baxmayaraq, qadın görmədiyindən, iflic vəziyyətdə donub yerindəcə qalmışdı.
Lakin
çox keçməmişdi ki, ömrünün axırınadək elə-belcə, bakirə qalmaq qorxusu o
biri qorxulara üstün gəlmişdi və o, əynindəki pal-paltarı, silah-sursatı soyunmadan,
qayışlı, corablı, yüklü, silahlı özünü çayın içinə atmış, silah-sursatıyla çayın
ortasında bir səs-küy qoparmışdı ki, qadın, əvvəl elə zənn eləmişdi ki, bu, yolu
çaydan keçən hansısa atlıdı, amma görəndə ki, bu, cəmi-cümlətanı çaya düşən,
qorxaq, yazıq bir kişidi, əlini rəhmlə ona uzadaraq, onu qaranlıq sükutun içiylə öz
ardınca apara-apara geriyə qanrılıb, qaranlığın içindən ana nəvazişi ilə ona:
«Çiynimdən bərk yapış, - demişdi - yoxsa su aparar səni. Özü də barmaqlarının
ucunda dayanma, dizi üstə otur, rahat nəfəs al, yoxsa boğularsan».
O da onun
dediyni eləmişdi; onda o, qadının dediklərini uşaq kimi yerinə yetirə-yetirə,
özlüyündə: «Anam mənim Bendisyon Alvarado, bu qadınlara, özlərini hansı an
necə aparmağı, kişi kimi olmağı kim öyrədib?» - deyə fikirləşirdi. O, bu fikirlərdə
ikən, qadın, onun əynindəkiləri – döyüş üçün zəruri olan, bu axınla əzablı
mübarizədə isə ona mane olan əşyaları soyundururdu; su xirtdəyinə çatsa da, onu
qorxudan, qadının, qətranlı sabun iyi verən bədəni xilas edirdi. Sonra necə
olmuşdusa, qadın, onun qayışının düymələrini açdıqca qəfildən əli, suyun içində
üfürülmüş qurbağa kimi üzən nə isə yekə bir şeyə dəymiş və qadının, vahimədən
az qala ürəyi dayanmışdı, əlini qorxu içində geriyə çəkib ondan uzaqlaşmış,
ağzının içində: «Get ananın yanına, qoy o səni ayrısına
dəyişsin, yoxsa bu cür sən
heç nəyə yaramırsan!» - deyə-deyə ondan uzaqlaşmışdı.
İndi yenə həmin o qorxu, bəlkə ondan bir az da betəri onu, Letisiya Nasarenonun
bədənini görəndə bürümüşdü və anlamışdı ki, bu qadının rəhmdil köməyi
olamadan, heç cür onun sirli sularının qoynuna baş vura bilməyəcək. Odu ki, bu
rəhmdil köməyin intizarında, qadının üstünü döşəkağıyla örtüb, qramafonda ona,
bədbəxt Delqadinanın, günahkar məhəbbət haqda mahınısını, val yeyilənədək
oxutdururdu; o, Letisiya Nasarenonun yataq otağındakı gül vazlarına parçadan
düzəldilmiş yalançı güllər qoymağı əmr etmişdi, çünki diri güllər, qadının bircə
toxunuşundan solurdu; o, Letisiyanın hər şıltaqlığıyla oynamağa razı idi, təki o,
həmin o qapısı bağlı otaqda çılpaq vəziyyətdə o qədər otursun ki, bu qoca, lakin
imkanlı adamın sevgilisi olmaqdan savayı ayrı əlacı olmadığını anlasın. Letisiya
isə bunu həmin dəqiqə başa
düşdü və məsələni uzatmadan, əmrlərini verməyə
başladı: «General, pəncərəni açın havam çatmır!» Qoca bu əmri yerinə yetirən
kimi, o dəqiqə ardı gəlirdi: «Bağlayın! Ay düz üzümə düşür!» Qoca itaətlə onun bu
əmrini də, o biriləri də yerinə yetirirdi və gündən-günə elə bil daha itaətkar olurdu;
günlərin bir günü isə, şəffaf yağışlar
yağan gün, qoca ürəklənib, özünü pallı-
paltarlı Letisiyanın yatağına saldı, qadına dəyib-toxunmadan, yanında uzanıb
susdu. Beləcə, qadınla böyür-böyürə uzana-uzana, uzun-uzadı gecələr keçirdi,
onun, get-gedə isinən nəfəsini, bədəninin sirli qorxusunu
- vəhşi heyvan qoxusunu
duydu. Arada bir, Letisiya yuxudan ayılıb onu yatağında görəndə dik atılır: «Gedin
burdan, general!» - deyə üstünə çımxırır, o, mədəni surətdə yataqdan düşürdüsə də,
qadın yuxuya gedən kimi, yenidən özünü onun yanına salırdı. Düz bir il o, beləcə –
Letisiyaya dəyib-toxunmadan, yuxudan oyananda, onu öz yanında görməyə
öyrəşdirdi; qadın, bir müddət, hakimiyyət həzzlərini, min bir həyat sevincini onun
bədənini seyr eləməyə dəyişən qocanın qəlbinin gizli arzularını anlaya bilmirdi.
105
Günlərin bir günü – növbəti şəffaf yağışlar yağan gün, ürkək qoca axır ki, yuxulu
Letisiyayla təmasda olmaq qərarına gəldi və bir vaxtlar elədiyi kimi, nə vaxtsa bir
küçə qadınının çimdiyi çaya palı-paltarlı girdiyi kimi, əynindəkiləri soyunmadan,
nişansız səhra geyimində, qılıncı qınında, şalvarının cibində bir dəstə açar, sol
tayında qızılı mahmız parıldayan əsgər uzunboğazlarında özünü Letisiyanın
yatağına salıb, qəti hücuma keçdi; Letisiya, vahimə içində yuxudan dik atılıb
qocanın qucağından çıxmağa çalışdısa da, onun qəti inadını hiss edib bicliklə yaxa
qurtarmağı qərara aldı. «Yəhər-qayışınızı çıxarın, general, yoxsa toqqalarınızla
döşümü kəsərsiz». Qoca ləvazimatlarını çıxaranda, Letisiya ardını tələb elədi:
«Mahmızınızı açın, general, yoxsa ulduzları qoltuqlarımı cızar! Cibinizdəki
açarları da çıxarın, onlar böyrümə dirənib». O da, qılınclı qınını soyunmaq qərarına
gəlməyə üç
ay vaxt getməsinə baxmayaraq, onun bütün tələblərini yerinə yetirdi.
«Bunlar məni boğur, general!» - bir ay da frençi soyunmağına getdi. – «Bu
düymələr adamın lap qəlbini cızır, general!»
Bu, Letisiya tərəfindən qəsdlə uzadılan, qocanı qəzəbləndirmədən, qarşılıqlı
güzəştlər üzərində qurulan uzunmüddətli, çətin, soyuq müharibə idi və
müharibənin sonunda – Letisiyanın oğurlanmasının üçüncü ildönümündə axır ki,
onların arasında nə isə baş verdi, lakin nə o, nə də o biri başa düşə bilmədilər ki,
baş verən nə idi. Adi gecələrin birində onun, tale xətləri olmayan yumşaq ovucları,
rahibənin hansısa gizli qadın simlərinə toxundu və Letisiya yuxudan, ehtirasdan
titrədə-titrədə ayıldı, bədəninə zəli kimi sarılan vəhşi heyvanı özündən
uzaqlaşdırmağı ağlına belə gətirmədi, bircə yazıq səslə: «Uzunboğazlarını soyun,
yoxsa mənim holland döşəkağılarımı bulayarsan!» - dedi. Sonra qoca onları
çıxardıqca, ardını gətirdi: «Şalvarını soyun, qurşağını çıxar,
hər şeyini soyun,
yoxsa səni hiss eləmirəm, həyatım mənim!» Və o, birdən-birə özünü, bir vaxt
anasının onu o, anadan olan gün monastrın darvazası ağzında, ətirşah güllərinin
sayrışan yarpaqları önündə doğduğu kimi - tam azad hiss elədi; sonra özündə
döyüş öküzünün gücünü hiss edərək, bircə həmləyə hər şeyi alt-üst edib, Letisiya
Nasarenonun dişlərinin, gəmi dorunun cırıltısına bənzər cırıltısı eşidilən sükut
uçurumunun dibinə üzü üstə yıxılıb qaldı. – «Nasareno Letisiya!..» - «Burda!» -
«Və o, mənim saçlarımdan ikiəlli yapışdı ki, həmin
o dibsiz burulğanda mənim
kimi, tək-tənha ölüb itməsin…» Lakin qoca, Letisiyanı həmin o burulğanda təmtək
qoydu və unutdu, özü də tək-tənha, fırtlığının uzun-uzadı, sulu sapları arasında
dolaşa-dolaşa, sarsıntıdan üzülə-üzülə, özü-özünü göz yaşlarının şor sularında
axtardı: «Anam mənim Bendisyon Alvarado, bu şirin əziyyəti dadmadan, bu qədər
uzun ömrü necə yaşamaq olardı?» Az qala bağırsaqlarınacan işləyən anlaşılmaz,
əzablı–şirinli ağrılardan başını itirə-itirə, bütün bədənini titrədən bu qızdırmanın nə
olduğunu, niyə özünü bu cür – başı kəsilmiş heyvan kimi hiss elədiyini, bu şəffaf
örtüklü yorğan-döşəyin holland döşəkağılarını bulayan şəffaf cövhərin nə
olduğunu, nəhayət, həmin bu şəffaf yağışlı gün
nə baş verdiyini, büllur havanın
niyə birdən-birə üfunətli iylə iyləndiyini anlamadan, ağlayırdı, siz anlamırdınız ki,
sadəcə olaraq, qurtarmışdınız, mənim generalım!..
106