Yağış namazı bayram namazı kimi iki rəkətdir. Birinci rəkətdə beş qunut, ikinci rəkətdə dörd qunut var. Yağış namazının camaatla qılınması daha yaxşıdır.
Qunutlarda istənilən duanı oxumaq olar. Lakin elə bir dua oxumaq daha yaxşıdır ki, bu duada Allahdan yağış istənilsin. Hər duadan öncə Peyğəmbər (s) və onun ailəsinə salavat göndərmək bəyənilir. Həmd və surənin ucadan oxunması müstəhəbdir.
Bu namaz Allahın rəhmətini cəlb etmək üçündür. Elə buna görə yağış namazına aid olan müstəhəb əməllərdə bəndələrin ehtiyacını, kiçikliyini çatdıran və ilahi rəhməti cəlb edən göstərişlər verilmişdir:
Cammatın üç gün oruc tutması və üçüncü gün səhraya gedib namaz qılması; açıq səma altında toplaşmaq; ayaqyalın olmaq; xalqın minbəri özü ilə səhraya aparması; azan verənlərin, qocaların, körpələrin və heyvanların xalqla birlikdə olması; yalvarış və fəryadların ucalması üçün uşaqları analarından ayırmaq; kafirlərin xalqla yanaşı çölə getməsinin qarşısını almaq; pişnamaz və xalqın son dərəcə müt’ilik, vüqar və tələbkarlıqla çölə gedib namaz üçün təmiz yer seçməsi...1
Namaz sona çatdıqdan sonra pişnamaz minbərə qalxıb, əbasını dağınıq halda çiyninə atsın, uca səslə 100 dəfə təkbir desin. Sonra sağ tərəfi xalqa 100 dəfə “subhanəllah” desin və daha sonra sol tərəfi xalqa 100 dəfə uca səslə “la ilahə illəllah” desin. Xalqın da uca səslə bu şüarı təkrarlamasının eybi yoxdur. Çünki bu iş rəhmət və bağışlanmaya səbəb olur.
Pişnamaz və xalq əllərini dua üçün qaldırıb xeyli yalvarsın, dua etsinlər. Pişnamaz xütbə oxusun və Allahdan yağış istəsin. Mə’sumlardan nəql olunmuş xütbələrin oxunması daha yaxşıdır. Məsələn, həzrət Əli (ə) və imam Səccaddan (ə) nəql olunmuş xütbələr.2
YAĞIŞ NAMAZININ TARİXİ
Rəvayətlərdən mə’lum olduğu kimi, yağış namazı keçmiş peyğəmbərlərin vaxtında da olmuşdur. (Həzrət Süleymanın (ə) əhvalatını əvvəldə qeyd etdik)
Allahın rəsulunun (s) yağış namazı qılmaq qaydası barəsində hədislər və dualar, həzrət Əlidən (ə) nəql olunmuş xütbələr, imam Səccadın (ə) duaları əvvəllər də yağış namazının qılındığını göstərir.3
Tarixdə bə’zi böyük alimlər yağış namazı təşkil etmiş və Allah yağış yağdırmışdır. Bu namaz həssas bir namazdır. Əgər Allah duaları qəbul etməyib, yağış göndərməsə, Allah tərəfindən qəbul olunmamaq namaz qılanların xəcalət çəkməsinə səbəb olacaq. Buna görə yağış namazını bərpa etmək cür’ət və isar tələb edir.
Müasir tariximizdə məşhur yağış namazlarından biri Ayətullahul-üzma Seyyid Məhəmməd Təqi Xansarinin (r) namazıdır.
Yazılmışlara əsasən, hicri qəməri 1363-cü il, müttəfiqlər İranı işğal edən zaman Qum şəhərinə yağış yağmadı. Bağlar və tarlalar qurudu. Qum əhalisi üçün qıtlıq və quraqlıq təhlükəsi yarandı. Bu böyük mərcə (alim) iki gün ardıcıl şəkildə yağış namazı üçün Qum ətrafındakı çöllərə getdi. Qeybi və mə’nəvi işlərə inanmayanlar istehza etdilər. Lakin ikinci gün elə bir yağış yağdı ki, hər tərəfi su bürüdü.
(“Asarul-huccət və gəncineyi daneşməndan”, 1-ci cild, səh.324. Həmin mərhumun qəbri həzrət Mə’sumənin (ə) hərəmindədir).
DİGƏR NAMAZLAR
Bəndə ilə Allah arasında ünsiyyət yaratmaq üçün bir çox namaz tövsiyə edilmişdir. O cümlədən, ğüfeylə namazı, hacət namazı, birinci qəbir gecəsinin namazı (ləylətül-dəfn), ayın əvvəlinin namazı və başqa namazlar dua kitablarında göstərilmişdir. Maraqlananlar bu kitablara müraciət etsinlər. Bu məqamda yazını sona çatdırırıq. Ümid edirik ki, söhbətlərimiz özümüz və başqaları üçün faydalı olacaq, axirət yolunda azuqə kimi bəhrə verəcək.
ƏL-HƏMDU LİLLAHİ RƏBBİL-ALƏMİN
Dostları ilə paylaş: |