MüSƏlmanin 24 saati



Yüklə 0,5 Mb.
səhifə3/9
tarix20.10.2017
ölçüsü0,5 Mb.
#6126
1   2   3   4   5   6   7   8   9

"Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz nemətlərdən ruzi verən Allahdır! Bu sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır!" ("Mömin" surəsi, 64).

Şübhəsiz ki, düşünən və ağıllı insanlar üçün hər dad Allahı lazımınca qiymətləndirməyə, Onu minnətlə xatırlamağa, Onu ucaltmağa və Ona şükür etməyə bir vasitədir. Ləziz yemək və içkilərin hamısının Allahdan bir nemət olduğunu bilən mömin də hər dəfə süfrəyə əyləşəndə bunların haqqında düşünür və Rəbbimizə şükür edir. Allah Quranda belə bildirir:



"Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu dirildir, oradan dənələr çıxardırıq, onlar da ondan yeyirlər. Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki, onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Hələ də şükür etməzlər?" ("Yasin" surəsi, 33-35).

"Məgər Bizim Öz əllərimizlə onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?! Bunları onların ixitiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də. Onların mənfəətləri və içəcəkləri də var. Hələ də şükür etməzlərmi?" ("Yasin" surəsi, 71-73).

Bəzi insanlar isə onların ehtiyaclarını həyatları boyunca mükəmməl bir şəkildə ödəyən, fərqli qoxulara və dadlara sahib olan ləzzətli qidalardan istifadə etmələrinə baxmayaraq son dərəcə mühüm olan bəzi həqiqətlər barədə heç düşünmürlər. Bu bənzərsiz nemətləri Allahın onlar üçün xüsusi olaraq yaratdığını və onlara bəxş etdiyini, bunlara görə Allaha şükür etməyin vacib olduğunu dərk etmirlər. Halbuki bu, çox yanlış bir davranışdır. İnsanlar unutmamalıdır ki, onlar axirətdə Allaha şükür edib-etmədikləri barədə sorğu-sual olunacaqlar.

Burada mühüm bir məqamı da qeyd etmək lazımdır: mömin insan öz bədəninin Allahın ona verdiyi bir əmanət olduğunu, bu bənzərsiz nemətə ən yaxşı qulluq etməyə cavabdeh olduğunu və buna görə sağlam qidalanmanın lazım gəldiyini anlayır. Saleh əməllər etməsi üçün sağlam olmasının, bunun üçün də lazımi və nizamlı şəkildə qidalanmağın lazım olduğunu bilir. Vücudunda 100 trilyon hüceyrənin inkişaf etməsi, yeniləşməsi və nizamla çalışması üçün bütün qidalardan ehtiyacını ödəyəcək qədər istifadə etməsinin zəruri olduğunu bilir. Buna görə də istər səhər yeməyində, istərsə də gün ərzində təmiz, sağlam və təbii qidalardan istifadə edir, nə qədər cəlbedici və ya ləzzətli görünsə də zərərli qidalardan çəkinir, bu məsələdə tənbəllik və biganəlik də etmir. Məsələn, orqanlarının fəaliyyətinin, vücudunun zəhərli maddələrdən təmizlənməsinin, bitkinliyinin, yorğunluğunun aradan qaldırılmasının suya bağlı olduğunu bilir və gün ərzində qaydasınca su içməyə diqqət yetirir. Peyğəmbərimiz (s.ə.v.) də suyun əhəmiyyətinə bir neçə dəfə diqqət yetirmişdir. Məsələn, bir səfər zamanı bir yerdə dayanmış və yanındakılardan su istəmişdi. Əlini və üzünü yuduqdan sonra sudan içmiş və yanındakı səhabələrinə də "Siz də üzünüzə, boynunuza bir az su tökün" demişdi. Peyğəmbərimiz (s.ə.v.) su içdikdən sonra belə dua etmişdi: "Rəhməti ilə suyu dadlı yaradan, acı və duzlu yaratmayan Allaha həmd olsun".

