49
da artırdı. Misal üçün – Əbdül Qafarzadə bütün bu rəqəmlərin hamısını əzbər
bilirdi
və ümumiyyətlə, haqq-hesab işlərində Əbdül Qafarzadənin beyni kompüter kimi
işləyirdi: öz şəxsi gəliri ayrıca, dövlət gəliri ayrıca – 1980-cı ildə illik plan 430 min
manat idi, 1981-ci ildə 28 min də üstünə gəldi, plan oldu 458 min manat, 1982-ci il
üçün illik plan birdən-birə 140 min artırıldı və oldu düz 598 min manat, uzun sözün
qısası, 1984-cü il üçün illik plan qalxmışdı 770 min manata.
Tülkü Gəldi Qəbiristanlığı bir o qədər də böyük qəbiristanlıq deyildi və bu
qədər planı vermək, əlbəttə, ağır idi. Qəbirin birinin qazılması 4 manat 42 qəpik idi,
yer almaq üçün vəsiqə 44 qəpik, qəbirin üstündə yazı lövhəsi 1 manat 87 qəpik idi,
tabutla dəfn eləmək 41 manat 50 qəpik, bəzədilmiş tabutla 46 manat 92 qəpik idi.
Istifadəyə verilən maşının (katafalkın) saatı 3 manat 15 qəpiyə, mafə 27 manat 42
qəpiyə, orkestr isə 54 manat 78 qəpiyə idi. Adət-ənənəyə görə tabutdan,
demək olar
ki, istifadə edilmirdi, camaat ölüsünü mafə ilə aparıb dəfn elətdirirdi, orkestri də,
əslində, heç kim dəvət etmirdi, imkanı olan öz ölüsünü basdırmaq mərasiminə
məşhur sənətkarları dəvət edirdi, imkanı olmayanlar isə dəfn mərasimini musiqisiz
keçirirdi (Qəbiristanlıq Idarəsinin orkestri isə – tarçı, kamançaçı, dəf çalan,
klarnetçi, zurnaçı və iki nəfər də xanəndə – əsas etibarilə Bakı yaxınlığındakı
Abşeron kəndlərində toylara gedirdi və hər toydan da Əbdül Qafarzadəyə çatacaq
məbləği gətirib ya Vasiliyə, ya Mirzəibiyə, ya da Ağakərimə verirdi).
Tülkü Gəldi Qəbiristanlığında hər gün orta hesabla 8 ilə 15 arası ölü dəfn
edilirdi və hökumətin qoyduğu o ucuz qiymətlə o boyda planı doldurmaq
mümkün
deyildi. Əbdül Qafarzadə planı doldurmaqdan ötrü ölü sahiblərinə satmaq üçün
nazik dəmirdən əklillər qayıran kiçik bir sex açmışdı və həmin rəngli dəmir əklilləri
məcburi olaraq ölü yiyələrinə satırdı. Düzdü, o sex indi, əslində, daha əklil
düzəltmirdi, çünki dəmir əklil alan ölü yiyələri o əklilləri heç bilmirdilər ki,
qəbiristanlıqda hara atırdılar və Qəbiristanlıq Idarəsinin işçiləri də onları təzədən
yığıb sexə gətirirdi, yağışın, küləyin altında çox qalanları ayda bir dəfə təzədən
rəngləyirdilər və təzə əklillər kimi camaata satırdılar; sex, sənədlərə görə, gündə 8-
15 arası (dəfn olunanların sayı qədər) əklil istehsal edirdi və bu qədər də əklil satırdı,
amma, əslində, bütün il boyu 30-40 əklil tamam kifayət edirdi – dəmir dözümlü
material idi.
Indi
sex əklil əvəzinə çamadan, diş fırçası, sabunqabı, ayaqqabı geyinmək
üçün dabançəkən, qapı dəstəyi, asılqan, vanna asılqanı, iri palto düymələri, cürbəcür
daraqlar istehsal edirdi, bir sözlə, Əbdül Qafarzadə o sexi əməlli-başlı fabrikə
çevirmişdi, müasir avadanlıq, Pribaltikadan gətirtdiyi texnika və s. Əbdül Qafarzadə
bu məhsulların da bəzisini qeydiyyatdan keçirmişdi, guya, çamadanı, diş fırçasını və
palto düymələrini əklillərdən qənaət edilmiş qalıqların hesabına buraxır və bu
məmulatın kiçik bir qismini (rəsmi sənədlərdə göstərilən material qalıqlarının
verdiyi imkan müqabilində) rəsmi müqavilə bağladığı ticarət müəssisəsinin
vasitəsilə plan hesabına dövlət kassasına keçirirdi.
