– Hə, mənim ümid elədiyimdən də çox.
– Demək, sən məni özümə görə sevmirsən?..
Uintonun şüuruna dumanlı halda çatdı ki,
bu sual onun qəlbindəkiləri, instinktlə məsələlərin
dərinliyinə nüfuz eləməsini, qürurunun gərginliyini və sevgi yanğısını, – elə sevgi ki, ancaq ona
məxsus idi – necə aşkara çıxarır. O, yalnız soruşdu:
– Sən bununla nə demək istəyirsən?
Ancaq o, birdən öz qorxusuna rəğmən, qızın ağladığını hiss elədi, qız göz yaşlarını boğmağa
çalışır, onun dizinə sıxdığı çiyinləri titrəyirdi. O, demək olar ki, heç vaxt qızı ağlayan görməmişdi,
hətta uşaqlıqda başına nə gəlsə də, tez-tez yıxılıb özünü əzsə də, ağlamırdı. Yalnız qızın
çiyinlərini
sığallaya bildi və dedi:
– Ağlama, Cip. Ağlama.
Qız birdən ağlamağa başladığı kimi, birdən də sakitləşdi, döşəmədən qalxdı və atası tərpənməyə
macal tapmamış yoxa çıxdı.
Axşam yemək vaxtı qız həmişə olduğu kimiydi. Qızın səsində, hərəkətlərində, yatmağa gedərkən
onu öpməsində azacıq belə dəyişiklik hiss eləmədi. İllər uzunu qorxuyla gözlədiyi anlar, yalnız tutqun
bir utanc hissi buraxaraq, keçdi, susmaq haqda verdiyin andı pozandan sonra həmişə belə olur. İndiyə
kimi nə qədər köhnə sirri açılmamışdı, onu narahat eləmirdi. İndi isə onu yenidən incitməyə
başlamışdı.
Cip üçünsə bu gün uşaqlığına həmişəlik son qoydu. Onun kişilərə münasibəti müəyyən oldu.
Əgər o, kişiləri azacıq
da olsa incitməsə, kişilər onu incidə bilərdilər. Onun həyatına öz cinsinin
instinkti daxil oldu.
III FƏSİL
Sonrakı iki ildə evdə daha az kimsəsizlik, daha çox şənlik oldu. Uinton ürəyini açandan sonra
qızının vəziyyətini sabitləşdirmək üçün qətiyyətlə işə başladı. Qızına kəm baxılmasına yol verə
bilməzdi. Nə Mildenxemdə, nə də Londonda bacısının köməyi ilə heç bir çətinlik olmadı. Uinton elə
soyuq, qaradinməzliyi ilə elə ürküdücü, Cip isə elə sevimliydi ki, bütün üstünlüklər qızın tərəfində idi.
Cipin yetkinlik yaşına çatdığı gün onlar Londonda idilər. İşlər müdiri
qismində hesabat vermək
üçün qızı indi bütün bu hadisələri xatırladığı, buxarısının yanında oturduğu otağa dəvət elədi. O,
vərəsəliyə görə qıza çatan borcun iyirmi min funtu aşmaması üçün az əziyyət çəkməmişdi. Bu haqda
qızla heç vaxt danışmamışdı – olduqca təhlükəli mövzuydu! Sonra da onun öz vəsaiti vardı və qızın heç
nəyə ehtiyacı yox idi. Qıza nəyi olduğunu ətraflı izah eləyib, pullarının harada olduğunu danışıb,
bankda xüsusi hesab açmasını məsləhət gördüyü müddətdə qız ayaq üstə dayanmışdı, əhəmiyyətlərini,
yalnız indi başa düşməli olduğu kağızlara baxır və sifətindən narahatlıq ifadəsi çəkilmirdi. Gözlərini
qaldırmadan soruşdu:
– Bunlar hamısı… ondandır?
Uinton belə cavab gözləmirdi.
– Yox, – dedi, – səkkiz min anana məxsusdur.
Cip ona nəzər salıb dedi:
– Onda qalanı mənə lazım deyil, ata, lütfən!
Uinton izaholunmaz bir rahatlıq hiss elədi. Əgər qız bu pulları götürməzsə, onları neyləyəcəyini
bilmirdi. Yalnız özünə məxsus tərzdə həmin pullardan imtina eləməsi qızın damarlarıyla onun qanının
axdığını göstərirdi, bu, onun həlledici qələbəsi idi. Qızın anasını gözləyərkən tez-tez baxdığı pəncərəyə
yaxınlaşdı. Bax bu da qadının ilk olaraq, göründüyü evin küncü! Bir anlığa qadın orada dayanardı,
yanaqları od tutub yanardı, vualın altından belə, yumşaq baxışları
hiss olunurdu, tələsdiyindən sinəsi
enib-qalxırdı – qadın onun yanına tələsirdi! Bax orada, yaxınlıqda qadın vualını qaldıraraq, yenidən
dayanırdı. Geri döndü. Buradakının o qadın olmadığına inanmaq çətin idi!
– Çox gözəl, mənim əzizim! – o dedi. – Əvəzində isə sənə məndən elə o qədər çatacaq. O pullar
isə qalsın, kimsə, nə vaxtsa onlardan istifadə eləyər.
İxtiyarsız olaraq onun kimi təmkinli adamın dodaqlarından qopan bu alışmadığı «mənim əzizim»
sözündən qızın yanaqları allandı, gözləri işıldadı. Qız onun boynuna tullandı.
Bu günlərdə qız istədiyi qədər musiqi ilə məşğul olurdu, ona dərsləri üzü qırmızı ağac rəngində
olan, həqiqətən də, mələk təbiətli, Lejanın çal saçlı sakini keçirdi. O, qızı
inadla işləməyə məcbur
eləyir və onu özünün balaca dostu adlandırırdı. Demək olar, bircə dənə də diqqət cəlb eləyən konsert
yox idi ki, qız orada iştirak eləməsin, hansısa məşhur bir musiqiçi yox idi ki, qız onun çaldığını
eşitməsin. İncə zövqü qızı böyük virtouzlar qarşısında heyranlıqla baş əyməkdən saxlasa da, qız, hər
halda, onları, – arada bir Kerzon-stritdə, bibisi Rozamundanın evində gördüyü kişiləri də, qadınları da
səhnəyə qaldıra bilirdi.
Bibisi
Rozamunda da musiqini sevirdi, əlbəttə, yaxşı əxlaqının imkan verdiyi müəyyən sərhədlər
daxilində. Cip bibisi haqqında düşünəndə qürurun məhv elədiyi hansısa romantik məhəbbət tarixi
uydururdu. Rozamunda bibi ucaboylu, gözəl qadındı, Uintondan bir il böyükdü, uzunsov aristokrat
sifəti, tutqun-mavi gözəl gözləri, tərbiyə görmüş adama məxsus qüsursuz ədaları,
xeyirxah ürəyi, uzun,
ancaq melodik nitqi vardı. O, Cipi şəfqətlə sevirdi, ancaq onların qohumluqlarına birbaşa dəxli olan hər
şeyi olduqca gizlin saxlayırdı. Rozamunda bibi özlüyündə filantrop idi, qız isə görünür, kişi doğulmağa
üstünlük verən məhz o cür qadınların ürəyini fəth eləyən qəlb yumşaqlığı ilə fərqlənirdi. Təbiətcə
həyatsevər olan Rozamunda bibi indi köhnə dəbli don və jaketlər geyir, qiymətli kağızlarının qayğısına
qalır, qardaşı kimi əl ağacı ilə gəzir,
qaydalara əməl edirdi, baxmayaraq ki, onda musiqili dairələrdə
belə yüksək qiymətləndirilən yumor hissi daha çox idi. Onun evində Cip istəməsə də, bu gur, qalın
saçları olan, musiqidən və öz şəxsi zatlarından başqa heç nəylə maraqlanmayan məşhurların həm
ləyaqətli, həm də gülməli cəhətlərini izləməli olurdu.
Cipin iyirmi iki yaşı tamam olanda Uintonu podaqranın ilk ciddi tutması tutdu. Şər deməsən xeyir
gəlməz, ov sezonuna qədər at minə bilməyəcəyindən ehtiyatlanaraq, Cip və Marki ilə birlikdə
Bisbadenə yola düşdü. Onların qaldıqları Vilqelmştrassdakı otelin pəncərəsindən ağaclarının yarpaqları