Yolda gedərkən

Səhər yeməyini yeyən və hazırlıqlarını tamamlayan insanları iş yerlərində, məktəblərində və ya fərqli şəraitlərdə müxtəlif işlər gözləyir. İnsanların bir çoxunun axşam düşməzdən əvvəl müəyyən işləri olur. Allah Quranda bunu "...gündüz sənin uzun-uzadı davam edən işlərin vardır" ("Muzəmmil" surəsi, 7)"...gündüzü də həyat yaradan Odur" ("Furqan" surəsi, 47) şəklində bildirir.

Mömin qarşısındakı hər günü Allahın razılığını, sevgisini və cənnətini qazanmaq və xeyirli işlər görmək üçün yeni bir fürsət kimi görür. İşləri nə qədər çox olsa da Allahın razılığını qazanmağı bir an belə unutmur. Mömin insan Hz.Süleymanın "...Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver! Və məni Öz mərhəmətində saleh bəndələrinin zümrəsinə daxil et!" ("Nəml" surəsi, 19) ayəsində bildirilən duasını özünə nümunə götürür və gün ərzində görə biləcəyi işləri Rəbbimizin ona ilham etməsini diləyir.

İşə, məktəbə və ya universitetə getmək üçün evdən çıxan hər kəs əslində barəsində düşünmək lazım gələn bir çox varlıq və hadisələrlə üz-üzə qalır. İnsanın gördüyü hər bir iş Allahın elmi daxilində və Onun izni ilə baş verir. Bu həqiqəti ağlından çıxarmayan mömin başını yuxarı qaldıranda göy üzünün mükəmməl bir şəkildə yaradıldığını görür. "Göyü qorunub saxlanılan bir tavan etdik..." ("Ənbiya" surəsi, 32) ayəsinin təcəllisi ilə qarşılaşdığını anlayır.

Göy üzünün "qorunmuş tavan" olma xüsusiyyəti onun sahib olduğu atmosferdən qaynaqlanır. Yer kürəsini əhatə edən atmosfer canlı aləmin davam etməsi üçün həyati əhəmiyyətli prosesləri yerinə yetirir. Atmosfer kosmosdan gələn və canlılar üçün zərərli olan şüaları filtrdən keçirir. Yerə doğru yaxınlaşan böyüklü-kiçikli bir çox meteoritləri əridərək onların Yerə və canlılara zərər verməsinə mane olur, Yeri kosmosun təxminən mənfi 270 dərəcəlik dondurucu soyuğundan qoruyur. İnsanların bir çoxu bunu lazımınca qiymətləndirməsələr də Allah həyat üçün ideal bir mühit yaratmış və onları göy üzündən gələn təhlükələrdən qorumuşdur.

Allah göyü müşahidə edən bir möminin harmonik və qüsursuz yaradılış dəlillərini qısa müddətdə anlayacağını Quranda belə bildirir:



"Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!" ("Mülk" surəsi, 3-4).

Allah göylərin və yerin yaradılışında buna imani bir dərinliklə baxanlar üçün dəlillər olduğunu Quranda belə xəbər verir:



"Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?! Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən yetişdirdiyimizi görmürlərmi?! Dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik" ("Qaf" surəsi, 6-8).

Baxışlarını göy üzündən yerə çevirən mömin başqa bir yaradılış dəlili ilə qarşılaşır. Üzərində arxayın yeridiyi yerin altı maqma deyilən bir "alov təbəqəsi" ilə örtülüb. Üstəlik yer qabığı son dərəcə incədir, yəni bu alov insanın haradasa elə ayaqlarının altındadır. Belə ki, yer üzü qabığının bütün yerə nisbətən qalınlığı bir alma qabığının bütün almaya nisbətən qalınlığına bənzədilə bilər. Bu həqiqətləri ağlından keçirən mömin yerin və yer üzərindəki bütün canlıların Allahın izni ilə, Onun yaratdığı qüsursuz bir tarazlıq sayəsində yaşadıqlarını və təhlükəsiz bir şəraitdə həyatlarına davam etdiklərini bir daha anlayar.

Dünyaya hikmət gözü ilə baxan möminlər ətrafdakı gözəllikləri və yaradılış möcüzələrini o an dərk edirlər. Məsələn, havada süzən quşlar, dükanın vitrinini bəzəyən və cəlbedici rənglərə sahib olan meyvələr, şirniyyat mağazasından yayılan qoxular Allahın nemətləri olduğu üçün bir möminə digər insanların dərk edə bilmədiyi mənalar ifadə edir.