Lakin planı doldurmaq üçün bunlar da azlıq edirdi və Əbdül Qafarzadə
məcbur
olurdu ki, dəfn mərasimləri ilə bağlı rəqəmləri şişirtsin. Xüsusən, ilin sonuna
yaxın bəzən elə olurdu ki, bir gündə cəmi beş dəfn mərasimi keçirilirdi, amma
Əbdül Qafarzadə bunu hesabatda 25 dəfn mərasimi kimi qeyd elətdirirdi, özündən
ölü adları, ölü ünvanları yazdırırdı və dövlətin də kassasına pulu öz cibindən
keçirirdi, illik planı da həmişə 4-5 min manat artıqlaması ilə yerinə yetirirdi, hər il
50
keçici Qırmızı Bayraq, cürbəcür Fəxri fərmanlar alırdı, kommunal-məişət
müəssisələrinin yarışında mükafata layiq birinci, ikinci,
üçüncü yerləri tuturdu
(təkcə elə həmkarlar təşkilatından iyirmidən çox təşəkkürnamə almışdı) və
Qəbiristanlıq Idarəsində bütün bu keçici Qırmızı Bayraqlar, Fəxri fərmanlar,
Təşəkkürnamələr üçün ayrıca bir guşə yaratmışdı. Fəxri fərmanları,
Təşəkkürnamələri öz əklil sexində düzəldilmiş, gümüş suyuna çəkilmiş haşiyələrə
saldırmışdı, divardan asdırmışdı.
Sexdə düzəldilən həmin haşiyələr Əbdül Qafarzadənin xoşuna gəlirdi və o,
yaxın gələcəkdə bu cür haşiyələri kütləvi surətdə istehsal etmək istəyirdi; xüsusən,
kənd yerlərində elə haşiyələr yaxşı gedəcəkdi; böyüdülmüş ailəvi fotoşəkilləri, ailə
başçısının böyüdülmüş fotoşəklini, ailələrdəki cavanların əsgərlikdən göndərdikləri
fotoşəkilləri o haşiyələrə salıb evin divarından asmaq üçün. Əbdül Qafarzadənin
belə işlərdə xüsusi duyumu var idi və indi
də duyumu ona deyirdi ki, iri rayonlardan,
heç olmasa, onunun ticarət rəhbərliyi ilə sövdələşə bilsə, bu haşiyələr yaxşı gəlir
gətirəcək. Sonralar o haşiyələrin də satışını çamadanlar, diş fırçaları, daraqlar kimi
daha da genişləndirmək olardı: Dağıstanda, başqa Qafqaz əyalətlərində, Rostov
vilayətində ticarətlə bağlı Əbdül Qafarzadənin nüfuzlu və işgüzar tanışları var idi
(Gürcüstanla Ermənistana isə elə Azərbaycan kimi baxırdı).
Əbdül Qafarzadə bu cür danışıqları işin başında duran adamlarla aparırdı,
dükan müdirləri, hətta univermaq müdirləri səviyyəsinə enmirdi və bütün
əməliyyatın təşkilini də öz üzərinə götürürdü, çünki bütün yer üzündə ən çox etibar
elədiyi
bir adam var idisə, o da özü idi. Sövdə tuturdu, çox yaxşı, tutmurdu, əvəzinə
ortaya başqa bir xeyirli iş çıxırdı. Haşiyələri də gizli istehsal etməyəcəkdi,
zavodlarla, fabriklərlə, məktəblərlə müqavilə bağlayacaqdı. Fəxri Fərmanlardan,
qruppa ilə çəkilmiş fotoşəkillərdən ötrü müxtəlif ölçülü ayrıca (yəni dövlət üçün
nəzərdə tutduğunu) haşiyələr düzəltdirib, pulunu köçürmə yolu ilə ucuz qiymətə
onlara satacaqdı və bu rəsmi pul da, əlbəttə, plan hesabına dövlət kassasına
keçiriləcəkdi, üstəlik də Qəbiristanlıq
Idarəsi qənaət etdiyi üçün
mükafatlandırılacaqdı, iclaslarda, yuxarı təşkilatlara verilən hesabatlarda qabaqcıllar
arasında nümunə göstəriləcəkdi.
Düzdü, hər dəfə illik plan artırılanda Əbdül Qafarzadənin düşünüb gördüyü
tədbirlər nəticəsində onun öz şəxsi qazancı da qat-qat artıq dərəcədə artırdı, planın
artırılması onun üçün, əslində, şəxsi bir təşəbbüskarlıq, işgüzarlıq amilinə çevrilirdi,
amma buna baxmayaraq, hər dəfə Qəbiristanlıq Idarəsinin illik planı artırılanda əsl
təsərrüfatçı bir adam kimi, pulun qiymətini və qədrini bilən bir nəfər kimi, Əbdül
Qafarzadədə sövq-təbii bir etiraz baş qaldırırdı və yeri gələndə özünü saxlaya
bilmirdi, xitabət kürsüsünə qalxıb fikirlərini söyləyirdi (hərçənd yaxşı bilirdi ki, heç
kim planı azaltmayacaqdı və əslində, dediyi fikirləri havaya püfləyir – elə yaxşısı da
bu idi!).
Həmin günəşli aprel səhəri Rayon Icraiyyə Komitəsindəki müşavirədə də
Əbdül Qafarzadə söz istəyib xitabət kürsüsünə qalxdı.
– Yoldaşlar! Planları yerinə yetirmək bizim hər birimizin təxirəsalınmaz
vəzifəsidir. Müəyyən olunmuş planlar yerinə yetirilməlidir və bu barədə heç bir
söhbət ola bilməz. Mən, az qala,
otuz ildir ki, rəhbər təsərrüfat işlərində işləyirəm,
bir dəfə də olmayıb ki, planı artıqlaması ilə yerinə yetirməyim...