685
alçaldırmı? Şübhəsiz. Onda səbəb nədi? Başını girləmək cəhdi?
Bəlkə də. Sakit və stabil həyat tərzinə meşşan aludəçiliyi? Ola
bilər. Ya əsas məqsəd – mətnlər yarada bilmək imkanı üçün
özünü qoruyub saxlamaq ehtiyacı? Yəqin bu da var, çünki mən
həyatda vəzifəmi də, xalqım qarşısında əsas borcumu da
mətnlər yaratmaqda görürəm ki, onlar, güman edirəm, məndən
sonra da yaşayacaq və kiməsə gərək olacaq. Bəli, bunlar hamısı
belədir. Amma bir mühüm, bəlkə də ən mühüm cəhət də var.
Biz qısa ömürlü demokratiya təcrübəsindən keçdik. Bu çiy
demokratiya idi, kor, aciz, üzmək bilmədən suya atılmış uşaq
kimi çabalayan demokratiya idi, başlıcası isə ölkəni idarə
edənlərin nə özlərini, nə də idarə etdikləri ölkəni qoruya
bilməyən demokratiya idi.
Bəla bir də ondadır ki, bu adamlar, liderlər, onları
qələmləriylə
dəstəkləyənlər, onların ardıcılları
məğlubiyyətlərindlən heç bir nəticə çıxarda bilmədilər.
(Əslində kim tarixdən, lap elə öz taleyindən ibrət dərsi ala bilir
ki?) Bunlara üstün gələnlər həm də ölkəni dağılmaqdan,
parçalanmaqdan, müxtəlif istiqamətlərdən gözlənilən işğaldan
xilas etdilər. Mənim də bu rejimi qəbul etməyimin əsas səbəbi
bax budur.
Bəli, bizdə müxalifət olmalıdır, mən istəyirəm ki, müxalifət
olsun, hətta indiki qışqırıqçı – karikatur şəklində meydana
çıxırsa da. Amma mən istəmirəm ki, bu müxalifət, hər halda
indiki şəklində və indiki tərkibdə bir daha hakimiyyətə gəlib
hər şeyi yenidən bərbad eləsin. Əgər onlarla xırda partiyalara
bölünmüş, çeşidli maraqlara, liderlərə, onların iddialarına
xidmət edən qruplar birləşə bilmirsə, hətta ən nüfuzlu və ciddi
partiyalar belə buna qabil deyilsə, onda bəs bunlardan hər hansı
biri min bir siyasi, iqtisadi, ideoloji ziddiyyətlərin toqquşduğu,
xarici maraqların üz-üzə durduğu ölkəni necə birləşdirib
bütövləşdirə biləcək? Ona görə də avtoritar rejimin indiki
nisbətən yumşaq variantı – onun bütün qüsurlarını unutmadan
– mənimçün daha üstündür. Heydər Əliyev ikinci dəfə
686
hakimiyyətə gələndə dedim ki, bu bizim son şansımızdır. Mən
indi də fikrimi dəyişməmişəm. Amma o zaman düşün-müşdüm
ki, Heydər Əliyev Azərbaycanın birinci şansıdır, onun yetmiş
yaşında olması isə ikinci şansı.
***
Xalqın dünyaduyumunun formalaşması üçün geosiyasi
iqlim və meteoroloji şərait çox vacibdir. Cənub dənizlərinin –
Xəzərin, Qara dənizin çimərliklərində günəşdən bol-bol
faydalanan, isti sulardan ləzzət alan, kəhrəba qumlara
səpələnən rusları görəndə bu xalqın əsrlər boyu sürən siyasətini
– isti cənub dənizlərinə can atmasını yaxşı başa düşürsən. Bu
isti həsrəti daima üşüyən və daima günəşə boylanan şimal
xalqının genetik yaddaşındadır.
***
Çoxmu düşmənim var? Xalqımın düşmənlərinin sayı qədər.
Nə bir nəfər çox, nə bir nəfər az.
***
Gənc nasir özundən əvvəl yazanlar haqqında elə yekə-yekə
danışırdı ki, elə lovğalıqla onlara qiymət verirdi ki, mən hətta
bir az qorxdum. Daha doğrusu, utandım ki, mən də bir vaxt nə
isə yazmışam. Gör bu cavan ədəbiyyata necə yüksək tələblərlə
yanaşır ki, bizim bütün yazdıqlarımızı bəyənmir. Sonra qorxa-
qorxa onun öz yazılarını oxumağa başladm və … sakit oldum.
Demə, bütün sələflərini bəyənməyən ən adi qrafoman imiş.
Adicə süjet belə qura bilməyən, bir salamat cümlə yazmağa
qadir olmayan cızma-qaraçı. Yazıları yalnız yüz dəfə
deyilmişlərin, yazılmışların zəif və savadsız təkrarıdır.
Təkəbbüründən başqa heç nəyi yoxmuş.
Odur ki, hələ yaşamaq olar. Yazmaq da…
***
Bəxtlərinə nisbətən sərbəst zamanlarda yaşamaq şansı düşən
Vaxt ərköyünləri gərək ağıllarına nə gəldi danışarkən
özlərindən əvvəlkiləri çətin zamanlarda yalan danışmaqdansa
susmaqda suçlamasınlar, sözlərini dolayı yolla deməkdə, Ezop
687
dilində ifadə etməkdə gunahlandırmasınlar. Eynən o cür, azad
ölkələrin vətəndaşlarının repressiv rejimlərdə yaşayanları
fəaliyyətsizlikdə, passivlikdə günahlandırmağa haqları yoxdur.
Məlum deyil ki, bu ərköyünlər başqa vaxtda və başqa ölkədə
yaşasaydılar, özlərini necə aparardılar.
***
Bazar dövrüdür, hər şeylə alver edirlər. O cümlədən guya ki,
keçən dövrlərdə qoçaq olmalarını, cəsarətli hərəkət etmələrini
də bazara çıxarıblar. Hamısı da qəlp mallardır. Olmayanları
olan kimi sırımaq cəhdidir.
***
Qocalıqla gəncliyin bir təfavütü də ondadır ki, gənclikdə
dost qazanırsan, qocalıqda itirirsən. Bəzi dostlarımızı əlimizdən
ölüm alır, bəzilərini həyat.
***
Həyat qoyur ki, yaşayaq? Elmirayla Tofiqin Erika Erikovna
adlı bir tanışları vardı, hansısa Baltik respublikasındandı.
Onlara ev işlərində kömək edirdi. Bir dəfə kimsə ondan xəbər
aldı: Pribaltikadan ölümdən qurtulmaq üçün qaçdınız? Qadın:
– Yox, – dedi, – həyatdan qurtulmaq üçün.
Şekspirə layiq replikadır.
***
Polad Bülbüloğlu bəzən zarafatla məni "Millət atası"
adlandırır. Mən nə millət atası, nə xalqın başbiləni, ağsaqqalı
olmaq istəyirəm. Mən yalnız xalqımın yaddaşı olmağa
çalışıram.
***
Dünya vətənimi eşitmək istəmir, vətənim də məni…
***
Orta Asiya rejimləriylə münasibətlər. Bir tərəfdən hər necə
olsa soydaşlarımızdır, o biri təpəfdən o ölkələrin totalitar
rejimlərinə dəstək verdikdə öz demokratik imicimizi
itirmirikmi?
Dostları ilə paylaş: |