Küçədə yeriyərkən qarşısına çıxan saysız "dəlillər" barədə düşünən mömin digər tərəfdən də öz davranışlarına diqqət yetirir. Məsələn, o, şişirtmə və riyakarlıqdan uzaq bir şəkildə yeriyir. Çünki Allah "Yerişində müvazinət gözlə..." ("Loğman" surəsi, 19) ayəsi ilə təvazökar bir yeriş şəklinin doğru olduğunu xəbər verir. Təvazökar olan insan Allahın əmrinə itaət edərək bütün davranışlarında olduğu kimi yerişində də orta bir yol tutmaqla Allah dərgahında da, möminlərin gözündə də mötəbər bir mərtəbəyə gəlir.

Möminlər insanı yaradanın və ona bütün xüsusiyyətlərini verənin Allah olduğunu bilirlər. Ancaq Quran əxlaqından uzaq yaşayan insanlar bu həqiqəti qulaqardına vurur və malik olduqları xüsusiyyətlərin özlərinə aid olduğunu düşünürlər. Gözəlliklərini, zənginliklərini, bilikli və bacarıqlı olmalarını özlərinə aid edən bu insanlar lovğalanır, təkəbbür göstərirlər. Təkəbbür göstərdiklərinə görə də insanları əzmək və onlara öz üstünlüklərini göstərmək istəyirlər. Bu düşüncələri özünü bütün sözlərində və davranışlarında göstərdiyi kimi öz əksini yerişlərində də tapır. Halbuki hər bir insan Allahın üstün elmi və qüdrəti qarşısında acizdir, həyatının hər anında Allaha möhtacdır. Allah bu həqiqəti dərk etməyən insanlara Quran ayələri ilə xəbərdarlıq edir, təkəbbür göstərməyi Quranda belə yasaqlayır:

"Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!" ("Loğman" surəsi, 18).

"Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də yüksəlib dağlara çata bilərsən" (“İsra" surəsi, 37).

Quran əxlaqını yaşayan bir insan acizliyini, Allahın izni ilə yaşadığını, sahib olduğu hər şeyi verənin kainatın tək sahibi olan Allah olduğunu həmişə bilir. Hər zaman bu düşüncə ilə yaşadığı üçün də ətrafındakı hər bir hadisəni Qurana görə qiymətləndirir.

Aydındır ki, insan gün ərzində yeriyərək həddindən artıq məsafə qət edə bilməz. Yerimək qısa məsafələr üçün asan bir proses və Allahın insana verdiyi böyük bir nemətdir. Ancaq insanın uzun bir məsafəni yeriməyə gücü çatmaz, müəyyən bir vaxtdan sonra onun bədəni yorulur və daha artıq yeriməsinə imkan vermir. Qullarının bu acizliyini bilən Allah asan bir şəkildə mənzilbaşına çatmaq üçün onları aparacaq heyvanlar və minik vasitələri yaradıb. Allahın Öz qullarına qarşı mərhəmətinin və şəfqətinin göstəricisi olan bu böyük lütfünün xəbər verildiyi Quran ayələrindən bəziləri belədir:

"Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı, hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır" ("Nəhl" surəsi, 7-8).

"...Və O Allah ki, ciftlər xəlq etdi, səvar olduğunuz gəmiləri və heyvanları yaratdı" ("Zuxruf" surəsi, 12).

"Məgər Allahın yerdə olanları, dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir!" ("Həcc" surəsi, 65).

Allah dəmir və polad kimi metallar və müxtəlif imkanlar yaradıb, insanlara bunlardan istifadə edərək müxtəlif minik vasitələri düzəltməyi ilham edib. İnsanlar da Allahın izni ilə maşın, avtobus, qatar, gəmi, təyyarə kimi minik vasitələri yaradıblar. Beləliklə də Rəbbimiz insanların gücünün çatmayacağı yolçuluqları onlara asanlaşdırıb. İnsanların vəzifəsi isə onlara verilən bir minik vasitəsinə minərkən bu nemətlərin müqabilində Allahı xatırlamaq, Onun adını ucaltmaq və Ona şükr etməkdir. Allah bunu Quranda belə bildirir:



"Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin nemətini yada salaraq deyəsiniz: "Bunları bizə ram edən Allah pak və müqəddəsdir! Bizim onlara gücümüz çatmazdı" ("Zuxruf" surəsi, 13).

