O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

açıqsöz 

38 


neft şirkətində işləyirdi) şərik aldığımız radiodan alırdıq. Mən müxtəlif ölkələrin xəbərlərinə qulaq 

asmaq üçün qonşumgilə getməli olurdum. Radionun bizdə olması mənə təhlükə törədə bilərdi. 

Radiodan aldığım məlumatları bir qayda olaraq, demək olar ki, hər gün ağaye Pişəvəriyə və digər 

yoldaşlara çatdırırdım. Məlumatlardan görünürdü ki, Sovet İttifaqının müharibəyə cəlb olunacağı 

ehtimallardan çox həqiqətə bənzəyir. Tehrana gedən Kaşanın tanınmış ziyalılarının və dövlət 

məmurlarının oradan gətirdikləri xəbərlər və etdikləri söhbətlər İranın da müharibə aparacaq 

dövlətlərin təsir dairəsinə hökmən düşəcəyini bəlli edirdi. 

Beynəlxalq vəziyyətin kəskinləşməsi, İranın daxili siyasi durumunun gündəngünə 

mürəkkəbləşməsi ilə əlaqədar S.C.Pişəvərinin fəallığı artır və ətrafdakılara gələcəkdə hansı 

proqram əsasında hərəkət edəcəklərinə dair öz tövsiyələrini verirdi. Əlbəttə bu işlər son dərəcə 

məxfi və Kaşan polisinin nəzarətindən uzaq məkanda görülürdü. Pişəvəri İranın gələcəyi haqda öz 

mülahizələrində İranı hər şeydən əvvəl Pəhləvi diktaturasından xilas etməyi və ölkədə demokratik 

bir mühitin yaradılmasını, İran ərazisində yaşayan bütün xalqlara azadlıq verilməsini, onların 

tapdalanıb yox olmuş hüquqlarının qaytarılmasını xüsusi olaraq qeyd edirdi. Pişəvərinin 

düşüncələrində Azərbaycanın taleyi, onun gələcəyi xüsusi vurğulanırdı. O, həm zindanda, həm də 

sonralar, həmişə deyirdi ki, "Azərbaycanın öz dərdləri var, ona ancaq millət özü əlac etməlidir". 

Səttarxan, Xiyabani hərəkatlarından iftixarla danışarkən bu hərəkatların məğlubiyyətində İran 

irticası ilə yanaşı və ondan daha çox xarici müdaxiləçilərin şeytani rol oynadığını xatırladırdı. 

Ümumiyyətlə, onu deyə bilərəm ki, biz Azərbaycana dönənə qədər burada görəcəyimiz işlərin 

proqramı, siyasi hərəkət xətti rəhmətlik Pışəvəri tərəfindən ətraflı və ağlabatan səviyyədə 

müəyyənləşdirilmişdi. Buna görə Pişəvəri ətrafındakı siyasi qüvvələr Azərbaycana dönən kimi nə 

iş görəcəyini, hansı mərama qulluq edəcəyini və bu yolda nə kimi əngəl və maneələrlə 

rastlaşacağını, vəziyyətdən çıxış yollarını təqribən əvvəlcədən bilirdilər. 

Pişəvəri tərəfindən Azərbaycandakı hərəkata əvvəlcədən gətirilmiş aydınlıq mübarizəmizin 

sonrakı mərhələsində, xüsusən "21 Azər" nehzətinin qələbəsində çox əhəmiyyətli oldu. 

İrana sovet və ingilis qoşunlarının daxil olacağı ehtimalı artdığına görə İranda müxalif qüvvələrə 

qarşı nəzarət və təzyiq yenidən gücləndi. Ölkədə hərbi vəziyyətin elan edilməsi ilə bağlı ehtiyatda 

olan bütün əfsərlər orduya çağırıldı. Kaşanın səhiyyə rəisi cavan olduğundan onu da ordu sırasına 

çağırdılar və vəzifəsini müvəqqəti olaraq yenidən mənə həvalə etdilər. 



açıqsöz 

39 


İranın müttəfiq qoşunlar tərəfındən tutulmasına bir neçə həftə qalmış sürgündə və müxtəlif 

yerlərdə yaşayan siyasi müxalifətçilərin həbsə alınması haqda göstəriş verildi. Bu göstəriş əsasında 

siyasi əqidəsinə görə Kaşana sürgün edilmiş şəxslər, o cümlədən S.C. Pişəvəri yenidən həbsə 

alındılar. Mən səhiyyə işlərinə müvəqqəti başçı təyin olunduğumdan bu həbslərdən kənarda 

qaldım. Bu təkcə mən və ailəm üçün yox, həm də yenidən həbsə alınan yoldaşlarım üçün də yaxşı 

iş oldu. Mən onlara hər gün yemək aparır və çöldəki vəziyyət haqda məlumatı çatdırırdım. 

 

 

AZADLIQ BÖYÜK NEMƏTDİR 



1320-ci il Şəhrivər hadisəsi baş verdi. Sovet İttifaqı şimaldan, İngilislər isə cənubdan İran ərazisinə 

qoşun yeritmişdi (26 avqust 1941-ci il). "Əzəmətli" şahənşah ordusu heç bir gün də tab gətirmədi, 

pərən-pərən düşdü. Zülm ilə qurulan bir binanın axırı viranə olduğu kimi, zorakılıq və qan üzərində 

hakimiyyətə gətirilmiş Riza şah diktaturası da çox asanlıqla dağıldı. Bu işdə İran ərazisinə keçmiş 

xarici hərbi qüvvələrlə birlikdə canı boğazına yığışmış İran xalqlarının da rejimə qarşı nifrət və 

qəzəbi az rol oynamamışdı. 

