84
barədə yazılı iltizam verəndən sonra Rusiyaya qayıda bilərdilər. Stesselin ətrafındakı mürtəce
fikirli bir qrup zabit dillərindən belə bir iltizam verdilər. Lakin xalqımızın
igid oğlu Səməd bəy
Mehmandarov belə bir alçaq, zabit şərəfini təhqir edən vəddən boyun qaçırdı. Bir daha
Yaponiyaya qarşı müharibədə iştirak etməcəyi barədə dilindən iltizam vermədiyinə görə general-
mayor Səməd bəy Mehmandarov əsir alınıb Yaponiyaya göndərildi”. O, 1906-cı ildə Portsmut
müqaviləsi bağlandıqdan sonra Rusiyaya qayıda bildi.
Məşhur Port-Artur qalasının üç yüz otuz iki günlük müdafiəsi general Səməd bəy
Mehmandarovun taleyinə belə qismət oldu.
BİRİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ
Sərkərdə kimi böyük şöhrət qazanmış Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskidən
danışanda talelərində oxşarlıq olan iki məşhur musiqi xadimlərimiz yada düşür. Üzeyir bəy
Hacıbəyov və Müslüm Maqomayev. Üzeyir bəylə Müslümün taleyindəki oxşarlıqları hər iki
görkəmli hərbi xadimin həyatında da görmək olar. Onların hər ikisi bir ildə anadan
olublar, eyni seminariyanı bitiriblər. Əliağa Şıxlinski də Üzeyir bəy kimi övlad həsrətilə
dünyadan köçdü. Tale Mehmandarova və Müslüm Maqomayevə övlad da verdi, şöhrət də.
Amma Əliağa və Üzeyir bəyə nisbətən tez dünyadan köçdülər.
Hər ikisi 18 yaşından əsgər çəkməsi geyindi,
Peterburqda oxudular, Port-Arturda, Birinci
dünya müharibəsində vuruşdular. Tam artilleriya generalı kimi ali rütbə aldılar.
Birinci dünya müharibəsi başlananda Mehmandarov Vladiqafqazda yerləşən 21-ci
piyada diviziyasının komandanı idi. Bu vaxtadək həyatında bir çox mühüm hadisələr baş
vermişdi. Əsirlikdən qayıdan kimi yeddinci Şərqi Sibir artilleriya briqadasının komandanı
təyin edildi, az sonra ona daha məsul vəzifə tapşırıldı. – Üçüncü Sibir ordusunun
korpusunda artilleriya rəisi oldu. 1908-ci il Səməd bəyə bu yüksək vəzifədən başqa daha iki
böyük sevinc bəxş etdi. Həmin il iyulun on üçündə onu general-leytenant rütbəsilə təltif etdilər.
Noyabrın 18-də isə tale uzun intizardan sonra ona oğul payı göndərdi. Səməd bəy ona Pir adı
verdi. Sonralar İqor adını daşıyan Mehmandarov otuzuncu illərdə general atasına görə çox
əzablar çəkdi. 1988-ci ildə Bakıda görüşdüyüm İqor Mehmandarovun danışdığı bir
epizodu heç
vaxt unuda bilmirəm.
- Atamdan sonra tez-tez anamı və məni çekaya çağırırdılar. Min cür hədələyici suallar
verirdilər. Suallara düzgün cavab versək də, verməsək də bizi döyüb incidirdilər. Bir dəfə lap
cana doyub ağlaya-ağlaya soruşdum ki, axı, məni niyə döyürsünüz? Verdiyiniz sualların cavabını
mən həqiqətən də bilmirəm, yalandan nə deyim? Mənim günahım nədir?
- Günahınız ondan ibarətdir ki, özünüzə yaxşı valideynlər seçməmisiniz.
Qəribə məntiqdir, nə vaxtdan övlad özünə valideyn seçib?.. 1910-cu ilin ilıq may günlərindən
birində uzun ayrılıqdan sonra doğma Qafqaz Səməd bəyi qəhrəman oğul kimi qoynuna aldı. O,
Tiflisdə yerləşən birinci Qafqaz ordusunun korpusunda artilleriya rəisi təyin edildi.
Səməd bəyi yaxından tanıyan mayor Hacıağa İbrahimbəyli 1946-cı ildə çap etdirdiyi
“Səməd bəy Mehmandarov” adlı kitabçasında iftixarla yazır:
“Rəsmən hərbi akademik təhsili olmayan bir zabit yalnız böyük bacarığı sayəsində, hərbi
xidməti çox sevdiyinə, döyüşlərdə misilsiz qoçaqlıq
və hərbi məharət göstərdiyinə, işinə can
yandırdığına və son dərəcə təmiz adam olduğuna görə bu qədər böyük rütbə sahibi ola bilərdi.
Səməd bəy Mehmandarov da məhz belə bir zabit idi.
Əla səviyyəli topçu olan Səməd bəy Mehmandarova rəsmən topçu akademik təhsili olan
hər bir topçu, həmçinin görkəmli qoşun generalı olan hər bir ərkani hərb zabiti həsəd apara
bilərdi”.
Birinci dünya müharibəsi illərində general Mehmandarov bir neçə uğurlu hərbi
əməliyyatı yerinə yetirən istedadlı sərkərdə kimi ad-san qazanmışdı.
1914-cü il sentyabrın on beşində keçirilən Lodz əməliyyatında general Mehmandarov
xüsusi şöhrət qazandı. Alman generalı Makenzenin qoşunları güclü hücumla İvanqorod şəhərini
85
alıb sürətlə Lodz şəhəri uğrunda əməliyyata başladı. Güclü təzyiqlə geri çəkilən rus qoşunları
çox ağır vəziyyətə düşmüşdü. Bütün mövqelərdən hücuma
keçən almanlar dayanmadan
irəliləyərək geri çəkilən rus qoşunlarının qabağını kəsib onları mühasirəyə almağa çalışırdı.
Mehmandarovun iyirmi birinci piyada diviziyası səksən birinci Abşeron, səksən ikinci
Dağıstan, səksən üçüncü Samur və səksən dördüncü Şirvan polklarından təşkil olunmuşdu. Bu
polkların hərəsinin özünəməxsus döyüş ənənəsi vardı.
Korpus komandanı öz bölmələrinin müqəddəratı üçün təşvişə düşərək Mehmandarovun
diviziyasının nə vəziyyətdə olduğunu telefonla xəbər aldı. Səməd bəyin telefonda komandirlərə
məxsus mərd, qısa cavabı belə oldu: “Vəziyyət ağırdır. Hücuma keçirəm!”.
İki rus ordusunun geri çəkildiyi belə ağır bir vaxtda Mehmandarovun diviziyası böyük bir
iştahla irəliləyən düşmənə ağır zərbə vurub onu geri oturtdu. Üçgünlük ağır döyüşlərdən sonra
İvanqorod şəhərinin hüdudlarına çatıb ona həmlə etdi. Birinci dünya müharibəsi tarixində
Mehmandarovun bu müvəffəqiyyətli əməliyyatı alman generalı Makenzenin
sürətli hücum
planlarını puça çıxartdı. Geri çəkilən iki rus ordusunu isə mühasirəyə düşmək rüsvayçılığından
xilas etdi.”
Həmin əməliyyat zamanı general Əliağa Şıxlinski Ali baş komandan tərəfindən səhra
toplarının baş müfəttişi yanında xüsusi tapşırıq generalı vəzifəsini daşıyırdı. Sonralar o yazırdı:
“O zaman rus ordusunda yeni bir silah olan ağır səhra toplarının vəziyyətini yoxlamaq və
bu sahədə fəaliyyətə istiqamət vermək üçün qərb cəbhəsinə çağırıldım. Mən yeddi korpusu
gəzdim və müəyyən etdim ki, yalnız Səməd bəy Mehmandarovun korpusunda ağır topların
vəzifəsi düzgün başa düşülmüş və bu toplar həmin vəzifələrə uyğun yerləşdirilmişdir. Bu iş
korpus top müfəttişinin təşəbbüsü yox, məhz mahir topçu olan Mehmandarovun şəxsi
təşəbbüsünün nəticəsi idi”.
Bu müharibədə misilsiz qələbələrə görə Mehmandarova tam artilleriya generalı rütbəsi
verildi. 1915-ci ildə o, ikinci Qafqaz ordu korpusuna komandan təyin edildi.
General Səməd bəy Mehmandarovun döyüşlərdə göstərdiyi
igidliyi və əsgərlərlə xoş
rəftarı haqqında onun müasirləri iftixarla söhbət açırlar. Mayor Hacıağa İbrahimbəyli yazır ki,
general Mehmandarov birinci dünya müharibəsi zamanı çox böyük şöhrət qazanmışdı.
Vuruşmaların ən qorxulu dəqiqələrində onun misilsiz soyuqqanlılığı və hədsiz qoçaqlığı rus
ordusunda məşhur idi.
O, təbiətən ədalətli, namuslu, düz danışan adamları sevir, onlara kömək göstərir, ürəyi
düz olmayanlara qarşı isə amansız idi. Ona tabe olanların hamısı ondan çəkinər, lakin onu sevər
və ona inanardılar.
Mehmandarov əsgərlərlə həmişə səmimi rəftar edər və daim onların qayğısına qalardı.
“Mehmandarov nadir artilleriyaçıdır”. Bu sözləri Qırmızı bayraqlı Qafqaz Ordusunun
komandanı İ.E.Yakir 1925-ci ildə “Birləşmiş Azərbaycan hərbi məktəbi”ndə müəllim işləyərkən
generalın şəxsi işinə öz əlilə yazıb. İnqilab illərində Mehmandarovun həyatı çox təlatümlü keçib.
Nə yeni hökumət, nə də onun adamları ona inanmırdılar. Hər yerdə “çar generalı” kəlmələri
sərt şillə kimi onun və silahdaşlarının üzünə çırpılırdı. Həmin o
narahat illərdən Səməd bəy
Mehmandarovun öz əlilə doldurduğu iki vərəq kağız qalıb. Onu ilk dəfə 1988-ci il fevralın on
səkkizində “Molodyoj Azerbaydjana” qəzetində dərc etdirən jurnalist N. Davıdov olub. Onu
kiçik ixtisarla sizə təqdim edirəm.
GENERAL MEHMANDAROVUN ANKETİ
O, balacaboy, saçları iki yerə daranıb ayrılmış, ağsaqqallı bir adam idi. Həmişə kiçik
ayaqlarına xüsusi dəridən tikilmiş yüngül çəkmə geyərdi.
Deyirlər ki, 1923-cü ildə ağsaqqallı generalı... əlində süpürgə Bakıda görüblər. Altmış
yeddi yaşlı general bir zamanlar Müsavat hökumətinin hərbi naziri kimi iki il addımladığı həmin
bu küçəni süpürüb, adamlardan utanaraq Azərbaycan Fövqəladə Komissiyasına qeyd olunmağa
tələsirdi. Özü də hər gün. Qoy görsünlər ki, o yerindədir,
heç hara getməyib, heç yana qaçmayıb.