əvvəldən. Mən çox çalışdım.
Mən düşünürdüm, qadının nə hiss elədiyinin sənin üçün əhəmiyyəti var,
hətta bu qadın sənin arvadındırsa belə.
Qız onun sifətinin necə titrədyini gördü və davam elədi:
– Mən səni sevə bilməyəcəyimi başa düşəndən sonra hiss elədim ki, sənə heç bir haqqım yoxdur.
Mən öz haqlarımı da tələb eləmədim, elə deyilmi?
Yenidən onun sifəti titrədi və qız tələsik davam elədi:
– Sən dəfələrlə sevdiyin halda, məndən bütün həyatım boyu sevgisiz yaşamağı tələb eləyə
bilməzdin. – Öz – özünə heyrətlənmiş halda əllərini möhkəmcə sıxaraq qız dilləndi: – İndisə mən
sevirəm. Mən qəlbimi başqasına vermişəm. O, nəsə qəribə, iniltili bir səs çıxartdı
və üzünü əlləriylə
örtdü. Cipin başından ani olaraq keçdi: «Dilənçinin qəbulu, rəhm edin, əziz ser, mərhəmətli olun!» Nə
olacaq, o, indi ayağa sıçrayacaq və onu boğacaq? Qapıya doğru tullanıb köməyə çağırsınmı? Bir neçə
uzun və qorxulu an ərzində qız ona baxdı. O, pəncərə altlığının üzərində oturmuşdu, yerində o tərəf-bu
tərəfə yırğalanırdı, hələ də əlləriylə üzünü örtmüşdü. Birdən qıza baxmadan əliylə ağzını tutdu və
otaqdan çıxıb qaçdı.
Açıq qapıdan Cip Markini gördü, Forsen qaçıb yanından keçəndə o, hərəkətə gəldi. Cip qapını
bağlayıb yatağına uzandı, ürəyi çəkic kimi vururdu. Əgər bu sarsıntıdan
sonra Forsen yenidən içməyə
başlarsa, azmı işlər ola bilərdi?
Mənasız sözlər danışırdı, onun qısqanmağa, qəzəblənməyə nə haqqı var idi? Hansı haqqı? Qız
ayağa sıçradı, hələ də titrəyirdi, gücgüyə yaxınlaşdı və ixtiyarsız olaraq, saçlarını qaydaya salmağa
başladı. Heç bir zədə almaması, sadəcə, möcüzə idi!
Sammerxeylə Sent-Ceymsdəki parkda həmin oturacaqda saat üçdə görüşməyi şərtləşmişdilər.
İndisə hər şey başqa cür, çətin və təhlükəli oldu. Gözləsin, atasıyla məsləhətləşsinmi? Əgər bu görüşə
getməzsə, Brayan narahat olmağa başlayar, düşünərdi ki,
ona nəsə bir hadisə üz verib, ya da onun
başına lap axmaq fikirlər gələrdi, guya, o, görüşəcəklərini unudub və hətta sevdiyinə görə peşman olub!
Bunca səadət dolu günlərdən sonra Sammerxey görüşə gəlməsə, qız özü onun haqqında nələr
düşünərdi? Qız, əlbəttə, düşünərdi ki, o fikirləşdi, sevdi və qızın ona layiq olmadığını, belə asanlıqla
təslim olan qadına həyatını həsr eləməyin mümkünsüzlüyünü başa düşdü.
Bu iki saatı, əqrəblər üçə yaxınlaşana qədər Cip amansız şübhələr içində keçirdi. Əgər getməsəydi,
onda o, Beri-stritə gələrdi və bu daha təhlükəliydi. Şlyapasını geydi və cəld Sent-Ceyms sarayına tərəf
yola düşdü. Görüşə on dəqiqə gecikdi və dərhal da var – gəl eləyərək, hər dəqiqə boylanıb oturacağı
gözdən qoymayan Sammerxeyi gördü.
Məşuqələrə məxsus, ancaq kimisə aldada bilməyən həmin etinasız riqqətlə salamlaşaraq, Qrin-
parkdakı xiyabanla getməyə başladılar. Qız atası ilə danışığını ona çatdırdı və o, çətirin altından qızın
dizinin üstünə qoyduğu əlini möhkəm sıxanda, Forsen haqqında da ona danışdı.