Riza şahın və tərəfdarlarının əvvəlcə gizləndikləri, sonra isə qaçdıqları xəbərini millət böyük 

sevinclə qarşıladı. 10 ildən çox təqib, zindan və sürgün əzabını çəkmiş biz siyasi adamlar üçün bu, 

lap toy-bayram oldu. Biz bu toy-bayramı Kaşanda qeyd etdik və Tehrana döndük. Mən ailəmlə 

Tehrana gəlib çatdıqda artıq Pişəvəri burada başlayan qaynar siyasi həyatın içində idi. O, əvvəlcə 

öz həmfikirlərini, onunla ağır mübarizə yolu keçərkən dönüklük etməyənləri tapdı və ilk özək 

yarandı. Azadlıq mübarizəsinin yeni mərhələsində Pişəvəri zindandan çıxdığı ilk gündən 

ümumiran azadlığında milli zülmə qarşı mübarizəni ön cərgəyə gətirdi. O öz fikrini aydın və qəti 

bəyan edirdi ki, millətlərin hüquq bərabərliyini qəbul etməyənlərlə, milli zülmü kölgəyə çəkənlərlə 

onun suyu bir arxa getməyəcək. Bu məsələ ilk gündən Pişəvəri ətrafında toplaşanlarla digər 

"azadixahlar" arasında ixtilaf olduğunu göstərdi. Pişəvərinin"Ajir"dəki məqalələrində bu səpgidə 

olan mübahisə və ixtilaflar ruznamənin (qəzetin) gündəliyinə çevrildi. 1320-1323- cü illərdə 

(1941-1944) Tehrandakı siyasi mühitdə meydanda olan Hizbe Tudeye İran (İran Xalq Partiyası), 

"İttehadiyeye Karegəran və Zəhmətkeşane İran" (fəhlə və zəhmətkeşlərin həmkarlar təşkilatı) və 

digər mütərəqqi birlik, təşkilat və cəmiyyətlərdə toplanmış üzvlər İranda azadlıq və demokratiya 




açıqsöz 

40 


uğrunda mübarizədə böyük zəhmət çəkmişlər. Onların sırasında "Ajir" mövqeyində duranlar az 

deyildi və bunların çoxu da Azərbaycanlılar idi. 

Tehrandakı siyasi mühitdə və fəaliyyət göstərən təşkilatlarda, o cümlədən "Tudə" rəhbərliyində 

İranda milli məsələyə münasibətdə yanlış mövqeyin düzəlmədiyini görən Pişəvəri tez-tez bu 

sözləri təkrar edərdi: "Deyəsən, bunlarla bizim suyumuz bir arxa getməyəcək". 

Mən ailəmlə Tehrana qayıtdıqdan sonra çox çəkmədi ki, öz ixtisasım üzrə işə başladım. 

Bikəxanjmın da işləri yavaş- yavaş yoluna düşdü. Əvvəl kirayə etdiyimiz evin bir otağında, sonra 

isə açdığımız mətəbdə (kabinetdə) xəstələri qəbul etməyə başladıq. Az müddətdə maddi 

vəziyyətimiz düzəlməyə başladı. Vəziyyətimiz lap yaxşı ola bilərdi, lakin ictimai işlər, siyasi 

fəaliyyət vaxtımı çox alırdı. Günaşırı "Ajir" redaksiyasına gedir, söhbətləşir və işlərimizin sabahı 

ilə maraqlanırdıq. Pişəvəri fıkir və mülahizələrimizi rəndələyir, yaxın gələcəkdə görəcəyimiz 

işlərin bərnaməsini (proqramını) verirdi. 

Mən Azərbaycana dönənə qədər Tehrandakı siyasi fəaliyyətim, əsasən İttihadiyyə (Həmkarlar 

Təşkilatı) və "Azadlıq cəbhəsi" çərçivəsində olmuşdu. Tehranda yaşadığım illərdə fəhlə və 

zəhmətkeşlərin çıxışlarının, nümayiş və tətillərinin hazırlanmasında, keçirilməsində müntəzəm 

iştirak etmiş, yeri gəldikdə maddi köməkliyimi də əsirgəməmişəm. Zindan və sürgündən sonra 

Tehranda mənim və Bikəxanımın qazandığını toplayıb qənaətlə xərcləsəydik, yəqin ki, Tehranda 

sərvət sahibi olardım. Lakin əqidəm, xasiyyətim məni heç vaxt dünya malına aludə etmədi və 

etməyəcəkdir. 

Biz Tehranda yaşayan Azərbaycanlılar buradakı siyasi həyatda hər cəhətdən fəal iştirak edirdik. 

Azərbaycanı ağır vəziyyətdən çıxartmaq yollarından, biçarəlik və işsizlikdən İranın hər yerinə 

səpələnmiş həmvətənlərimizi ana yurduna qaytarmaq üçün çarə tapmaq bizi həmişə düşündürürdü. 

İran azadlığının məşəldarı olmuş bir diyarın məzlumanə bir vəziyyətə salınması, adi insani 

hüquqlarının əlindən alınması böyük dərd, faciə idi. 

1320-ci ildən bu tərəfə hər şeyə baş vurduq, yoxladıq, getdik, gəldik, müzakirələr, mübahisələr 

etdik. Nəticə bu oldu ki, Azərbaycanlı öz dərdlərinə özü əlac etməlidir. Tehranda yaşayarkən digər 

həmvətənlərim kimi Azərbaycanla heç vaxt əlaqəni kəsmədim. İmkan edən kimi oranı ziyarətə 

gedirdim, lakin Tehrana qəm, qüssə və kədərlə dönürdüm. Riza şah Azərbaycanı burada 

yaşayanlar üçün cəhənnəmə döndərmişdi! 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə