______________________________________________________ Poetika.izm
84
Bonford tapılır, lakin onun səhhəti ağır olduğundan Lorenso seçkilərdə də
onun oxşarı rolunu davam etdirməli olur. Partiya seçkilərdə qalib gəl-
dikdən dərhal sonra Bonford vəfat edir. Ölən siyasətçinin həmkarlarının
dəstəyini qazanan və əsl Bonfordun siyasi ideyalarına yiyələnmiş Lorenso
siyasi istedadda da Bonforddan geri qalmır və onun vəzifəsini tutur.
A.N.Tolstoyun “Mühəndis Qarinin hiperbeloidi” romanında isə
Qari qatillərdən gizlənmək üçün öz oxşarlarından istifadə edir və nəticədə
sağ qalır.
Biz siyasi oxşarların ədəbiyyatda əksini K.Abdullanın “Yarımçıq
əlyazma” və L.Feyxtvangerin “Yalançı Neron” əsərlərinin
müqayisəli təh-
lili əsasında araşdırmağa çalışacağıq. Azərbaycan ədəbiyyatında Səfəvilər
dövlətinin banisi, hökmdar-şair Şah İsmayıl Xətainin bədii obrazı Ə.Cə-
fərzadənin “Bakı-1501”, F.Kərimzadənin “Xudafərin körpüsü”, “Çaldıran
döyüşü”, Ə.Nicatın “Qızılbaşlar” romanlarında və digər əsərlərdə məha-
rətlə yaradılmışdır. Maraqlıdır ki, tarixdə Şah İsmayılın oxşarının olma-
sının və bu faktın Çaldıran döyüşündə üzə çıxdığı qeyd olunur. “Bu mə-
qamda Şah İsmayılın atı büdrədi və sahibi ilə birgə yerə yıxıldı. Türk
əsgərləri İsmayıla doğru atıldılar. Ancaq şahın həyatı üçün bu təhlükəli
məqamda o həm xarici görünüşü, həm də geyimindən şaha çox oxşayan
Sultanəli Mirzə Əfşar tərəfindən xilas edildi. O, “Şah mənəm” deyərək
qabağa çıxdı və düşmən əsgərlərini öz ardınca apara bildi. Həmin vaxt
Xızır ağa Ustaclı İsmayılı başqa ata mindirdi və şah döyüşün qızğın ye-
rinə çapdı” [5, s. 61].
K.Abdullanın “Yarımçıq əlyazma” əsərindəki süjet xətlərindən biri
Şah İsmayıl Xətai ilə bağlıdır. “Yarımçıq əlyazma”da Şah İsmayılın lələsi
(tərbiyəçisi) Hüseyn bəy Lələ şahın tapşırığı ilə onun Xızır adlı oxşarını
tapıb gətirir. Şah bu oxşarlıqdan məmnun qalır və məqsədini açıqlayır:
”Əsas məqsədimiz mənim eyni zamanda iki başqa-başqa yerdə olmağıma
camaatı, saray əhlini, uşaqdan böyüyə hamını inandırmaqdı. Biz səninlə
belə danışdıq. Di hazırla bunu, yaxşı-yaxşı yerişimi, ədalarımı öyrən-
sin...” [6, s. 105] Şahın tapşırığı ilə Lələ Xızıra şahın hər jestini, mimika-
sını, o cümlədən şətrənc (şahmat) oynamağı da öyrədir və onu gizli şə-
kildə saxlayır. Xızırın şahdan yeganə fərqi onun Xətai təxəllüsü ilə çox
gözəl şeirlər yazması idi. Şahın özü də bu şeirləri olduqca bəyənir.
Qeyd edək ki,
Fərman Kərimzadənin “Çaldıran döyüşü”
əsərində də Şah İsmayılın və onun oxşarının obrazı
yaradılmışdır [7]. Lakin F.Kərimzadənin yaratdığı Şah İsmayıl
və onun oxşarı daha realist tonlarda təsvir olunmuşdur.
K.Abdullanın yaratdığı obrazlar isə daha ekspressiv, emosional
çalarlara malikdir. Oxucu sanki Şah İsmayılı canlı şəkildə