O, əlini çəkdi və soruşdu:
– Cip, o, sənə toxundumu?
Bu sual qızı sarsıtdı. Toxundumu? Hə! Sammerxeydən nidaya bənzər bir inlti qopdu, dişlərini
qıcırdırdı. Qız ucadan səsləndi:
– Brayan! Lazım deyil! Mən heç vaxt ona icazə vermərəm ki, məni öpsün.
O, güclə özünü qıza baxmağa məcbur elədi.
– Boş şeydir! Hər şey yaxşıdır, – nəhayət, dilləndi.
Qız düz ürəyindən vurulubmuş kimi hərəkətsiz oturmuşdu. Ona görə qız murdarlanmış,
tapdalanmışdı. Hə, əlbəttə! Ancaq heç vaxt qızın ürəyinə toxunulmamışdı, bu ürək, yalnız ona
məxsusdu, həmişəlik! Görünür, bu kişilər üçün azdı. O istəyirdi ki, qızın bədəni də toxunulmamış
olsun. Bu
düzəlməsi mümkün olmayan işdi, bu haqda indi yox, əvvəl düşünmək lazımdı. Qız çox
məyus halda oturaraq, qabağa baxırdı.
Yanlarında balaca bir oğlan dayandı, oğlan onlara girdə, hərəkətsiz gözləriylə baxdı. Əlində üstünə
cem yaxılmış çörək vardı, ağzı və yanaqları tamam bulaşmışdı. Qadın səsi eşidildi: «Cekki! Gəl bura,
tez ol!» Oğlan qaçaraq getdi, ancaq üstünə cem yaxılmış çörəyi hələ də əlində saxlayaraq boylanır,
sanki, çörəyinin bir parçasını Cipə təklif eləyirdi. Sammerxey qızı qucaqladı:
– Hər
şey keçdi, əzizim. Bu bir də təkrar olunmayacaq. Sənə söz verirəm.
Hə, əlbəttə, o, söz verə bilər, hətta sözünə əməl də eləyə bilər, ancaq həmişə əzab çəkəcəkdi, o
adam haqqında düşünəndə həmişə əzab çəkəcəkdi.
– Brayan, – qız dedi, – mən necəyəmsə, yalnız elə də ola bilərəm.
Mən sənin üçün başqa cür ola
bilmərəm. Mən bunu istəyərdim, ah, necə də istəyərdim!
– Bu haqda düşünmə, – o, cavab verdi. – Gedək mənim evimə, çay içək. Orada heç kim yoxdur.
Xahiş edirəm!
O, qızın əlindən yapışdı və Cip hər şeyi unutdu, yalnız onunla bir yerdə olmağın sevinci qaldı.
IX FƏSİL
Forsen Markinin yanından, sanki, kor kimi qaçaraq küçəyə çıxdı, heç yüz addım getməmiş geri
qayıtdı. Şlyapasını yaddan çıxartmışdı. Hələ də qapıda dayanan xidmətçi geniş ətəkli şlyapasını
uzadaraq, qapını onun üzünə bağladı.
Forsen Pikadillaya tərəf yola düşdü. Əgər Cipin sifətindəki həmin ifadə olmasaydı, o, nələr
eləməzdi! Əzabverici qısqanclıqla bərabər, sanki, hansısa qorxunc yükdən azad
olubmuş kimi bir
yüngüllük hiss edirdi. Demək belə, arvadı onu heç vaxt sevməyibmiş? Heç vaxt? Mümkün olan şey
deyil! Belə bir ehtirasla sevdiyi qadının onu heç vaxt eyni ehtirasla sevməməsi ağlabatan deyildi!
Gözləri qarşısında Cipin xəyalı canlanırdı, həmişə güzəştə gedirdi, həmişə. Bu, bütünlüklə riyakarlıq
ola bilməzdi! Axı o, adi adam deyildi, gözəgəlimliydi, … ya bəlkə, yalnız başqa qadınlar belə
düşünürdülər? O, nə deyirdisə hamısı yalandı,
heç şübhəsiz ki, yalan deyirdi!