Bu günkü kommunikasiya, rabitə və minik vasitələri keçmişlə müqayisə edilməyəcək qədər sürətli və rahat bir şəkil alıb. Quran əxlaqına uyğun yaşayan bir insan üçün bunların barəsində düşünmək həm Allaha yaxınlaşmaq, həm də nemətlərə görə səmimi bir şəkildə Ona şükür etmək üçün əhəmiyyətli yollardan biridir.

Mömin insan bir minik vasitəsində səyahət edərkən də yenə Allahı düşünür. Yandakı avtomobili idarə edən adam, maşının rəngi, modeli, ətrafındakı digər avtomobillər və insanlar, onların hərəkətləri, yol boyu düzülmüş binalar, binaların şəkilləri, şüşələri, tablolar, tablolardakı yazılar - bunların hamısı Allahın müəyyən ölçüdə yaratdığı detallardır. Allah bu həqiqəti insanlara "Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq" ("Qəmər" surəsi, 49) ayəsi ilə xəbər verir.

Allah yalnız bir insan üçün deyil, yer üzündəki milyardlarla insan üçün onların hər an qarşılaşacaqları hər şeyi yaradır. Quran əxlaqına uyğun yaşayan bir insan üçün bunların haqqında düşünmək həmin insanın Allahın hər an onun yanında olduğunu, onun hər hərəkət və davranışını gördüyünü bilərək hərəkət etməsinə səbəb olur. Mömin insan bütün gün ərzində bu həqiqət barədə düşündüyündən nə bir çətinlik, nə də başına gələn hər hansı bir sıxıntı onun Allaha olan təslimiyyətli davranışlarını dəyişdirmir.

Bəzi insanlar isə axsama kimi görünən kiçik bir hadisəyə belə dözə, səbir edə bilmir, hətta bəzən özlərindən çıxır, tarazlıqlarını itirirlər. Yol hərəkətinin pozulması və ya diqqətsiz bir sürücü belə adamların o an əsəbiləşib qışqırmasına, çığırıb-bağırmasına səbəb ola bilər. Yolda bir tıxac yarananda gözləməyə səbri çatmır, buna etiraz əlaməti olaraq dayanmadan siqnal verməyə başlayır, bununla da digər insanları da narahat edirlər. Bu kimi insanların belə mənfi davranışlarının səbəbi isə onların hər şeyin Allahın nəzarətində olmasını tamamilə unutmalarıdır.

Quran əxlaqından üz çevirən bir insan üçün mənzilbaşına çatmaq, kommunikasiya və rabitə bir nemət deyil, bir çətinlik, bir bəla halına gəlir. Məsələn, yolda gedərkən qarşıya çıxan çala-çuxurlar, yol hərəkətinin pozulmasına və tıxacların yaranmasına səbəb olan amillər, ani yağan güclü bir yağış və bir çox başqa problemlər bütün günü onun ağlını məşğul edir. Bu boş düşüncələrin isə ona nə dünya həyatında, nə də axirətdə heç bir faydası yoxdur. Bir çox insanlar iddia edirlər ki, onların dərindən düşünməsinə mane olan səbəb yer üzərində mübarizə aparmaq məcburiyyətində olmalarıdır. Onlar yemək, təmizlik, səhhətlə bağlı ehtiyaclarını təmin etməyə vaxt ayırdıqları üçün Allahın varlığı və yaradılış dəlilləri üzərində düşünməyə vaxt ayıra bilmədiklərini söyləyirlər. Halbuki bu iddialar əsl həqiqətdən yayınmaqdan, mətləbdən sadəcə olaraq qaçmaqdan başqa bir şey deyil. İnsanın vəzifə və problemləri ilə onun düşünməsinin heç bir bağlılığı yoxdur. Çünki Allahın razı olması üçün yaradılış dəlilləri, tale, axirət, ölüm, dünyada Rəbbimizin verdiyi nemətlər barədə düşünən insan yanında Allahın köməyini tapacaq. Görəcək ki, özü üçün problem olan bir çox məsələlər bir-birinin ardınca asanlıqla həll olunur, düşünməyə isə çoxlu vaxt ayıra bilir.

Mömin bir gün ərzində qarşılaşdığı hər bir şəraiti yaradan qüvvənin Allah olduğunu heç bir zaman unutmur. Bunların yaradılmasındakı məqsəd isə gözəl bir şəkildə səbr etmək və ya məsələn, əgər imkanı varsa, yolda tıxacın əmələ gəlmə səbəbini ortadan qaldırmağa çalışmaqdır. Bəzi insanlar kimi əsəbiləşmək, qışqırmaq, çığır-bağır salmaq, mübahisə etmək insanın həm özünə, həm də başqalarına zərər verən mənasız və yanlış davranışlardır.

İnsanların səbir etmək məsələsində sınandıqlarını anlaması üçün çox böyük ağrı-acılar, böyük faciəvi hadisələr gözləməsi səhvdir, çünki Allah insanı gün ərzində bir çox irili-xırdalı hadisələrlə imtahan edir. İnsanlar gün ərzində nəqliyyat çətinliyi, yoldakı tıxac, bir yerə gecikmək kimi adama sıxıntı verən hadisələrlə, kiçik qəzalarla da bu şəkildə sınanırlar. Ancaq Quran əxlaqına uyğun yaşayan insanlar bu hal qarşısında heç bir sıxıntı duymadan, şikayət etmədən səbir edirlər. Necə ki, Allah Quranda möminlərin xüsusiyyətlərindən birinin də həmin sıxıntılar qarşısında səbir etməkdən ibarət olduğunu bildirir:



"O kəslər ki, Allahın adı çəkiləndə qəlbləri titrəyər, üz verən müsibətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən sərf edərlər" ("Həcc" surəsi, 35).

Mömin insan yol hərəkətində meydana gələn qəzalarla qarşılaşanda da təmkinlidir və təvəkkül edir. O, belə bir halda yaşadığı hadisəni yaradan qüvvənin Allah olduğunu bilərək ağılla hərəkət edir. Hadisə yerindəki yaralıları xilas etməyə, kömək çağırmağa və qəzanın verdiyi zərərin artmasının qarşısını almaq üçün lazımi tədbirlər görməyə çalışır. Mömin insan dünya həyatının hər anında Allahın razı olduğu davranış göstərməyə görə məsuliyyət daşıdığını bilir.

Allah insanın yaradılış məqsədini və ona verilən bu məsuliyyəti "Mülk" surəsində belə bildirir:

"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır" ("Mülk" surəsi, 2).

Dünya həyatının hər bir anını Quran əxlaqına uyğun şəkildə yaşayan mömin insan beynini səfəri boyu boş və mənasız düşüncələrlə məşğul etmir, bütün diqqətini üzərində dərindən düşündüyü hadisə və varlıqlara yönəldir. Məsələn, Quran əxlaqından uzaq yaşayan insanlar göy üzündə uçan quşlara baxanda bunu adi bir hadisə kimi qarşılayırlar. Halbuki mömin insan üçün quşların heç bir yerə bağlı olmadıqları halda həssas qanadları ilə hava boşluğunda müxtəlif manevrlər etmələri və boşluqda sanki asılı qalmaları, uçuşlar, sıçrayışlar və manevrlər etməyə ən uyğun şəkildə nizamlanaraq düzəldilmiş qanadları, qidalanmağa ən uyğun şəkildə yaradılmış dimdik quruluşları, uçma texnikaları, xüsusi skelet, tənəffüs, həzm və digər sistemləri, tüklərinin kompleks və aerodinamik quruluşu, yuva düzəltmə texnikaları, duyğu orqanları, ovlanma və qidalanma üsulları, davranışları, çoxalma və müxtəlif vaxtlarda çıxardıqları səslər, quşların bir möcüzə sayılan nizam sistemləri, ölçü-biçisi Allahın varlığının, Onun üstün elm və qüdrətinin açıq dəlillərindəndir. Allah bu həqiqətə Quranda "Məgər onlar başları üstündə qanad çalaraq uçan quşları görmürlərmi? Onları ancaq Rəhman saxlayır..." ("Mülk" surəsi, 19) ayəsi ilə diqqət çəkir. Möminlər də yolda gedərkən ətraflarındakı bu kimi iman həqiqətlərini görür və Allahın sonsuz qüdrətinə hər an şahidlik edirlər.



İş zamanı

Yetkin insanların çoxu günün mühüm bir hissəsini gördüyü işlə maraqlanaraq keçirir. Amma Quran əxlaqına uyğun hərəkət edənlər eyni məslək uğrunda işləsələr belə cahil əxlaqını mənimsəmiş adamlardan mühüm bir məqamda seçilib ayrılırlar: mömin insan üçün gün ərzindəki işlər nə qədər təcili və çox olursa-olsun Rəbbimiz qarşısında olan vəzifələrini və ibadətlərini yerinə yetirmək onun üçün hər şeydən daha mühümdür. Allah bu həqiqəti Quranda belə xəbər verir:



"...Allahın dərgahında olan əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!" ("Cümə" surəsi, 11).

Mömin insan bunu dərk edir və heç bir iş onu Allahın adını anmaqdan, ibadətlərini yerinə yetirməkdən yayındıra bilməz, dinin hər hansı bir hökmünü maddi qazanc üçün heç bir zaman qulaqardına vurmaz və təxirə salmaz. Rəbbimiz Quran əxlaqına uyğun yaşayan insanların bu xüsusiyyətinə bir ayəsində belə diqqət çəkir:



"O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar" ("Nur" surəsi, 37).

Bu ayədə ticarətə diqqət çəkilməsinin səbəbi maddi mənfəətin insanların ən böyük zəifliklərindən, zəif nöqtələrindən biri olmasıdır. Belə ki, insanların bir qismi daha çox pul qazanmaq, daha çox mal-mülkə sahib olmaq və ya daha çox güc əldə etmək üçün dinin bir çox hökmlərini qulaqardına vura bilərlər. Məsələn, namaz ibadətini və ya dinin başqa bir hökmünü yerinə yetirməz, gözəl əxlaq göstərə biləcəkləri halda bunu göstərməzlər.

Cahil insanların həvəslə, səylə işləmələrinin müqabilindəki umacaqları isə hamının yaxşı bildiyi bir neçə məqsəddən ibarətdir: dünyada yaxşı bir həyat yaşaya bilmək, varlı olmaq, etibar və mövqe əldə edib cəmiyyətdə hörmətli bir yer tutmaq, yaxşı bir ailə qurub fəxr ediləcək övladlara sahib olmaq... Bəzi cahil insanların sonsuz axirət həyatından üstün tutduğu şeylər məhz bunlardan ibarətdir. Əlbəttə, bütün bunlar Allahın rizasını və axirəti qazanmağın əsas məqsəd kimi seçiləcəyi təqdirdə hər bir insanın sahib ola biləcəyi məşru nemətlərdir. Möminlər də eyni nemətlərə sahib olmaq istəyir, çalışır, pul qazanır, mülk sahibi olurlar. Ancaq onları bəzi cahil insanlardan ayıran xüsusiyyətləri bütün işlərini Allahın rizası üçün etmələri, qazandıqlarını Allah yolunda və Allahın tövsiyə etdiyi şəkildə xərcləmələri, hər işdə olduğu kimi ticarətdə də hər zaman Allahın hökmlərinə diqqətlə itaət etmələridir.

Ticarəti İslami hökmlərdən üstün tutmağın "fasiq" (yoldan çıxmış, Allaha üsyan etmiş) bir cəmiyyətin xüsusiyyəti olması həqiqəti bir ayədə belə bildirilir:



"De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!" ("Tövbə" surəsi, 24).

Dərin imana sahib olan mömin öz nəfsini bu cür yollardan qoruyur. Allahın möminlərdən istədiyi üstün bir əxlaq var və möminlər hansı işin sahibi olurlarsa olsunlar bu əxlaqın vacib hökmlərini yerinə yetirirlər. Onlar ticarətdə də dürüst, səmimi, fədakar, çalışqan, ədalətli və təvazökardırlar. Möminlərin bütün diqqəti Allahın rizasında və Onun müəyyən etdiyi halal-haram hüdudlarındadır. Allah möminlərə ticarət edərkən başqalarının haqqına təcavüz etməməyi, ölçüdə və tərəzidə aldatmamağı, insanların əşyasını qiymətdən salmamağı əmr edir ("Hud" surəsi, 85).

