Azərbaycan dili haqqında prezident fərmanları və sərəncamlar
Respublikamız müstəqillik qazanandan sonra, xüsusən 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan dilini rəsmi dövlət dili kimi qəbul etdi. Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci ildə
“Azərbaycan Respublikasının Dövlət dili haqqında Azərbaycan Respublikasının qanunu” haqqında fərmanından sonra dilimizin və nitq mədəniyyətinin tədrisinə qayğı diqqət mərkəzində öz yerini möhkəmləndirdi. Azərbaycan Respublikasının prezidenti İlham
Əliyevin 23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” sərəncamı, 9 avqust 2013-cü ildə
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət proqramı”nı imzalaması fənnin tədrisində yeni mərhələ oldu. Bu proqramda ilk dəfə olaraq nitq mədəniyyətinə xüsusi yer ayrılmış, “Nitq mədəniyyəti” fənninin tədrisi məsələsi ölkə prezidenti tərəfindən tövsiyə edilmişdi.
Dil və nitqin özünəməxsus cəhətləri
Dil ünsiyyət vasitəsidir. İnsanlar dil vasitəsi ilə əlaqə saxlayır və bir-birini anlayırlar. Dil insan cəmiyyətində yaranır və ondan kənarda mövcud ola bilmir. Məhz ona görə də ictimai hadisə sayılır. Ünsiyyət vasitəsi
olan dildən fərqli olaraq, nitq ünsiyyət prosesidir.
Dil ümumi, nitq isə fərdidir.
Dil hamıya eyni dərəcədə xidmət edir, nitq isə dil daşıyıcısının qabiliyyətindən asılıdır və hərədə bir cür meydana çıxır.