Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə64/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   60   61   62   63   64   65   66   67   ...   184

 

143


Güləndam nənə bir bişmiş pomidora, bir də Isgəndər Abışovun çatılmış 

qaşlarına baxıb şübhələndi ki, bəlkə bu, doğrudan da, pomidor deyil, bir başqa şeydi: 

– Nədi ki? – soruşdu. 

Isgəndər Abışov dedi: 

– Bu, vitamin «A»dır! Onu yemək lazımdır! 

Güləndam nənə yenə bir Isgəndər Abışovun çatılmış qaşlarına, bir də bişmiş 

«A»ya baxdı və Isgəndər Abışovun belə vitamin təəssübkeşliyi elə bil arvada təsir 

etdi, pomidoru qabağına çəkib yeməyə başladı. 

Isgəndər Abışov, əlbəttə, bu işdən çox razı qaldı. 

O gün Dürdanə  nənəsinin xahişi ilə Cavanşirgilin otağına gəlib qayçı istədi, 

sonra qayçını gətirib qaytardı, günorta nahar üçün yeməkxanaya düşəndə Cavanşirlə 

üz-üzə gəldi, salam verdi və Cavanşir də bu dəfə açıq-aşkar gördü, hiss etdi ki, bu 

qız onunla qarşılaşanda, salamlaşanda, baxışında tamam-kamal özünü itirir və 

qıpqırmızı qızarır. 

– Nədi, a kişi qırığı, nə  tərs-tərs baxırsan mənə, hə? Yenə gecə saat on ikiyə 

işləmiş  gələcəksən? – Güləndam nənə çarpayının üstündə oturub çeşməyinin 

yuxarısından Cavanşirə baxa-baxa gülümsəyirdi və bu gülümsəmədəki çox yüngül, 

xoş bir rişxəndə də şəkk-şübhə yox idi. 

Cavanşir güzgünün qabağında dayanıb uzun saçlarının ucunu düzəldirdi və 

güzgüdən də Güləndam nənəyə baxıb: 

– Bəlkə heç gəlmədim gecə... – dedi. 

Ən maraqlısı bu oldu ki, Güləndam nənə bu sözlərə lağ eləmədi, inandı bu 

sözlərə, içini çəkib: 

– Cavanşir... – dedi və arvadın gözlərindəki rişxənddən əsər-əlamət qalmadı. 

– Nədi, nə Cavanşir?.. 

Və həmin axşam Cavanşir Şuşa istirahət evinin yuxarısındakı tutluğa vaxtından 

yarım saat əvvəl gəldi (Dürdanə eyvanda dayanmışdı  və Cavanşiri  Şuşa 

sanatoriyasının həyətindən bu qızın gizli bir təlaşla, gizli bir narahatlıqla dolu 

gözləri yola saldı). 

Tutluq yalnız tut ağaclarından ibarət deyildi, bura güllü-çiçəkli bir düzənlik idi, 

burada  Şuşanın cır alması vardı, itburnu, böyürtkən kolları da vardı  və buralar 

Cavanşirin yaxşı yadına gəlirdi, uşaqlıqda buralarda çox oynamışdı  və o da 

Cavanşirin yaxşı yadına gəlirdi ki, itburnu bu tərəflərdə, kim bilir, bəlkə, elə bütün 

dünyada yeganə ağacdı ki, əvvəlcə yarpaqlayır, sonra çiçək açır. 

Qabaqlar, beş-altı il bundan əvvəl Cavanşirgil – atası, anası, nənəsi hər yay 

Şuşaya gələrdilər, ev kirayə tutub yayı burada qalardılar və tutluğu gəzə-gəzə o uzaq 

uşaqlıq illəri yenə Cavanşirin yadına düşdü: maykalarının ətəyini cır almayla, hələ 

yetişməmiş göy gavalıyla doldurardılar və bu bir ətək cır almanın, göy gavalının 

hamısını dişləri qamaşanacan, damaqları, dodaqları keyiyənəcən duzla yeyərdilər, 

vəhşi gilas ağaclarına dırmaşıb üst-başları, sir-sifətləri qıpqırmızı olanacan doymaq 

bilməzdilər. 

Əlbəttə, o zaman Cavanşirin ağlına gəlməzdi ki, bir vaxt, beləcə bu tutluğa 

gələcək, o uzaq, çox uzaq uşaqlıq illərini xatırlayacaq, siqaret çəkə-çəkə bu gül-

çiçəyin arasında dolaşacaq və Mədinə xanımı gözləyəcək. 




 

144


Gün yavaş-yavaş əyilirdi və bu axşam ərəfəsində, bu gecə ərəfəsində Cavanşir 

özünü azad və  sərbəst hiss edirdi, düzdü, Cavanşirin ürəyində yenə kiçik bir 

nigarançılıq vardı, amma daha Cavanşir öz-özünə inanmışdı, daha heç kimin 

yanında, nə Isgəndər Abışovun yanında, nə də başqa birinin yanında dona girməyə 

bir ehtiyac yox idi. Cavanşir özü olmalıydı, çünki o – özüdür bu saat, bax, bu 

düzənlikdə gəzişən, o – özüdür Mədinə xanımla tanış olan və bu saat Mədinə xanımı 

gözləyən. 

Cavanşir bugünkü görüş üçün hər  şeyi hazırlamışdı  və daha ağzına su alıb 

dayanmayacaqdı, dünənki lal-dinməzliyi, dünənki  əfəlliyi yadına düşdükcə tamam 

pərt olurdu və bunu özündən uzaqlaşdırmağa, unutmağa çalışırdı; bu düzənlikdə, bu 

tut ağaclarının, bu armud, cır alma, vəhşi gilas, gavalı  ağaclarının, böyürtkən, 

itburnu kollarının arası ilə  gəzişə-gəzişə Cavanşir Mədinə xanımın hörmətini və 

məhəbbətini qazanacaqdı; kim bilir, bu işlərin axırı  nə olacaqdı  və  bəlkə elə lap 

evlənəcəkdilər Mədinə xanımla... 

Cavanşirin ürəyini bir intizar bürümüşdü və bu intizarda gizli bir sevinclə 

bərabər bir naməlumluq da vardı. Cavanşir tez-tez aşağı,  Şuşa istirahət evindən 

qalxan cığıra tərəf baxırdı  və get-gedə onun həyəcanı daha da artırdı, amma bu 

həyəcanda da bir sevinc vardı, isti bir nəfəs vardı və bir naməlumluq vardı. 

Cavanşir Mədinə xanımın gəldiyini əvvəlcə hiss etdi, elə bil bu gül-çiçəyin, bu 

yaşıl ağacların üstündən çox xəfif, çox incə bir meh əsib keçdi, sonra Cavanşir cığıra 

tərəf baxdı və tutluğa qalxan Mədinə xanımı gördü. 

Mədinə xanım uzaqdan əlini qaldırıb yellədi, Cavanşiri salamladı və onun əlinin 

bu ürəkdolusu, ahəstə  hərəkətində yenə bir mehribanlıq, bir ülfət vardı  və birdən-

birə Cavanşir özünü bu mehribanlığa, bu ülfətə layiq bilmədi, ona yenə elə gəldi ki, 

bu ahəstəliyin, bu yüngüllüyün, bu sevinc dolu sərbəstliyin və azadlığın müqabilində 

bir heçdir. 

Mədinə xanım bu axşam tamam başqa paltar geymişdi, əynində açıq rəngli geniş 

don vardı və bu zövqlə tikilmiş açıq rəngli və geniş don da bu saat bir sevincdən, 

azadlıq və  sərbəstlikdən xəbər verirdi; Mədinə xanım başına  şlyapa qoymamışdı, 

saçlarını da yığmamışdı  və  Mədinə xanımın uzun qızılı saçları üzünə, boynuna, 

çiyninə, sinəsinə tökülmüşdü və bu qızılı saçlar da bu saat sevincdən, azadlıqdan və 

sərbəstlikdən xəbər verirdi; bütün bunlar hamısı Cavanşirçün idi, Cavanşir buna 

inanmalı idi və bütün bunlar hamısı olmalı idi. 

Əslində, lap əslində, Cavanşir qorxurdu ki, birdən Mədinə xanım onun görüşünə 

gəlməz. 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə