Bilik və savadını daim artırmağa çalışan bu insan böyük bir təhsil yolu keçmişdir.
1967-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib. 1970-73-cü
illərdə Gəncə Yüngül sənaye
Texnikumunda müxəndis-texnoloq ixtisası üzrə, 1990-94-ci illərdə Azərbaycan
Respublikası Ali Tətbiqi Kollecdə rəssam-modelyer ixtisası üzrə, 1994-97-cü illərdə
Azərbaycan Texnoloqiya Universitetində modelyer-texnoloq, 1997-99-cu illərdə Gəncə
Dövlət Pedaqoji Universitetində, 2000-2004-cü illərdə Gürcüstan Dövlət Universitetinin
iqtisadiyyat fakültəsində təhsil almışdır.
Zemfira xanım əmək fəaliyyətinə 1973-cü ildə Gəncə şəhər mədəniyyət evində
dərzilik peşəsi üzrə müəllim kimi başlayıb. Tezliklə öz bilik və bacarığı ilə seçilib. 1983-
cü ildə Gəncə Mərkəzi Mədəniyyət evinə şöbə müdiri təyin olunub.
1988-ci ildən Zərdabi adına Pedaqoji institutunun nəzdində təşkil olunmuş
dərzilik kurslarında Zemfira Ağayevanın hazırladığı tədris materialları əsas vəsait kimi
istifadə olunmağa başlanır. Onu həmin kurslara müəllim, 3 il sonra isə müdir təyin
edirlər.
O, 2 cildlik ʺGeyim məmulatlarının hazırlanma texnologiyası və onun tədrisi
metodikasıʺ və ʺÖzün biç və tikʺ kitablarının müəllifidir.
1995-ci ildə Zemfira Ağayeva Bakı Dövlət Universitetinin nəzdində yaradılmış
Qızlar Kollecinin Gəncə filialını yaradır.
1996-cı ildə o, Gəncə Modalar evinin direktoru təyin edilir. Bir il sonra, Dövlət
Özəlləşdirmə Proqramının həyata keçirilməsi ilə həmin Modalar Evinin sahibi olur.
1998-ci ildə şəhid və qaçqın ailələrinin övladlarının peşə təhsili alması üçün ʺQızıl
əllərʺ müəssisəsini yaradır və 50 nəfər insanı orada işlə təmin edir. Onun xeyriyyəçilik
fəaliyyətinin nəticəsi olan bu müəssisədə xalq sənətkarlığı -dulusçuluq, zərgərlik, xalq
tətbiqi sənəti üzrə peşəkarlar, rəssamlar, təyyarə bələdçiləri, modelyerlər hazırlanır.
Burada kompyutor və xarici dil (ingilis, alman və fransız) kursları fəaliyyət göstərir.
İldə 100-dən yuxarı gənc müxtəlif peşələrə sahib olurlar. Zemfira xanım onların işlə
təmin olunmasına da yardım göstərir.
Müəssisədə xalq sənətkarlığı məhsullarının istehsalı və satışı da həyata keçirilir.
Milli geyimlərə müasir çalar verməklə gözəllik dünyasında öz dəsti-xətti ilə
fərqlənən Zemfira xanımın Modalar Evi müvəffəqiyyətlə fəaliyyət göstərir. O,
Azərbaycanın milli geyimləri ilə müasir Avropa geyimlərinin sintezini yaradıb. Şəxsi
modelləri Moskva, Sankt-Peterburq, Daşkənd kimi böyük şəhərlərdə nümayiş etdirilib
və uğur qazanıb.
Gəncə şəhərində ildə 4 dəfə yeni geyim kolleksiyalarının nümayişini keçirir, və bu
artıq ənənə halını almışdır.
Bu il iyunun 14-də təşkil edilmiş iki günlük xalq sənətkarlığı sərgisində iştirak
etmiş Almaniya ekspertləri nümayiş olunan məhsullara yüksək qiymət vermişlər.
Həmin layihənin davamı olaraq bu ilin sentyabr ayının sonunda Bakıda sərgi təşkil
etməyi planlaşdırır.
Zemfira xanım bu il Yaponiya və Almaniyada xalq sənətkarlığı, Türkiyə və
Rusiyada Moda sərgilərinə dəvət almışdır.
Onun 2000-ci ildə yaratdığı ʺİdman sağlamlıq mərkəziʺ uğurla fəaliyyət göstərir,
qadınların sağlamlıq və gözəlliyinə xidmət edir.
2000-ci ildə o, həmçinin ʺGəncə Sahibkar Qadınlar Birliyiʺ qeyri-hökuməti
təşkilatını yaradır. Birliyin məqsədi sahibkarlıq fəaliyyətinə başlayan qadınlara bizneslə
bağlı bilgilər vermək, onları maarifləndirməkdən ibarətdir. Birliyin 700-ə qədər üzvü
var. Qərb regionunun beş rayonunda- Xanlar, Goranboy, Tovuz, Qazax, Şəmkirdə
nümayəndəliyi yaradılmışdır.
Zemfira xanımın rəhbərlik etdiyi birlik yerli və xarici QHT-lərlə sıx əməkdaşlıq
edir və Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının, Gəncə Aqro-biznes Assosiasiyasının üzvüdür.
ABŞ Dövlət Departamentinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olan Zemfira
xanım amerikalı iş adamları ilə görüşüb. Əməkdaşlıq əlaqələri qurub və bu
əməkdaşlığın nəticəsidir ki, hər il qadın sahibkarlar müxtəlif xarici bölgələrə gedir və
qabaqcıl təcrübəni öyrənirlər.
Fəal sahibkar kimi, 2004-2008-d illər üçün regionların iqtisadi inkişafı üzrə Dövlət
Proqramının yerinə yetirilməsində iştirak edir və yeni layihələr üzərində çalışır.
ʺQadın-Moda-Gözəllikʺ mərkəzi açmaq və daha 100 nəfəri işlə təmin etmək
arzusundadır.
Biznesə başlamaq istəyən qadınların maliyyə problemlərinə yardım etmək
məqsədilə Sahibkar Qadınlar Kredit Birliyi yaratmaq niyyətindədir.
Zemfira xanım gözəl ailə sahibidir, iki oğlu var. Oğlu Sahib də biznes fəaliyyəti ilə
məşğuldur.
Zemfira xanım insanların rahat və firəvan həyatına təminat verən sahibkarlıq
yolunu seçdiyi üçün özünü xoşbəxt sayır.
Bu seçimində ona daha böyük uğurlar arzulayırıq.
Xuraman Əliyeva
ʺNamiq-84ʺ Müstəqil Müəssisəsinin direktoru
Xuraman xanım yaraşıqlı, gözəl geyinmiş, əsl ʺxanım-xatınʺ bir azərbaycanlı
qadınıdır. Lakin mən onun zənginliyini bu keyfiyyətlərlə qiymətləndirmirəm. Çünki
insanın daxili məzmununu, dünyagörüşünü, bilik və bacarığını zaman və həmin zaman
çərçivəsində gördüyü işlər müəyyənləşdirir. Çox da böyük olmayan zaman daxilində
çox böyük işlər görən insanlardan biri - işgüzar qadın Xuraman Əliyevadır.
Xuraman Əliyeva 1956-cı il iyul ayının 15-də Cəlilabad rayonunun Ağdaş
kəndində anadan olub. 1973-cü ildə orta məktəbi bitirdikdən sonra bir il sovxoz
idarəsində işləyib.
1974-cü ildə Moskva Kooperativ İnstitutunun Bakı filialının əmtəəşünaslıq
fakültəsinə daxil olur və 1978-ci ildə bitirir.
Əmək fəaliyyətinə Sovxoz Fəhlə İstehlak Cəmiyyətində əmtəəşünas kimi başlayır.
2 ildən sonra ailə qurur və bununla bağlı uzun müddət işləmir.
1987-ci ildə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində böyük universal mağaza
açılır və Xuraman xanım orada şöbə müdiri işləməyə başlayır. Mağaza o zaman 50
nəfərdən yuxarı adamın çalışdığı böyük bir ticarət müəssisəsi idi. 1991-ilə kimi mağaza
dövlət müəssisəsi kimi fəaliyyət göstərir.
1991-ci ildə isə Xuraman xanım mağazanı icarəyə götürür və onu işlədir.