118
Aparırsan bizi zəfərlərə sən!
Əməlin qərq edib nura cahanı!
Bir nəğmə çağlayır mənim sinəmdən:
Eşq olsun Stalinə!
Yaşasın Stalin!
Həyatın mənası,
Məzmunudur o!
Arzu şeri
deyib qurtaran kimi, hamı əl çaldı və Ələsgər müəllim fürsətdən
istifadə edib Xıdır müəllimə baxa-baxa bir daha yoldaş Stalinin şərəfinə sağlıq dedi
və yenə də hamı, o cümlədən, Xosrov müəllim ayağa qalxıb qədəhləri dibinəcən
içdilər.
Arzu isə indi rus dilində bir şer söyləmək istəyirdi. Bu şeri keçən il «Oqonyok»
jurnalında oxuyub əzbərləmişdi, oradakı bir parça, xüsusilə, xoşuna gəlirdi və Arzu
yenə də hər sözü xüsusi vurğu ilə tələffüz edə-edə dedi:
– Osip Kolıçev. «Priqlaşeniye k pesne». Otrıvok iz stixotvoreniya.
Vı bıli vçera
Bezımennı,
Sedaya zurna
Suleymana, Djambula
Sedaya dombra...
Tak poyte je
Stalinu
Slavu
Stixami,
Podobnımi splavu
Zolota i serebra!..
Yenə hamı əl çaldı və Ələsgər
müəllim fikirləşdi ki, görəsən, yenə də qalxıb
Stalin yoldaşın sağlığına içsinlər, yoxsa yox? Yox, lazım deyildi, bu lap ağ olardı və
Ələsgər müəllim qaş düzəltdiyi yerdə vurub gözü də çıxarardı.
Əlbəttə, Arzunun bu cür şerlər əzbərləməyi, əslində, Ələsgər müəllimin
ürəyincə deyildi, amma nə etmək olardı, Arzu zəmanə uşağı idi və bu axşam
Arzunun bu iki şeri söyləməyi lap yerinə düşdü; Xıdır müəllim, hər halda, tamam
eşşək deyildi, qoy başa düşsün, görsün ki, məktəb müdirinin ailəsi necə ideyalıdır və
Xosrov müəllimin bayaqkı hərəkəti də təsadüfi bir şeydir.
Əvvəlcə,
o vaxtlar ki, Əvəz bəy hələ ingilis casusu və terrorçu kimi ifşa
olunmamışdı, belə ad günlərindən birində Arzu əllərini arxasında tutub, sinəsini
qabağa verib (onda hələ pioner deyildi) əziz Stalin baba haqqında əvvəlcə
Azərbaycan dilində, sonra da rus dilində şerlər deyəndə Əvəz bəy (Ələsgər
müəllimin yanında oturmuşdu) dodaqaltı pıçıldadı: «–Yaxşı ki, fransız dilində də
belə şerlər demir». Onda Ələsgər müəllim özünü eşitməzliyə vurdu, amma bir
müddət ürəyi nigarançılıqla döyündü, diqqətlə mizin arxasında oturanlara, xüsusən,
Əflatun müəllimə baxdı –yox, Əvəz bəyin o pıçıltısını heç kim eşitməmişdi və
Əflatun müəllim də içib keflənmişdi, dünya da vecinə deyildi.
Bu hadisə o vaxt
olmuşdu – üç il bundan əvvəl, o vaxt heç kim Əvəz bəyin pıçıltısını eşitməmişdi,
amma buna baxmayaraq, Əvəz bəy indi həyatda yox idi. Əvəz bəy güllələnmişdi və
güllələnəndən sonra da məktəbdəki iclaslarda, mitinqlərdə, «izhari-nifrət»
yığıncaqlarında hamı, o cümlədən, Ələsgər müəllim Əvəz bəyin adını çəkir, onu
dönə-dönə ifşa edir, sayıq olmağa, maskalanmış xalq düşmənlərini görməyə
çağırırdı. Pıçıltını eşitmək vacib deyildi, bəzən Ələsgər
müəllimə elə gəlirdi ki,
əlaqədar orqanlar uzaqdan-uzağa adamın ürəyinə də girir, düşüncəsini də oxuyur və
119
həmin vaxtlar Ələsgər müəllimin bütün əhvalı pozulurdu, güclə özünü ələ alırdı,
Əflatun müəllimi tovlaya-tovlaya, qoltuğuna verə-verə, pişim-pişimlə məktəbdə
camaatı yola verirdi.
Arzunun on yaşı tamam olduğu həmin qarlı qış axşamı Xıdır müəllim eləcə
papiros çəkir, hərdənbir araq içir, danışmır və fikirləşirdi. Xıdır müəllim dünyanın
işləri barədə, insanların naşükürlüyü barədə, qeyrətsizliyi, vicdansızlığı barədə
fikirləşirdi. Inqilabdan əvvəl biz nə idik? Heç nə, bir nəfər də fərli idmançımız yox
idi. Bu boyda Azərbaycanda beş-altı dənə pəhləvan var idi, beş-altı dənə də ağırlıq
qaldıran, vəssalam!
Onlar da primitiviydi, beynəlxalq arenaya çıxmamışdılar.
Bakının cəmi-cümlətani ikicə dənə idman klubu var idi: «Sokol», bir də ki,
«Unitas», vəssalam. Elə Rusiyanın özündə nə var idi? Bircə Poddubnıydı, bir də ki,
Zaikin də, başqa nə varıydı. Yoldaş Stalin ölkədə bədən tərbiyəsini bu cür inkişaf
elətdirdi!.. Indi ölkədə altmış minə (minə!) qədər bədən tərbiyəsi kollektivi var,
idmançıların sayı beş milyona yaxındı, minə qədər idman zalı var, stadionların sayı
üç yüzü (üç yüzü e!) ötüb! Daha nə istəyirsiz, ay qeyrətsizlər?! Sovet gimnastları
Antverpendə Üçüncü Fəhlə Olimpiadasında iştirak etdi! Bu qədər yüksəlişi
görməmək olar? Kim eləyib bizim bu yüksəlişimizi? Yoldaş Stalin! Bəs
Azərbaycanda kim eləyib bunları? Yoldaş Mir Cəfər Bağırov! Gimnastika, yüngül
atletika,
basketbol, voleybol... Inqilabdan əvvəl varıydı bunlar? Allahın topu yox idi,
cındır əsgiləri basırdılar girdə torbanın içinə, ağzını tikirdilər, guya ki, topdu,
Kömürçü meydanında futbol oynayırdılar... Bəs indi necə olur ki, adını da müəllim
qoymusan, yeni nəsil tərbiyə edirsən, ay Xosrov müəllim, adamın dili də gəlmir sənə
müqəddəs sovet müəllimi sözünü desin! – o boyda kişinin, o boyda rəhbərin
sağlığına içmirsən? Üzdən baxırsan ki, fağırın biridi, amma, əslində, vələdüznanın
cövhəridi bu Xosrov müəllim. Görmürsən zaraza, gedib özünə necə arvad tapıb alıb?
Arvad deyil, balıqdı köpək qızı!..
Xıdır müəllim nifrət dolu nəzərlərlə Xosrov müəllimə baxdı və Xosrov
müəllim də bu baxışların altında ağappaq ağardı,
hiss etdi ki, kiçilir, tamam
balacalaşır və dünyanın hər üzünü görmüş bu adam Xıdır müəllimin həmin baxışları
altında az qaldı ağlasın. Xosrov müəllim sövq-təbii hiss edirdi: elə bir səhv buraxıb
ki, bunun axırı mütləq pis qurtaracaq; iki aydı ki, Xosrov müəllim hər dəfə evdən
çıxıb məktəbə gedəndə (məktəbdən başqa bir yerə getmirdi) Gülzarla bir yerdə
yatdıqları çarpayıdakı döşəyin, balıncın o mehriban, o sevimli istisini də özü ilə
aparırdı, sinifdə uşaqlara dərs keçirdi, amma boynunun ardında, kürəyində o istini
hiss edirdi, o balınc istisi də,
o döşək istisi də, əslində, Gülzar xanımın sim kimi
tarım çəkilmiş, dolu və hamar bədəninin istisi idi və Arzunun on yaşının tamam
oduğu həmin qış axşamı Xosrov müəllimə elə gəlirdi ki, o istini güclə onun
bədənindən, hisslərindən dartıb çıxarırlar.
Kələntər müəllim bir az içəndən sonra, dostluqdan, etibardan, vəfadan,
səmimilikdən, xeyirxahlıqdan gözəl sözlər dedi. Füzulidən və Seyid Əzim
Şirvanidən
müdrik misallar söylədi, Ələsgər müəllim məclisin siyasi səviyyəsini
qaldırmağa çalışa-çalışa bir bəhanə tapıb yenidən Mir Cəfər Bağırov yoldaşın
şərəfinə sağlıq dedi (və mizin arxasındakıların hamısı ayağa qalxıb qədəhlərini
dibinəcən boşaltdılar), sonra Bakı ilə, Azərbaycan bolşevikləri ilə xüsusi bağlı
olduqları üçün, yoldaş Stalinin yaxın silahdaşlarından və şagirdlərindən yoldaş
Anastas Ivanoviç Mikoyanın və yoldaş Lavrenti Pavloviç Beriyanın şərəfinə sağlıq