...Həkimlər starşinanın yarasını sarıyıb qurtardılar. Şair üzü pəncərəyə tərəf
dayanıb ağır fikirlərin ağuşundan hələ də ayrıla bilmirdi. Bir neçə dəqiqə
gözləyəndən sonra yaşlı həkim:
- Səməd müəllim, - dedi, - biz gedək. Qurtardıq.
O nə göriyə döndü, nə də cavab verdi. Həkimlər sakitcə çıxıb getdilər.
Starşina dayandığı yerdə ayaq üstə quruyub qalmışdı. Sanki cəsarəti çatmırdı
otursun. Handan-hana geriyə döndü. Sönmüş papirosun külü üstündə idi. Yaralını
ayaq üstə dayanan görüb:
- Oturun, oturun, - dedi, - niyə ayaq üstə dayanmısınız, indi yaranız incitmir
ki?..
- Səməd müəllim, mənə icazə versəydiniz gedərdim, - deyə starşina getmək
istədiyini bildirdi.
- Hara gedəcəksən, otur, bu axşam teatr mənim “Fərhad və Şirin” əsərimi
göstərəcək. Orda xalqımızın qəhrəmanlığı, yenilməzliyi əks olunur, sizə ona
baxmağı məsləhət görürəm. Tələsmə, səni gecə qatarı ilə yola salarıq.
- Mən növbəyə dura bilmərəm, birdən yarama toxunan olar...
- Növbəyə durmaq lazım deyil, - o, stolun üstündən balaca bir kağız götürüb
starşinaya uzatdı, - Al, bunu ikinci kassaya ver, sənə növbəsiz bilet verəcəklər.
Starşina kağızı alıb teatra gəldi. Ona yarusda yer vermişdilər. İndiyədək belə
çilçıraqlı, zərtağlı saray görməyən Həsən heyran-heyran baxırdı. Yavaş-yavaş
yerlərin hamısı tutuldu. O isə hələ yarusda tək idi. Pərdə arxasından gah həzin, gah
da şən musiqi sədaları eşidilirdi. Buradan salon da yaxşı görünürdü. Starşina tanış
bir adam görmək ümidilə salona göz gəzdirdi. Birdən hamı ona tərəf baxıb əl çaldı.
Ayağa qalxanlar da oldu. Həsən də əl çaldı və qeyri-ixtiyari ayağa durdu. Çaşıb
qalmışdı. Fikirləşirdi ki, camaat niyə ona tərəf baxıb əl çalır. Birdən sol tərəfinə
baxdı. Yanında ayaq üstə dayanan şair də əl çalırdı. O özünü itirən kimi oldu. İndi
hiss elədi ki, camaat ona yox, şairə əl çalırmış. Səməd Vurğun bığaltı gülümsünüb:
- Otur, qızıl əsgər, otur, zəhmət çəkmə, - dedi.
Şair bu sözləri o qədər ürəklə, səmimiyyətlə dedi ki, Həsən onun böyük
ürəyinə, diqqətinə və kövrəkliyinə heyran qaldı.
Yavaş-yavaş çilçırağın işığı zəiflədi və tamam söndü. Əvəzində rəngbərəng
işıqlar səhnədə oynaşdı. Əzəmətli musiqinin sədası gurladı. Uca bir qala göründü.
Oğlanlar, qızlar çalıb oynayırdılar. Salonda tam sakitlik idi. Səhnədə bayram edən
xalq müdrik Azər babanın sözlərini təkrar edirdi:
Qoy bir də yuxusuz qalmasın Vətən,
Düşmən atlarının ayaq səsindən!
...Qısa müddətli məzuniyyətdən sonra yenidən cəbhəyə qayıdan Həsən
Həsənov Leninqrad mühasirəsində, Stalinqrad cəbhəsində və Oryol qövsündə
yenidən mərdliklə vuruşdu. Döyüş yollarında onun sinəsini ikinci dərəcəli Böyük
Vətən müharibəsi, Qırmızı Ulduz və Şöhrət ordenləri bəzədi. “Qvardiyaçı”, “Vətən
uğrunda”, “Krasnoye Znamya”, “Kommunist” və başqa qəzetlər starşina Həsən
Həsənovun şücaətindən dönə-dönə yazdı. O, qələbə bayrağını Avstriya torpağına
kimi aparanlardan biri oldu.
...Aradan on bir il keçmişdi. Şair Səməd Vurğun daşsalahlıların qonağı idi.
Ucaboylu, enlikürəkli Həsəni görən kimi zənnlə üzünə baxıb:
- Siz mənə tanış gəlirsiniz, biz hardasa görüşmüşük? - dedi.
Həsən şairə ilk görüşlərini xatırlatdı. Səməd Vurğun gülə-gülə:
- Bəli, - dedi. - O vaxt Vətəni elə qorumasaydıq, bu gün belə xoşbəxt ola
bilməzdik...
6 yanvar, 1979
SƏMƏD BƏY NAMINDA
BİR KİŞİ GÖRDÜM
Borçalı elində bir şəxsi izzət,
Gedib qoca göydə xoş ülfət gördüm.
Aşıq ŞENNİK
Qənsələrin yanında avtobusdan düşdük. Qaranlıqda minib, qaranlıqda da
düşdüyümüzə görə sərnişinlərdən heç biri bizi tanımırdı. Soyuq, çiskinli dekabr
havasında hamı evinə, isti ocağına dağılmışdı. Çöldə qalan ikimiz olduq. Geniş bir
prospektin başında dayanıb Ağanın evini soruşmağa adam axtardıq. Yol yoldaşım
Mahmud əmi əllinci illərdə burada müəllim işləmişdi. Ötüb-keçən illərin
dəyişikliyi, üstəlik də axşamın sazağı, tar qaranlığı onu da çaşdırmışdı. İns-cins
olmayan yad küçədə istiqamət götürməyə çətinlik çəkirdik.
Qarasına prospekt boyu bir az irəlilədik. Sağ tərəfə dönən yolun
başlanğıcında, iki yük maşınının işığında doğma dilimizdə danışığı eşidəndə
eynimiz açıldı. Mahmud əmi irəli durub:
- A qardaşlar, - dedi, - Ağanın evinə yol hardan dönür?
- Düz gəlmisiniz, elə bu küçədir, - dedilər, - odey, darvazasına düşən gur işıq
Ağanın mülküdür.
Qazaxdan ta Sarvana (İndiki Marneuli) kimi Mahmud əmi yol boyu mənə
Daşdəmir ağa Rustəm ağa oğlu Paşayev və onun nəsli-nəcabəti haqqında danışdı.
Demişdi ki, Borçalı mahalında hamı ona Ağa - deyə müraciət edir. Mənə ləzzət
eləyən də yol soruşduqlarımızın cavabı oldu. Onlar demədilər ki, hansı ağa...
Ağanın görüşünə getməkdə iki arzum vardı: biri ulu babası Səməd ağa
haqqında olan əhvalatları eşitmək, biri də onun ana tərəfdən Səməd Vurğunla
qohumluğunu öyrənmək idi.
Evə çathaçatda Mahmud əmi qayıdıb dedi ki, kef bundadı gedək görək Ağa
evdə yoxdu.
Həyəcanımı gizlədə bilməyib:
- Nə danışırsan, - dedim, - bunu Qazaxda desəydin bu sazaqlı qış havasında,
dörd-beş maşın dəyişə-dəyişə bu əziyyətlə gəlməzdik.
- Gəl görək - dedi, - qardaşoğlu, əziyyətdən keçib, daha gəlib çatmışıq, ya
qismət...
- Mahmud əmi, - dedim, - hanı Sarvan camaatı, hələ axşamdandı, amma iraq
olsun, elə bil köçüblər?
- Qorbaçovun aşkarlığının işığına yığışıblar, oğul, - köksünü ötürub. - Allah
pis rəhbərin evini yıxsın, - dedi, - yıxacaq da... Başıpozuqluqdan burda oğru,
quldur çoxalıb. Adam girov aparmaq, ev yarmaq bu saat dəbdi. Ona görə də hamı
axşamdan ocağının başına yığışıb. Bir fikir ver, qapı-pəncərə dəmir barmaqlıqlarla
necə bərkidilib...
Gur işıq düşən darvazaya çatıb dayandıq. Mahmud əmi:
- Ay ev yiyəsi, ay Ağa, - deyib bir-iki ağız çağırdı.
Eyvanın o başında qucağı uşaqlı bir gəlin göründü.
- Ağız, Ağaya de, bir eşiyə çıxsın.
- Ağa yoxdu evdə, kimdi soruşan?
- Haradadı? - Mahmud əminin səsi özü də hiss eləmədən hirsli çıxdı.
- Toya gedibdi. Kimdi ki, Ağanı soruşan?
- Mənəm, Mahmudam, Qazaxdan gəlirəm...
- Bıy, a Mahmud müəllim, sizsinizmi, qoy darvazanı açım, bircə dəqiqə...
* * *
İlahi, insan-insana necə oxşarmış... Ata-babalarımız nahaq yerdə deməyib ki,
insan əkiz doğulur. Kəndində-kəsəyində olmasa da, haradasa onun oxşarı, tən
yarısı var. Şən əhvali-ruhiyyə ilə toydan gələn Ağanı bilmirəm iki qardaşdan
hansına oxşadım. Səməd Vurğuna, yoxsa Mehdixan Vəkilovamı?
Boy-buxunda Mehdixan müəllim, danışıqda, təmkində isə Səməd Vurğun
idi, qarşımda durmuşdu.
- Anamın dediyinə görə mən süd qohumlarım Vəkilovlara çəkmişəm.
İki gün qonağı olduğum Daşdəmir ağa bunu bircə dəfə təvazökarlıqla, həm
də iftixarla etiraf elədi.
- Daşdəmir ağa, - dedim, - qohumun Səməd Vurğunla görüşünüz olubmu?
- Olub, çox gec. O da bircə dəfə. 1955-ci ildə gürcü şairi David
Quramişvilinin 250 illik yubileyinə gələn Səməd Vurğun və Osman Sarıvəlli bizim
qonşu Hidayət Bayramovla Tbilisidə görüşür. Söhbət zamanı Hidayət müəllim
deyir ki, sizin bir qohum Sarvanda bizimlə qonşudur. Saquramoya yubiley
şənliyinə gedən Səməd Vurğun Hidayət müəllimə deyir ki, bizim qohuma salam
söylə, deynən, onun görüşünə gələcəm.
Bir gün xəbər gəldi ki, Səməd Vurğun və Osman Sarıvəlli Faxralı kəndinə
gəliblər, sabah Sarvana gələcəklər. On-on beş kişi maşınlara minib Qızılhacılı
yolunda onları qarşılamağa getdik.
Hamımız cərgə ilə durmuşduq. Maşından düşən şairlər hamı ilə əl tutub
keçirdilər. Səməd Vurğun mənimlə görüşüb dayandı, üzümə diqqətlə baxıb:
Dostları ilə paylaş: |