Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   30   31   32   33   34   35   36   37   ...   161

 
71
də havayı yazırdı, pul almırdı, azərbaycanlıların gətirdiyi kərə yağını, motalı, əti, 
hətta diri qoyunu, ermənilərin gətirdiyi toyuğu, kolbasını, yumurtanı, cürbəcür gözəl 
şorabaları, tut arağını geri qaytarırdı, heç nə götürmürdü. Xosrov müəllimin fikrinə 
görə, müəllim əvvəla gərək özü təmizliyin timsalı olaydı, ikincisi də zəmanə 
mürəkkəb idi, yeni həyat qurulurdu və bu quruculuq dövründə nahaq incidilənlər 
olurdu– o adamlara kömək eləmək də, elə ilk növbədə müəllimin borcu idi; bir də ki, 
camaat pis yaşayırdı, çox pis yaşayırdı və belə bir məqamda camaatın ruzisinə şərik 
çıxmaq müəllimə yaraşmazdı.  
Faytonçu Ovanes də elə buna görə, bu hörmətə görə razılıq verərək gəlib 
Xosrov müəllimi evlərinin qabağından götürürdü, yoxsa ki, həmişə bazar başında 
dayanıb faytona sərnişin mindirirdi. Faytonçu Ovanes burasını da fikirləşmişdi ki, 
Xosrov müəllimdən yol pulu almayacaq, ikiyerli açıq faytona ikinci adam da 
götürməyəcək ki, Xosrov müəllimin yeri rahat olsun, çünki Xosrov müəllim elə 
faytonçu Ovanesin özü üçün də rus dilində bir neçə müftə şikayət ərizəsi yazmışdı: 
rayon hökuməti kişinin faytonunu əlindən almaq istəyirdi və faytonçu Ovanes 
sonuncu ərizələrdən birini Azərbaycan SSR Mərkəzi Icraiyyə Komitəsinin sədri 
Q.Musabəyovun, o birini isə SSRI Xalq Komissarları Sovetinin sədri A.I.Rıkovun 
adına yazdırıb, savadı olmadığı üçün həmin ərizələrin altından da barmaq basmışdı.  
Nəhayət ki, Xosrov müəllimgilin yaşadığı o balaca birmərtəbəli evin qapısı 
açıldı, əvvəlcə əlində kiçik çamadan tutmuş Xosrov müəllim içəridən çıxdı, sonra 
bir-birinin ardınca Xosrov müəllimin üç uşağı evdən çıxdı, sonra da Xosrov 
müəllimin cavan arvadı Şirin çıxdı.  
Faytonçu Ovanes çəpərin üstündən Xosrov müəllimi görəndə səbri tamam 
tükənmiş halda öz-özünə:  
– Ara, məzhəb haqqı, Allaxa şükür!.. – dedi, amma o balaca uşaqları görəndə, 
o balaca uşaqların da, o cavan gəlinin də evin kişisini necə bir ürəklə yola 
saldıqlarına tamaşa eləyəndə, ömrünü yollarda keçirmiş bu adamın hirsi o saat 
soyudu, hətta özü öz qarasına deyinməyə başladı: – Ara, məndən səbr deyən şey 
yoxdu ki!.. 
Xosrov müəllimin üç uşağı var idi, üçü də oğlan idi: altı yaşında Cəfər, dörd 
yaşında Aslan, iki yaşında Azər və indi bu üç uşağın üçü də ömürlərində birinci dəfə 
atalarını harasa yola salırdılar; indiyə qədər Xosrov müəllim həmişə ailəsi ilə bir 
yerdə olmuşdu və hara getmişdisə (əslində, getməli elə bir yerləri də yox idi), 
həmişə ailəsilə birlikdə getmişdi və bu uşaqlar da, Şirin də ona o qədər öyrəşmişdilər 
ki, o bir aylıq Şuşa seminarı xəbəri gələndən bu tərəfə, bir həftəydi ki, Xosrov 
müəllimi yola salmağa hazırlaşırdılar.  
Şuşada milli məktəblərdə rus dilinin tədrisi üzrə çağırılan o seminara təkcə 
Bakıdan yox, Moskvadan da, Tiflisdən və Yerevandan da mütəxəssislər gələcəkdi və 
Xosrov müəllim Şuşaya həvəslə gedirdi, amma, eyni zamanda, ürəyində bir 
nigarançılıq da var idi: uşaqlar Şirinlə birlikdə bu bir ayı Hadrutda tək qalacaqdı. 
Düzdü, Hadrut camaatı hörmətcil və istiqanlı camaat idi, Xosrov müəllimin də 
xətrini istəyirdilər, amma, hər halda, düz bir ay müddətində Xosrov müəllim özü 
evdə olmayacaqdı, dünya da ki, qarışıq, bir tərəfdən bu kolxoz əhvalatı, bir tərəfdən 
çekistlər, bir tərəfdən də qıtlıq... Hətta Xosrov müəllim əvvəlcə fikirləşmişdi ki, 
uşaqları da, Şirini də özü ilə götürüb Şuşaya aparsın (kaş elə aparaydı!), amma sonra 
fikrindən daşındı: harda qalacaqdılar? 


 
72
Yeddi il bundan əvvəl evləndikləri vaxtdan bəri birinci dəfə gedəcəyi bu 
səfərdən qabaq Xosrov müəllim uşaqların bir aylıq ununu,düyüsünü, qəndini, yağını 
– müəllimə hörmət edirdilər, tapırdı – alıb evə qoydu və 1929-cu ilin həmin yaz 
səhəri altı yaşlı Cəfər də, dörd yaşlı Aslan da, iki yaşlı Azər də Şirinlə birlikdə 
Xosrov müəllimi yola salmaq üçün eləcə həyətə çıxdılar.  
Kimin ağlına gələ bilərdi ki, o vida – əslində əbədi bir ayrılıqdı və bu adamlar 
– Xosrov müəllimlə altı yaşlı Cəfər, dörd yaşlı Aslan, iki yaşlı Azər, bir də ki, Şirin 
bir daha heç vaxt görüşməyəcəklər?.. 
O böyük xoruz qart səsiylə qaqqıldaya-qaqqıldaya, qüvvətli ayaqlarını hirs-
hikkə ilə irəli ata-ata həyətin ortasında o baş-bu başa gedirdi və toyuqlar da xoruzun 
nədənsə narazı qaldığını hiss edib, hərəsi bir tərəfə çəkilmişdi, xoruzla rastlaşmaq 
istəmirdi.  
Uşaqlar səs-küy salmışdılar: 
– Ata, sağ ol!..  
– Ata, tez gəl!..  
– Ata... Ata... – Bunu deyən iki yaşlı Azər idi, başqa söz deyə bilmirdi və 
balaca əlləri ilə şalvarın balağının üstündən atasının qılçını qucaqlamışdı.  
Cəfər böyük idi və Cəfər hətta o dəm fəxr edirdi ki, atası belə uzaq (Hadrut ilə 
Şuşanın arası 41 km idi) səfərə gedir, amma sonralar – xeyli vaxt keçəndən sonra, 
qurtarmaq bilməyən tənha gecələr boyunca Xosrov müəllim həmişə bu son görüşü 
xatırlayanda, ilk növbədə, Aslanın dodağının qaçması, ağlamaq istəməsi gözlərinin 
qabağına gəlirdi, bir də ki, Şirinin iri, qara gözlərindəki o ifadə...  
Şirin gülümsəyirdi, amma Şirinin o gülümsəyən gözlərində nəsə bir 
nigarançılıq var idi və elə bil ki, Şirinin gözlərinin rəngi o nigarançılığa keçmişdi, o 
nigarançılığa qara bir rəng çəkmişdi. Bəlkə Xosrov müəllimə sonralar belə gəlirdi?.. 
Hər halda, o son görüşdə bir nigarançılıq var idi və bu nigarançılıq yalnız 
səfərqabağı nigarançılıq deyildi, elə bil, Xosrov müəllim də, Şirin də, hətta Aslan da 
əvvəlcədən nəsə hiss eləyirdilər... Ya sonradan ona belə gəlirdi?.. 
Fayton tərpənəndə Şirin o faytonun ardınca bir dolu parç su atdı (amma o su o 
ailə üçün sayalı olmadı) və Ovanes də: 
– Allax saxlasın dığaları, uçitel!.. – dedi. – O gün olsun toylarında oynayaq!..  
– Sağ ol, Ovanes!..  
Fayton Hadrutdan çıxıb Şuşaya tərəf üz tutdu və o yaz çağı yolun hər iki 
tərəfində o oyanmış torpağın gülünə, çiçəyinə baxa-baxa Hadrutdan uzaqlaşan 
Xosrov müəllim sabahdan Şuşada işə başlayacaq seminar barədə fikirləşirdi
Azərbaycan məktəblərində rus dilinin tədrisi ilə bağlı mülahizələrini götür-qoy 
edirdi və ümumiyyətlə, maarif məsələlərilə bağlı kəsir cəhətlər barədə düşünürdü. 
Indi hər il onlarla (hətta yüzlərlə!) məktəb açılırdı, uşaqlar ellikcə məktəbə getməyə, 
savad almağa başlayırdı və bütün bunlar, əlbəttə, gözəl işlər idi, bütün bunlar 
Xosrov müəllimin əslində hələ lap gənclik çağlarından ürəyində gəzdirdiyi arzu, 
istək idi ki, indi həyata keçirdi, amma burada, Xosrov müəllimin fikrinə görə, çox 
ciddi bir məqam var idi və o məqama ehtiyatla yanaşılmalıydı: kəmiyyət keyfiyyətə 
təsir etməməli idi, keyfiyyət aşağı düşməməliydi; belə bir təhlükəni isə Xosrov 
müəllim artıq nəinki hiss edirdi, əyani şəkildə görürdü, nadan müəllimlər yetişməyə 
başlamışdı, yavaş-yavaş əsl müəllimləri üstələyirdilər və bunun axırı hara gedib 
çıxacaqdı?  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə