Bakı Soveti ilə şəhərin müsəlman əhalisi arasında kəskinləşən ziddiyyət silahlı
qarşıdurmaya çevrilə bilən təhlükəli vəziyyət yaratmışdı. Və belə bir fürsət bolşeviklər
tərəfindən tapıldı. Belə ki, keçmişdə gənc zabitlər tez-tez bir-birilərinin qarşısında cəsarətləri ilə
lovğalanırdılar: onlar revolverin barabanında bir güllə saxlayaraq, silahı gicgahlarına tuşlayıb
tətiyi çəkir və talelərini sınaqdan keçirirdilər. Hacı Zeynalabdin Tağıyevin "Vəhşi diviziya"da
4
(rus ordusunun keçmiş Qafqaz süvari diviziyasının tatar alayı) xidmət edən oğlu Məmmədtağı da
öz taleyini bu cür sınaqdan keçirmək istəmişdi. Revolver boşa çıxmamış və güllə 18 yaşlı gəncin
həyatına son qoymuşdu. Bununla bağlı, martın 24-də müsəlman diviziyasının 200 nəfər zabit və
əsgəri "Evelina" gəmisi ilə Bakıya öz döyüşçü yoldaşlarının dəfnində iştirak etməyə gəldi
(Suleymanov M., Dni minuvşie..., Baku-1990, s. 207).
Şəhərdə çoxminli erməni hissələrinin olmasına göz yuman bolşeviklər martın 29-da gəmi
ilə Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və əsgərlərini S.Şaumyanın əmri ilə
tərksilah etdilər. Bu hadisəyə cavab olaraq müsəlman əhalisi müsadirə olunmuş silahların
qaytarılmasını tələb etdi. Elə bu da, müsəlmanlara qarşı əsl müharibəyə başlamaq üçün
əvvəlcədən düşünülmüş bəhanə oldu. Bakı komissarlarının tarixi oçerklərindəki qeydlər təsdiq
edir ki, S.Şaumyan və xüsusilə, onun ermənilərdən ibarət yaxın ətrafı şəhərin müsəlman
hissəsinə hücum etmək üçün təkcə bəhanə gözləmirdi, həm də bu təxribatın təşkilatçısı idi.
Qeydlərin birində deyilir: "Evelina" gəmisinə "Müsavat"ın Lənkəran şəhərinə göndərmək
istədiyi silah yüklənmişdi. Bu, Bakı Soveti tərəfindən qabaqcadan nəzərdə tutulmuşdu.
Yunkerlər silahlı qüvvələr tərəfindən tərksilah edildilər. Yunkerlərin tərksilah edilməsindən
sonra "Müsavat" alınmış silahların qaytarılması barədə Bakı Sovetinə ultimatum verdi"
(ÜQAPPOD Azerb. Resp. f.276, op.2, d.155, l.8).
Başqa qeyddə deyilir: "Müsavatçılar alınmış silahın qaytarılması haqqında inqilabi
komitəyə ultimatum verdilər və bu məqsədlə öz nümayəndə heyətlərini göndərdilər. Gərgin
vəziyyət yarandı. Mağazalar bağlandı. Şəhərin müsəlman hissələrində silahlı xalq kütlələri
toplaşdı. Təxribat baş tutdu və bu, vətəndaş müharibəsinin başlanması üçün siqnal oldu
(Azərbaycan Mərkəzi Dövlət Arxivi, f.276, s.2, i.155, v.8). Martın 30-da səhər şəhərin müxtəlif
rayonlarında azərbaycanlıların alınmış silahların qaytarılması tələbi ilə mitinqləri başlandı. Səhər
tezdən şəhərin müsəlman hissəsinə hücumlar başlandı. Bu zaman ermənilərə inanıb sakitləşən
müsəlmanlar hələ yatmışdılar. Hücumları sırf erməni əsgərləri həyata keçirirdilər və
müsəlmanlar baş verənləri əvvəlcə başa düşə bilmədilər. Hərbi gəmilər şəhərin müsəlman
hissəsini mərmi atəşinə tutmuşdular. Bu, rus matroslarını müsəlmanların rus əhalisini qırdığına
inandıran ermənilərin təxribatı nəticəsində olmuşdu (Azərbaycan Mərkəzi Dövlət Arxivi, f.276,
s. 2, i. 155, v. 8).
Şəhərdə gərginliyin daha da güclənməsinin qarşısını almaq üçün saat 14-də
N.Nərimanovun mənzilində M.Ə.Rəsulzadənin iştirakı ilə təcili müşavirə toplanmış və buraya
S.Şaumyan da dəvət edilmişdi. Danışıqlar nəticəsində müsəlman diviziyasından alınmış
silahların "Hümmət" bolşevik təşkilatı vasitəsilə qaytarılması barədə razılıq əldə edildi
(Q.Sultanov., İz proşloqo Baku - 1924, s.18). Müşavirədən sonra N.Nərimanov xalqı
sakitləşdirmək və qəbul olunmuş qərarı bildirmək üçün Təzə Pir məscidində çıxış etdi: "Mənim
müsəlman qardaşlarım, aldanmayın, araqarışdıranların təxribatına inanmayın. Sovet hakimiyyəti
kim olur-olsun, onun cavabını verməyə kifayət qədər güclüdür. Onun topları var, onun çoxlu
silahı və əsgəri var, onun hərbi gəmiləri və döyüş sursatı var. Bəs sizin nəyiniz var? Ən çoxu 5-
10 dənə paslı tüfənginiz, 30-40-a qədər köhnə sınıq tapançanız var. Siz heç atəş aça da
bilmirsiniz. Nə intizam var, nə qayda. Bir qədər dözün, hər şey yoluna düşər (M.Suleymanov.