Allah ticarətlə məşğul olarkən dürüst olmağın, insanlara haqsızlıq etməməyin və belə bir gözəl əxlaq göstərərək Allahı razı salmağın əhəmiyyətini bəzi ayələrdə bu şəkildə bildirir:

"Ölçəndə ölçüdə düz olun, düzgün tərəzi ilə çəkin. Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır!" (“İsra" surəsi, 35).

"Tərəzini düz tutun, çəkini əskiltməyin!" ("Rəhman" surəsi, 9).

Allah ticarətin və alış-verişin necə aparılmasının lazım olduğunu insanlara Quranda açıqlamışdır. İlk olaraq bildirmək lazımdır ki, Allah "...Halbuki Allah alış-verişi halal, sələm almağı (faizi) isə haram etmişdir..." ("Bəqərə" surəsi, 275) ayəsi ilə faizi, sələmçiliyi qəti olaraq yasaqlamışdır. Allahın bildirdiyi digər bir cəhət isə alış-verişin aparılma və borcların alınıb-verilmə şəklidir. Allah ticarət zamanı lazım olanda istifadə etmək üçün və ya unudulması ehtimalına qarşı borcların yazılmasını, alış-veriş zamanı isə buna ehtiyac olarsa, şahidlərin tutulmasını əmr etmişdir ("Bəqərə" surəsi, 282).

Möminlərin iş həyatında diqqət etdikləri digər bir məsələ isə qərar qəbul etmək, yeni bir işə başlamaq, nöqsan və çatışmazlıqları aradan qaldırmaq kimi işlərlə bağlı digər insanların da fikirlərindən istifadə etməkdir. Allah Quranda bunu iman gətirənlərin bir xüsusiyyəti olaraq bildirir.

Quran hər sahədə olduğu kimi işdə, ticarətdə və alış-verişdə də insanların həyatına ən gözəli, ən doğrunu və ən asan olanı gətirir. Allah bu şəkildə insana stressdən və böhrandan uzaqlaşaraq Ona təslim olmağın, tədbir görməyin, başqaları ilə məsləhətləşərək qərar qəbul etməyin rahatlığı içində sağlam, rahat bir şəraitdə işləyə bilməsi üçün yol göstərir.

Bundan başqa, ağıllı bir mömin iş həyatında çox geniş və dərindən düşünür, həm qısamüddətli, həm uzunmüddətli, həm də çoxmərhələli planlar hazırlayır, başladığı işin sonrakı mərhələlərini, hansı planın ona uzunmüddətli bir uğur qazandıracağını, mümkün olan digər alternativ variantları mütləq hesablayır. Faydalı saydığı üçün etdiyi bir işin sonrakı mərhələdə zərər gətirməməsi üçün hər cür tədbiri Allahın Quranda işarə etdiyi həll üsulları əsasında görür. Bir iş üzərində çalışarkən qəlbində tez-tez Allaha dua edir, etdiyi işin asanlaşdırılmasını Rəbbimizdən istəyir, Allahın istəməyəcəyi halda heç bir işdə uğur qazanmayacağını düşünür. Etdiyi işin Allahın razılığını qazanmaq üçün bir vasitə olmasını umur.

Yaşadığımız zamanda keçmişdəki insanların xəyalına belə gəlməyən yeni ixtiralar və elmi tərəqqi meydana gəlməkdədir. Bu bənzərsiz imkanlar üçün də şükür etmək Quran əxlaqının vacib bildiyi zərurətdir. Məsələn, bu gün elm, texnologiya, rabitə, kommunikasiya və iş həyatındakı inkişaf çox böyük mərhələlərə qədəm qoymuşdur. Kompüter və internet texnologiyaları sayəsində dünyanın dörd bir yanındakı insanlar bir-biri ilə saniyələr ərzində danışa bilir, məlumat və biliklərini bölüşür və əlaqə qura bilirlər. Əlbəttə, bu nemətlər üzərində dərindən düşünmək lazımdır. Çünki Allahın Quranda bizlərə nümunə göstərdiyi peyğəmbərlər daxilən Allaha yönələn, bir iş üzərində çalışarkən həmişə Allahı düşünən və Ona şükür edən kimsələrdir. Allah "Səbə" surəsində bu şəkildə bildirir:



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə