88
iyirminci illərdəki fəaliyyəti haqqında məlumat və bizə məlum olmayan fotoşəkli də verilib.
Kərim Oder yazır:
“Cümhuriyyət hökuməti əsgəri işlərə əhəmiyyət vermişdir.
Hərbiyə nəzarətə general
Səməd bəy Mehmandarov təyin olunmuşdu. Onun müavini rus artilleriyasının “allahı”, general-
leytenant Əliağa Şıxlinski, baş qərargah rəisi isə general-leytenant Süleyman Sulkeviç idi. İyirmi
dörd min süngü, altı min piyada, süvari, topçu və digər siniflərdən ibarət hər cür silahla
yaraqlanmış bir ordu qurulmuş və Xəzər dənizində kiçik bir flot hazırlanmışdır. Bakıda,
Lənkəran və Qarabağda milli hökuməti tanımaq istəməyənlərdən acınacaqlı vəziyyət
yaranmışdır. Rus və digər düşmən qüvvələr itaət və nizam altına alınmışdır”.
İyirminci illərdə general Səməd bəy Mehmandarovun təlatümlü keçən günlərini o vaxtlar
on iki yaşı olan oğlu daha yaxşı xatırlayırdı: “Atam aprelin iyirmi yeddisində parlaman
iclasından qayıdıb özümüzlə aparmaq üçün anamın hazırladığı çamadanları gördükdə dedi ki,
bunları boşalt, heç yerə gedəsi deyilik. Anam: “Nə danışırsan? Necə gedəsi deyilik? Bilirsən ki,
səni güllələyəcəklər?”.
Atam cavab
verdi ki, parlamanın son iclası qurtaranda “Hümmət” fraksiyası lideri
Əliheydər Qarayev mənə yaxınlaşıb əmin etdi ki, Səməd bəy, getmə, qal! Heç yerə getmə. Söz
verirəm ki, başınızdan bir dənə də tük əskik olmayacaq. Qal bizimlə işlə...
Anam isə etiraz edib dedi: “Ola bilər ki, sənə heç nə eləməzlər, amma oğlunun taleyi,
gələcəyi, mənim vəziyyətim?..”.
Atam qəti səslə: “Heç yerə getməyəcəyik”, - dedi. Anam inad elədi: “Axı qatar Biləcəridə
gözləyir...”. Atam: “Bizsiz də gedərlər. Vətəndən ayrılmağa heç bir əsasım yoxdur”.
Doğrudan da Biləcəridə müsavat hökumətinin başçılarını Tiflisə aparacaq
qatar atama
görə saat yarım gözləmişdi”.
Tədqiqatçılar Səməd bəy Mehmandarovun tərcümeyi-halından danışanda iyirmi birinci
ildən iyirmi dördüncü ilə kimi olan fəaliyyətindən demək olar ki, sükutla keçirlər. 1920-ci ilin
avqustun birindən Səməd bəy Mehmandarov Əliağa Şıxlinski ilə birlikdə baş qərargahda işləmək
üçün Moskvaya göndərilirlər. Şıxlinski Ali Artilleriya məktəbində gələcəyin marşalları
L.A.Qovorova, N.D.Yakovlevə, M.N.Çistyakova, baş artilleriya marşalı N.N.Voronova və
başqalarına dərs deyib. Səməd bəy Mehmandarov da Artilleriya Nizamnaməsi hazırlayan
komissiyanın tərkibinə daxil edilib, həm də hərbi Akademiyada taktikadan dərs deyib. İyirmi
birinci ilin yayında Azərbaycana qayıdan hər iki general Respublika hərbi Komissarlığının
sərəncamında saxlanılır. Əliağa Şıxlinski bu barədə daha dəqiq məlumat verir: “İyulun on
səkkizində biz ikimiz də Bakıya yola düşüb, iyulun iyirmi ikisində gəlib çatdıq. Bakıda biz
Azərbaycan Sovet Qoşunları Qərargahına daxil edildik. Bundan
başqa hər ikimiz Azərbaycan
Komandirlər məktəbində topçuluqdan - Mehmandarov rus, mən isə Azərbaycan dilində dərs
deməyə başladıq. Qarnizon rəisi öz sədarəti altında olaraq, Bakı qarnizonu hərbi - Elmi
Cəmiyyətinin təşkili haqqında əmr verdi. Mən sədr müavini təyin edildim. Qarnizon rəisi özü
sədrlik etmirdi, adətən iclasları mən aparırdım. Mehmandarov isə bu cəmiyyətin üzvlüyünə təyin
edilmişdi”.
Bəs iyirmi üçüncü ildə general Səməd bəy Mehmandarovun əlinə süpürgə verib küçə
süpürtdürən kimlər idi? Mərkəzdə oturan
Stalin əmr vermişdi ki, müsəlman ziyalıları arasında
“təmizlənmə” aparılsın. Bakıda solların mövqeyini möhkəmlədən, Nərimanovun məsləkdaşlarına
qarşı mübarizəni gücləndirən AK (b) P Bakı Komitəsinin katibi L.Mirzoyan və onun əlaltıları
S.Qutun, A.Mikoyanın “varisləri” Sərkis və içərimizi qurd kimi gəmirən bir qrup keçmiş
daşnaklar, havadarları Stalinin əmrini canla-başla yerinə yetirirdilər. Həmin ildə onlar
Nərimanovu da Bakıdan perikdirmişdilər. Onlar yaxşı bilirdilər ki, Nərimanov general
Mehmandarovu sərkərdə kimi çox yüksək qiymətləndirirdi.
89
ŞAMAXI TƏRLANI
Keçmiş zamanlarda
belə hesab edərlərmiş ki, zabit ömrü cəmi iki müharibə əzabından
keçə bilər. Biri onun gəncliyinə, o biri isə yaşlı vaxtına təsadüf edər. Fərəhləndirici haldır ki,
həmyerlimiz general-mayor Tərlan Əlyarbəyov altmış dörd illik ömür yolunda üç müharibənin
iştirakçısı olub.
Tam artilleriya generalları Əliağa Şıxlinskidən və Səməd bəy Mehmandarovdan sonra o,
üçüncü azərbaycanlıdır ki, birinci dünya müharibəsində, vətəndaş müharibəsində və Böyük
Vətən müharibəsində vuruşub.
1911-ci ildə üçüncü Qafqaz alayının əlaçı əsgəri Tərlan Əlyarbəyovu Tiflisdəki piyada
hərbi məktəbinə oxumağa göndərdilər. Dörd il kursdan-kursa
müvəffəqiyyətlə keçən Tərlan
hərbi məktəbi birinci dərəcəli diplomla bitirdi. Podporuçik Əlyarbəyov Şamaxıdakı 205-ci
piyada alayında xidmətə başladı.
1914-cü ilin yayında birinci dünya müharibəsi başlandı. Kayzer Almaniyası Rusiyaya
müharibə elan etmişdi. Əlyarbəyovun xidmət etdiyi 205-ci alayı da Qərb cəbhəsinə göndərdilər.
Od-alov yağan səngərlərdə gənc zabitin çətin sınaq günləri başlandı. Komandirin verdiyi
tapşırıqları yerinə yetirən, hər döyüşdən qələbə ilə çıxan Tərlan əsgərlərin də sevimlisi oldu.
Ona görə də rota komandiri olan Əlyarbəyovu batalyon komandiri kimi məsul vəzifəyə təyin
etdilər.
Öz batalyonunu qələbədən-qələbəyə aparan ştabs-kapitan Əliyarbəyovun igidliyi bütün
Qərb cəbhəsinə yayılmışdı.
Bir dəfə Verden ətrafında gedən vuruşmaların qızğın çağında ona 10-cu ordunun
komandanı general Əliağa Şıxlinski ilə görüşmək nəsib oldu.
General hərbçi qaydası ilə onu başdan-ayağa süzüb: “Səsini-sorağını eşitmişəm, eloğlu,
əsl igid kimi vuruşursan”, - dedi. Əlini onun çiyninə qoyub – “Böyük şair Puşkin vaxtilə Şamaxı
gözəlini
vəsf eləyib, indi yeni bir Puşkin lazımdır ki, sənin Şamaxı Tərlanının qəhrəmanlığını
qələmə alsın”. Sonra maraq dolu baxışlarını Tərlana zilləyib:
- Bir de görüm, hansı hərbi məktəbi bitirmisən, oğul?
- Tiflisdəki hərbi gimnaziyanı... General Şıxlinski sevinclə:
- Hə, demək ikimiz də bir yuvadan pərvazlanmışıq. Çox şadam. Bu qürbət diyarda
sevindirdin məni, oğul. Onsuz da bir neçə gündür ki, sevincimdən ürəyim köksümə sığışmır.
Xəbərin varmı, bu günlərdə bir eloğlumuz qeyri-adi igidlik göstərdiyinə görə Müqəddəs Georgi
ordeninin bütün dörd dərəcəsi ilə təltif olunub.
- Xeyr, eşitməmişəm. Düzü, cəbhəyə gələndən heç bir eloğlumla görüşə bilməmişəm.
Cəbhədə sizdən başqa heç bir azərbaycanlıya rast gəlməmişəm, cənab general. İcazənizlə
soruşum, kimdi belə yüksək təltifata layiq görülən?
- Nijeqorod draqun alayının rotmistri Teymur Novruzovun igidliyi haqqında qəzetlər bar-
bar bağırır. Sən isə burdan-bura eşitməmisən. Eloğlumuz Teymur
özünün eskadronu ilə bir ay
əvvəl düşmənin piyada süvarilərinə hücum edərək onların hamısını qılıncdan keçirib. Hələ
üstəlik də iki gün sonra üç ağır topunu qənimət götürüb. Cəmisi iki ay yarımlıq döyüşdən sonra
həmyerlimiz Teymur Novruzov Georgi ordeninin dörd dərəcəsi ilə təltif olunub. Bu çox böyük
fəxrdir. O, artıq kavalerdir.
Tərlan bu şöhrətli generalla görüşünü uzun müddət unuda bilmədi. Onlar bir də 18-ci ildə
Bakıda görüşdülər.
1916-cı ilin yayında general A.A.Brusilovun ordusu Pripyat çayından Rumıniya
sərhədinə kimi uzanan 400 kilometrlik cəbhə boyunca hücuma keçib düşmənin müdafiə xəttini
yardı. Ağır şəraitdə vuruşan qoşunlar güclü düşməni xeyli geriyə qovdu. Tərlan Əlyarbəyov bu
döyüşlərdə sinəsindən ağır yaralandı. Bu, müharibə başlanandan Tərlanın aldığı dördüncü yara
idi. Ştabs-kapitan bir müddət Brest şəhərindəki qospitalda müalicə olunduqdan sonra Bakıya
göndərildi.
1918-ci ilin avqustunda müsavat ordusuna çağrılan Tərlan Əlyarbəyov ikinci alayın
komandir köməkçisi təyin edildi. Rusiyada Qızıl Ordu tərəfindən dağıdılmış Denikin ordusu