______________________________________________________ Poetika.izm
139
Leyla ALLAHVERDİYEVA
Sumqayıt Dövlət Universiteti
MÜASİR DRAMATURJİ STRUKTURDA
ZAMAN-MƏKAN HƏLLİ
Açar sözlər: dramaturgiya, zaman, məkan, müasir, dramaturq
Key words: drama, time, space, contemporary, playwright
Dramaturgiya digər ədəbi növlərdən daha çox zaman və məkan an-
layışı ilə bağlanır. Dram əsəri səhnə üçün yazıldığından zaman və məkan
faktoru bədii strukturda yalnız məzmun deyil, həm də quruluş detalı kimi
iştirak edir. Hadisələrin baş verdiyi məkan şəraitini müəyyən bir zaman
daxilində səhnə şərtləri altına salmaq bu əsərlərdə başlıca tələbdir. İngilis
aktyoru M.Redqreyvin
fikrinə görə, “dram, istənilən
digər ədəbi formadan
fərqli olaraq, kiçik məkana çox sayda hadisələri yerləşdirir, bu da öz
növbəsində hadisələrə böyük canlılıq verir” [1, s. 235]. Məkan faktoru
göz önündə olduğundan dram əsərlərində daha çox diqqət çəkir.
Ancaq bu
məkan da onda diqqət çəkən olur ki, orada hadisə baş verir. Hadisə mə-
kanı diqqətə gətirdiyi kimi sanki zamanı da hərəkətə gətirir. Düzdür, za-
man özünün fiziki təbiəti etibarı ilə həmişə hərəkətdədir. Əgər hadisə baş
vermirsə, zamanın bu hərəkəti bərabərsürətli və düzxətli hərəkətə çevrilir
və o, hiss olunmur. N.L.Leyderman öz fikrində haqlıdır ki, “İnsan üçün
zaman nədir? O, hadisədir, hadisə yoxdursa, heç nə baş vermirsə, sanki
zaman yoxdur, yalnız məkan var. Nə vaxt ki, böyük bir hadisə baş verir,
onda zamanın apoqeyi yetişir” [2, s. 169]. Səməd Vurğunun qəhrəmanı
“İndi zaman başqa zamandır,
Tarix göstərəcək, hansı oğul qəhrəmandır”, –
deyəndə də, M.F.Axundzadənin Heydər bəyi “Pərvədigara, bu necə əsr-
dir? Bu necə zəmanədir?” – deyə şikayətlənəndə də zamanı ansalar da, əs-
lində söhbət zamandan getmir. “Başqa zaman”, “necə zəmanə” ifadələri
altında baş vermiş hadisələrə işarə edirlər. Demək, həmişə hərəkətdə olan
zamanın axarı ictimai diqqət o zaman qazanır ki, o, hadisələrlə müşayiət
olunsun. Xalq arasında “zaman dəyişib” deyimi də təsdiq edir ki, ictimai
şüur zamanın hərəkətini o zaman hiss edir ki, şərait dəyişimi olsun. Əks
təqdirdə onun üçün zaman həminki zamandır.
Zaman və məkan faktorunun qabardılması üçün hadisə əsasdır.
Hadisənin ilk yaratdığı sual isə onun harada nə vaxt baş verməsidir. Bu