14
teleqramla
müraciət edərək bildirdilər ki, biz həmişə sənə sadiq qalacağıq. İmperator uzun illər
boyu bu əsilzadə generallara inanmaqda zərrəcə səhv etməmişdi.
Hüseyn xan Naxçıvanski döyüşən ordu generalı idi. O, bütün rütbə və təltifatlara məhz
cəbhələrdəki xidmətlərinə görə layiq görülmüşdü. O, buyruq və məiyyət generalı deyildi.
Hərbçilər daha yaxşı bilirlər ki, süvari qoşunu üzrə tam ali general rütbəsinə çatmaq nə qədər
böyük istedad və sərkərdəlik bacarığı tələb edir. Hüseyn xan Rusiyanın o dövrdəki adlı-sanlı
generalları ilə birgə işləyirdi. Şöhrəti bütün Rusiyanı dolaşan, A.Brusilov, Y.Barsukov,
M.Draqomirov, Y.Alekseyev kimi generallar, onun ordu heyətindəki, müharibədəki döyüş
xidmətlərini yüksək qiymətləndirirdilər.
Yəqin ki, Hüseyn xan Naxçıvanskinin birinci dünya
müharibəsindəki xidmətlərini Dövlət mükafatı laureatı, hərb elmləri doktoru, professor, general-
mayor Yevgeni Barsukovun yüksək qiymətləndirməsindən F.Nesterovun xəbəri olmamış deyil.
Müharibənin ilk iyirmi gününü təsvir edən Barsukov, general Naxçıvanskinin müvəffəqiyyətli
hücumu haqqında yazır:
“Bir döyüşdə Xan Naxçıvanskinin
süvariləri beş batalyonu, iki eskadronu, on iki topu
İnster çayının o tərəfinə ataraq, iki top və dörd qutu mərmi ələ keçirmişdilər. İnster çayında,
Meşken Kraupişken və Lauqaden yaxınlığındakı bərələr tutulmuşdu.
Naxçıvanski 1914-cü ilin avqustunda Şərqi Prussiyaya yürüşdə iştirak etmişdir. General-
leytenant Hüseyn xan rus süvarilərinin ən yaxşı hissələrinə-birinci və ikinci qvardiya süvari
diviziyalarına komandanlıq edirdi. Avqustun on beşindən iyirmi birinədək məşhur Qumbien
döyüşlərini qələbə ilə başa çatdıran Naxçıvanski süvariləri, həm
də birinci ordunun kəşfiyyat
əməliyyatını aparmış və döyüşdə onlara kömək etmişlər. Az sonra Hüseyn xanın qvardiya
süvariləri Kraupişken şəhəri ətrafında, səkkiz kilometr məsafədə özünə müdafiə mövqeyi tutmuş
almanlarla döyüşə girdi. Bu, həlledici döyüş idi. Almanlar bir addım belə geri çəkilmək
istəmirdilər. Onlar ilk gündən hücumu şiddətləndirib İnster çayı sahillərini tutmağa çan atırdılar.
Düşmən tərəf Naxçıvanski süvarilərinin güclü hücumuna tab gətirmədi. İlk dəfə süvari qvardiya
alayının eskadrolları almanların müdafiə xəttini yarıb bir neçə topunu ələ keçirdi... Çoxlu zabit
və əsgər itkisi verən düşmən tələsik geri çəkildi.
Sentyabr ayında düşmən cəhd edirdi ki, iki rus korpusunu birləşdiyi yerdə yaxalasın və
onlara qəfil zərbə endirsin. Düşmənin bu niyyətini hiss edən general Naxçıvanski Qordauen-
Nordenberq dəmir yolu boyunca mövqe tutaraq şiddətli döyüşləri dayandırmadı. Almanların
cəbhəni yarmaq cəhdi baş tutmadı.
Birinci dünya müharibəsi cəbhələrində göstərdiyi misilsiz qələbələrə və sərkərdəlik
məharətinə görə, Hüseyn xan Naxçıvanskiyə 1916-cı il yanvarın iyirmi üçündə tam süvari qoşun
generalı rütbəsi verildi.
Bir çox ali mükafatlara layiq görülən və zabitlərə məxsus “Müqəddəs Georgi” ordeninin
dörd dərəcəsi ilə təltif olunan görkəmli hərbi xadim Hüseyn xan Naxçıvanski 1919-cu ildə
Petroqradda vəfat etdi. Onun məzarı Aleksandr Nevski monastrının qəbiristanlığındadır.
CƏMŞİD XAN NAXÇIVANSKİ
O, Kəngərli nəslindən olan axırıncı generaldır. Onun general babalarının hamısı qoca
yaşında öz əcəli ilə vəfat edib. Tale Cəmşid xana cəmi qırx üç il ömür qismət elədi.
Onun da
iyirmi altı ilini hərbi fəaliyyətdə keçirdi. Ömrünün ən qaynar çağında otuzuncu illərin haqsız
qurbanlarından biri oldu. Günahı da bu idi ki, qardaşı Davud və Kəlbalı İranda şah qvardiyasında
xidmət edir. Guya Cəmşid xan da başçılıq etdiyi “casus-təxribatçı dəstəsi” ilə onlarla sıx əlaqə
saxlayır. Azərbaycanda şura hökuməti yarananda hər iki qardaş rəsmi şəkildə icazə alıb İrana
getdilər. Tezliklə İran ordusunda ad-san qazanıb yüksək rütbə aldılar. Lakin otuzuncu illərdə
şahənşah Davud və Kəlbalı qardaşlarına inamı itirdi. Səbəbi də ondan ibarət idi ki, onların
qardaşı Cəmşid xan Naxçıvanski Qızıl orduda briqada komandiridir. Axı vaxtilə onların ata
babaları rus qoşunlarını Naxçıvana çağırmışdı, İran ordusuna qarşı vuruşmuşdu. Görünür,
şahənşaha bu məlumat da çatdırılıbmış... Ona görə də şahənşah onları güllələtdirir. Bu tayda,
15
1938-ci ilin mayında Cəmşid xan həbs edilib güllələnəndə artıq dörd il əvvəl qardaşları İranda
qətlə yetirilmişdi. Onda C.Naxçıvanski, Moskvada M.Frunze adına Ali Hərbi-Siyasi
Akademiyanın ikinci kurs rəisi kimi yüksək vəzifədə işləyirdi.
“Onun dalınca gecə gəldilər. Axtarış aparmaq üçün şahid gərək idi. Dalandar şahidlik
etməyə etiraz etdi: “Kim olsaydı gedərdim, bircə Naxçıvanskidən başqa. Mən onun gözünə necə
baxaram?”. Həbs etmək barədə orderlə qara emkada gələnlərdən biri pillələri tələsik qalxdı.
Qapını açan ev sahibəsinə hövlnak dedi: “Lap qiymətli nəyiniz varsa gizləyin”. Qızıl
ordunun
xan nəsilli briqada komandiri Cəmşid Naxçıvanski pula-mala qətiyyən tamah salmayan bir insan
idi.
Vidalaşarkən o, qızı Aliyənin yuxulu gözlərindən öpdü, arvadını bağrına basdı: “Özündən
və uşaqdan muğayat ol! Mənim heç bir günahım yoxdur. Tezliklə qayıdacağam!..” - dedi.
O, uzun illər keçəndən sonra qayıtdı. Qayıtdı ki, xalqın yaddaşında əbədi qalsın” (Qriqori
Akselrod “Xan nəsilli briqada komandiri”. “Nedelya” qəzeti № 17, 1988-ci il).
O dövrdə haqsız güllələnən briqada komandiri Cəmşid xan Naxçıvanski, diviziya
komandiri Qambay Vəzirov, komissar Heydər Vəzirov, Cabir Əliyev,
polkovnik Cəlil Əliyev,
Seyfulla Mehdiyev, Qalib Vəkilov və Soltanhəmid Paşayevin sənədləri ilə tanış olanda, sağ
qalan müasirlərindən general-mayor Akim Abbasovun, professor Əyyub Əsgərovun və onların
ailələrinin xatirələrini dinləyəndə yanıb-yaxılırsan. Adamı yandıran odur ki, bu igid
komandirlərin fəaliyyətində yeni quruluşa qarşı hardasa zərrəcə inamsızlıq, səhv və büdrəmələr
tapa bilmirsən. Bəs haqsız qan niyə axıdılıb, onların ailələri sürgünlərdə min bir əziyyəti niyə
çəkib? Stalinin əshabələri - Beriya, Bağırov belə görkəmli hərbi xadimlərimizi qanlı
“təmizləmə” maşınında niyə məhv ediblər? Suallar, suallar... Onlara cavab tapmaq çətindir.
Otuzuncu illərdə bağları doğradılar ki, bəylər salıb, bəhrəsini yemək olmaz. Evləri
uçurdular ki, xanlardan qalıb. Məscidləri bağlayıb allahsızlar ittifaqı yaratdılar. Oğulları həbs
edib öldürdülər ki,
nəsli bəy olub, xan olub.
Bu gün tarix bu səhvləri boynuna aldığına görə otuz-qırxıncı illər dövründə və əllinci
illərin əvvəllərində repressiya qurbanlarına bəraət verir. Onların şərəfinə abidələr ucaldır,
küçələrə, meydanlara onların adı verilir. Nəhayət, gənc nəsil gec də olsa görkəmli ata-babalarının
xatirəsi önündə mənəvi borcunu yerinə yetirir.
Heç bir “casus-təxribatçı dəstəsi” olmayan (əslində belə bir dəstə yox idi), İrandakı
qardaşları ilə heç vaxt məktublaşmayan Cəmşid xan da, o vaxt çox adi bir hala çevrilən müdhiş
cəzanın qurbanı oldu. Günahı isə xan nəslindən olmağı idi.
Haqqında söhbət açdığımız Kəngərlilərin xan nəsli Azərbaycan hərb tarixinə qızıl
səhifələr yazmış Cəmşidi 1895-ci il avqustun iyirmi üçündə dünyaya bəxş etdi. O, yeddi yaşına
çatanda anası Fərəntac xanımdan Azərbaycan dilində yazmağı, dayəsi Anna İvanovna
Nikolayevnadan isə rus və fransız dillərində danışmağı öyrənmişdi. Səkkiz yaşlı Cəmşidi rus
ordusunun zabiti olan atası Cəfər xan Tiflisdəki yunkerlər məktəbinə qoyur. Bir il sonra
Qərbi Ukraynadakı Yelizavetqrad (İndiki Kirovqrad şəhəri - Ş.N.) qvardiya məktəbinə
göndərilir. 1914-cü ildə podporuçik rütbəsi ilə qvardiya məktəbini bitirir. Birinci dünya
müharibəsi başlananda imperiyanın müsəlman əhalisindən
təşkil olunmuş tatar süvari
eskadronunun komandiri təyin olunur.
Cəmşid Naxçıvanski hərbi məharəti ilə ilk dəfə birinci dünya müharibəsində ad-san
qazanmışdı. O, “Brusilov cəbhəsi”nin yarılmasında iştirak etmiş. “Müqəddəs Georgi” ordeninin
dördüncü dərəcəsi ilə təltif olunmuşdu. Avstriya və Rumıniya cəbhələrində üç dəfə yaralanan
Naxçıvanski igid bir süvari zabiti kimi gümüş silahla təltif edilmiş və ikinci, üçüncü, dördüncü
dərəcəli Anna, ikinci, üçüncü dərəcəli Stanislav ordenləri ilə mükafatlandırılmışdır.
Cənub-qərb cəbhəsi dağıldı. Cəmşid Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə
doğma Azərbaycana qayıtdı. Füsunkar Qarabağın Şuşa şəhərində yerləşən alay daşnak tör-
töküntülərinə və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etdi.
Azərbaycanda Aprel inqilabından bir neçə gün sonra respublika Xalq Komissarları
Sovetinin sədri Nəriman Nərimanov Şuşaya təcili teleqram göndərdi. O,
alay komandiri Cəmşidə
təklif edirdi ki, dərhal Bakıya qayıtsın və milli ordu hissələrinin təşkilinə başlasın. Onun