99
dur, xalası var», «ətini yesə də, sümüyünü çölə atmaz»və s. deyim-
lər bununla əlaqədardır. Qeyd edilməlidir ki, bu, hamıya belə ol-
murdu» (9, 24). Bu məsələ Azərbaycan respublikasının qərb bölgə-
lərinin müasir kənd həyatını tədqiq edən Nərgiz Quliyevanın da əsə-
rində yer almışdır ki, o bu hadisənin əhali tərəfindən «baş vermiş
bədbəxtliyə çarə» kimi dəyərləndirildiyini söyləyir. (22, 59) El ara-
sında yayılan «Yaxşını yada vermək hayıfdı, pisi vermək ayıbdı»
deyimi də müəyyən qədər leviratın qalığı kimi səslənir. Şəxsi fikri-
mə görə məgər ailə, oğlanlardan biri ölərdisə, atasız qalan uşağı və
ocağa gəlin gəlib, lakin dul qalmış qadını saxlamaqda acizlikmi çə-
kir ki, hökmən o biri oğulla nikaha girməyi zəruri hesab edir. Əmi
öz qardaşının ailəsinə öz ailəsi kimi qayğı göstərmək üçün məhz ni-
kahamı girməlidir? Bəzən bu nikah formal xarakter daşıyırdı. Gəlin
ər ocağında qalırdı, lakin qaynı ona toxunmurdu, başqası ilə evlənə
bilərdi. Bəzən isə doğrudan da yeni bir ailə yaradıb həm qadından
olan öz uşaqlarına, həm də qardaşının uşaqlarına atalıq edib sahib
çıxırdı.
Tarixən formalaşan nikah formaları haqqında və toy adəti ilə
bağlı məsələlər barədə qeyd olunan məlumatlarla bərabər, orta əsr-
lərdə yer alan məişətdə bir sıra kök salmış problemlərə də nəzər sa-
laq. Misal üçün, «Zeyl-e tarix-e qozide» əsərində Həmdullah Qəzvi-
ninin ailə münasibətlərinə dair verdiyi məlumatında da aşağıdakı
məsələlər yer alır. O göstərir ki, Əbu Səidin ölumundən sonra onun
dul qalmış arvadı Dilşad Şeyx Həsən Bozorqə ərə getmişdir. Müəl-
lifin şahzadə Satıbəyi də onun öz istəyinə əks olaraq, Suleyman xa-
na kəbin etdi – deməsi orta əsrlərdə nikah haqqında fikir söyləməyə
müəyyən mənada imkan verir (4, 15). Burada nəzəri cəlb edən cəhət
odur ki, siyasi baxımdan çıxış edərək və izdivacı əhəmiyyətli hesab
edərək yüksək dairələrdə əksər hallarda, qızların rəyinə üstünlük
verilmədən nikah bağlanırdı. Bu onu göstərir ki, orta əsrlərdə nikaha
münasibət belə idi. Nikah yüksək zümrələr arasında bağlanırdı.
Şərəfxan Bidlisi Sultan Yaqubun taxt-taca çıxan kimi Şirvan hökm-
darı Fərrux Yasarın qızını aldı (34, 145). Şərəfxan Bidlisi isə
göstərir ki, Sultan Əbu Səid əmir Çobanın sadiqliyini və xidmətini
100
nəzərə alaraq, özünün o biri bacısını (Satıbəyi) Çobana ərə verdi.
Buradan aydın olur ki, arvadı öləndən sonra Çoban baldızını alır.
Bu nikah növü tarixən mövcud olmuş və elmi ədəbiyyatda sororat
kimi adlandırılır (34, 59). Bundan əlavə, Bidlisi 1350–1351-ci illə-
rin hadisələrini şərh edərkən göstərir ki, Məlik Əşrəf Mardin haki-
minin qızına nişanlandı və böyük mərasim təşkil etdi. Lakin onlar
görüşəndə qız onun xoşuna gəlmədi (34, 74). Bu da tərəflərin bir-
birini yalnız toy gecəsi gördüyünü sübut edir. Şərəfxan Bidlisi şah
Təhmasibin oğlanlarının adlarını xatırladarkən onların analarının
türkmən, çərkəz, gürcü olduğu haqqında da məlumat vermişdir. Bu
o deməkdir ki, yüksək təbəqəyə mənsub olanlar bir neçə qadınla
izdivaca girə bilərdilər (34, 232). Bu barədə Vinçenso Alessandri də
məlumat vermişdir. Belə ki, o «kralın müxtəlif arvadlarından olan
on bir oğlu və üç qızı var»-deməklə çoxarvadlılığın yüksək zümrəyə
xas olduğunu vurğulamışdır (27, 83).
Orta əsrlərdə Yaxın Şərq ölkələrinin əksəriyyətində olduğu kimi
saraylarda cariyə adlanan kənizlər xidmət göstərirdilər. Bu cariyələr
adətən müharibələr zamanı əsir düşmüş qızlardan ibarət olurdu və
yaxud kəniz kimi bağışlanırdı. Hökmdarlar bəzən belə cariyələrlə
evlənərək onlara kəbin kəsdirirdilər. İstənilən vaxt onları azad et-
mək də mümkün sayılırdı. Hərəmxanalara xədim və ya xacə adla-
nan xüsusi adamlar nəzarət edirdilər. Ümumiyyətlə, hərəm müqəd-
dəs, qorunan yer anlamı daşıyır. Hərəmin quruluşu da elə tikilirdi
ki, kənardan heç kimsə, onun daxilini görə bilməsin. Qadınların na-
məhrəm olan yad kişiləri görə bilməməsi məqsədi daşıyırdı. Hə-
rəmin bir hissəsi şahın şəxsi otağı idi. Əndərun hissəsi (daxili) cari-
yələrin təlim alması üçün nəzərdə tutulurdu. Hərəmə daxil olmuş
qadınlara Quran, rəqs, musiqi və digər sənətlərlə yanaşı, həmçinin
davranış qaydaları da öyrədilirdi. Hərəm kimi saray kompleksi Şər-
qin digər ölkələrində Çin, Bizans, Hindistan kimi ərazilərdə də özü-
nəməxsus şəkildə mövcud olmuşdur. Qadınlarla kişilərin bərabər
hüquqlarının təmin olunması ilə hərəmxanalar və xüsusən şahlara
məxsus çoxarvadlılıq ləğv olunmuşdu. Ceffi Deket hərəm haqqında
məlumat vermişdir. O qeyd edir ki, şahın (Təhmasib nəzərdə tutulur
101
– Ş.B.) dörd arvadı və istədiyi qədər cariyələri vardır. Əgər cariyə-
lərdən birinin uşağı olardısa, belə uşağa şah öz mirasından verə
bilər, arvadlarından biri ölərdisə, həmin cariyəni onun yerinə xanım
edə bilərdi (61, 156). Orta əsr ərəb mənbələrində Babəkin arvadları
və uşaqlarının əsir alındığı qeyd olunur (63, 85). Bu da orta əsrlərdə
bəzi ailələrdə çoxarvadlılığın mövcud olduğunu göstərir.
Mikele Membre Azərbaycanlı qadınların çox gözəl, gözəl
geyimli, nəzakətli olduqlarını söyləməklə bərabər, həm də ərlər bir
şey istədikdə pulu arvadlarından almalı olduqlarını sözlərinə əlavə
edir. Qızılbaşların arvadlarına böyük sevgiləri olduğunu söyləyən
müəllif qadınların başlarına yalnız gözlərinin göründüyü ağ örpək
örtdüklərini qeyd edir. (27, 52) Bu onu göstərir ki, ailənin maliyyə
məsuliyyəti qadınlarla bağlı idi. Onlar ailə büdcəsinin hara və niyə
sərf olunmasına nəzarət edirdilər.
Azərbaycan xalqının genişürəkliliyi və yardımsevərliyi digər
adətlərlə yanaşı, toy mərasimində də özünü göstərir. Əsrlərdən bəri
süzülüb gələn və sonrakı dövrlərdə də icra olunan «Mürvət toyu»
dediyimizə bir nümunədir. «Bu adətin məzmunu ondan ibarətdir ki,
el-oba, ahıl-cahıl Novruz günü yığışıb kəndin atasız-anasızlarına,
xüsusilə, ailə qurmaq imkanı olmayan oğlan və qızlarına toy edər-
dilər. Ağsaqqalların, ağbirçəklərin təşəbbüsü ilə keçirilən Mürvət
toyunda hərə öz imkanı müqabilində iştirak edir, ətlik qoyun, mal,
kimi düyü, yağ və başqa ərzaq məhsullarını təmənnasız bağışlardı.
Bir sözlə, el–obanın köməyi ilə, iştirakı ilə imkansız oğlanın və ya
qızın toyu edilər, xalq təzə ailə həyatı quranlara öz xeyir-duasını
verər, nəticə etibarı ilə yeni bir ailənin əsası qoyulardı. Çox zaman
evi olmayan belə ailələr üçün əvvəlcədən el gücü ilə hətta ev də ti-
kərdilər» (41, 79). K.Əliyev Strabonun məlumatlarına əsaslanaraq
digər Şərq ölkələrində olduğu kimi Midiya ərazisində bahar bay-
ramı zamanı nikahların kəsildiyini qeyd edir (53, 65). Xalqımızın
sonrakı dövrlərdə də (XX əsr) bir ənənə kimi qoruyub saxladığı
mürvət toylarının keçirilməsi adəti onun daha qədim köklərə malik
olduğunu söyləməyə əsas verir.
Dostları ilə paylaş: |