Dni minuvşie... 1990, s. 208).
Mart hadisələri bolşevik məqsədlərini güdən "Hümmət" partiyasını narahat edirdi. Onun
mətbuat orqanı olan "Hümmət" qəzeti bu barədə qəzəbli məktub dərc etmişdi. Məktubda
deyilirdi: "Əvvəl siyasi xarakter daşıyan mübarizə sonradan milli xarakter aldı... Biz bolşevik
kimi qalaraq, eyni zamanda, imkan vermərik ki, müsəlman yoxsullarının günahsız axan qanları
nəticəsiz qalsın. Biz var qüvvəmizlə müsəlmanlara qarşı törədilən bütün bu nanəcibliyi aşkar
etməyə çalışacağıq ("Hümmət", 1918). Lakin sonrakı hadisələr göstərdi ki, N.Nərimanov və
M.Ə.Rəsulzadə S.Şaumyan tərəfindən aldadılmışlar və S.Şaumyan heç də öz vədini yerinə
yetirməyə hazırlaşmırmış. Bolşeviklər şəhərdə özünü ali hərbi siyasi orqan elan edən Bakı şəhəri
və onun rayonlarının inqilabi müdafiə komitəsini təşkil etdilər. Onun tərkibinə S.Şaumyan,
P.Caparidze, Q.Karqanov (Karqanyan), sol eser İ.Suxartsev, sağ eserlərin lideri S.Saakyan və
5
"Daşnaksütyun" partiyasının Bakı təşkilatının rəhbəri S.Melik-Yeolqyan daxil idilər (İzvestiya
Bakinskoqo Soveta, 1918, 11 aprel, s.7). Həmin vaxtda şəhərdə vəziyyət hər dəqiqə
gərginləşirdi. Bu şəraitdə Qırmızı Ordunun süvari dəstələrinə kim tərəfindən atıldığı məlum
olmayan təxribatçı atəşlərindən istifadə edən bolşeviklər Bakının dinc azərbaycanlı əhalisinə
qarşı genişmiqyaslı hərbi əməliyyata başladılar. S.Şaumyanın öz sözləri təsdiq edir ki,
bolşeviklərə yalnız bəhanə lazım idi: "Biz süvari dəstələrimizə ilk silahlı hücum cəhdindən
istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 min nəfərlik silahlı qüvvəmiz,
"Daşnaksütyun"un da 3-4 min nəfərə yaxın milli birləşməsi var idi və onlar bizim ixtiyarımızda
idi. Onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verirdi. Lakin bunsuz mümkün
deyildi. Biz buna şüurlu surətdə gedirdik. Əgər onlar Bakı şəhərində üstünlük əldə etsəydilər,
şəhər Azərbaycanın paytaxtı elan edilərdi (S.G.Şaumyan, Seçilmiş əsərləri, c.II, s.265).
Bakıda azərbaycanlıların qırğını 3 gün davam etdi. Bu müddətdə şəhərdə görünməmiş
dəhşətlər törədildi. S.Şaumyan özü etiraf etməyə məcbur oldu ki, "...vətəndaş müharibəsi
nəticəsində yoxsul kütlə və günahsız müsəlmanlar ziyan çəkdilər, belə ki, biz erməni alayının
köməyinə əl atmağa məcbur olduq və biz onların xidmətindən imtina edə bilmədik". Bunun
ardınca qeyd edir ki, "...qələbə elə böyükdür ki, bu, həqiqətin üstünə az kölgə salmır"
(S.G.Şaumyan, Seçilmiş əsərləri, c.II, s.249-250).
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi
diqqət yetirilmişdir.
1918-ci il iyulun 15-də Azərbaycanın xarici işlər naziri M.H.Hacınski Nazirlər Şurasının
sədri F.X.Xoyskiyə ərznamə ilə müraciət edərək müsəlmanlara qarşı zorakılıqları təhqiq etmək
üçün komissiya yaradılmasının zəruri olduğunu yazmışdı: "Artıq dörd aydır ki, Azərbaycan
ərazisinin müxtəlif hissələri bolşevik adı altında fəaliyyət göstərən və dinc müsəlman əhalisinin
həyatı və əmlakı ilə vəhşicəsinə rəftar edən quldur dəstələri, məsuliyyətsiz erməni silahlı
birləşmələri tərəfindən viran olunur. Eyni zamanda, bu quldur dəstələrinin təşkilatçıları
tərəfindən göndərilən səhv informasiya sayəsində Avropada tamamilə əks ictimai rəy yaranır.
Əhalinin zərərçəkən qruplarının mənafeyi naminə elə bir təşkilat yaratmaq lazımdır ki, bütün
zorakılıq hallarını və bu zorakılıqların törədildiyi şəraiti dəqiq qeydə alsın, günahkarları və
onların vurduqları ziyanın məbləğini müəyyən etsin.
Bu təşkilat fövqəladə istintaq komissiyası xarakteri daşımalıdır, özü də bu komissiyanın
məlumatları Avropanın başlıca dillərində (rus, fransız, alman və türk dillərində) bəyan olunmalı
və geniş yayılmalıdır. Bu komissiyanın yaradılmasına dərhal başlamaq lazımdır, çünki
hadisələrin izi ilə isti-isti istintaq aparmaq, fotoşəkillər çəkmək, digər maddi sübutlar əldə etmək
mənasında bir çox işləri indi asanlıqla görmək mümkündürsə, sonralar bu iş çətin və hətta qeyri-
mümkün olacaq" (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1 s, iş 95, vərəq
1).
(Ardı var)
Rauf Rzayev,
tarix elmləri namizədi
Azərbaycan.-2009.-31 mart.-S.3.
Dostları ilə paylaş: |