Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə47/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   43   44   45   46   47   48   49   50   ...   245

145

deyil, türk ləhcəsi ilə danışan, görünür, İstanbul təhsilli Əhməd bəy 

adlı məmur Həsən bəyin əyləşdiyi otağa daxil olaraq:

– Əcəba, siz nahar etmədən çalışıyorsunuz? Biliyormusunuz, 

bu,  rəisin  də,  şəhər  qubernatorunun  da  hoşuna  getmiyor?  Siz 

böyle yapmakla nə demək istiyorsunuz? Kardeşim, bir də siz hiç 

acıkmadınızmı?

Həsən  bəy  qınından  çıxıb  qınını  bəyənməyən  bu  yarımçıq 

təhsilli adamın ədasına ilk andan cavab vermək istəməsə də, sonra 

könülsüz dilləndi:

– Narahat olmayın, əziz dost, bu insanlar həftələrlə, aylarla 

ac-acına qapıda gözləyiblər, mən bir gün yeməsəm, nə olar?

–  Bax  bu,  mənim  sorunum  olmadığı  üçün  cavab  verə 

bilmiyorum.

– Onda siz narahat olmayın, mən o qapıda dayanan insanların 

işlərini yoluna qoyub, sonra yemək yeyəcəyəm. 

Həsən bəyin qarşısında dayanıb ona “dərs verməyə” çalışan 

həmkarına bir az da yazığı gəldi. “İnsan içindəki mərhəmət his-

sini  itirərək,  başqasının  dərd  və  faciələrinə  biganə  yanaşmağa 

başlayanda onun özünün də şəxsi faciəsi başlayır. Qəlb boşluğunun, 

düşüncə kasadlığının, harınlığın, mənəviyyatsızlığın faciəsi sonda 

dəhşətə  çevrilir”.  İndi  Həsən  bəyin  qarşısındakı  bu  şəxs  qapı 

arxasında dayanan şikayətçilərdən də zavallı görünürdü. 

İş sona yetəndə Həsən bəy otağını hamıdan sonra tərk etdi. 

Uşaqlığından  içində  daşıdığı  bir  xasiyyət  vardı:  ətrafı  müşahidə 

etməyi, qənaətə gəlməyi, düşündüklərini ümumiləşdirərək düzgün 

qərar verməyi vacib hesab edərdi. Hadisələri, küçə boyu yerləşən 

dükan  və  yeməkxanaları  seyr  edə-edə  kirayə  qaldığı  mənzilə 

doğru  irəliləyirdi.  “Metropol”la  paralel  yerləşən  “Zəfəran”  adlı 

yeməkxanada şam edərək evə qayıtmağı qərara aldı. Qapıdan içəri 

keçən kimi yeməkxananın səliqə-sahmanı xoşuna gəldi. Hər tərəf 

tərtəmiz,  kiçik  mis  masqurada  qoyulan  quru  qızılgül  ləçəkləri 

gülabla qarışaraq ətrafa xoş ətir yayırdı. 

“Qış olmasına baxmayaraq, bunlar quru qızılgülü bu məqsədlə 

masalara  qoyurlarsa,  deməli,  burada  hər  şey  yüksək  xidmətə 

hesablanıb. Bəlkə, bundan sonra mən həmişə burada şam edim”, – 




146

Həsən bəy ətrafı müşahidə edə-edə düşündü.

Uşaqlıqdan çox ət xoşlamadığı üçün səbzi plov sifariş verdi. 

Yeməkxanada  əyləşənlərin  çoxu  əcnəbilər,  İrandan,  Rusiyadan 

gəlmiş qonaqlar idilər. Sifarişini gözləyə-gözləyə Həsən bəy əksər 

qonaqları  müşahidə  edərək,  Bakının  keçmişi,  indisi  və  gələcək 

taleyi haqqında düşündü. 

“Bakı şəhəri daim ləl-cəvahiratlı qadın kimi insanları özünə 

cəlb  edib.  Hamı  onu  görməyə,  onunla  görüşüb  təmasa  can  atıb. 

Ortada  isə  yeganə  səbəb  bu  şəhərdən  faydalanmaq,  onun  var-

dövlətindən “pay qoparmaq” olub. Gəlmələr yad olduğu üçün bu 

şəhərin taleyini qətiyyən düşünməyib, yalnız talamağa çalışıblar. 

Ləl-cəvahirə bürünmüş Bakının doğma övladları isə şəhərlərinin 

var-dövlətindən  faydalanması  imkanlarından  məhrum  ediliblər. 

Qazanc, pul, gəlir yalnız sandıqlar üçün nəzərdə tutulanda, ondan 

heç kimə fayda gələ bilməz. Bəzən “sandıq var-dövləti” onu min 

bir əzabla toplayan insanın özünə də nəsib olmur. Amma bu pullar 

faydalı  işlərə  yönələndə,  minlər,  milyonlar  ondan  bəhrələnir,  o 

zaman həm qazanc artır, həm də bərəkət. Bir könül, göz toxluğu 

insanların düşüncəsinə hakim kəsiləndə işlər də öz axarına düşür”. 

Qarşısına qoyulan zəfəranlı plovun qoxusu Həsən bəyi dərin 

düşüncələrdən  ayırdı.  Tərxunu,  kərövüzü,  kəvəri  yerində  idi, 

səbzi plovun içindəki ətlər çox yaxşı doğranmışdı. Yeməkxanada 

çalışanların  hər  bir  işdə  peşəkarlıq  ortaya  qoyması,  isti  təndir 

çörəyi, motal pendiri, süzmə-qatıq və digər nemətlər də Həsənin 

çox  xoşuna  gəldi.  O,  bir  qayda  olaraq,  yemək  zamanı  süfrəyə 

min çeşiddə yemək qoyulsa da, yalnız birini seçərdi, heç zaman 

hansısa yeməyi o biri ilə qatmazdı. Nəyi necə yemək, hansı yeməyi 

nə ilə qarışdırmamaq haqqında Həsənin öz qaydaları olduğu üçün 

o,  mədə  ağrılarından  heç  zaman  şikayət  etməzdi.  Həsən  bunu 

yaxınlarına  da  tövsiyə  edərdi.  Bu  gün  də  o,  yalnız  səbzi  plov 

yeməklə kifayətləndi, qulluq edənlərə təşəkkürünü bildirdi. 

Qayıtdıqda kirayə qaldığı evin sahibi onu gülərüzlə qarşıladı: 

–  Ay  oğul,  dünən  səni  qarşılaya  bilmədik,  açarı  qonşuya 

vermişdik. 

–  Xoş  gördük!  Narahat  olmayın,  hər  şey  yaxşı  oldu.  Sizin 




147

də başınız sağ olsun. Əslində, mən də yas yerinə gəlmək istədim. 

Rəhmətliyin qırxına birlikdə gedərik. 

 – Sağ ol, ay oğul.

 – Rəhmətə gedən cavan idi?

 – Cavan deyəndə, 48 yaşı vardı. Ailəsi böyük olduğu üçün 

heç bir təhlükəni nəzərə almadan harada pullu iş vardısa, özünü 

ora verirdi, axırı da belə… Heç quyu sahibi yaxına da gəlmədi, 

qohumlarının biriylə bədbəxtin bir aylıq məvacibini göndərmişdi. 

Olan bizə oldu, qazanan isə o. İnsanlıq, iman, Allah qorxusu elə bil 

bu varlı insanlardan qaçaq düşüb.

Həsən bəy bu dərdli adamı ovudacaq söz tapa bilmirdi. Dərd 

sözlə ovunmur, çarə ilə yüngülləşir. Həsən bəy:

– Siz quyu sahibinin özüylə danışın. Altı uşağın taleyini izah 

edin  ona.  Deyin,  əgər  onun  yetim  qalmış  uşaqlarına  müavinət 

verməsə, siz də onu məhkəməyə verəcəksiniz. 

– Elə şey olarmı? Dünya dağıla, o, buna razı olmaz. Bir də, ay 

oğul, o, pullu adamdır, idarələr, məhkəmələr onun tərəfini tutacaq, 

elə bu soyuqda yol gedib-gəlməyim, ərizə yazanlara pul tökməyim 

özümə qalacaq. Gəl, ay oğul, gəl, səni söhbətə tutmuşam, işdən 

gəlirsən,  yemək  hazırdır,  buyur  evə,  bizimlə  bir  parça  çörək 

kəsərsən…

–  Yox,  sağ  olun,  Ağahüseyn  əmi,  mən  toxam.  Bir  də,  bu 

məhkəmə məsələsində mən sizə kömək edərəm. Siz qorxmayın, 

qardaşınızın uşaqlarının hüququnu müdafiə edin. Əvvəl sahibkarın 

adamlarıyla,  ya  da  özüylə  danışın.  Sonra  biz  aldığınız  cavaba 

uyğun hərəkət edərik. 

Ağahüseyn  kişi  söz  tapa  bilmirdi.  Belə  dövlət  işçisi  olar? 

Varlı-karlı  milyonçunu  qoyub,  kasıbı  müdafiə  etsin.  Mən  belə 

adam görməmişəm, bunu Allah göndərib, vallah, Allah göndərib!

Həsən  bəyin  İçərişəhərdə  yaşadığı  ikinci  ay  idi.  Məhəllədə 

çoxları onunla ehtiramla salamlaşırdı. Boş vaxtlarında çayçı, yaxud 

sənətkar  emalatxanalarında  5-10  dəqiqəlik  ayaqüstü  dayanar, 

dükan  sahiblərinə  vaxt  ayırar,  tövsiyə  verərdi.  Əksər  halda  da 

övladlarını oxutdurmağı məsləhət görərdi. 

– Bax bir ərizəni yazmağa belə adamınız yoxdur. Şikayətlərinizi 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə