– Bibi, ona rəhm eləmək lazım deyil, o, həmişə özü özünə rəhm eləyir.
Rozamunda bibi susdu, o, azacıq da olsa, sarsılmışdı. Bu gözəl qadın Forsenlə yaşamağın nə
olduğunu sınaqdan keçirməmişdi!
Həmin gün Cip çardağın altında, çəmənlikdə oturmuşdu və yalnız bir şey haqda düşünürdü: «Bu
gün dördüncü gündür, hələ on bir gün qalır!» Gözlənilmədən onun qabağında üç qaraltı göründü, kişi,
qadın və hansısa heyvan, yəqin, it idi. İnsanın gözəlliyə sevgisi və onun tiranik hakimiyyətinin
nəticəsində itin burnu çevrilmiş, qulaqları yarıdan kəsilmiş, quyruğu öz adi ölçüsündən düz üç düymə
gödək olmuşdu. Kiminsə səsi eşidildi:
– Merayya, bura yaxşıdır. Burada günəşin altında otura bilərik.
Bu açıq qəbirlərin yanında tez-tez dayanmaqdan soyuğa verilmiş kal səs idi. Cip mister Uinqi
tanıdı. O, saqqalını qırxmış, yalnız baklarını saxlamışdı, missis Ueqq isə qeyri – adi dərəcədə
yaxşılaşmışdı. Gəlib onunla yanaşı oturdular.
– Merayya, bura otur, burada gözünə gün düşməz.
– Yox, Robert, mən burada otururam. Sənsə orada otur.
– Yox, sən burada oturacaqsan.
– Yox, mən istəmirəm. Dakki, bura!
İt isə cığırda dayanaraq, gözlərini çəkmədən Cipə baxırdı. Mister Ueqq itin baxdığı tərəfə baxdı.
– Oy! – o, ucadan səsləndi. – Bax. bu əsl surprizdir! – və bir əliylə küləş rəngli şlyapasına
toxunaraq, o biri əlini də qoluna silərək, Cipə uzatdı. Qız onun əlini sıxanda it irəli yeridi və qızın
ayaqlarının yanında yerə oturdu. Missis Ueqq də əlcəkli əlini uzatdı.
– Bu… bu çox xoş oldu! – Qadın mızıldandı. – Bizim burada görüşəcəyimiz kimin ağlına gələ
bilərdi? Sizin belə gözəl donunuza yaxın oturmağa Dakkiyə icazə verməyin. Dakki, bura gəl!
Dakki yerindən tərpənmədi və belini Cipin ayaqlarına daha möhkəm söykədi. Mister Ueqq
birdən soruşdu:
– Siz, yəqin, bura köçməyibsiniz?
– Oy, yox! Mən atamla gəlmişəm, o, vanna qəbul eləyir.
– Mən elə də fikirləşdim, sizi bircə dəfə də görməmişəm. Biz azı bir ildi buradayıq. Pis yer deyil!
– Hə, olduqca yaxşı yerdir!
– Biz təbiətə yaxın olmaq istədik. Havanın az da olsa, xeyri dəyir… e… mən deyərdim tərkibində
dəmir çoxdur. Ancaq əvəzində burada uzun ömür sürmək olar. Biz belə yeri çox axtardıq.
Missis Ueqq əlavə elədi:
– Hə, biz Uimbldona köçmək istəyirdik, ancaq mister Ueqqin bura daha çox xoşuna gəldi. O,
burada gəzə bilir. Adamlar da daha seçmədilər. Bizim bir neçə dostumuz var, kilsə də olduqca gözəldir.
Missis Ueqq mehribancasına dedi:
– Mən həmişə mömin dindar olmuşam, ancaq bilmirəm, nəyə görə belə yerdə kilsə daha
əhəmiyyətli görünür, mənim arvadım da belə fikirləşir. Mən öz baxışlarımı heç vaxt gizləmirəm.
– Niyə, şəraiti yaxşıdı?
Mister Ueqq başını yırğaladı.
– Yox. Mən ayinləri sevmirəm. Biz axı ingilis kilsəsi deyilik. Bəs siz necəsiniz, mem? Biz tez-tez
sizin haqqınızda danışırıq. Siz çox gözəl görünürsünüz.
Onun sifəti bulanıq narıncı rəngə çalmağa başladı, missis Ueqqki isə çuğundur rənginə. Ayağının
yanındakı it tərpəndi, eşələndi və yenidən onun ayaqlarına tərəf uzandı. Cip sakitcə dedi.
– Mənə, yalnız bu gün Deyzi haqqında danışıblar. O indi ulduzdur, elə deylmi?
Missis Ueqq köks ötürdü. Mister isə ona tərəf baxmadan dedi:
– Bu bizim ağrılı yerimizdir. Hə, o, həftədə öz qırx, ya da əlli funtunu qazanır, bütün qəzetlər onun
haqqında yazır, mübahisə eləmək lazım deyil, o, uğur qazanır. Bəlkə də, ildə dalı yana min beş yüz funt
qoyur, əgər bu belədisə, mən təccüblənmərəm. İnfilyasiya tüğyan eləyən illərdə mən uzağı min funt
yığa bilmirdim. Yox, nə deyirsən, de, o, uğur qazanır.
Missis Ueqq əlavə elədi:
– O, bura maşınla gələndə mən çox sevinirəm. Mən həmin günlərdən sonra bura azacıq dincəlmək
üçün gəldim, mən o günlər haqda düşünmək istəmirəm, xüsusilə də sizin hüzurunuzda, mem. Bunun
fakt olduğuna inanmaq istəmirəm!
Ortalığa sükut çökdü, missis və mister Ueqqlər ayaqlarını uzadıb oturdular. Cip itə baxırdı.
– Bax, sən haradaymışsan?
Çardağın altından Uinton çıxdı. Cip öz təbəssümünü saxlaya bilmədi. Atasının nazik, qaba
sifəti, yarıörtülü kiprikləri, nazik burnu, sərt dodaqlarını örtməyən cod, çal bığları, düz, arıq bədəni,
duruşu, uca, sərt səsi, bütün bunlar enlikürək, qalın dərili, üzünün cizgiləri kobud olan, alçaq, xırılıtlı
və eyni zamanda da yağlı səsi olan Ueqqin tam əksinə idi. Sanki, taley özü qəsdən iki ayrı sosial tipləri
nümayiş elətdirirdi.
– Mister və missis Ueqq, bu mənim atamdır!
Uinton şlaypasını qaldırdı, Cip öz yerindəcə oturmuşdu, it isə onun ayaqlarına sıxılmağa davam
edirdi.
– Sizinlə tanış olmağımıza çox şadıq, ser. Ümid edirik, suyun sizə xeyri dəyər. Deyirlər, bu su ən
tündüdür.
– Sizə minnətdaram. Hər halda, bu su digərlərindən daha çox ölümcül deyildir. Siz bu sudan
içirsinizmi?
Mister Ueqq gülümsədi:
– Yox, – o dedi. – Biz buranın daimi sakinləriyik.
– Belə de! Sizin burada hansısa məşğuliyyətiniz varmı?
– Bilirsinizmi… Düzünü deyim, mən burada istirahət eləyirəm. İki həftədən bir türk hamamına
gedirəm. Bu nəfəs yollarını açır və dəri yaxşı nəfəs alır.
Missis Ueqq yüngülcə əlavə elədi:
– Mənə elə gəlir, o, mənim ərimə çox xeyir verir.
Uinton mızıldandı:
– Eləmi? Bu sizin itinizdir? Filosofa oxşayır, elə deyilmi?
Missis Ueqq cavab verdi.
– Hə, o çox ərköyündür, doğrudurmu, Dakki?
Dakki özünü ümumi diqqətin mərkəzində hiss edərək ayağa qalxdı və ağır-ağır nəfəs alaraq,
gözlərini Cipin sifətinə zillədi. Cip fürsətdən istifadə edib ayağa durdu.
– Məncə, bizim getmək vaxtımızdır. Sağlıqla qalın. Sizinlə yenidən görüşməyimə çox şad
olardım. Deyzini görəndə ona mənim səmimi salamlarımı yetirin.
Missis Ueqq gözlənilmədən redükülündən cib dəsmalını çıxartdı. Mister Ueqq boğuqcasına
öskürdü. Cip Dakkinin ayaqlarını sürüyərək, onların arxasınca necə getdiyini görür, missis Ueqqin
dəsmalı üzündən çəkmədən iti çağırdığını eşidirdi: «Dakki! Dakki!»
Uinton sakitcə dedi:
– Deməli, elə gözəl qız bu cütlükdəndir! Mənim bildiyimə görə o qız özünü yaxşı tərəfdən
göstərmir. Bibinin dediyi kimi o hələ də bizim keçmiş dostumuzla bir yerdədir.
Cip başını tərpətdi.
– Hə və mən ümid edirəm ki, qız xoşbəxtdir.
– O isə elə də yox. Ona belə də lazımdır!
Cip başını yırğaladı.
Dostları ilə paylaş: |