36
“ikili oyun” gedir. Gözləntinin təsdiqi və inkarı. Sənədli nəsrdə isə hadisələr və qəhrəmanlar mütləq
halda sənin gözləntini təsdiqləyir.
Sənədli nəsr bədiililiyinə görə bədii nəsrə, reallıq və üslub tərzinə görə isə publisistikaya
bənzəyir. Bəs onda sənədli nəsri bədii nəsrdən və publisistikadan necə fərqləndirmək olar? Bədii
nəsrdə yazıçı təxəyyülünün nəticəsi olan, zaman və cəmiyyəti özündə birləşdirən obrazlara müraciət
edir. Qəhrəmanlarını da, azad surətdə, onu cəlb edən zamana və məkana, məqsədini açıqlaya
biləcəyi hadisələrin mərkəzinə atma ixtiyarına malikdir. Lakin sənədli nəsrdə yazıçı təsvir etmək
istədiyi şəxsiyyət və hadisələrlə bağlı real faktlardan kənara çıxa bilməz.
Ə.Rəsulov
“Türk sənədli-bədii nəsri” monoqrafiyasında qeyd edir: “
Türk tənqidçisi
Ə.Camala görə, sənədli nəsrdə bədii obraz yoxdur deyə, o, obrazlılığı inkar edir. Lakin sənətkarlıq
xüsusiyyətlərini aydınlaşdıranda görürük ki, sənədli nəsrdə obraz da var, obrazlılıq da. Ancaq bu
obrazlar yazıçı təxəyyülünün məhsulu yox, mahiyyətcə real-ictimai xarakter daşıyır”. [3, 67]
XX əsrdə Azərbaycan ədəbiyyatında da, digər xalqların ədəbiyyatında olduğu kimi, sənədlər
və faktlar əsasında yazılan əsərlərin sayı çoxalmaqdadır Lakin bu sahə ilə bağlı araşdırmaları və
tədqiqatları çox azdır. M.S.Ordubadinin “Qanlı illər”, R.Hüseynovun “Cavidlər” və “Millətin
zərrəsi”, Anarın “Sizsiz”, “Kərəm kimi”, “Həyatım ağrıyır”, “Gecə yarısında hadisə” kimi əsərləri
bu qəbildəndir.
Sabir Əhmədlinin “Yazılmayan yazı”, Əli Əmirlinin “Ağdamda nəyim qaldı”, Seyran
Səxavətin “Qaçaqaç” avtobiqrafik romanlarında da sənədli nəsrə məxsus xüsusiyyətlər daha aydın
müşahidə olunmaqdadır.
Sənədli nəsrin inkişafına töhfələr verən Mustafa Çəmənlinin “Fred Asif” və “Mübariz”
povestləri Qarabağ müharibəsinə həsr olunmuşdur. Yazıçı real şəxsiyyətləri və hadisələri dəqiqliklə
verməyə çalışmışdır. Onun obrazların xarakterini açmaq üçün istifadə etdiyi faktlar, məkan, zaman
və təbiətin dolğun təsviri əsərlərinin bədiiliyini gücləndirir. “Uydurulmayan” nəsrin nümunələri
olan “Fred Asif” və “Mübariz” müəyyən dövrlərin tarixi hadisə və şəxsiyyətlərini polifonik
müzakirəyə cəlb edir.
M.Çəmənli “Fred Asif” adlı sənədli əsərini Ağdamda – İmarətin – Qarabağ xanlarının ailəvi
sərdabələrinin yaxınlığında Yusif kişinin evində böyüyən on bir övladından biri olan Asif
Məhərrəmovun şücaət dolu həyatına həsr etmişdir. Asif üçün uşaqlıqdan mənlik və şərəf, onu
qorumaq ən dəyərli xüsisiyyətlərdən idi. Gələcəyin ona gətirəcəyi töhfələri səbirsizliklə gözlədiyi
bir zaman o, “üst-stə çinlənmiş 25-likləri”, “dayı”sının olmaması səbəbilə, kənd ağsaqqallarının
yoluna qoya biləcəkləri uşaq davasını (özgəsinin haqqını müdafiə etmişdi) cinayət, “xuliqanlıq”
adlandırıb 2 il azadlıqdan məhrum edilir. Bu yalnız Asifin başına gəlmiş bir bəla deyildi. Müəllif bu
faktı göstərməklə məhkəmə işçilərinin, ümumiyyətlə, vəzifə adamlarının səlahiyyətlərindən sui-
istifadələrini ön plana gətirir. Pul üçün insanlıqlarını satan mənsəb sahiblərinin insan taleyilə
oynamalarını tənqid edir. Təmizlik, saflıq dövrü kimi xalqın beyninə yeridilməyə çalışılsa da, sovet
hakimiyyətinin də bu cür “günahlarla” hökm sürdüyünü, insan faktorunun nəzərə alınmamasını
müəllif kiçik epizodlar vasitəsilə oxucuya çatdırmağa çalışır.
“Fred Asif” əsərində təhkiyənin məkanı genişdir. Burada sosial həyat, sosial ədalət, insanın
qəlbindəki həqiqətlər, insan problemi ön plana gətirilir.
M.Çəmənli iki dəfə “türemşik” adı qazanmış “bəxti yeyin” cavanın, düşdüyü çətin və gərgin
situasiyalarda əxlaqi keyfiyyətlərini itirmədiyini, mənən güclü olduğunu göstərir.
Həqiqətən də, insanın əsl gücü imkanların sona çatdığı məqamlarda üzə çıxır. Yazıçı əsərdə
müharibənin insan qəlbinə necə təsir etməsini bədii təsvirin mərkəzinə çəkir. Müharibə insanın
içində olan pislikləri üzə çıxmağa şərait yaradan faktor kimi səciyyələndirilir. Lakin zülm və
itkilərin şahidi Asif insanlığını unutmur və intiqam hissi ilə yanıb qana-qan deyən əsgərləri
sakitləşdirməyə çalışırdı: “Biz ən ağır dəqiqələrdə alicənablığımızı, nəcibliyimizi unutmamalıyıq.
İnsanın diri-diri başını kəsmək bizim dinimizdə, adətimizdə yoxdu. Allaha ağır gedər.” [4, 94]
Sənədli nəsrin problemləri
(Mustafa Çəmənlinin “Fred Asif” və “Mübariz” adlı sənədli povestləri əsasında)
37
Əsəri oxuyanda görürük ki, Fred Asif vətənpərvər olsa da, milliyyətçi, şovinist, qəddar
deyildir. O, ermənilərin böyükdən-kiçiyə namərd olduğuna, insan xislətindən çıxdıqlarına
inanmırdı. İşgəncə, faciə törətmiş xalqa qarşı belə törədilə biləcək qəddarlıq və işgəncənin əleyhinə
idi. Fred Asifin özünəməxsus insanlıq kodeksi var idi. Hər döyüşdən öncə yoldaşlarına xatırladırdı:
“Eşidəm-biləm, əsir düşmüş bir adama işgəncə vermisiniz, incitmisiniz, gözümə görünməyin. İllah
da yaşı altmışı keçən qocaya, qadına. Bu yaşda olan bu gündən sonra nə övlad doğasıdı, nə əkəsi.
Onsuz da Allah tərəfindən onun ömrü üzülüb, amma qoy sənin əlinlə üzülməsin. Biz döyüşçüyə
qarşı döyüşürük.” [4, 94]
İnsan qəlbini açan, silahdan daha güclü təsirə malik bu cür psixoloji detallar qəhrəmanın –
Fred Asifin mənəvi yüksəlişini, gücünü daha da inandırıcı edir.
Fred Asif siyasəti məqsədli, təmənnalı adlandırır. Bu fikirlə bağlı müəllifin Fred Asifə haqq
qazandırdığını hiss etmək mümkündür. Doğrudan da, təmənna olan yerdə haqq-ədalətdən danışmaq
olmaz. Dünənə kimi Azərbaycan kişisinin bir sözü bir imzaya bərabər idisə, bu gün artıq öz
məqsədləri, təmənnaları uğrunda bir qisim insanın siyasət adı altında manevrbazlıq etməsi, milli
mənafenin unudulması yazıçının qələmindən yan keçmir.
Müharibə Fred Asifin sərkərdəlik qabiliyyətini, sabahı görmə fəhmini üzə çıxarır. Döyüş
strategiyası, əsgərlərlə ədalətli davranışı ona etibar və etimad qazandırır. Asifə görə müharibədə
insan sərt olmalı, hər cür itkiyə, doğma qardaşı belə olsa, hazır olmalıdır. Burada yazıçı döyüş
etikasını təqdim edir. Lakin Xocalıya köməyə gedərkən əzab və ölümdən, təcavüzdən xilas edə
bilmədikləri qız-gəlinlərin, uşaqların halı Fred Asifi sarsıdır. Mustafa Çəmənli bu iztirablar
vasitəsilə qəhrəmanının mənəvi keyfiyyətlərinin açılmasına xüsusi diqqət yetirir. Ona görə vətənə,
xalqa bağlılıq, adət-ənənələrə verilən qiymət, təbiətə yaxınlıq, onu duymaq, milli musiqi və
poeziyaya münasibət qəhrəmanda milli düşüncə tərzini formalaşdıran vasitəyə çevrilir. Fred Asif
yenilikləri qəbul etsə belə, tərbiyə olunduğu, alışdığı “patriarxal həyat” (Patriarxal həyat “milli
yaşayış”ın əsl atributu kimi qavranılır) tərzini sürür [5, 84]. Bir tərəfdən xeyirxah, saf, vicdanlı,
digər tərəfdən isə çılğın, sərt olan Asifin xarakterindəki ziddiyyətlər sevdiyi qadınla münasibətində
də özünü göstərir. Müstəqil, azad, “ayağı üstündə durmağı” bacara biləcək qadın mühafizəkar
düşüncə tərzindən xilas ola bilməyən Asif üçün qəbuledilməzdir. Onun aləmində qadın, müti
şəkildə, övladı və evi ilə məşğul olmalıdır. M.Çəmənli bu yanaşmanın onu tənhalığa , peşmançılığa
yuvarladığını incə psixoloji detallarla qələmə ala bilmişdir.
Müəllif Asifin dili ilə köçkünləri qınayanların şübhəsini dağıtmaq üçün müharibənin
çətinliyini, əzabını, mümkünsüzlüyünü faktlarla göstərir. Xalqı, vətəni uğrunda canından keçən,
ölməzlik zirvəsinə ucalan qəhrəmanın həyəcan, ölüm qorxusu, qadağalar, itkilərlə dolu qəddar
döyüşlərini səciyyəvi cizgilərlə təsvir etməyi bacarır. Təsvirlər o qədər canlıdır ki, insan özünü
həmin proseslərin iştirakçısı kimi hiss edir, həyəcanlanır. Hadisələrin bu qədər real təsviri müəllifin
həmin döyüşlərdə iştirakı təəssüratını yaradır.
Dustaqlıq, səngər həyatı, qəlbini didən düşüncələr, itkilər onun həyata bağlana bilməməyinin
səbəbi kimi təqdim olunur. Tanrının verdiyi nemətlərdən istifadə etmədiyinə görə cəzalanaraq tək
qalan Asifin son günləri sarsıntı və tənhalıqla doludur. Dostuna dediyi “Anama de, ağlamasın...
Mən səhrada bitmiş tənha çiçəyəm” ifadəsi onun ruhunun ümidsiz tənhalığın əksidir, qəhrəmanın
düşüncə tərzi haqqında müəyyən təsəvvür yaradır.
Müəllif Milli qəhrəman Asif Məhərrəmovun xarakterini, həyat yolunu çox diqqətlə izləyir,
döyüş yoldaşlarının, dostlarının, ailəsinin dediklərinə istinadən “Fred Asif” adlı sənədli əsərinin
qəhrəmanının mənəvi portretini çızır. Allahsız, imansız, tərifbaz, vəzifə düşgünü, yaltaq, ikiüzlü
insanlara qarşı olan Asifi haqq elçisi, düzlük carçısı, mərdlik simvolu kimi təqdim etməyə çalışır və
əsasən buna nail olur.
Ümumilikdə, əsər sənədli nəsrin bütün qanunlarını özündə əks etdirir. “Fred Asif” povesti
sənədlər, şəkillər, fonoqrammalar (səs yazıları), şahid qeydləri, təəssüratlar, araşdırmalar, təhlillər
Babayeva A.N.