Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları


Mədəni nitqə verilən əsas tələblərdən biri də onun təmizliyidir



Yüklə 262,04 Kb.
səhifə37/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   78
Mühazirələr 2021

Mədəni nitqə verilən əsas tələblərdən biri də onun təmizliyidir. Ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq təmizdir. Bu o deməkdir ki, ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri (sözlər, ifadələr, frazeologizmlər, cümlələr və s.) nitqdə işlədilməməlidir. Nitqin təmizliyi digər mədəni keyfiyyətlər kimi, danışanın təhsili, mədəniyyəti və tərbiyəsi ilə bilavasitə əlaqədardır. Mədəni, təhsilli və zəngin dünyagörüşə malik insanlar, şübhəsiz ki, öz nitqlərini tərbiyə etmədən ünsiyyətə tətbiq etmirlər. Bu isə həmin insanların ailədə, işdə və ümumiyyətlə, cəmiyyətdə böyük hörmət və nüfuz sahibi olmasına şans verir.

Nitqin təmizliyi aşağıdakı hallarda pozulur:

1) Nitqdə dialekt və şivəyə məxsus dil vahidlərinə yer veriləndə;

2) Terminlərdən üsluba müvafiq istifadə etmədikdə;

3) Nitqdə “tüfeyli sözlər”dən istifadə edərkən (deməli, zaddır, şey, adı nədir və s.);

4) Nitqdə loru sözlərdən ( hırıldamaq, gop etmək və s.), jarqonlardan (işini bitirmək-öldürmək, əriştəsini kəsmək - həbs etmək, ütmək-pulunu əlindən almaq və s.), arqolardan (məsələn, tələbələrin işlətdiyi “quyruq”, ”kəsir”, müəllimlərin işlətdiyi “pəncərə” və s.) istifadə edərkən;

5) Vulqarizmlərin işlədilməsi yasaqlandığı kimi, varvarizmlərdən (əcnəbi, yadelli sözlər) yersiz istifadə edildikdə.

Alınma sözlərin çoxu nitqimizi zənginləşdirir, onu dəqiq və ifadəli edir. Lakin onlardan yerli-yersiz istifadə etmək, dili korlamağa aparıb çıxarır. Başqa dillərdən keçən söz o zaman müvəffəqiyyət qazana bilər ki, həmin dildə onun işlədil-məsinə ehtiyac olsun. Əcnəbi sözlərdən bədii əsərlərdə bir priyom kimi istifadə olunur. Belə ki, yazıçı yaratdığı obrazın daxili simasını işıqlandırmaq, xarakterini açıb göstərmək məqsədilə varvarizmlərdən istifadə edir. Məsələn; C.Cabbarlının “Sevil” pyesində Dilbərin meşşan təbiətini göstərmək üçün dramaturq aşağıdakı alınma leksikadan istifadə etmişdir:

“...fu...kak bezvkusno ubrano! Po moemu bu stolu buraya, bu şeyləri də buraya yığsanız daha gözəl olardı. Deyilmi, Əbduləli bəy?”.

Nitqin zənginliyi nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğudur.Nitqin zənginliyi üçün başlıca meyar danışanın (yazanın) geniş söz ehtiyatına malık olmasıdır. Nitqdə sinonimlərdən, antonimlərdən, məcazlardan, frazeoloji birləşmələrdən, aforizmlərdən yerli-yerində istifadə nitqin zənginliyindən xəbər verir.. Ən əsası, nitqin zənginliyi nitqin dolğun məzmunda olması ilə şərtlənir. Görüş dairəsi və mütaliəsi geniş, savadı mükəmməl adamların söz ehtiyatı da zəngin olur. Hər bir savadlı və mədəni şəxs daima öz lüğət ehtiyatının artırılması qayğısına qalmalıdır.

Nitqin rabitəliliyi. Nitq prosesində əgər sözlər yerli-yerindədirsə, cümlələr düzgün qurulmuşsa, mövzu rabitəli, əlaqəli şəkildə şərh olunursa, deməli, informasiya verən ifadə etdiyi fikri yaxşı bilir, onun mahiyyətini hərtərəfli dərk edir. Rabitəli nitqdə hadisənin, faktın izah olunma ardıcıllığı məntiqə əsaslanır, əsas və ikinci dərəcəli məsələlər bir-birindən fərqləndirilərək şərh olunur, ikinci dərəcəli məsələnin üzərində çox dayanmayaraq əsas məsələnin izahına xüsusi diqqət yetirilir. Natiq əsas məsələnin üzərində xüsusi dayanmaqla onun mahiyyətini öz sözləri, düşüncəsi və üslubu ilə rabitəli ifadə etməlidir.

Nitqin ifadəliliyi, ifadəlik üslub baxımından ən uğurlu dil vasitələri tapıb işlətmək deməkdir. İfadəli nitq təkcə aydın, düzgün, səlis, məntiqi olmaqla bitmir, həm də təsirli, emosional, cazibəli formada öz əksini tapır. İfadəli nitq ondan bəhrələnənlərin hisslərinə təsir edir, marağını artırır, çünki burada məntiq güclü olduğu kimi, ifadə tərzi də tutarlı söz, ifadə və ibarələrlə həm zəngin, həm də ifadəlidir.

İfadəlilik keyfiyyətinin əmələ gəlməsində dilin bütün sistemləri iştirak edir: fonetika, leksika, semantika, qrammatika, intonasiya, üslubiyyat. İfadəlilik ifadəli olma, yaxsı və aydın ifadə etmək deməkdir. Bu, dilin söz xəzinəsinə, onun qanun-qaydalarına yaxsı bələdlilik, fikrin ifadəsində onlardan məqsədəuygun istifadə edə bilmək bacarıgı ilə bağlıdır. İfadəli nitq üçün bacarıq və vərdiş əsas şərtdir. İfadəli nitqi dinləyənlər onu asanlıqla qavrayır və mənimsəyirlər, yaddaşlarında uzun müddət qalır.

Qeyri-verbal kommunikasiya. Kommunikasiyanın mühüm sahələrindən biri də qeyri-verbal ünsiyyətdir. Gündəlik həyatımızda bəzən şüurlu, bəzən də şüursuz şəkildə müxtəlif anlayışları ifadə etmək və yaxud informasiya ötürmək üçün bir çox simvol və kodlardan istifadə edirik. Ümumiyyətlə, fərqli anlayış səviyyələrində fərqli məlumat mübadiləsi formaları mövcuddur. Şifahi və yazılı mesajlar tarixin heç bir dövründə yeganə ünsiyyət forması olmamışdır. Ünsiyyət zamanı duyğular, hisslər, üz ifadələri, jestlər yetərincə işlək olmuş, bəzi hallarda isə ünsiyyəti tənzimləyən, ona xüsusi anlam qatan vasitəyə çevrilmişlər. Sözlə ifadə olunmayan kommunikasiya qeyri-verbal ünsiyyət adlanır.

Müasir dövrdə qarşılıqlı söhbətlərdə, xüsusən işgüzar görüşlər zamanı həmsöhbətimizin sözləri qədər onun davranışları, jestləri, mimikaları da xüsusi əhəmiyyət daşıyır. Belə ki, söhbət zamanı bu tip qeyri-verbal ünsiyyət amilləri də diqqətdən kənarda qalmamalıdır. Unutmaq lazım deyil ki, hər bir uğurlu işin özülündə tərəfdaşınızla güvənli münasibətlər yaratmaq dayanır ki, bu da dediklərimizdən ziyadə necə davranacağımızdan asılıdır.

Qeyri-verbal, sözzsüz ünsiyyət formasının elmi maraq və araşdırma obyektinə çevrilməsi yeni hadisədir. Şifahi və yazılı ünsiyyətə daha çox üstünlük verildiyi, məhz bu ünsiyyət formalarının sənət səviyyəsinə yüksəldiyi müasir cəmiyyətimizdə qeyri-verbal ünsiyyət bir qədər arxa planda qalmışdır. Bunun digər səbəbi də fərdlərarası, üz-üzə ünsiyyətin yalnız danışıqla kifayətlənməsi kimi yanlış bir fikrin son zamanlara qədər dominant olması ilə bağlıdır. Bir sözlə, ünsiyyətin təbiəti ilə bağlı bu yanlış düşüncə insanın eşitmə qabiliyyəti qədər əhəmiyyətli olan vizual kanalları ilə yaranan sözsüz ünsiyyəti uzun müddət diqqətdən kənarda qoymuşdur. Halbuki qeyri-verbal ünsiyyət, vizual və əyani kodlarla münasibət yaratmaq, informasiya ötürmək ənənəsi insanların ünsiyyət tarixi qədər qədimdir.

İlk insan cəmiyyətindən tutmuş bu günə qədər müəyyən kodlarla, simvol və şəkillərlə anlaşmaq, əşyalardan istifadə edərək xəbərləşmək, fikir mübadiləsi aparmaq bütün xalqların tarixində mühüm yer tutur. Verbal ünsiyyət formaları qədər qeyri-verbal ünsiyyət də xalqın milli-mənəvi kökləri, dini inancları, coğrafi və sosial mühitləri ilə sıx bağlıdır. İstər qədim mifoloji görüşlərdə, istərsə də klassik Azərbaycan ədəbiyyatında əşyalar vasitəsilə xəbər uçurmaq, gözlərlə söz demək, bir baş hərəkəti ilə hökm vermək və s. kimi sözsüz ünsiyyyət nümunələrinə rast gəlmək olar. Hətta yazının inkişaf tarixində rast gəldiyimiz əşyavi yazı da qeyri-verbal ünsiyyət formalarından biridir.

Araşdırmalara görə, müəyyən edilmişdir ki, qarşılıqlı ünsiyyət prosesinin 60-80%-i sözsüz vasitələrlə baş verir, məlumatların yalnız 20-40%-i şifahi vasitələrlə ötürülür. Qeyri-verbal dilin mühüm bir xüsusiyyəti də ondan ibarətdir ki, bu dil təzahürü birbaşa şüuraltı impulslarla bağlıdır. Bu impulsları saxtalaşdırmaq, onlara kənardan müdaxilə etmək mümkün olmadığı üçün qeyri-verbal ünsiyyət verbal ünsiyyət kanallarından daha etibarlı hesab edilir. Jest və mimikalarımızı tam nəzarətdə saxlaya bilmədiyimiz, bəzən gözlərimizin bizə xəyanət edərək duyğularımızı çölə vurması heş kəs üçün sirr deyil.


Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə