ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə103/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   99   100   101   102   103   104   105   106   ...   154

Şəmistan Nəzirli

331


1919-cu  ilin  dekabr  ayında  ilk  hərbi  bayrağımızın  təsdiq 

olunması haqqında Baş Qərargah İdarəsi qərar verdi. Bayrağın 

yaradıcısı hərbi topoqrafiya şöbəsinin rəisi general-mayor İbra-

him  ağa  Vəkilov  idi.  İpək  sapla  işlənmiş  bayrağın  bir  üzündə 

əski əlifba ilə “Azərbaycan”, o biri üzündə isə Müqəddəs Quran-

dan: “Allahdan kömək və qələbə yaxındadır” ayəsi yazılmışdı. 

Baş Qərargah İdarəsinin verdiyi beş saylı qərarda göstərilir ki, 

süvari,  piyada  alaylarında,  əlahiddə  tabor  və  hərbi  məktəblər 

üçün vahid formada bayrağın yaradıldığı elan olunur.

Hələ əsrin əvvəllərində Tiflis ədəbi mühitində yaxından işti-

rak  edən  İbrahim  ağa  Vəkilov  böyük  dramaturqumuz  Cəlil 

Məmmədquluzadə ilə dostlaşmışdı. Onların ikisi də xalqımızın 

nicatı üçün birgə çalışırdı. Bu fakta Mirzə Cəlilin həyat yoldaşı 

Həmidə xanımın “Mirzə Cəlil haqqında xatirələrim” kitabında 

da rast gəlmək olar. Həmidə xanım yazır: “1907-ci ildə Qarabağ-

da  çəyirtkə  və  aclıq  gözlənirdi...  Tiflisdə  Müsəlman  Xeyriyyə 

Cəmiyyətinin sədri İbrahim ağa Vəkilov, katibi Mirzə Cəlil bi-

zim rayonun qaldığı çıxılmaz vəziyyətdən xəbər tutduqda zərər-

çəkənlərə paylamaq üçün poçt ilə mənim adıma altı yüz manat 

pul göndərmişdi”.

Polkovnik İbrahim ağa Vəkilov 1906-cı ilin yanvarın səkki-

zində Qafqaz kənd təsərrüfatı cəmiyyətinin zalında Müsəlman 

Xeyriyyə Cəmiyyətinin ilk sədri seçilir. Azərbaycanın qabaqcıl 

ziyalıları polkovnik İbrahim ağa Vəkilovu səsə qoyulmadan xey-

riyyə cəmiyyətinin idarə heyətinə sədr təyin edirlər.

Cəmiyyətin  katibi  Cəlil  Məmmədquluzadə,  üzvlüyə  nami-

zədlər isə Əlimərdan bəy Topçubaşov, Səməd ağa Qayıbov, Os-

man bəy Müftizadə, Rəşid bəy İsmayılov, İmadəddin Sübhanqu-

lov, Kamal əfəndi Ünsizadə, Məmmədhəsən İmanov, Adil-Girey 

Daidbəyov, Əbdürrəhman bəy Əfəndiyev və başqaları seçilir.

Bizdə  Mirzə  Cəlillə  general  İbrahim  ağa  Vəkilovun  birgə 

fəaliyyətini təsdiq edən daha bir etibarlı sənəd var. O da 1909-cu 

il martın 22-də çap olunan “Molla Nəsrəddin” jurnalının on ikin-

ci sayındadır. Həmin sayda İbrahim ağa haqda iki dostluq şarjı 




General Əli ağa Şıxlinski və silahdaşları

332


verilib.  Birinci  şarjda  küçədə  İbrahim  ağaya  rast  gələn  ziyalı 

müsəlmanların hamısı ona baş əyir, xoş təbəssümlə təzim edirlər. 

Onlar  deyirlər  ki,  sən  Xeyriyyə  Cəmiyyətini  təşkil  et,  biz  sənə 

maddi  cəhətdən  kömək  göstərəcəyik.  İzof  Rotterin  məharətlə 

çəkdiyi  bu  şəklin  altında  belə  yazılıb:  “İbrahim  ağa  Vəkilov 

Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri seçilməmişdən əvvəl”.

İkinci şarjda isə İbrahim ağa küçənin ortasında tək dayanıb. 

Ondan  baş  götürüb  qaçan  ziyalı  müsəlmanlara  baxıb,  acı-acı 

gülümsəyərək, “Bunlara nə oldu?” – deyir. Bu “ziyalı” müsəl-

manların kimisi qaçır, kimisi də gizlicə tindən, dalandan qorxa-

qorxa İbrahim ağaya baxır. Hərbi formalı  İbrahim ağanın indi 

küçədə  əlləri  təəccüblə  açıq  qalıb.  Şəklin  altında  oxuyuruq: 

“Xeyriyyə Cəmiyyətinin sədri seçiləndən sonra”.

Əsrin əvvəllərində İbrahim ağa bir topoqraf kimi çox məşhur 

olub. Qırx ilə yaxın hərbi topoqraf kimi fəaliyyət göstərən İbra-

him  ağa  Vəkilovun  xidmətləri  “Müqəddəs  Anna”  ordeninin 

üçüncü  dərəcəsilə  (1886),  İranın  “Şire-Xorşid”  ordenilə  (1888), 

“Müqəddəs Stanislav” ordeninin ikinci dərəcəsilə (1894), “Mü-

qəd dəs  Anna”  ordeninin  ikinci  dərəcəsilə  (1897),  “Müqəddəs 

Vladimir” dördüncü dərəcəsilə (1903) qiymətləndirilib. 

1902-ci  ildə  Tiflisdə  nəşr  olunmuş  “Rus  imperatorluğunun 

coğrafi birliyinin Qafqaz şöbəsi xəbərləri” kitabının (XV cild) iki 

yüz  əlli  səkkizinci  səhifəsindəki  xəbər  eloğlumuzun  fəaliyyəti 

barədə xoş təsəvvür yaradır: “Podpolkovnik İbrahim ağa Vəki-



lovun rəhbərlik etdiyi dördüncü bölmə Qars qalası rayonunun 

yarımverstlik  miqyası  (məsafədən)  çəkilişini  davam  et dir mək 

tapşırığını almışdı. İndiyə kimi çəkiliş şöbə tərəfindən əla apa-

rılmışdı.  Podpolkovnik  İ.Vəkilovun  coğrafi  çəkiliş  şöbəsində 

kollec  assesoru  Baqdanov,  podyesaul  Borisenko,  podporuçik 

Bekleşov və üç torpaq ölçən iştirak etmişdir”.

1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və 

respublikamızda topoqrafiya məktəbinin yaradıcısı da general-

mayor İbrahim ağa Vəkilov olmuşdur. O, 1918-ci il mayın 28-də 

Azərbaycanın istiqlalını bəyan etmiş Milli Şuranın üzvü idi.



Şəmistan Nəzirli

333


1922-ci il dekabrın 3-də Xalq Komissarlığının və Hərbi Dəniz 

Donanmasının əmrində oxuyuruq:

“Hərbi topoqrafiya şöbəsinin rəisi İbrahim ağa Vəkilov yol-

daş hərbi topoqrafiya kurslarının təşkili və rəhbərliyi sayəsində 

misilsiz xidmətlərinə, eləcə də yeni topoqrafların yetişdirilməsinə 

səmimi vicdanla yanaşmasına görə, topoqrafçıların birinci bura-

xılışının təntənəsi günü, ümumi iclasın qərarlarına əsasən hərbi to-

poqrafiya kurslarının fəxri kursantı seçilmişdir.

Hərbi Dəniz Donanmasının Xalq Ko-

missarı Qərargah rəisi”.

Yeni gələn Şura hökuməti onu “müsavat generalı” kimi gö-

zümçıxdıya salsa da, İbrahim ağa hərbi-elmi, pedaqoji fəaliyyətini 

dayandırmayıb.  Ehtiyac  içində  yaşayan  general  ömrünün  son 

günlərində  hökumətə  yazdığı  ərizəsində  bildirirdi:  “Dulam. 

(Həyat yoldaşı 1923-cü ildə vəfat etmişdi. Tiflisdə dəfn olunub. 

– Ş.N.). Bir çarpayıdan, bir mizdən və bir arakəsmədən savayı 

heç nəyim yoxdur. Oğlumun darısqal evinin kiçik bir küncündə 

yaşayıram...”

Ədalətsizliyə bax ki, arxivdə saxlanan “Hərbi xidmət kitab-

çası”nın “rütbəsi” yazılan qrafasında Sovet hökumətinin hansısa 

xəbis ürəkli bir nümayəndəsi general-mayor sözlərinin üstündən 

tuşla qara xətt çəkib.

Onun çox böyük topoqraf təcrübəsi inqilabdan sonra yalnız 

milli  diviziyalarda  deyil,  həm  də  Respublika  Xalq  Torpaq  Ko-

missarlığı  Topoqrafiya-Geodeziya  İdarəsinin  rəisi  vəzifəsində, 

Azərbaycanın  Qədim  Dövr  İncəsənət  Abidələrini  və  Təbiəti 

Mühafizə Komitəsində işləyəndə karına gəlmişdi.

General İbrahim ağa Vəkilov zəngin arxivi ilə tanış olduqca 

şəkil və sənədlərdə fədakar, vicdanlı, xalqını, millətini sevən bir 

insanın dolğun obrazını açıq-aydın görmək olur.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə